CÜMHURİYYƏT
TƏNTƏNƏSİ
"Bir kərə yüksələn bayraq, bir daha
enməz!"
Məhəmməd
Əmin Rəsulzadə
Öz inkişaf tarixində keşməkeşli dövrlərdən keçmiş, qədim və zəngin yaradıcılıq ənənələrinə malik olan Azərbaycan dövləti ən ziddiyyətli mərhələlərindən birini, XX əsrin əvvəlləri və xüsusilə, həmin əsrin ilk otuz ilini təşkil edir. Bu dövrün ziddiyyəti hər şeydən əvvəl özünü ictimai-siyasi zaman kəsiyinin xarakterində, həmin dövrdə yaşanan kontrastlı ictimai-siyasi hadisələrdə, dünyada gedən və təbii ki, Azərbaycanın da kənarda qala bilməyəcəyi, qoşulmağa məcbur olduğu qlobal ictimai-siyasi hadisələrin inkişaf xüsusiyyətlərində göstərirdi.
Bir tərəfdən, formalaşmış milli burjuaziya, bütün dünyada gedən qlobal proseslərin təsiri altında onun irəli sürdüyü milliyyətçilik və vətənpərvərlik şüarları, bir tərəfdən, dini dəyərlərə yenidən və daha güclü surətdə qayıdışdan bəhrələnən islamçılıq və dinpərvərlik şüarları, digər tərəfdən isə marksizm ideyaları altında formalaşan sosialist-demokrat tipli şüarlar və fikirlər bəzən bir vəhdət halında çulğaşır, bəzən isə barışmaz ziddiyyətlər halına gələrək, milli hərəkatda tormozlayıcı vasitələrdən biri kimi çıxış edirdi. Bu dövrdə Şərq dünyasının ədəbi-mədəni inkişafı bir çox cəhətdən Qərb ədəbi-mədəni dəyərlərinin ya bilavasitə, ya da dolayısı yolla təsiri ilə müəy-yənləşirdi. Belə ki, xristianlığı ideallaşdıraraq, mədh edib göylərə qaldıran ortodoksal qərbçilik qarşısında şərqlilərin öz dinlərinin mütərəqqi cəhətlərini qabartması çox təbii bir hadisə idi və qərb şovinistləri, ilk növbədə isə ermənipərəst qərblilər tərəfindən panislamist adı ilə damğalansa da, əslində təbii və insani bir mədəni-mənəvi müqavimət hərəkatından başqa bir şey deyildi. Bu dövrdə romantik və realist sənətkarların yaradıcılıq üsulundan asılı olmayaraq, qarşıya qoyub həll etmək istədikləri əsas vəzifə məhz millətin xoşbəxt gələcəyinin təmin edilməsi, ən aktual məqsəd isə milli istiqlala nail olmaq idi.
Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir.
"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" 1904-cü ilin axırlarında "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. Məşədİ Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü seçilir. Təşkilatın" Hümmət" adlı qəzeti 1904-1905-ci illərdə 6 nömrəsi buraxılır. Qəzetin əsas naşirlərindən biri də M.Ə. Rəsulzadə idi.
1906-cı ildə qəzet öz nəşrini dayandırdıqdan sonra yeniden "Təkamül" adı ilə dekabr ayından çap olunmağa başlayır.
M.Ə.Rəsulzadənin "Qaranlıqda işıqlar" pyesi 1908-ci il dekabrın 5-də tamaşaya qoyulur. Pyesin mövzusu milli oyanış və istiqlalın təbliği təşkil edirdi. Rəsulzadə bu əsəri ilə "Azərbaycana muxtariyyət", milli-istiqlal hərəkatı ilə tam bağlı olan fikirlərini Azərbaycanda yaymağa nail olur. M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də bu səpgidədir. O, Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil - ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. M.Ə.Rəsulzadə M. Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir və 1908- ci ildə Çar üsul-idarəsi tərəfindən həbs olunacağını anlayır. M.Ə.Rəsulzadə ölkəni tərk edib İrana getməyə nəcbur olur. Cənubi Azərbaycanı qarış-qarış gezen M.Ə. Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla görüşür və 1910-cu ilin sentyabr ayında Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə İran demokrat partiyasının əsasını qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane Nou", 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa edir. M.Ə.Rəsulzadənin məqalələri, şeir və publisistik yazıları bu qəzetdə ardıcıl çap olunur. O, öz qələmi ilə İranda- Avropatipli jurnalist sənətinin əsasını qoyur. Seyid Həsən Tağızadə dediyi kimi: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur".
