Balakəndə məhsul bayramı

 

Bu ilin yaz və yay aylarında rayonumuzda havaların son dərəcə quraq keçməsi ilə əlaqədar kənd təsərrüfatı sahəsində çalışanlar, fermerlər dəyə biləcək ziyanı azaltmaq üçün daha çox əziyyət çəkmiş, üçüncü dəfədir Balakəndə keçirilən, yaxşı bir ənənəyə çevrilən "Məhsul bayramı"nı ürəkaçan nəticələrlə qarşılamağa səy göstərmişlər. Oktyabr ayının son günündə rayon mərkəzindəki Heydər parkında keçirilən, əsl el şənliyinə çevrilən böyük bayram tədbirində biz bunun bir daha şahidi olduq. Əldə etdiyimiz statistik rəqəmlər ilboyu çəkilən zəhmətin hədər getmədiyini sübut edir. Əvvəlcə bir faktı qeyd edək ki, rayonumuzda ümumi daxili məhsul istehsalının 32 faizi kənd təsərrüfatının payına düşür. Ona görə də bu sahənin inkişaf etdirilməsi daim diqqət mərkəzindədir.

2014-cu ildə Balakəndə 12 min 65 hektar sahədə əkin aparılmışdır. Bunun 256 hektarı payızlıq taxıl, 11 min 809 hektarı isə yazlıq əkinlər olmuşdur.Son illər rayonda qarğıdalı istehsalının artırılmasına xüsusi fikir verilirbu sahəyə fermerlər tərəfindən daha çox maraq göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Balakənə növbəti səfərində rayonda fəaliyyətə başlayan Yem istehsalı zavodu qarğıdalıçılığın inkişafına bir stimul yaratmışdır. Məhz bunun nəticəsidir ki, qarğıdalı istehsalı ilə məşğul olan fermerlərin sayı ilbəil artır.

Cari ildə 72 min 95 hektarda qarğıdalı, 2 min 22 hektarda tərəvəz, 905 hektarda kartof, 344 hektarda lobya, 308 hektarda bostan, 934 hektarda isə yonca və digər bitkilər əkilmişdir. Təbiətin şıltaqlığı, havaların quraqlığı kənd təsərrüfatı ilə məşğul olanları dəfələrlə sınağa çəksə də sonda sahələrdən 40 min ton qarğıdalı yığılmış, respublika üzrə birincilik qorunub saxlanılmışdır. Digər rəqəmlər də ürəkaçandır. Ötən dövr ərzində rayonda 21 min 400 ton tərəvəz, 7 min 134 ton kartof, 631 ton lobya, 3 min 230 ton bostan, 19 min 390 tondan çox meyvə və başqa məhsullar istehsal edilmişdir.

Rayonda meyvəçiliyin inkişafına da diqqət ilbəil artır. Salınmış 200 hektardan artıq intensiv və müxtəlif növ alma bağlarında damlama üsulu ilə suvarma sistemi qurulmuş, bol məhsul istehsal olunmuşdur.

Prezident İlham Əliyevin Balakənə dördüncü səfəri zamanı açılışını etdiyi Katex kəndində yerləşən böyük soyuducu anbar kompleksi balakənlilərin meyvəçiliyin inkişafına olan marağını daha da artırmışdır.

Heyvandarlığın və quşçuluğun inkişafı sahəsində də real vəziyyət yaxşıdır. Cari ilin ötən dövründə 3 min 68 ton ət,140 min 19 ton süd, 6944 min ədəd yumurta istehsal olunmuşdur.

...Balakəndə üçüncü dəfə keçirilən "Məhsul bayramı"nda iştirak edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yetişdirdikləri kənd təsərrüfatı məhsullarını ayrı-ayrı fərdi sərgilərdə nümayiş etdirən kənd zəhmətkeşləri, fermerlərlə görüşüb səmimi söhbət etdi, çəkdikləri zəhmətə görə onlara dərin təşəkkürünü bildirdi. Rayon rəhbəri dedi ki, bu cür bayramın keçirilməsi hamının ürəyincədir. Fermerlər, istehsalçılar bir-biri ilə görüşüb fikir mübadiləsi aparır, istehsal etdiyi məhsula yeni alıcı tapır. Kənd təsərrüfatının inkişafina, bu sahədə çalışanlara daim diqqət və qayğı cənab Prezident İlham Əliyevin başlıca amalıdır. Son illər rayonumuzda kənd təsərrüfatı ilə bağlı inşa edilib istifadəyə verilmiş bir sıra istehsal, emal müəssisələri buna sübutdur. Ölkəmiz nə qədər varlı olarsa, dünya miqyasında nüfuzumuz bir o qədər artar, sözümüz keçərli olar. Çünki iqtisadi inkişafdan çox şey asılıdır. Sağ olun ki, siz bunu başa düşür, ümumi inkişafa kömək göstərirsiniz. İş vaxtı qarşılaşdığınız bütün çətinliklərin aradan qaldırılmasında bizöz növbəmizdə sizə kömək etməyə hazırıq.

