O BİR ŞAHZADƏMİ, BAŞINDA
TACI?..
...Sabahın xeyr, gözəl şəhərim,
doğma elim! Salam olsun, qarşı dağlarına, xan çinarlarına! Salam olsun,
zəhmətkeş, müdrik
insanlarına! Salam olsun,
Rəsul Rzanın, Əli Kərimin... ruhu dolaşan göylərinə!
Orada - ucalıqlarda
Sənin şanlı keçmişin, ağayana
duruşun bu Vətənə həmişə
bir Göyçay nağılının şirinliyini
bəxş etməkdədir.
Noyabr səhəridir. Belə də
payızmı olar?
Nə olsun hava bir az soyuq, göylər bir az qaşqabaqlıdır.
Bu gün Sənin küçə və meydanların, park və bağların başdan-başa
baharı, bəlkə
də may güllərini
xatırladır. Hər
tərəf yamyaşıl,
al-əlvan...
Bax, günəş də özünü göstərdi,
Səni, bayramını
salamladı, gözəl
şəhərim!
Sevgili Göyçayım, ağlım
kəsəndən mən
Sənin aşiqin olmuşam, pisinlə-yaxşınla,
kədərinlə-sevincinlə, nəyin varsa - hər şeyinlə Səni dəlicəsinə
sevmişəm. İndi
Sənə bir daha vuruldum, şəhərim! Unutdum ağrı-acılarımı,
unutdum bütün kötülükləri, Sənin
bir ağac budağına, bir ovuc torpağına, bir toz dənəciyinə
çevrildim - büstbütün
Sənin oldum. Sən bir övliya
kimi, bir ruh kimi nur
saçırsan, şəhərim!
...Bağışla şəhərim,
adına layiq böyük işlər görə bilmədiyimə görə
bağışla məni!
Mən başqalarının əvəzinə
də özümü
Sənə borclu sayıram. Nurlu sabahlarına, Xan çinarlarına, telli qovaqlarına, torpağına-daşına
bağışla məni!
Qəlbimin döyüntüsünü eşidirsənmi, doğma
şəhər, Ana torpaq!
...Bu gözəl bayrama qovuşub, bu gözəl anların sevincini yaşayıb günün nə vaxt bitdiyini də hiss etmirsən. Ancaq sən istədin-istəmədin hər
şeyin bir sonu, duracağı var. Təkcə xatirələrdən
başqa... Bəlkə də bəşəriyyətin
kinematoqraf, televiziya,
internet ixtiraları elə
insan təfəkkürünün
bu nöqtəsindən
başlayıb. Çünki mən indi rahatca,
heç bir videoreportaja, sənədli
filmə, digər görüntülərə baxmadan
xəyallarımla da ötüb keçən
o gözəl günləri
xatırlayıram, o illərə
qayıda bilirəm.
Nə vaxtsa, mən bütün bunların da bir az uzaqlığından, tər-təmiz
yaşantılarından, nələrdən
qaynaqlanıb, nələrdən
güc almasından da söhbət açacağam, Nailə xanım! Bu gün
Sizinlə birlikdə şəhərimizin bayram
büsatına baxıb
duyğulanan zaman bu nostaljinin qərib sirlərini Sizə də pıçıldamağa macal
tapdım, elə deyilmi? Ya bəlkə də...
Sağlıq olsun, uzun illərin
dostu, sirdaşı, sağlıq olsun, bizim hələ çox söhbətlərimiz
olacaq.
...Göyçayda nar bayramı hər il elə
beləcə möhtəşəm
və unudulmaz anlarla davam edib.
Meyvələr şahının vətəni hər dəfə beləcə dadlı sevincələrə
qovuşub, şirin nəğmələrə tutulub.
Yüzlərlə qonaq, minlərlə
iştirakçı, tamaşaçı...
Nar bayramları narı Göyçayın
simvolik anlamından da yüksəkliyə qaldırdı, şöhrətləndirdi.
Nar bu yurd
üçün sanki
özünəməxsus ruhundan
da ayrılıb daha geniş, daha əzəmətli məna daşıdı.
Bu bayram artıq 9 ildir ki, az qala bütün
respublikanı bir yerə toplayaraq ölkədə aparılan
quruculuq işlərinin,
sosial-iqtisadi inkişafın
sevincini, qürurunu paylaşır. Əsl zəhmət, birlik,
yüksəliş bayramı
kimi də yaddaşlara köçür.
Bütün bunlar Dövlət
proqramlarında qarşıya
qoyulmuş vəzifələrin
uğurlu həllinin, sosial-iqtisadi yüksəlişin
və başqa fərəhli amillərin göstəricisidir. Yəni bu
bayramlar, bu şənliklər Göyçayın
halal haqqıdır.
