HİKMƏT
ZİYANIN SƏNƏT DÜNYASI
Əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziya özündən sonra zəngin ədəbi irs qoyub getmişdir. Onun dövrün tələbi ilə səsləşən ictimai-siyasi məzmunlu şeirləri, sevgi duyğularını əks etdirən lirik nəğmələri, dərin məzmunlu təmsilləri, nəsr əsərləri, tərcümələri özündən sonra xalqımıza yadigar qalmışdır.
Məlumdur ki, hər sənətkarın öz taleyi, öz yaradıcılıq bioqrafiyası var. Hikmət Ziyanın da tərcümeyi-halı zəngindir. Onun babası Abdulla bəy Əfəndiyev dövrünün qabaqcıl müəllimi, tanınmış ziyalısı olmuşdur. Abdulla bəyin qardaşı Rəşid bəy Əfəndiyev isə görkəmli pedaqoq, dramaturq, şair kimi daha çox tanınmışdır. Hikmət Ziya öz doğma babasını görə bilməsə də, onun qardaşı Rəşid bəy Əfəndiyevi öz evlərində görmüş, onun ədəbiyyat, şeir-sənət haqqında söhbətlərini dinləmişdir. Bir dəfə balaca Hikmətin ifasında özünün məşhur "Ay havada uçan durna" şeirini dinləyən Rəşid bəy Əfəndiyev qardaşı nəvəsinin başını sığallamış və ona belə demişdir: "Əzbərdən şeir deməyin yaxşıdır, istərdim ki, böyüyəndə yaxşı şeirlər də yazasan". Məhz bu sözlər Hikmətin gələcək həyat yolunun istiqamətini müəyyən etmişdir.
Hikmət Şəkidə doğulsa da, bu qədim şəhərdə cəmi bircə ay oxumuş, atası Ziya Əfndiyevin işi ilə əlaqədar Ağdaşda, Zaqatalada, daha sonra Ağdamda təhsilini davam etdirmişdir. Hələ orta məktəbdə oxuyanda şeir yazmağa başlayan Hikmət elə o vaxt "Tahir və Zöhrə" adlı bir mənzum pyes də yazmışdır. Ədəbiyyata, yazıb-yaratmağa olan sonsuz maraq bu gənci o zamanki Azərbaycan Dövlət Universitetinə aparmış, Hikmət imtahan verərək filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Görkəmli alimlərdən, müəllimlərdən, jurnalistlərdən dərs alan Hikmət Ziya 1952-ci ildə təhsilini başa vurmuş, o vaxdan ömrünün sonuna kimi mətbuatda çalışmışdır. "Azərbaycan pioneri" qəzetində, "Ulduz" jurnalında və 1969-cu ildən "Göyərçin" jurnalında şöbə müdiri, məsul katib vəzifəsində çalışmışdır. Bu illərdə Hikmət Ziyanın qələmi daim işləmiş, o müxtəlif mövzulu şeirlər, nəsr əsərləri, səhnəciklər, məqalələr yazıb çap etdirmişdir. 1952-ci ildə "Qoqola" adlı ilk şeiri mətbuatda işıq üzü görən Hikmət Ziya 1955-ci ildən təmsil janrına daha çox maraq göstərmişdir. Şairin 1986-cı ildə çap olunan "Ömrümün payı" adlı kitabına yazdığı ön sözdə oxuyuruq: "Bir gün gözəl şairimiz İslam Səfərli mənə dedi ki, təmsillərin xoşuma gəlir, bu sahədə üzəngi parlada bilərsən. Bu sözlər məni ruhlandırdı, daha çox təmsillər yazdım".
Təmsilə olan maraq onu bu janrın sirlərini öyrənməyə həvəsləndirmiş, Hikmət Ziya Ezopun, Lafontenin, Krılovun, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, A.Bakıxanovun və başqa görkəmli təmsil ustalarının əsərlərini sevə-sevə oxumuşdur. Bütün bunlar şairin öz yaradıcılığına da təsirsiz qalmamışdır.
Xalq yazıçısı Mirzə İbrahimovun Hikmət Ziyanın təmsillərinə yüksək dəyər verməsi onun bu sahədə fəallığını daha da artırmışdır. Böyük rus təmsilçisi İvan Krılovun təmsillərini dilimizə ustalıqla tərcümə edən Hikmət Ziya bu janrın sirlərinə yaxından bələd olduqca daha gözəl təmsillər yazmağa başlamışdır. Təsadüfi deyil ki, görkəmli alim, şair Sergey Mixalkov şairə vurduğu teleqramda onu "əla təmsilçi" adlandırmışdır. Şairin təmsillərini təhlil edən, onlara yüksək dəyər verən ədəbiyyatşünaslar onu "müasir Azərbaycan təmsilinin Krılovu" adlandırmışdır.
