ÜZÜNDƏ QƏM GÜZGÜLƏNİR...

Balayar Sadiqin yeni kitabı işıq üzü görüb

 

Öncə ondan başlayım ki, imzası, sözü ədəbi ictimaiyyətə bəlli olan qələm adamlarından biri də Balayar Sadiqdi. Məmləkətimizin cənub bölgəsindən olan Balayar özünün yeni kitabını "Uca Allahın adı ilə" oxuculara təqdim edib. Yəni o, bu kitabını ürəyinin, duyğularının bir parçası kimi ortaya qoyduğuna bir işarə vurub. Mən elə həmin o məqamdan istifadə edib bir düşüncəmi, bir fikrimi diqqətə çatdırıram.

Mənə görə hər bir kitab, hər bir əsər, hər bir şeir müəllifin özünün bir cizgisinin, bir hissəsinin, bir yaşamının, bir duyğusunun əksidi, güzgüsüdü. Yəni həmin o yazılı söz müəllifdən kənarda müəllifi oxucuya göstərə bilir. Bax, bu mənada Balayar Sadiq özü olmadığı yerlərdə sözü vasitəsilə görünür. Həmin söz o qədər səmimidir ki, Balayar Sadiqi tanımayan oxucu onun barəsində səmimi bir insan haqqında düşüncələrə dala bilər yaxud belə bir adamı göz önününə gətirə bilər. Təbii ki, bu da yenə zənnimcə, müəllifin bütün mənalarda uğurudu, qazancıdı. Bir daha konkret vurğulasam, sözü olan yerdə özünün görünməyin - bu həm yaşamaqdı, həm həmsöhbət olmaqdı...g

"Ömrün Gəraylı çağları" adlı Allahın adı ilə başlanan kitabı bugünlərdə müəllifin xoş sözlər yazdığı avtoqrafla əldə etdim. Adətən mən avtoqraf yazılmış kitablara daha çox diqqət ayırıram onları hətta kiməsə oxumağa da verməyə ürək etmirəm. Bilmirəm, bu qədər doğrudu, ancaq düşünürəm ki, avtoqraf müəllifin sənin yanında olması deməkdir. Öz yanında olanı başqa birisinə göndərmək, vermək qəbahət saydığım işlərdəndi. isə... Qayıdaq kitaba...g

Bir neçə hissədən ibarət olan "Ömrün Gəraylı" kitabı həqiqətən saz üstə, "Gəraylı", "Yanıq Kərəm", "Baş sarıtel", "Ruhani" digər havalar üstündə köklənib. Oxuduqca sazın, mizrabın qopartdığı səs , haray da, nalə , hətta döyüşə çağırış nidaları da oxucunun qulaqlarında səslənir elə bilirsən ki, sən kitab oxumursan, əksinə, hardasa oturub saz sənətimizin böyük mizrab ustalarını dinləyirsən. Həmin o sədalar altında Balayar Sadiqin ürək döyüntülərini oxuyuram:

 

Bir elat köçü gələcək,

Özündən köçüb gələcək.

Arzular uçub gələcək,

Ümidlərin qoxusuna.

 

yaxud:

 

İlləri bir-bir kündələ,

Qəmli bəxtlərə gün ələ.

Ömür bircə gündü elə,

O da dərd günü, dərd günü.

 

Hər kəs daha çox dünyanın beş gündən ibarət olduğunu söyləyir. Amma Balayar Sadiq hər kəsdən fərqli olaraq dünyanın bir gündən, özü dərd günündən ibarət olduğunu elə səmimi deyir ki, inanmaya bilmirsən. Başını qaldırıb ətrafa baxanda görürsən ki:

 

Ağrının, əzabın gündoğanıdı,

Astarı üzündən baha bu ömrün.

Telindən çəkməmiş ayı, ili yox,

Görən nəyi qaldı daha bu ömrün.

 

Bəli, doğrudan da düşündürücü sualdı. Həmin o sualın cavabını hər kəs istədiyi səmtə yoza bilər, istədiyi cür cavablandırar. Ancaq şairin özü həmin suala mənə görə belə cavab verir.

 

Otur öz ömrünün içində gözlə,

Ölüm gəlməyə vaxt tapar axı.

Hərdən darıxanda qaldır başını,

Sənə göz qırpmadan gör, kimdi baxır.

 

Yəqin şairin nəyə, kimə işarə vurduğunu təxmin etdiniz. Bir halda ki, söhbət sevgidən düşdü, onda unutmaq lazım deyil ki, ilham pərisi səni yarıyolda, darda qoymayacaq sənin ona ismarıcların qəbul olunacaq. Əgər qəbul olunmasa, onda bu misraları pıçıldamağa haqqın var.

 

Qisməti mən deyil, Yaradan yazıb,

Qanı qurumayan yaradan yazıb.

Bir bax, göy üzündə dan yeri azıb,

Utanıb üzümə açılan sabah.

 

yaxud:

 

Köçüm başlayıb, ayüzlüm,

Halımdan utanır zülüm.

Gəl, öpüm üzündən ölüm,

Səni yar ağlar, yar ağlar.

 

Balayar Sadiqin barəsində fikirlərimi bölüşdüyüm bu kitabı yığcam olsa da, amma bu kitabdakı şeirlər, poemalar, eləcə də digər janrları əhatə edən yazı nümunələri həqiqətən birnəfəs oxunur. Oxucu bu misraların bir ürək çırpıntısı, bir könül səsi olduğunu çox rahatlıqla qəbul edir. Bax, elə bu da şairin özünü təqdim, özünü tanıtmaq kimi ölçülərin içərisindən çıxış edərək özünü sevdirməyə, özünü qəbul etdirməyə yol açır. Hər bir şeirində, hər bir misrasında səmimiyyəti qoruyub saxlayan Balayar Sadiq kitabdakı yığcam poemalarında da həm mövzu baxımından, həm də üslub baxımından öz yolunu çaşdırmır, nə də özü özünü təkrar etmir. O, sadəcə təkrar olsa da bir də vurğulayıram ki, öz səmimi hisslərini biz oxuculara çatdırmağa üstünlük verir. Baxmayaraq ki, onun misraları həm gülü-çiçəyi, həm yağışı, qarı, həm istini, soyuğu, bir sözlə, bütün məqamları əhatə edir. Və oxucu onun misralarından tərənnüm olunan hər bir mövzudan, hər bir durumdan hərarət, xoş aura əldə edir. Şair yazır:

 

Bir qara sevda köçüyəm,

Bir qərib tənha küçəyəm.

Gözləmə ki, gələcəyəm -

Gözümdə sabah üşüyür.

 

Müəllifin bu misraları poetik bir fikir olsa da, oxucunu üşütmür, əksinə, onu sabaha səsləyir, sabaha inandırır. Burada bir məqamı da vurğulayım ki, dünyanın bir dərd günündən ibarət olduğunu söyləyən şair bu cür məqamlarda oxucularla, yəni bizlərlə ilıq bir zarafat da edir və bizə xatırladır ki: "inanma, şair sözü salandı" - çünki əgər söhbət sabahdan gedirsə, deməli, dünya heçbir gün deyil.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-30 may.-S..6.