Vətəndaş və alim vicdanının diktəsi

 

...Belə bir yazını qələmə almağı ötən aydan qərarlaşdırmışdım.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu ilin avqustunda Moskvada rus dilində çapdan çıxmış "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabının, ardınca isə "Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində" əsərinin oyatdığı təəssüratlar o qədər zəngin və rəngarəng idi ki, oxuduqca hansısa məqamı yaddan çıxarmayım deyə dəftərçəmdə apardığım qeydləri ipə-sapa düzməkdən ötrü yazı masasının arxasına keçməyə, sadəcə, uyğun bir zaman gözləyirdim.

İş elə gətirdi ki, dəyərli akademik oktyabrın əvvəlində "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" adlı yeni bir əsəri ilə oxucuların görüşünə gəldi və bəzi hissələri ilə hələ 2012-ci ilin dekabrında "Azərbaycan" qəzetinin səhifələrindən tanış olduğum bu əsər haqqında təəsssüratlarım yazıda daha önə keçdi...

...Tarixlə son illər daha çox maraqlanmağa başlamışam.

Bu, keçmiş haqqında elmə gecikmiş sevginin etirafı deyil əslində. Keçmiş düşüncələrimi əvvəllər də özünə cəlb edib. Amma söhbət əsl yazıçı marağından, tarix haqqında daha çox bilmək, daha çox öyrənmək və öyrənə bildiklərimi ədəbiyyat müstəvisinə gətirmək istəyindən gedirsə, bunun mənim üçün son illər, demək olar ki, mənəvi ehtiyac halına gəldiyini duyuram.

Görünür, bu, yaşın üstünə yaş gətirən illərin çağdaş dünyanın reallıqları barədə anlatdığı həqiqətlərdən gəlir. Dünənə qədər tarix bizim üçün sadəcə ictimai elm idi, biz tarix kitablarını sadəcə maraq üçün vərəqləyirdik. Amma indi vaxtın elə bir yerinə gəlib çatmışıq ki, sivilizasiyalar arasında dialoq mühiti ilə savaş ovqatı arasındakı məsafənin üz-üzə dayanmış iki insan arasındakı addım qədər yaxın olduğu bu yerdə bəşəriyyəti çıxılmaz durumlarda buraxan müşkül sualların ən dürüst cavabı məhz tarixdədir.

Keçmişin göstərdiyi aydın istiqamətdədir...

Akademik Ramiz Mehdiyevin hər iki kitabını oxucular üçün dəyərli edən ən birinci amil bu kitablarda tarixin özünün görünməsi, keçmişin özünün dilə gəlməsidir.

Müəllif şəxsiyyətinin özü bu əsərlərdə tarixin sərgilədiyi həqiqətlərlə oxucu düşüncəsi arasında heç nəyi təhrif etmədən, dəqiqliyinə xələl gətirmədən təqdim edən, çatdıran tərcüman obrazında görünür.

 

***

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin milli dövlətçilik irsi onun təkcə Azərbaycan üçün qurub-yaratdıqları ilə məhdudlaşmır, torpağın köksündə Heydər Əliyevin nəcib imzaları kimi ucalan inkişaf abidələri ilə əhatələnmir.

Heydər Əliyevin milli dövlətçilik irsi həm də onun formalaşdırdığı dövlət idarəçiliyi təcrübəsidir, ulu öndərin ustadlığından barınan, belə bir təcrübənin işığında yetişən milli təfəkkürlü kadrlardır.

Tarix müstəqilliyin çətin və şərəfli yollarında irəliləyən milli dövlətlər üçün belə idarəçi kadrlar korpusunun nə qədər vacib, əhəmiyyətli olduğunu zaman-zaman sübuta yetirir.

Akademik Ramiz Mehdiyev də Heydər Əliyevin yanında yetişən belə milli kadrlardan biridir. Ömrün gənclik çağlarından Heydər Əliyevin yanında çalışmağı, milli dövlətçilik təfəkkürünü belə bir ustaddan əxz etməyi bir çox müasirləri kimi, Ramiz müəllim də taleyin xoş bir lütfü kimi yaşayıb.