Hikmət Ziya yaradıcılığının mövzu və problematikası zəngindir. Onun yaradıcılıq nümunələri arasında ictimai-siyasi mövzuda yazdığı əsərlər xüsusi yer tutur. Doğrudur, yaşadığı sovet dövrünün tələbi ilə Hikmət Ziya da digər qələm dostları kimi Leninə, partiyaya, kommunistlərə, sarsılmaz qardaşlığa, sosialist vətəninin, sosialist əməyinin tərənnümünə həsr olunan xeyli şeirlər yazmışdır. Ancaq yaxşı cəhət bundan ibarətdir ki, Hikmət müəllim xalqımızın milli-mənəvi dəyərlərini heç zaman unutmamış, Azərbaycançılıq ideyası onun bütün yazılarının cövhərini, mayasını təşkil etmişdir. Onun şeirlərində Azərbaycan təbiətinin gözəllikləri böyük məhəbbətlə tərənnüm olunur. Şairin Qobustana, Qarabağa, Şəkiyə, Mingəçevirə, Azərbaycanın digər guşələrinə həsr etdiyi şeirlərdə vətən torpağını məhəbbətlə tərənnüm edən bir yaradıcı insanın ürək döyüntülərini eşidirik. Qarabağı "Azərbaycanın solmaz gülzarı" deyə vəsf edən şair doğulduğu Şəkini də eyni məhəbbətlə tərənnüm edir:
Səninlə fəxr edir sinəmdə ürək,
Heç solmaq bilməyən göyçəyim mənim.
Hər dağı Cavanşir mətanəti tək
Koroğlu vüqarlı gur cəngim mənim.
Göz
baxdıqca doymur səndən bircə an,
Bahar ətri gəlir yamaclarından.
Bağlar
ətir tutur ağaclarından,
Ey atlas
libaslı xoş rəngim mənim!
Necə
könül açan, məlahətlisən,
Taleyi gülümsər, səadətlisən.
İpəyin
tək ipək təbiətlisən,
Dağların qoynunda çələngim mənim.
"Şəkim
mənim" adlı qoşma formalı bu şeir davam etikcə
şair "payızı qırqovullu, turaclı", "sərt
qışlı", "xoş yazlı", "mülayim
yaylı" Şəkini vəsf etməkdən yorulmur və
axırda şeirini bu misralarla bitirir:
Qafqaz
dağlarının xoş haçasısan,
Sən
ana dilimin xoş hecasısan,
Azərbaycanımın
bir parçasısan,
Ey
doğma ocağım, ey Şəkim mənim!
H.Ziya
regionçu şair deyil, Şəkini məhəbbətlə
tərənnüm etdiyi kimi, Azərbaycanın digər
bölgələrini də sonsuz sevgi ilə tərənnüm
edir, yeni nəsli Azərbaycanın adına layiq oğullar,
qızlar kimi böyüməyə, heç vaxt vətənin
haqqını, onunun adət-ənənələrini unutmamağa,
duz-çörəyiin qədrini bilməyə səsləyir:
Vətən,
sənin çörəyin
Misli görünməz əsər.
Müqəddəsdir
o mənə
Anamın südü qədər.
Bircə an da haqqını
Unudarsa
ürəyim,
Gözümdən
gəlsin mənim
Sənin vətən çörəyin.
Hikmət
Ziyanın yaradıcılığında müqəddəs
vevgi duyğularının tərənnümünə həsr
edilən şeirlər də az deyil. Bu
şeirlərdə dərin məhəbbətlə sevən,
daim eşqinə sadiq, həssas, kövrək, tez inciyib tez
küsən, vüqarlı bir insanın bədii obrazı
göz önündə canlanır:
Dəyanətdə
dönməz insanam, yarım,
Dünyayam, dünyaya məni dəyişmə.
Ləpəli,
dalğalı ümmanam, yarım,
Sısqa
axan çaya məni dəyişmə!
Məhəbbətdir,
eşqdir ən böyük nəşəm,
Alışıb,
sönməyən odam, atəşəm,
Əbədi
yanmaqda mən də günəşəm,
Sən ulduza, aya məni dəyişmə.
Nəğməli
qəlbimlə Şüştər, Segaham,
Bayatı
Şirazam, Çaharigaham,
Zabul,
Hümayunam, Şuram, Dügaham,
Hər
yüngül havaya məni dəyişmə!
