Sənətə və sənətkara ehtiram ifadəsi
Aşıq Ağalar Mikayılovun 100 illiyi
Kürdəmirdə qeyd olunmuşdur
Aşıq Ağalar Mikayılov...
O, Azərbaycan aşıq
sənətinin görkəmli
nümayəndələrindən biri Şirvanlı aşıq Mirzə Bilalın ailəsində dünyaya gəldi. Ana südü ilə
bahəm sazın səsi ilə, aşıq şeirlərinin
qüdrəti ilə mayalandı. Ağalar dünyaya
gələndə atası
aşıq Mirzə Bilal sənətinin, istedadının coşub-qaynadığı,
səsinin, sədasının
eli-elatı başına
götürdüyü çağlarında
idi. Apardığı toylar, məclislər
adla deyilirdi. Bu,
o Mirzə Bilal idi ki, öz
dəsti-xətti ilə
Şirvan aşıq mühitində yeni bir məktəb açmış, ifaları
ilə el şənliklərinin,
məclislərin bəzəyi
olmuşdur...
Belə bir ab-havada dünyaya
göz açıb böyüyən, sazın-sözün
sədaları altında
pərvazlanan Ağaların
qəlbində sənət
sevgisi yaranmağa başladı. Ağlı kəsəndən eşitdiyi saz səsinin ahəngini tutmağa, eşitdiyi qoşmaların, şeirlərin
mənasını dərk
etməyə başladı,
aşıq sənəti
deyilən bir səmtə yönəldi.
Ustad atasından sənət dərsi aldı, ona qoşulub toylara, məclislərə
getdi, sənət meydanında ilkin addımlar atdı.
Mirzə Bilal övladında sənətə olan marağı görüb çox sevindi, onun timsalında sənətinin davamçısını
hiss elədi, fərəhlənən
ata oğluna artıq bir sənət yoldaşı,
sənət dostu kimi yanaşmağa başladı. Ağalar ustad atasının
xeyir-duası ilə əyninə aşıq libası geyib, əlinə saz götürdü, toylara, məclislərə getdi.
Amma bu sevinc uzun sürmədi. Günlərin bir günü aşıq Ağaların
atası dahi sənətkar Mirzə Bilal ağrılı-acılı
bir xəyanətə
tuş gəldi, mənfur Stalin represiyasının
qurbanına çevrildi,
ona "xalq düşməni" damğası
vuruldu. Aşıq Ağalar sevimli
atasını deyil, həm də sənət dostunu, ustadını itirdi.
Nə idi aşıq Bilalın günahı? Günahı onda idi ki, el-oba, camaat
arasında böyük
hörməti vardı.
Xalq onun sənətindən, istedadından,
toyları, məclisləri
aparmaq məharətindən
böyük zövq alırdı... Günahı onda idi ki, xalqını, elini, obasını, vətənini çox sevirdi. Öz istedadı ilə,
zəngin yaradıcılığı
ilə Azərbaycan aşıq sənətinin
inkişafına təkan
vermişdi. Bütün
bunlar isə o zamankı rejimi narahat edirdi...
Bəli,
Ağaların bəlalara,
şər və böhtanlara tuş gəlmiş atasını
xilas etməyə, onu qaniçən cəlladların əlindən
alıb, yaşatmağa
gücü çatmadı...
Son təsəllisi bu oldu və
gücü ona çatdı ki, heç olmazsa atasının sənətini
ölməyə qoymasın,
atasının sənət
yolu yarımçıq
qalmasın.
Bu niyyətlə də
aşıq Ağalar Böyük Vətən müharibəsindən qayıtdıqdan
sonra aldığı
yaralara baxmayaraq yenidən sənət meydanına atıldı, atasının sənət
yolunu davam etdirdi, çalıb-oxumağa,
yazıb-yaratmağa başladı.
...Aşıq Ağalar Bilal oğlu Mikayılov 1913-cü ilin yazında keçmiş Şamaxı qəzasının
Qəşəd kəndində
anadan olub. Dədə Bilaldan dərs alaraq muğamda ustad, aşıqlıq sənətində "Dədə"
məqamına çatmışdır.
Aşıq Ağalar ötən əsrin 50-ci illərindən
el şənlikləri ilə
yanaşı, dövlət
tədbirlərində də
iştirak etmiş və həmişə də maraqla qarşılanmışdır. 1956-cı ildə "Xalq yaradıcılığı evi"
104 saylı qərarı
ilə ona "Azərbaycan SSRİ-nin el aşığı" fəxri
adını vermişdir.
Aşıq Ağalar 1961-ci ildə
aşıqların III qurultayının
nümayəndəsi olmuşdur.
Aşıq Ağalar 75 illik ömrünün 30 ilini ulu sənətə həsr etmişdir. O, 1988-ci il oktyabr ayında 75 yaşında dünyasını dəyişmişdir.
