QƏBRİMİ ÖRTƏNDƏ ÜSTÜ DÜZ OLSUN...

 

Çiçəyim, sən məni haçansa atsan,

gör, canım zarıncı neçə il yatar?

Ən çılğın kamanın telini tutsan

barmaqlar altında bəmə zil yatar.

 

Ağlatsan haçansa - ağlat ürəksiz,

sənsiz bir sarayam damsız, dirəksiz,

görsən söndürüblər sanma gərəksiz -

bu dəli ocaqda hələ kül yatar.

 

Borc nəymiş! - ilk dəfə kim aldı kimnən?

Kimlərin nələri getdi əlinnən?

Zindan da özünü unudar hərdən -

içində gah bayquş, gah bülbül yatar.

 

Fərq etməz - yaş yarı, ya da yüz olsun,

torpaqlıq olmaqçün gərək üz olsun,

qəbrimi örtəndə üstü düz olsun -

elə bilərlər ki, bir qozbel yatar.

 

Havası belə ki, dərd kimi yıxmaz!

taleyi gətirən haraya çıxmaz!

Namərd badalağı mərd kimi yıxmaz -

üz-üzə aşanda yerə bel yatar.

 

Bəmbəyaz ipəkmiş yazın köynəyi,

təlaşlı bir öpüş nazın köynəyi,

baxtavar başına, sazın köynəyi -

köksündə bilməzsən neçə tel yatar.

 

Baxma qocalmışam, ruhum dənizdir,

mənə dalğa-dalğa sahili gəzdir,

sənə möhtac olan Vahid Əzizdir -

içində sərgərdan bir səfil yatar...

 

 

TORPAĞIN ÜSTÜNDƏ TEZ KEÇİR ZAMAN...

 

Bir-iki sıtqıyan, üç-dörd ağlayan;

hansı kimsəsizin köçüdü görən?

Kirpiklər ucunda yaşlar doğrayan

gözlər, ya ürəyin içidi görən?

 

Ayları təlaşla ötdü yanımnan,

günləri səksəndi həyəcanımnan,

torpağın üstündə tez keçir zaman,

torpağın altında necədir görən?

 

Gedib güdazına min bir hiylənin,

Dilinə dağ basdıq "Vətən" deyənin,

burada dəyəri bilinməyənin

Dərgahda qiyməti neçədi görən?

 

Ömür bir sərvətdi - yaşanıb gedən,

haçansa həyatdan boşanıb - gedən,

insanlar içində "fironluq" edən

mələklər yanında nəçidi görən?

 

Bir-iki sıtqıyan, üç-dörd ağlayan;

hansı kimsəsizin köçüdü görən?

Kirpiklər ucunda yaşlar bağlayan

gözlər, ya ürəyin içidi görən...

 

 

MƏN BU MİNARƏDƏ KÖHNƏ ƏZANÇI...

 

Hərdən qəzəbimnən içim qovrulub,

Qəlbim zəlzələli dağ kimi əsib,

ağzının sözünü bilməyən olub -

ağzımda sözümü yarımçıq kəsib.

 

Daraşma cahana görməmiş kimi -

hamımız təzəyik, dünya köhnədi,

yerində olmayan ədəb-ərkəni

qanmaz örkən, doğanaq nədi?

 

Bazar mənlik deyil, xırdavatçılar!

Haqq bizi izləyər qarabaqara,

kimnin gözünü basıb-çıxarar,

kimnin özünü çıxardar Ora.

 

Məhrəm olduğumçün əfv eləsinlər

halına acıyıb-yanmayanlarım,

buna inamım var - yeni nəsillər

düşmənə əyilib-sınmayanlarım!

 

Lənət , rəhmət insan qazancı-

Barmaq qata bilməz şeytan nəfsimə!

Mən bu Minarədə köhnə əzançı -

"Quran" oxumağı öyrətmə mənə...

 

 

OLMUR

 

Dərdimi çəkirəm arana-dağa;

Artdanır, ələnir... çözümü olmur,

Dumanın istiyə, gülün soyuğa,

Yarın ayrılığa dözümü olmur.

