Lerik - dağların füsunkar diyarı
Lənkərandan Lerikə uzanan yolun uzunluğu 51 kilometrdir. Mən ilk dəfə bu yollarla Lerikə gedəndə ilk tanış
olduğum insan Ulu Öndər Heydər Əliyevin dostu Xanış kişinin oğlu Nurəddin Şahıyev olub. O vaxt xeyli
narahat olan yollarla saatlarla yol getmişdik. İndi bu yollar xeyli
rahat və təhlükəsizdir. Yazın ən
gözəl çağları
olmasına baxmayaraq hələ bu yollarda sakitlikdir. Çay boyu düzülən "Həyat",
"Xəyal", "Təbəssüm",
"Relax", "Meşəbəyi"
kimi gözəl istirahət mərkəzləri
hələ müsafirsizdir.
Çox
güman ki, onlar da öz
növbəsində qonaqları
üçün darıxıb.
Televiziya kanallarında dəfələrlə
göstərilən və
haqqında danışılan
Lənkəran-Lerik avtomobil
yolunun 17-ci kilometrliyində
indi ciddi təmir-tikinti işləri
aparılır. Xeyli məsafəni əhatə
edən dağ uçqunu yolu sıradan çıxardığından
burdakı gediş-gəliş
qış aylarında
xüsusilə çətin
olur. Havaların əlverişli keçməsindən
istifadə edən yol işçiləri dağı yoldan xeyli aralamağa çalışırlar. Daş hasarla yoldan ayrılan dağın ətəyindəki tikintinin
başa çatmasına
hələ xeyli var.
Baharın, yazın nə
qədər gözəl
olduğunu duymaq, hiss etmək üçün yayda dağlara mütləq üz tutmaq lazımdır. Hər tərəf yamyaşıldır,
sanki bu intəhasız yaşıllıq
yüz illərdir beləcə qərarlaşıb.
Dağların başından dərələrin
ənginliklərinə süzülən
günəşin qızıl
telləri lap aşağıdan
şırhaşırla axan
dağ çayı ilə sanki öpüşmək istəyir.
Çaysa dağlara, dərələrə,
yalçın qayalara
həzin bir layla çalır. Sakitlik içində uyuyan təbiətin özü mavi qübbənin altında ölçüyəgəlməz
bir gözəllik yaradır.
"Məni ölümdən qızlarımın
duası qorudu"
Lənkərandan mənimlə Lerikə gedən yol yoldaşlarımdan biri canlı tarix, əfsanəvi qəhrəmandır desəm, yanılmaram. Onun bitib-tükənməyən müharibə təəssüratlarından yadımda qalanlar isə çox azdır. Arif Bilal oğlu Məmmədov Bakıda doğulsa da, əslən Lerikin Hiveri kəndindəndir. Müharibənin qanlı-qadalı günlərindən danışarkən o, istər-istəməz əsəblərini cilovlaya bilmir, bəzən də danışığına ara verməyə məcbur olurdu. Bu ilin 1 mayında 60 yaşı tamam olan Arif müəllim Lənkəran Dövlət Universitetində müəllim işləyir. Danışığından belə məlum oldu ki, nəinki müəllim yoldaşları, hətta universiteti vaxtilə bitirmiş məzunlar da onu çox sevir və onunla daim maraqlanırlar. "Azərbaycan bayrağı" ordenli Arif Bilal oğlu Məmmədov torpaqlarımızın bütövlüyü uğrunda Şuşada, Laçında, Kəlbəcərdə amansız döyüşlər aparmış, ancaq heç vaxt sınmamış, ümidsizləşməmişdir. Onun dediklərindən:
- Mən müharibənin ən qızğın çağlarında, ən qızğın nöqtələrində ölümlə üz-üzə, göz-gözə dayanmışam. Olub ki, günlərlə erməni mühasirəsində qalmışam. Hər an düşmən gülləsindən öləcəyimi zənn etmişəm. Ancaq döyüşmüşəm, vuruşmuşam və sağ qalmışam. Məni qızlarımın duası ölümdən qoruyub. Ən çətin anımda onlar gözümün qarşısına gəlib və həmişə də fikirləşmişəm ki, qızlarım mənim sağ-salamat qayıtmağım üçün dua edirlər. Kəlbəcərdə keçirdiyim döyüşlər daha amansız, daha ağır olub. Siz inanmazsınız, ölmüş əsgərimin cibindən çıxardığım suxarını digərinə vermişəm ki, o yaşasın. Axı mənim qucağımda acından ölən əsgərim də olub. İndi bunu danışdıqca istər-istəməz o günləri yenidən yaşayıram. O günləri yaşamaqsa ağır və dəhşətlidir. İndi müharibə haqqında şeir yazılır, kinolar çəkilir, ancaq onların heç biri mənim ermənilərlə döyüş səhnələrimin heç yarısı da deyil. Nə isə... Onu da əlavə edim ki, 1998-ci il 8 dekabrda Müdafiə Nazirliyinin yığıncağında Ulu Öndər Heydər Əliyevin iştirak elədiyi bu möhtəşəm məclisdə mən çıxış elədim. 6-7 dəqiqəlik bu çıxışımı televiziyanın bütün kanalları da verdi. Mənim çıxışımı Ulu Öndər çox diqqətlə izlədi. O məni öpdü, qucaqladı, başımı köksünə sıxdı. Mən də kövrəlmişdim. Ona görə ki, müharibədə keçirdiyim hiss və duyğuları o böyük kişi çox gözəl hiss edirdi. Onun gözlərindəki şəfqət dəfələrlə mənim çıxışımı yarıda kəsdi. Mən onda baş leytenant idim. Elə o anda ali baş komandan Azərbaycan Respublikasının Müdafiə Naziri Səfər Əbiyevə göstəriş verdi ki, mənə birbaşa mayor rütbəsi versin. İndi mən universitetdə hərbi vətənpərvərlik haqqında danışanda ancaq öz həyat yolumdan danışıram. Çünki mənim həyat yolumun ən gözəl, ən şərəfli günləri səngərlərdə keçirdiyim günlərdir. Baxmayaraq ki, mən hər an düşmən gülləsinə tuş gələ bilərdim. Ancaq mən orda Vətənimi, torpağımı, insanlarımı qoruduğum üçün ölüm qorxusu məndən aşağıda idi...
Arif Bilal oğlu Məmmədov haqqında elə bunları qeyd eləmək kifayətdir.
Lerik - dağlar qoynunda
gözəl bir inci
Maraqlı həmsöhbətim fikrini
tamamlayar-tamamlamaz artıq
mən Lerikə çatmışdım. "Şəhidlər Xiyabanı"ndan
başlayan Lerik şəhəri doğrudan
bir inciyə bənzəyir. Rahat yolla Lerikin mərkəzinə
cəmi 1-2 dəqiqəlik
yol var. Rayon İcra Hakimiyyətinin yeni inzibati binası, ondan bir az
aralıdakı Heydər
Əliyev Mərkəzi,
Rayon Mərkəzi Xəstəxanasının
təmir olunmuş binası, lap yuxarıda Ulu Öndərin əzəmətlə ətrafı
seyr edən möhtəşəm heykəli,
ondan bir az yuxarıda dalğalanan üçrəngli
Azərbaycan Bayrağı,
əraziyə döşənmiş
gül və ağac kolları Heydər Əliyev Meydanına xüsusi bir gözəllik verir. Meydandan yuxarı uzanan
yolun sağ və solunda inşa edilmiş inzibati binalar, ticarət mərkəzləri
müasir və gözoxşayandır.
(ardı
gələn sayımızda)
Səxavət Məmmədli
Ədalət.-2014.-27 may.-S.7.