"Bir dəfə İlham pərisindən küsdüm..."
Elçin Mirzəbəylinin fikrincə, ədəbiyyat
adamları siyasətçilərə nisbətən bir-birilərinə
qarşı daha aqressivdirlər
Sovet dövründəki təqvimlərin bayramları ilə hesablayanda yaşıdım Elçin Mirzəbəyli məndən cəmi bir-iki bayram böyük olar. Aralarında kəskin mübarizə gedən qonşu məktəblərdə
təhsil almışıq. Bu mübarizə futbol yarışlarında
o qədər kəskinləşirdi
ki, biz hətta qohum olmağımızı
da bir kənara
qoyurduq.
Bu gün Elçin
Mirzəbəyli aktiv siyasətin içindədi,
Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyası sədrinin müavinidi. Elçin mətbuatımızın aparıcı
simalarından biridi,
"Xalq Cəbhəsi"
qəzetinin baş redaktoru, "Baymedia" İnformasiya Agentliyinin Baş redaktoru, nüfuzlu Ali Media Mükafatı
laureatıdı.
Elçin Mirzəbəyli istedadlı
şairidi. İlk şeirlərindən bu günə kimi izlədiyim dostumun "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu", "Sevgi məktubları" kitablarının uğuru
məni qətiyyən
təəccübləndirmir, üstəlik xeyli sevindirir.
Siyasətçi, jurnalist və şair Elçin Mirzəbəyli ilə söhbətləşib ötən
günləri xatırladıq. Söhbətimizin bir hissəsi yəqin oxucularımız
üçün də
maraqlı olar.
- Elçin, orta məktəbdə oxuyanda
o qədər dalaşmışdıq
ki, sənə qarşı olan hirsim soyumaq bilmirdi. Uzun illərdən sonra bütün cığallıqları,
mübahisələri unudub
kabinetin qapısını
döydüm...
- Allah səndən razı olsun, ötən günləri yada saldıq. Yaşımız artıq 50-yə yaxınlaşır, hərdən
belə söhbətlərə
ehtiyac yaranır.
- İş
günün sonunda görüşdük. Gündəlik nəşr olunan
qəzetlərin redaksiyasında
işin ən qızğın vaxtıdı.
Köhnə dostuna qapını geniş açdın, çay qonaqlığı verdin. Bu vaxtlarda gələn
İlham pərisinə
qarşı da belə səxavətli olursan?
- İlham pərisini
heç qapıdan qaytarmaq olar? Onunla centlmen
sazişi imzalamışıq,
nə zaman gəlsə, diqqətimi və vaxtımı əsirgəmirəm. Bundan redaksiyadakı
əməkdaşlar bir
balaca əziyyət çəkirlər. Elə an olur
ki, maşın sürəndə gəlib
nəsə pıçıldayır.
- Bəs belə vəziyyətdə
nə edirsən?
- Belə anlarda texnika köməyimə yetir, avtomobili verirəm yolun kənarına, ilkin qeydləri mobil telefonun yaddaşına köçürürəm. İlham pərisinin
könlünə dəyməmək
üçün nə
lazımdırsa edirəm.
- Küsüb getməyindən belə qorxursan ki?
- Qorxub eləmirəm. Özü də küsüb getmək lazım gələndə ilk addımı
mən atıram.
Yəqin
sənin də yadındadı, bir dəfə küsüb getdim və bir də uzun
müddətdən sonra
qayıtdım.
- Bu gün məmləkətimizdə siyasətçi
də boldur, baş redaktor da, şair də.
Belə bir ortamda fərqlənmək
üçün nə
etmək lazımdı?
- Fərqlənmək haqqında
düşünməmək, yalnız öz işinlə məşğul
olmaq lazımdı. Mənim düşüncəmə görə
ən doğru yol budur. Əgər bütün günü oturub "filankəsi üstələməliyəm" - deyə düşünməklə
heç nəyə
nail olmaq mümkün
deyil. Nə siyasətdə, nə
baş redaktorluqda, nə də poeziyada özümü gözə soxmağa çalışıram. Gündəlik öz işi ilə məşğul olan insanlardan biriyəm.
- Siyasət meydanında, mətbuatda və poeziya aləmində iddiasız da keçinmək olmur...