Ancaq mənə
sığın, uca dağınam,
Səndən
uzaqda da sənə yaxınam,
Gecə də,
gündüz də şirin yuxunam,
Ötəri
röyaya məni dəyişmə!
Soyumaq
bilmərəm, nə qədər sağam,
Od alan
köksümdən qopan bir aham,
Mən
Hikmət Ziyayam, eşqimdə şaham,
Hər gədə-güdaya
məni dəyişmə!
Bu şeirdə Hikmət Ziya elə bil ki, öz bədii
portretini yaradıb. Onun fikir və düşüncələri,
sevgiyə münasibəti sanki bu misraların boyuna
biçilib. Şairin "Məhəbbətsiz dünya
bir heçə dönər", "Bağışla,
ürəyim, məni bağışla", "Sənsizləşən
günlərim", "Mən tək duyan olarmı",
"Küsüşdük, barışdıq", "Bilmədin
qədrimi sən", "Qovuşsaq", "Könlüm
səni unutmaz" və s. bu kimi onlarla şeirində sevən,
sevilən, segi əzabları çəkən, məhəbbətinin
yolunda bütün çətinliklərə mətanətlə
sinə gərən bir ürəyin döyüntülərini
eşitməmək mümkün deyil.
Hikmət
Ziyanın poeziyasındakı lirik ovqat, axıcılıq,
hiss və düşüncələrin incə ştrixlərlə
verilməsi bəstəkarlarımızın diqqətindən
yayınmamışdır. Görkəmli bəstəkarlarımızdan
Arif Məlikovun, Süleyman Ələsgərovun, Sevda
İbrahimovanın, Musa Mirzəyevin, Emin Sabitoğlunun,
Ağabacı Rzayevanın, Əfsər Cavanşirovun,
İzolda Babayevanın, Hökumə Nəcəfovanın,
Oqtay Zülfüqarovun, Hacı Xanməmmədovun, Nəriman Məmmədovun
və başqalarının Hikmət Ziyanın sözlərinə
yazdıqları mahnılar uzun müddət
tanınmış müğənnilərin repertuarından
düşməmişdir. "Unutmarıq", "Bahar nəğməsi",
"Solmazın mahnısı", "Sənin qəlbindən
keçir", "Bəxtiyarlığım", "Sən
olmasan", "Gözümdəsən", "Şirin
yuxum olasan", "Yeganəm", "Qəşəng
qız", "Gəl öyrət mənə", "Sən
məni yad etsən", "Xoş gəlmisən",
"Ay yaraşıqlı", "Mən sənsiz, sən də
mənsiz" və s. bu kimi məşhur mahnıların
sözləri Hikmət Ziyaya məxsusdur.
Ətri
solar gülümün,
Sözü
donar dilimin,
Eşqi sönər
könlümün,
Bircə an sən olmasan.
Sevdiyini
söylə yar,
Ürək necə unudar?
Ahım
dönər buluda
Gedər
bada sən olmasang
İzolda
Babayevanın Hikmət Ziyanın bu sözlərinə bəstələdiyi
"Sən olmasan" adlı mahnının sədaları əvəzsiz
sənətkarımız Elmira Rəhimovanın səsi ilə
ürəkləri riqqətə gətirirdi bir vaxtlar...
Ümid eləyirik ki, gələcək nəsillər Hikmət
Ziyanın sözlərinə yazılmış retro
mahnılara yeni həyat verəcək, sənatkar
ömrünü bir az da uzadacaqlar...g
Hikmət Ziyanın uşaq ədəbiyyatı sahəsində
xidmətləri də böyükdür. Bu da təsadüfi
deyildir. Ömrü boyu uşaq mətbuatında
çalışması onun ədəbiyyatın bu spesifik, bənzərsiz,
gərəkli sahəsi ilə ciddi, sistemli, müntəzəm
şəkildə məşğul olmasına zəmin
yaratmışdır. Demək olar ki,
"Göyərçin" jurnalının hər nömrəsində
Hikmət Ziyanın şeirləri, təmsilləri, hekayələri,
nağılları, məqalələri, səhnəcikləri
dərc olunmuşdur. Uzun illər "Balaca Nəsrəddin"
rubrikası altında duzlu-məzəli lətifələri,
yanıltmacları ilə tapmacaları ilə
çıxış edən Hikmət Ziya yeni nəslin yumor
duyumunun formalaşmasında da az iş
görməmişdir.