1911-ci ildə inqilabi hərakatdən qorxuya düşmüş çar hökumətinin tələbi ilə İranı terk edən M.Ə. Rəsulzadə, may ayında İstanbula gəlir. O, burada Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşür və 1911-ci ilin noyabr ayından Türkiyədə "Türk yurdu" jurnalının fəal yazarlarından biri kimi fəaliyyət göstərir.
Ədəbi-publisistik fəaliyyətini davam etdirən M.Ə. Rəsulzadə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına" rəhbərlik edir.
1917-ci "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı:
"Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik"
Bu dövrdə M.Ə.Rəsulzadə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət fay-dalıdır?" kitabları çap olunur.
1917-ci il iyun ayında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında fəaliyətə başlayır.
1917-ci il Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir. Bu qurultaydan sonra Azərbaycada "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlayır.
M.Ə.Rəsulzadə 1918- ci ilin may ayında Azərbaycanda yaranan milli şüraya sədr seçilir və mayın 28-i Azərbaycan istiqlaliyyəti bütün dünyaya elan olunur.
Fevral burjua-demokratik inqilabından sonra müəyyən siyasi azadlıqlar əldə edərək açıq fəaliyyət göstərməyə başlayan "Müsavat" partiyası çox qısa müddətdə Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin Lideri-nə çevrildi və xalqın bu mübarizəsi 1918-ci ilin 28 mayında ölkəmizin müstəqil dövlətə çevrilməsi ilə nəticələndi. Qarşıda çox nəhəng ağrılı problemlər durmasına baxmayaraq, ADR dövründə ədəbi-mədəni inkişaf məsələlərinə də çox diqqət ayrılır və bu sahədə görünməmiş quruculuq tədbirləri həyata keçirildi.
"Milli Azərbaycan Respublikasının qurulduğu 1917-ci və 1918-ci illərdə Azərbaycan xalqı tarixinin ən həyəcanlı günlərini yaşayırdı.
Həmin dövrün ədəbi hərəkatını qiymətləndirən prof. Y. Qarayev yazır:
"Ümumiyyətlə, əsrin əvvəllərində "Azərbaycanda milli hərəkat", "milliyyət və hürriyyət", "məşrutiyyət və müsavat" ideyaları geniş vüsət alır. Artıq "xalqın düşüncəsundə Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm edir" və millət qəti inanır ki, daha bundan belə "istiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur."
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə. Rəsulzadə demişdir:
"Biz o zaman, bizim üçün ən yaxşı məsələni Azərbaycan muxariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla Allah yıxsın siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır". Bakı Dövlət Universitetinin yaranmasında M.Ə.Rəsulzadənin böyük rolu olmuşdur. O, hem de BDU-nun Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixindən" dərs demişdir.
Universitetin ilk rektoru professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi".
1920-ci ildə Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir, özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadəyə vicdan borcunu ödəmiş olur. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya aparır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edir. M.Ə.Rəsulzadə Moskva Şərqşünaslıq institutunda da fars dilində dərs deyir. "Novıy Vostok" jurnalının 1922-ci ildə M.Ə.Rəsulzadənin Məzdəkizm hərəkatından bəhs edən "Qədim İranın kommunistləri" adlı məqaləsi onun mühacirətə getməsinə səbəb olur.
Əbdülvahab Yurdsevərin xatirəsində yazır:
"Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dada Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qa-çırılması təmin edilmişdir.
M.Ə.Rəsulzadənin "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində çap olunur. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunur.
1922-ci ildə Türkiyəyə gələn M. Ə.Rəsulzadə 1923-1931-ci ildə İstanbulda "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik", "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri", Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kimi əsərləri bu illerde çap olunur.
Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr olunur. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.
Görkəmli ədəbiyyatşünas M.Ə.Rəsulzadənin 1933-cü ildə Berlində çap olunan- "Azərbaycan respublikası haqqında bəzi qeydlər" kitabı, 1936-cı ildə çap olunan "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi, 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitabları böyük maraq doğurur. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən- Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş"İslam-türk ensiklopediyası-nın" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap olunur. 1947-ci ildən Ankaraya köçən M. Ə. Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" , "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları işıq üzü görür. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında "Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə, ikinci Dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M. Əlif Rəsulzadə" və s. qeyd etmək olar. Məhəmməd Əmin 1955-ci il Ankarada üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşur.
Göyərçin
Abidqızı
Ədalət.-2014.-28 may.-S.5.