Heydər Əliyevin yüksək etimadı ilə o, ötən əsrin 70-ci illərindən Azərbaycan KP Mərkəzi Komitəsində təbliğat, ideoloji kimi əhəmiyyətli sahələrə rəhbərlik edib.

Azərbaycan dövlət müstəqilliyinə qovuşandan sonra Heydər Əliyevin rəhbərliyi altında başlananbu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratik, hüquqi dövlət quruculuğu proseslərində də öndə gedən insanlardandır Ramiz müəllim...

Onun Azərbaycan dövlətinə, ölkə rəhbərliyinin həyata keçirdiyi milli dövlətçilik kursuna sədaqətlə xidməti, əsl məmur səliqəsi, icra intizamı həmişə dövlət tərəfindən yüksək qiymətləndirilib.

Təsadüfi deyil ki, Azərbaycanın milli dövlətçilik tarixində ən yüksək dövlət qulluğu titulu sayılan "həqiqi dövlət müşaviri" kimi tarixi bir statusa da məhz akademik Ramiz Mehdiyev layiq görülüb.

Bütün bunlar dövlət idarəçiliyinin ali iyerarxiyasında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramiz müəllimin şəxsində ziyalı şəxsiyyətinə, alim sözünə verdikləri qiymətin, dəyərin ifadəsidir.

bu dəyərin qarşılığı isə akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri və alim kimi dövlətimizin strateji inkişaf kursuna sədaqətlə xidməti, əsl vətəndaş mövqeyi və məhsuldar yaradıcı fəaliyyəti ilə dövlət qulluqçusu, alim, ziyalı adına iddialı hər kəs üçün yaratdığı nümunədir.

 

***

Elmi-tədqiqat əsərləri bütün dövrlərdə yazılır.

Amma etiraf edək ki, qələmə alınan əsərlərin çox az bir qismi oxucunu düşündürə, onu illərlə öz cazibəsində saxlaya bilir. Bu da həmin əsərin yazılma səbəbindən, onu ərsəyə gətirən məqsəddən qaynaqlanan bir məqamdır.

Hazırlıqlı oxucu üçün bir əsərin arxasında dayanan müəllif niyyətini tutmaq o qədər çətin deyil. Kitabları vərəqlədikcə vərəqlər arasında sadəcə elmi dərəcə almaq xatirinə qələmə sarılmış müəllifləri də görürsən, ictimai çevrədə populyarlıq qazanmaq eşqinə düşənləri də, cəmiyyətdə hansısa mövqeyə sahib olmağa can atanları da...

Akademik Ramiz Mehdiyevdən ötrü isə bütün bunlar heç vaxt önəm kəsb etməyib!

Ramiz Mehdiyev bir Azərbaycan aliminin milli elmi mühitdə qazana biləcəyi ən böyük nailiyyəti çoxdan əldə edib - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan cəmiyyəti onu ictimai-siyasi xadim kimi hələ ötən əsrin 70-ci illərindən tanıyır. Ramiz Mehdiyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri kimi hakimiyyət iyerarxiyasındakı ən yüksək vəzifələrdən birində etimad göstərilib.

Bütün bunları xatırlatmaqda məqsədim odur ki, onun son illər nəşr olunmuş və hər biri sanbalına, fundamental dəyərinə görə Azərbaycan elmində hadisə yaratmış elmi əsərlərinin yazılma səbəblərini özüm üçün də, dəyərli oxucularım üçün də müəyyənləşdirim.

İstər bədii, istərsə də elmi əsərlər olsun, fərq etməz, ən qiymətli əsərlər o əsərlərdir ki, onlar yazılmaması mümkünsüz olan durumlarda qələmə alınsın, mənəvi ehtiyacdan qaynaqlansın, müəllifi onları qələmə almağa içindəki səs çağırsın, vicdanı diktə etsin.

Ramiz Mehdiyevin qələmə aldığı bütün əsərlər də onun bir an susmayan alim vicdanının səsidir. Azərbaycan dövlətinə sevgi dolu ürəyinin, ruhunun ehtiyacıdır.

 

***

...Nə qədər səhih məlumatdır, düzü dəqiqləşdirməmişəm, amma eşitdiyimə görə, Böyük Britaniya məktəblərində şagirdlərə tarix fənni bizim anladığımız tarix fənni kimi tədris olunmur.