Hikmət Ziyanın uşaq şeirlərinin mövzu dairəsi
çox zəngindir. Uşaqların maraq dairəsinə
uyğun elə bir məsələ yoxdur ki, bu istedadlı
uşaq yazıçısının diqqətindən kənarda
qalsın. Şairin balaca oxuculara, yeniyetmə
və gənclərə ünvanlanan şeirlərinin əksəriyyəti
qısa, mənalı, düşündürücüdür.
Bu əsərlərin dili çox sadə və
aydındır ki, bu da uşaq ədəbiyyatı
üçün çox vacib şərtələrdən
biridir.
Şair öz şeirlərində balaca qəhrəmanın
bədii obrazını yaratmağı, onun arzu və
düşüncələrini əks etdirməyi bacarır. H.Ziyanın bu
tipli əsərləri nəinki uşaqları, hətta
böyükləri də düşündürür. Məsələn,
"Günayın rəsmi" adlı şeirə nəzər
salaq:
Balaca rəssam
Günay
Saçlarını hörürdü.
Kibrit
qutusu üstdə
Od-alov şəkli gördü. -
Sözləri
də qaçmadı
Nəzərindən
Günayın:
"Uşaqları
od ilə
Oynamağa qoymayın!"
Alnını
qırışdırıb,
Günay qaşını çatdı.
Kibrit
qutusu üçün
Təzə rəsm yaratdı.
Atom
bombası çəkib,
Üstən çarpaz xətt atdı.
Sözləri
də bu oldu
Öz rəsminə
Günayın:
"Böyükləri
od ilə
Oynamağa
qoymayın!".
Hikmət Ziya nəsr və dramaturgiya sahəsində də
qələmini sınamışdır. Onun "Qərib Cinlər
diyarında" povesti əsasında film çəkilmiş,
"Sınaq" pyesi Lənkəran, "Əkiz
qardaşlar" əsəri isə A.Şaiq adına
Kukla Teatrında uğurla tamaşaya qoyulmuşdur. Hikmət müəllimin "Mehir məsələsi",
"Meşədə qala" pyesləri əsasında isə
radio-tamaşalar hazırlanmışdır.
Hikmət Ziya müraciət etdiyi janrların
hamısında uğur qazansa da, onun
yaradıcılığı üçün ən
aparıcı janr təmsildir. Müasir Azərbaycan
təmsilinin yeni mövzularla zənginləşməsi, bədii
sənətkarlıq baxımından cilalanması məhz Hikmət
Ziyanın adı ilə bağlıdır. Onun bir neçə misradan ibarət təmsillərinində
sətiraltı məna çox güclüdür. Şair fikrini ifadə etmək üçün
maraqlı bədii detallardan istifadə etməyi bacarır.
Şüşə
çidlikləndi dönsün almaza,
Süpürüb yığdılar bir xəkəndaza.
("Şüşə")
Kim
keçidən qorxub qaçsa,
Ona hücum eləyirdi.
Buynuzları
ələ keçsə,
Yazıq-yazıq məlyirdi.
("Vurağan keçi")
Qucaqlayıb palıdı
Söyləyirdi sarmaşıq:
- Baxın, əl-ələ verib,
Göylərə ucalmışıq.
("Sarmaşıq")
Hikmət Ziyanın yığcam, dərin mənalı təmsilləri çoxdur. Bu bədii parçaların hər biri tədqiqatçı üçün zəngin material vermək gücündədir. Şairin təmsillərində dövrün bütün sosial bəlalarına təmsilçinin kinayəli münasibəti öz əksini tapmışdır. Hikmət Ziyanın təmsillərində xalq hikmətinin ziyası vardır.
Hər bir bədii əsərə qələm sahibinin arzu və düşüncələri, həyata, cəmiyyətə baxışı ilə bərabər, yaradıcı insanın ruhu da hopur. Hikmət Ziyanı uzun illərdən bəri yaxından tanıyan, onunla daim ünsiyyətdə olan, bir redaksiyada işləyən adam kimi yaxşı bilirəm ki, bu insanın şəxsiyyəti ilə yaradıcılığı bir-birinə çox uyğun gəlirdi. Hikmət Ziya öz işinə məsuliyyətlə yanaşan, xalqını dərin məhəbbətlə sevən, həssas, kövrək, xeyirxah, hazırcavab, eyni zamanda cəmiyyətin antipodlarına qarşı barışmaz mübarizə aparan bir ziyalı idi. Ruhu şad olsun Hikmət Ziyanın!
Rafiq
YUSİFOĞLU,
Şair, ədəbiyyatşünas,
filologiya elmləri
doktoru, professor
ədalət.-2014.- 30 may.-S.7.