Bayramınızı bir daha ürəkdən təbrik edirəm.

...Bayram tədbirində fürsətdən istifadə edib, biz də ayrı-ayrı adamları, fermerlərlə söhbət etdik. Katexli İlyas Bədəlov, Qazma sakiniYaşar Sarıyev, Talalardan Şahruddin Orucov, Kortalalı Məhəmməd Abbasov uzun illərdir arıçılıqla məşğul olurlar. Onların fərdi sərgisində balla yanaşı çiçək tozu, vərəmun, arı südünümayiş etdirilirdi. Öyrəndik ki, bu məhsullar bir çox dərdin dərmanıdır.

Hər il rayonda "Məhsul bayramı"nın keçirilməsini alqışlayan Məhəmməd Abbasov dedi: - Hər il payızda biz bir ay Bakıda təşkil olunan yarmarkada bal satırıq. Məhsulumuzu da çoxları bəyənir. Təəssüfki kənd təsərrüfatı nazirliyi yarmarkada Balakənə 10-dan çox yer ayırmır. Başqa rayonlara isə 100-150 yer verirlər. Bizə nə qədər çox yer ayrılsa, məhsulumuzun reklamı bir o qədər çox olar. İnanıram ki, rayon rəhbərliyi bu işdə bizə kömək edəcək. Çünki rayon rəhbəri İslam müəllim sözübütöv adamdır.

Fermer Nəcməddin Ammayev fərdi sərgisində bəkməz, bəkməzdə bişən qoz halvası, xurma bəkməzi və xurma qurusu gözə dəyirdi. Meşə mühafizəsi və bərpası müəssisəsinin açdığı sərgidə isə qoz, fındıq, şabalıd, itburnu, yemişan, meşə əzgili, cır xurmabal diqqəti cəlb edirdi.

"Rayyan" intensiv bağçılıq MMC-nin kollektivi isə bayram tədbirində "Qolden" və "Qala" alma növləri, bu məhsullardan hazırlanmış mürəbbə və kompotla iştirak edirdi. MMC-nin rəhbəri Məhəmməd Bazarov dedi ki, 12 hektar meyvə bağımız var. 9 hektarı bar verəndir. Balakənlə yanaşı başqa şəhər və rayonlarda da yetərincə alıcımız var.

Rayonda tanınmış fermer İslam Muradov dedi ki, bu il 150 hektarda qarğıdalı əkmişəm. Quraqlıq gözümü qorxutmuşdu. Amma son nəticə o qədər də pis olmadı. Biz əsasən "Pioner", "Lariqal" sortuna üstünlük veririk. "Sınap", "Şafran" almaları, "Ləfifə" armudu öz bağımızdandır. "Qrannı Smit" isə Hollandiya növüdür.

İstehsalçı Nüsrət Əsgərov isə bu il qarğıdalı istehsalında "Zaqatala-68", " atdişi", "PR 35-12" sortlarına üstünlük verib.

Məhsul bayramının iştirakçıları arasında rayonumuza turist kimi gələnlərin sayı da az deyildi. Türkiyədən, Vyetnamdan olan müsafirlər bu bolluq, bərəkət bayramını heyranlıqla izlədiklərini bildirdilər.

...Aparıcılar-rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaqverdiyev, İctimai Televiziyanın gənc diktoru Nigar Əlişova bayram iştirakçılarına bu il rayonumuzun iqtisadi sahədə qazandığı uğurlar barədə ətraflı məlumat verdikdən sonra Bakıdan gəlmiş sözlü-nəğməli qonaqlar bir-birinin ardınca səhnəyə çıxdı. Əməkdar artist Mətanət İsgəndərlinin, meyxanaçı Namiq Mənanın, gənc və tanınmış müğənni Elvin Abbasovun, Səyyad Əlizadənin, muğam üçlüyünün, Əhmədiyyə Mirzəyevin, eləcə də yerli incəsənət ustalarından Burhan Rəşidovun, haylaçı Əfqan Rəhmanovun, "Nənələr", "Cahan" və "Şənlik" rəqs qruplarının çıxışları alqışlarla qarşılandı.

Hamı bu məhsul bayramından xoş ovqatla, növbəti ildə daha böyük nəticələr əldə etmək ümidi ilə ayrıldı.

 

Ədalət.-2014.-4 noyabr.-S.6.