- Bu məsələdə bir neçə vacib nüans var. İddianın
da bir sərhədi,
ölçüsü olmalıdı,
iddia həmin insanın bacarığına,
istedadına və imkanına uyğun gəlməlidi. Bu göstəricilərin uyğun
gələndə yaranan
vəziyyət özü
səni irəli çəkir, bəzən
sənin bundan heç xəbərin də olmur.
- Sədr müavini olduğun partiyadakı hədəflərin
təşkilatın nizamnaməsi
ilə tənzimlənir.
Şair Elçin Mirzəbəylinin
hədəfləri nədir?
- Tam səmimi deyim ki, özüm üçün yazıram,
çünki buna ehtiyacım var. Ona görə də nə yaradıcılıqdakı
uzun müddətli fasilə, nə də göz qabağında olmamaq məni narahat edib. Əlimdə geniş imkanlar
olmasına baxmayaraq özümü heç zaman təbliğ etməyə çalışmamışam.
İndi ilkin-günün
bu vaxtında düşüb özümə
zorla oxucu toplayası deyiləm ki... Son illər
şeirlərim İtaliyada,
Özbəkistanda çap
olunub. Bütün bu prosesin heç birində mən xüsusi iştirak etməmişəm,
daha çox dostların təşəbbüsü
olub.
- Azərbaycanda Şairlər Partiyası yaratmaq olar?
- Yox, əşi, sən nə
danışırsan. Şairləri bir araya gətirmək olar? Əslində heç bu lazım
da deyil, çünki yaradıcılıq
fərdi məsələdir.
Ədəbiyyat adamı
bir araya toplananda o, artıq ədəbiyyat adamı olmur. Qələm adamları Yazıçılar
Birliyində toplanıblar,
elə bu bəs edir. Yeri gəlmişkən, sənə
bir hadisə danışım. 2002-ci ildə partiyamızın qurultayı çox gərgin keçirdi, müxtəlif fikirlər,
qarşılıqlı ittihamlar
səslənirdi. Sözün açığı,
narahat olmaya başlamışdım. Sədrliyə
namizədlərdən biri
olan Mikayıl Rəhimov mənə dedi ki, bu
sənin üçün
Yazıçılar Birliyinin
qurultayı deyil e sakitcə keçsin. Mən də ona dedim ki,
sən hələ Yazıçılar Birliyinin
qurultayını görməmisən.
Partiya qurultayından fərqli olaraq, Yazıçılar
Birliyinin qurultaylarında
səs-küy tədbirin
özündən xeyli
əvvəldən başlayır.
Sonuncu qurultay bunu bir
daha sübut elədi. Və sonda nə necə olmalı idisə, o elə də oldu. Onsuz da yaradıcı təşkilat heç kimi nə şair
edib, nə yazıçı. Bundan sonra
da edən deyil. Kimlərsə bu qurumdan nəsə umur, umduğunu tapa bilməyəndə də
başlayır səs-küy
salmağa. Mən Yazıçılar
Birliyinə dostlarımla
görüş yeri, hansısa bir tədbirin keçirildiyi,
müzakirə aparılan
məkan kimi baxıram. Yolum o tərəflərə düşəndə Rəşad
Məcid, Qulu Ağsəs kimi dostlarla görüşürəm.
Sən də deyirsən Şairlər Partiyası yaradaq, bilirsən sədr olmaq üstündə bir-birilərini necə qıracaqlar? Ədəbiyyat adamları siyasətçilərdən
fərqli olaraq bir-birilərinə qarşı
daha aqressivdirlər.
Şairlərin hamısını siyasətə yaxın buraxsan, Azərbaycan siyasətinin durumu indikindən qat-qat pis olar.
Etibar, olar bir sual da
mən sənə verim?
- Buyur.
- Yadına gəlir, telekanallardan birində mətbuatla bağlı apardığım
müəllif proqramına
səni qonaq çağırdım və
çox maraqlı bir veriliş alındı?
- Əlbəttə yadıma
gəlir, veriliş gecə saat 12-də yayımlandı və həmin gün efirdəki sonuncu veriliş idi. Səhər tezdən
eşitdik ki, telekanal bağlandı.
İkimizin söhbət etdiyi
həmin proqram telekanalın sonuncu verilişi oldu.
Amma narahat olma, bu müsahibəmizin
taleyi uğurlu olacaq.