Xalq şeirinin
əksər formalarında
yazıb-yaradan sənətkarın
xeyli sayda qoşma, gəraylı, təcnis, deyişmə, qəzəl, bayatı və müxəmməsi vardır. Həmin şeirlərin bir
çoxu toylarda, şənliklərdə oxunmaqla
yanaşı, müxtəlif
mətbu orqanlarda, almanax və aşıqlara həsr olunmuş kitablarda çap olunmuşdur.
Professor Seyfəddin Qəniyev
ustad sənətkarın
şəcərəsini, həyat
və yaradıcılığını
daha dərindən araşdırmış, təhlil
etmiş, şeirlərinin
bir qismini toplayıb çap etdirmişdir. Onun 2011-ci ildə nəşr etdirdiyi "Şirvanlı
Aşıq Ağalar"
monoqrafiyası el aşığı
haqqında oxuculara müfəssəl bilgi verməklə yanaşı,
aşığın şeirlərinin
böyük bir qismi, qoşduğu dastanlardan biri, eləcə də sənətkar haqqında yazılanlar və xatirələr də dərc olunmuşdur.
Filologiya üzrə fəlsəfə
doktoru Yaqut Bahadurqızının redaktorluğu
və ön sözü ilə "Çaşıoğlu" nəşriyyatında
yeni çapdan çıxmış şeirlər
kitabında aşığın
arxivindəki çap
olunmamış şeirlərindən
bir qismi və oxuduğu aşıq havalarından ibarət disk sənətkarın
100 illik yubileyinə hədiyyə edilmişdir.
Bir faktı da xüsusi
minnətdarlıq hissi
ilə qeyd etməliyik ki, görkəmli alim,
professor Rafael Hüseynov müxtəlif
illərdə Azərbaycan
radiosunun "Axşam
görüşləri" proqramında aşıq Ağalar Mikayılovun həm öz həyat və yaradıcılıq yolu, həm atası Mirzə Bilal, həm də digər saz və söz ustadları haqqında maraqlı verilişlər
səsləndirmişdir.
Kürdəmir Rayon İcra Hakimiyyəti və AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin birgə təşkilatçılığı ilə mayın 24-də rayon mədəniyyət evində aşıq Ağalar Mikayılovun 100 illiyi münasibətilə geniş yubiley tədbiri keçirilmişdir.
Rayon Mədəniyyət evinin foyesində aşıq Mirzə Bilal və aşıq Ağaların kitablarından, onlara həsr olunmuş monoqrafiyalardan, keçirdiyi konsertlərin afişalarından ibarət sərgi təşkil olunmuşdu.
Mərasimi AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açmışdır. Sonra Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli giriş sözü ilə çıxış etmiş, rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından məclis iştirakçılarını salamlamış və əlamətdar yubiley münasibətilə onları təbrik etmişdir.
Aşıq Ağaların Azərbaycan radiosunun qızıl fondundan götürülmüş səs yazısının müşayiəti ilə ustad sənətkara həsr olunmuş foto-çarx nümayiş etdirilmişdir.
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, folklorşünas alim, professor Seyfəddin Qəniyev, Folklor İnstitunun şöbə müdiri, filologiya elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu çıxış edərək ustad aşıq Ağaların yaradıcılıq xüsusiyyətlərindən, onun Azərbaycan aşıq sənətinin inkişafındakı rolundan danışmışlar.
Sonra söz respublikanın tanınmış aşıq və xanəndələrinə verilmişdir. Aşıq Əhliman Rəhimov, aşıq Yanvar Bədəlov, aşıq Ağamurad Mərzəngəli, aşıq-xanəndə Əvəzxan Xankişiyev ustad aşıq Ağalar Mikayılovun sözlərinə qoşulmuş havaları ifa etmişlər.
Aşıq Ağaların qəzəlini xüsusi məharətlə oxuyan xanəndə Teyyub Aslanovun çıxışı mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Aşıqın qızı İradə xanım, nəvəsi Ağalar, nəticəsi Fərid, şəhər 3 saylı tam orta məktəbinin şagirdləri aşıq Ağaların şeirlərindən nümunələr söyləmişlər. Şair Abduləziz Xanəhmədoğlu aşıq Ağalara həsr etdiyi şeirini oxumuşdur.
Yubiley mərasimində çıxış edən
aşıq Ağaların oğlu Rauf Mikayılov atasının sənətinə
göstərdikləri hörmət və ehtirama
görə ölkə başçısı cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, eləcə də Kürdəmir
rayon İcra Hakimiyyətinə
və tədbirin təşəbbüsçüsü,
təşkilatçısı N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin rəhbərliyinə və Aran Şöbəsinə, məclis
içtirakçılarına aşıq Ağalar
ailəsi adından dərin minətdarlıqlarını bildirmişdir.
Ədalət.-2014.-27 may.-S.6.