Bu məktəblərdə şagirdlərə tarixi hadisələr haqqında sadəcə məlumat verilir, bu hadisələrdə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək, hansı tarixi şəxsiyyətə sevgi, hansına nifrətlə yanaşmaq onların öz mühakiməsinə buraxılır. Görünür, Böyük Britaniya maarifçiləri bununla ölkənin yeni nəsillərini tarixin ideoloji basqılarından qorumağa çalışırlar.

Biz sovet dövründə siyasi ideologiyanın xidmətində dayanan tarixin ziyanlı təsirlərindən az əziyyət çəkməmişik. O illərdə tariximiz zaman-zaman saxtalaşdırılmış, keçmişimiz doğru-dürüst qələmə alınmamışdı.

Müstəqillik qazandıqdan və sovet ideologiyasının tələblərindən qurtulmuş tarixşünaslığımız qarşısında yeni üfüqlər açılandan sonra isə bu dəfə də başqa problemlərlə üz-üzə qaldıq. Bu da mənasız emosionallığın elmiliyi arxa plana keçirməsi, xalqımızın tarixi ilə bağlı alimlərimiz arasında fikir qarşıdurmalarının yaranmasından ibarət idi.

Bütün ömrü boyu sovet ideologiyasının təsiri altında yazıb-yaradan alimlərimiz öz konsepsiyalarını yeni dövrdə də cidd-cəhdlə müdafiə etməyə çalışırdılar. Çünki bu konsepsiyadan vaz keçmək, həmin elm adamlarımız üçün bütün ömür boyu yazdıqlarının üzərindən çalın-çarpaz xətt çəkmək, obrazlı desək, sağkən dünyadan köçməyə bərabər idi.

Digər bir qisim tarixçi alimlərimiz isə ölkədə baş verən siyasi dəyişikliklərin, dəbdə olan şüarların təsiri altında qələmə aldıqları elmi müddəalarında tarixi həqiqətləri obyektiv baxış bucağından təqdim edə bilmirdilər.

Ayrı-ayrı tarixi şəxsiyyətlərimizə ziddiyyətli münasibətin formalaşması, ictimai gündəmə çıxmaq istəyən diletantlar tərəfindən müxtəlif mətbuat orqanlarında tarixi şəxsiyyətlərimizə qarşı vaxtaşırı hücumlar da o vaxtdan əsası qoyulantarix müstəvisində bu günə qədər ara-sıra görünən mənfi tendensiyalardandır.

Sovet dövründə irəli sürülmüş yanlış konsepsiyalar Azərbaycan tarixinin düzgün öyrənilməsi və təhlili baxımından nə qədər ziyanlı idisə, emosiyaların təsiri ilə yazılıb tirajlanan mövqelər, tarixi reallıqlarla diletant davranışlar da bir o qədər təhlükəlidir.

Böyük Britaniya məktəblərində gənc nəslə ideologiyaların təsirindən xali tarix fənninin necə öyrədildiyini, əvvəlcədən qeyd etdiyim kimi, dəqiq bilmirəm. Amma onu da düşünürəm ki, əgər biz gələcək nəsillərimizə əsl Azərbaycan tarixini öyrətmək, onları tarixi keçmişimizin və Azərbaycan sevgisinin cazibəsində yetişdirmək istəyiriksə, öyrətdiyimiz tarixlə onların əsl vətəndaş, əsl şəxsiyyət kimi formalaşmalarına hansısa şəkildə təsir göstərmək istəyiriksə, tarix dərsliklərini tərtib edən dəyərli alimlərimiz Ramiz Mehdiyevin kitablarından mütləq bəhrələnməlidirlər. O kitablardakı üslubu, tarixə yanaşma tərzini, böyük alim məharəti ilə tarixmüasirlik arasında yaradılmış vəhdəti mütləq nəzərə almalıdırlar!

