RƏNGLƏRİN DİLİ
İLƏ...
Tamaşaçılarla danışır
Bugünlərdə gənc rəssam Nərmin Nizamiqızının əsərlərindən ibarət kataloqla tanış oldum. Etiraf edim ki, mən həmin kataloq əlimə gəlib çatana qədər bu rəssam barəsində heç bir bilgiyə malik deyildim. Ona görə də təbii bir maraq hissi mənə güc gəldi. Öncə kataloqu əvvəldən axıra vərəqlədim - adi bir seyrçi kimi. Sonra isə...
Oxucuların diqqətinə çatdırım ki, haqqında söhbət açdığım rəssam xanım 1985-ci ildə doğulub. 2005-ci ildə isə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirib. Özünə peşə seçərkən könlünü ədəbiyyata, sözə verən Nərmin xanım sözün içində rəngləri də görməyə başlayıb. Məhz bu rəngləri görmək, rənglərlə həmsöhbət olmaq bacarığı onun uşaqlıqdan bəri duyğularını kökləyən, karandaşa, fırçaya doğru çəkən sənətin qarşısında duruş gətirə bilməyib, rəssamlığa təslim olub. Hələ orta məktəbdən özü üçün, rəfiqələri üçün çəkdiyi rəsmlərin artıq onda keçici bir xüsusiyyət olmadığını anlayan gənc xanım demək olar ki, bu xobbini əməlli-başlı təkmilləşdirməyə, cilalamağa başladı. Yəni boş vaxtlarını həsr etdiyi "şəkil çəkmək işi" indi onun demək olar ki, bütün maraqlarını üstələdi və o, necə deyərlər, karandaşdan, şagird dəftərindən fırçaya, rənglərə tərəf cəsarətli bir addım atdı.
Bəli, artıq bu sənətdə imzası görünən Nərmin Nizamiqızı çox qısa bir zamanda həm mütaliələri, həm müşahidələri hesabına dünyanın və eləcə də Azərbaycanın tanınmış, hər kəs tərəfindən qəbul edilən rəssamlarının işlərini, yaradıcılıq yollarını öyrənməyə, tanımağa, onlardan faydalanmağa başladı. İsrarla çalışdığı, böyük həvəslə özünü həsr etdiyi rəssamlıq Nərmin Nizamiqızının ürək döyüntülərini, eləcə də göz yaddaşına köçürtdüklərini kətan üzərində, ipək parça üzərində əks olunmasına, əhyat qazanmasına gətirib çıxardı.
Onun işləri Azərbaycan rəssamlarının, bütövlükdə isə rəssamlıqla məşğul olan, bu sahəni öyrənən və öyrədən şəxlərin də diqqətini çəkdi. Təbii ki, rəsmlərinə olan marağın yaratdığı inam Nərmin Nizamiqızını daha da həvəsləndirdi, özünə inamını artırdı. Onun həvəskar rəsam kimi keçdiyi yol artıq tanınmağa, püxtələşməyə qədəm qoydu. Nəticədə müxtəlif mövzularda çəkdiyi rəsmləri həm ölkənin, həm də Azərbaycanın hüdudlarından kənar yerlərin maraq dairəsinə daxil oldu. 2012-ci ildə Roma şəhərində keçirilən gənc rəssamların sərgisində Nərmin Nizamiqızının 10-a yaxın əsəri tamaşaçılara təqdim edildi. Və nəticə hər kəs üçün, xüsusilə gənc rəsam üçün sevindirici oldu. O, təkcə tamaşaçıları yox, həm də bu sənətin bilicilərini özünə çəkə bilmişdi.
Qazandığı uğurlar Nərmin Nizamiqızını fırçadan, rənglərdən daha bərk yapışıb, daha çox və daha həvəslə işləməyə çağırırdı. O, ürəyinin səsinə qulaq asıb 2013-cü ildə "Bir körpənin həyatına rəng qataq" adlı xeyriyyə sərgisində də iştirak etdi. Həmin sərgidə də Nərmin xanımın 20-yə qədər əsəri satlıdı. Həmin əsərlərin satışından əldə edilmiş pulu gənc rəssam, ürək çatışmazlığından əziyyət çəkən bir uşağın müalicəsinə sərf etdi. Bunun ardınca elə həmin il uğur uğura calandı. Yəni Bakı "Elektrikşəbəkə" ASC-nin təşkil etdiyi "Bakının işıqları" rəsm sərgisində Nərmin xanım qalib oldu.
Bu gün, yəni may ayının 27-də, həmçinin 28-də Səttar Bəhlulzadə adına sərgi salonunda gənc rəssamın sayca 4-cü fərdi sərgisi keçirilir. Sərgi 28 may Cümhuriyyət günü ilə bağlı təşkil edilib. Həmin fərdi sərgiyə kifayət qədər tanınmış şəxslər də dəvət alıb. Onların arasında respublikanın söz, sənət adamları, rəssamları, millət vəkilləri də var. Təbii ki, sərginin açılışında Rəsmmalar İttifaqının rəhbərliyinin və üzvlərinin iştirakı da nəzərdə tutulub.
Mən, sərgi öncəsi həmsöhbət olduğum gənc rəssam Nərmin Rəhimova bildirdi ki, sayca 4-cü fərdi sərgisi keçirilsə də, o, çox həyəcanlıdı. Çünki hər bir sərgi tamaşaçı qarşısında, eləcə də bu sənətin biliciləri qarşısında bir imtahandı. Ona görə də həmin imtahanların həyəcanlarını yaşayıram. Bu sərgidə təbiət mənzərələri, Qarabağ lövhələri, eləcə də son illərdə yağlı boylarla işlədiyim əsərlərim, həmçinin digər janrlarda və üslublarda çəkilmiş işlərim nümayiş etdiriləcək.
Biz gənc rəssamın həyəcanını başa düşür və bununla belə artıq obrazlı desək, fırçasını tanıtmış, özünü təsdiq etmiş Nərmin Nizamiqızına uğurlar arzu edərək bu sərginin də uğurlu keçəcəyini əminlik hissi ilə duyuruq və hər kəsi Nərmin xanımın sərgisinə dəvət edirik.
P.S. Bir də xatırladırıq. Sərgi 27-28 may tarixlərində Səttar Bəhlulzadə adına sərgi salonunda keçiriləcəkdi.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-27 may.-S.6