 

Neçə arzusuna könlüm çatmadı,

nimdaş beyinlərə sözüm batmadı,

hər sevda ağlımı dumanlatmadı -

hər sevgi bağının üzümü olmur.

 

Gizlətdim, düşündüm xətrinə dəyər:

dərdi fələk deyil - insan gətirər,

bəlalar gözlərdə leysan bitirər,

tərsin bir dəfəlik əsimi olmur.

 

Tapılıb-itirəm qayğılarımda,

bənövşə kimiyəm son baharımda,

hələ yar gəzər röyalarımda,

divanə etdiyim bəsimi olmur?

 

Baş alıb gedənlər əhli-halıymış,

ya qələm əhliymiş, ya havalıymış,

bayatım içimdə oxunmalıymış -

başıma atıram səsimi, olmur!

 

Mən gidi dünyanın hər üzün görən,

tapınıb Tanrıya pənah gətirən,

yazma, Vahid ƏZİZ, hər qabıq verən,

hər canı didilən Nəsimi olmur...

 

 

ALTUN DA SARIŞIN, DƏRD DƏ SARIŞIN...

 

Tutduğu zökəmi yayanlar kimi

küləklər gəzdikcə bağlar saralar,

xaralda saralan almalar kimi

dumanlar içində qarlar saralar.

 

Bu zalım dünyada nələr varıymış,

nələri gətirib, apararmış?!

Hicranın boyası, gülüm, sarıymış -

yarlar həsrətindən yarlar saralar.

 

Yorulmaz bəxtlərlə oynamağıynan,

qanlar qaraldanlar qaynamağıynan,

illərlə yolçusu olmadığınnan

ot basan cığırlar, yollar saralar.

 

Var-dövlət acları, hələ yarışın,

həm ölçən, həm ki - çırpandı arşın!

Altun da sarışın, dərd sarışın -

kimdə çox olursa - onlar saralar.

 

Kövrəldib saraldan xatirələrim

Xətrinə dəyməsin sarı güllərin,

Könüllər sirdaşı gündəliklərin

çoxunun içində anlar saralar.

 

Başıma çox gəlib qəlbimə daman,

qoymur İlham pərim çıxam oyundan,

Deyir: "Vahid ƏZİZ, indi duymayan

bir vaxt dəyərini qanar, saralar..."

 

 

KİMNƏN SORUŞUM...

 

Ya dağılıb, ya da itib -

yerini kimnən soruşum?

Bu yol salan niyə edib

əyrini-kimnən soruşum?

 

 

Bu dünya bir qərəvəlli -

aşırıbdı çox heykəli,

ölənlərin yeri bəlli,

dirini kimnən soruşum?

 

Bu həyət niyə dadsızdı?

Alim niyə savadsızdı?!

Bir sualım cavabsızdı,

birini kimnən soruşum?

 

Yarımcan oldu Qarabağ,

vaxt verdiyi Qərara bax!

O, Savalan, bu - Dəlidağ...

sirrini kimnən soruşum?!

 

Həsrət çəkib hönkürürəm,

cığırlardan yol hörürəm,

dayazı özüm görürəm,

dərini kimnən soruşum?

 

Üfüqlərdə od qalandı,

qaranlığa nur calandı,

xırda sorğum cavablandı;

irini kimdən soruşum...

 

 

YADA DÜŞÜR

 

Yaz gəlir, lalələrin

istisi yada düşür,

Dəlidağ güllərinin

bəstəsi yada düşür.

 

Haqq deyə öz sözünü,

tökə düşmən gözünü,

çatın palıd közünü -

tüstüsü yada düşür.

 

Yolda yağış saxlayır,

can yanır, baş ağrayır,

böyrəklər daş bağlayır -

"İstisu" yada düşür.

 

Məni ora qaytarın,

şeh düşsün narın-narın,

durna telli qızların

dəstəsi yada düşür.

 

Çağırın tez oyanım,

doğan günə boylanım,

öyüd verən babamın

hər sözü yada düşür.

 

Eh... gözəl cavanlığım,

eşq odunda yandığım,

dərədən boylandığım

göyüzü yada düşür...

 

Vahid ƏZİZ

Ədalət.-2014.-31 may.-S.15.