***

Akademik Ramiz Mehdiyevin tarixşünaslıq sahəsindəki elmi fəaliyyətini iki qismə ayırmaq olar. Onlardan birincisi müstəqil Azərbaycan dövlətinin son 23 ildə qazandığı uğurların, ölkəmizin müstəqillik illərində keçdiyi yolların təhlili, uğurlarımıza yol açan istiqamətlərin, inkişaf perspektivlərinin müəyyən edilməsi, eyni zamanda, inkişaf yolunda buraxılmış hansısa yanlışların, sapmaların, onların səbəblərinin sərf-nəzər edilməsidir.

Ramiz Mehdiyev indiyə qədər bu mövzuda bir neçə sanballı əsərini oxuculara təqdim edib və cəmiyyətin uzun zamanlardır düşündüyü məsələlər ətrafında onun irəli sürdüyü prinsiplər, elmi müddəalar ictimai çevrələrdə həmişə böyük maraqla qarşılanıb.

Həyata keçirilən siyasətin elmi-fəlsəfi əsaslarının hazırlanması, seçilən dövlətçilik modellərinin nəzəriyyəsinin işlənməsi istənilən dövlət quruluşunda çox mühümdür. Çünki dövlət kortəbii əsaslarla fəaliyyət göstərən bir institut deyildironun bir təsisat kimi ardıcıl fəaliyyət göstərməkdən ötrü mütləq konkret nəzəriyyələrə söykənməsi çox mühümdür.

Tarixdə F.Nitşe kimi filosofların antihumanist nəzəriyyələri üzərində qərar tutaraq bəşəriyyəti uçuruma doğru sürükləyən dövlət quruluşları olub.

K.Marksın, F.Engelsin, V.İ.Leninin irəli sürmüş olduqları nəzəriyyənin həyatda özünü doğruldub-doğrultmayacağını müəyyən etməkdən ötrü vaxtilə SSRİ vətəndaşı olan bizlər 70 il yanlış ideologiyanın əsarəti altında yaşamışıq. Və sonda bu nəzəriyyənin yanlışlığı ortaya çıxıb.

Müasir dünyamız da dövlət quruluşu nəzəriyyələrindən xali deyiltarix sübut edir ki, onlardan ən güvənlisi, özünü həyatda ən çox doğruldanı reallıqdan formalaşan, real inkişaf proseslərindən doğan nəzəriyyələrdir.

Azərbaycanın seçdiyi dövlətçilik modelinin təməlində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin baxışları dayanır, Azərbaycanın milli dövlətçilik strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü dövlətçilik prinsipləri əsasında müəyyənləşir.

akademik Ramiz Mehdiyevin bir alim kimi Azərbaycan dövlətinə, Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri öz əsərlərində bu modelin, bu strategiyanın elmi-nəzəri əsaslarını formalaşdırmasıdır.

***

Dünyada həm siyasi fəaliyyətlə məşğul olan, həm də tarixi-fəlsəfi əsərlər yaradan liderlər o qədər çox olmayıb.

M.Avreli, V.İ.Lenin, M.Qandi, U.Çörçillbu kimi dövlət adamları tarixin xatırladığı az istisnalardır.

Bir oxucu kimi Heydər Əliyevin müxtəlif mövzularda kitablar yazmasını, onun ayrı-ayrı məsələlərə münasibətini ulu öndərin öz qələmindən oxumağı çox istərdim. Bir dəfə əcnəbi jurnalistlərdən biri Heydər Əliyevə bu mövzuda sual verəndə o, kitab yaza bilməməsini vaxt məhdudiyyəti ilə əsaslandırmışdı.

Həqiqətən, tarixdə öz izini qoymuş liderlərin taleyində bu da həyatın qəribə bir ziddiyyətidir, bir yazıçı üçün əlçatmaz təəssüratlarla dolu, hər günü bir kitaba bərabər maraqlı, keşməkeşli bir ömür yaşayasan, heç kimin bilmədiyi sirlərə, mətləblərə vaqif olasan, amma yaşadıqlarını qələmə almağa, düşündüklərini kitablarda ümumiləşdirməyə vaxt tapa bilməyəsən! Ayrı-ayrı məsələlərə yanaşmaların, həyatın qarşıya çıxardığı suallara cavabların müxtəlif çıxışlarının, müsahibələrinin çap olunduğu mənbələrdə öz tədqiqatçılarının yolunu gözləyə...

 

(ardı var)

Ədalət.-2014.-4 noyabr.-S.6.