...Şəhər əhalisi,
rayonun yaxın-uzaq kəndlərindən gələn
dəstə-dəstə insanlar
Göyçayı dünyada
məşhurlaşdıran bu möcüzə meyvənin şəninə,
şöhrətinə üz
tutublar. Addımbaşı qələbəlikdir. Saat 12-dən
başlayaraq paytaxtdan və digər şəhər və rayonlardan dəvət olunmuş qonaqlar Heydər Əliyev prospektində açılan
geniş meydana daxil olurlar. Ölkəmizdə fəaliyyət göstərən
elçiliklərin xeyli
sayda səfirləri və məsul əməkdaşları, millət
vəkilləri, nazirliklərin
nümayəndələri, eyni zamanda xarici
ölkə vətəndaşları
Göyçayda keçirilən
bu möhtəşəm
bayrama, festivala qonaq gəliblər. Məktəblilər qonaqları Azərbaycan,
rus və ingilis dillərində salamlayırlar. Onlar şeirlər
söyləyir, nəğmələr
oxuyurlar.
Milli paltarlar
geyinmiş oğlan və qızlar qonaqlara nar şirəsi
və nar məhsulları təqdim edirlər.
Eyni vaxtda proqrama uyğun müxtəlif tədbirlər
bir-birini əvəz edir. "Göyçay"
mahnısının sədaları
ətrafa yayılır.
Nar çiçəyi rəngində paltar geyinmiş "Şahzadə
Nar" ətrafındakı qızlarla "Çayka"
maşınında meydana
daxil olur.
Meydanın ortasında qurulmuş böyük nar maketi açılır və içəridən
çıxan nar paltarı geyinmiş uşaqlar rəqs edirlər.
"Şahzadə Nar" bayram
iştirakçılarını salamlayır: "Salam Azərbaycan!
Salam Göyçay! Nar bayramının
əziz və hörmətli iştirakçıları,
möhtərəm qonaqlar!
Yüz illər boyu günəşin sehirli bir parçası
olan narı yadigar bir sərvət
kimi qoruyan və nəsillərə ərməğan edən çinarlı-narlı Göyçaya
xoş gəlmişsiniz!
Sizlərə can sağlığı
və xoşbəxtlik
arzulayıram!..
Musiqi kollektivlərinin,
idmançıların çıxışları
bir-birini əvəz edir. Nar masalarına, "Yaşar kitab" sərgisinə, digər guşələrə tamaşaçı
marağı böyükdür.
Heydər Əliyev Mərkəzinin qarşısındakı böyük
meydan daha əzəmətli görünür. Hər tərəf
gül-çiçəklə, bayraqlarla, şüarla və plokatlarla bəzədilib. Meydanın ortasında
iri bir nar
piramidası qurulub.
Burada zövqlə hazırlanan səhnənin ətrafı
da gül-çiçəklə
bəzədilib.
Qonaqlar Heydər
Əliyevin abidəsi önünə gül-çiçək
dəstələri qoyub
ulu Öndərə ehtiramlarını bildirirlər.
"Nar bayramı" festivalının rəsmi
açılış mərasimini
Göyçay Rayon İcra
Hakimiyyətinin başçısı
Mənsur Məmmədov
iştirakçıları salamlamaqla elan edir. O, rayonun sosial-iqtisadi
və mədəni yüksəlişinə xüsusi
qayğı və diqqət göstərən
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarına
göyçaylıların dərin minnətdar olduğunu bildirir.
Qonaqlar da çıxış edib göyçaylıları
bayram münasibətiylə
təbrik edir, onlara can sağlığı,
yeni zəfərlər
və şənliklər
arzulayırlar.
Bayram tədbirləri davam edir. Aş, nardança, kətə, yuxa, narşərab, nar şirəsi hazırlanır. Qonaqların ənənəvi rəmzi nar ağacı əkməsi, folklor nümunələri, sərgilərə baxış... Bayram tədbirləri o qədər çox, o qədər rəngarəngdir ki, məsələn, eyni adamın bütün bunların hamısında iştirakı mümkün də deyil. Heç bu bayram təntənəsini bütünlüklə yazıb oxucuları tam məlumatlandırmaq da asan məsələ deyil. Ən azından qəzet səhifələri baxımından.
Nar sıxmaq, nar yemək, tez və
gözəl formada nar
kəsmək, ən iri narı müəyyənləşdirmək,
digər yarışlar və eləcə də
teatrlaşdırılmış folklor
nümunələri, qaliblərin
mükafatlandırılması... Bütün
bunları televiziya kanalları da lentə alır və geniş
proqramlı verilişlər hazırlanır. Əlbəttə
ki, baxarsınız... Eləcə incəsənət
ustalarının yekun konsertinə də...
Ədalət.-2014.-4 noyabr.-S.5.