“Heç bir əsərimdən yüz faiz
razı qalmamışam”
Ömər Eldarov: "
Mükafatlara həris insan olmamışam "
Ömər Həsən
oğlu Eldarov 1927-ci ildə Dağıstan Muxtar
Respublikasının Dərbənd şəhərində
anadan olub.
1945-ci ildə Azərbaycan Rəssamlıq
Məktəbinin heykəltəraşlıq bölməsini
bitirdikdən sonra Ömər Eldarov peşə biliyini
artırmaq məqsədilə Sankt-Peterburqdakı İlya Repin
adına Rəssamlıq İnstitutunun heykəltaraşlıq
fakültəsində təhsilini davam etdirib.
Sənətkarın yaratdığı heykəllər
öz layiqli yerini tutmaqdadır. Bu cür əsərlər
sırasında şairə Natəvanın, şair Məhəmməd
Füzulinin, yazıçı- dramaturq Hüseyn Cavidin, Azərbaycanın
görkəmli oftalmoloq-alimi Zərifə xanım
Əliyevanın, professor İhsan Doğramacının heykəlləri,
ümummilli lider Heydər Əliyevin, bəstəkar Üzeyir
Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin,
yazıçı Süleyman Rəhimovun, akademik Ziya
Bünyadovun və başqalarının qəbirüstü
abidələrini göstərmək olar. Eyni
zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli
əsərlərin müəllifidir.
Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm
də uzun illərdir Azərbaycanın ictimai və mədəni
həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə
o Rəssamlar İttifaqının Katibliyinə üzv
seçilib.
Ömər Eldarov 1969-1973-cü illərdə Bakı
Sovetinin deputatı seçilib və burada mədəni-maarif
işi üzrə komissiyanın rəhbəri vəzifəsində
çalışıb.
1995-ci ildə
isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə
deputat seçilib.
Hazırda Azərbaycan Rəssamlıq
Akademiyasının rektorudur.
Məşhur mədəniyyət və incəsənət
xadimi, heykəltəraş Ömər Eldarovun
yaradıcılığı və ictimai fəaliyyəti
ölkə rəhbərliyi tərəfindən daim yüksək
qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali dövlət
mükafatları olan "Şərəf"
və "İstiqlal" ordenləri ilə təltif edilib.
Adalet.az məşhur heykəltaraşla müsahibəni
təqdim edir.
"Sovet
dövründə sənətə daha çox nəzər
yetirilirdi"
-Ömər Eldarov
olmasaydı Azərbaycan heykəltaraşlığı necə
görünərdi?
-Boşluq
olmazdı. Bizdə çox güclü heykəltaraşlar
var ki, məndən əvvəl fəaliyyət göstərib.
Sovet dövründə Azərbaycanın
çox güclü herykəltaraşları olub. Fuad Əbdürrəhmanov, Sapsay, Cəlal
Qaryağdı, Hüseyn Əhmədov və digərləri. Onların
yaratdığı "Nizami", "Sabir" və indi
mövcud olmayan "Kirov", Əzizbəyov",
"Lenin" heykəlləri bədii cəhətdən
çox yüksək səviyyədə idi. Bunlar
bütün SSRİ-də ən yaxşı heykəltaraşlıq
əsərləri hesab olunurdu .
-Sənətə
gəlişiniz barədə danışardınız...
-O zamanlar
Bakıda heykəltaraşlar çox az
idi. Atam hər zaman Sankt Peterburqda olan abidələrdən,
şəhərin memarlığından danışardı.
Məni özüylə ora aparardı. Aldığım xoş təəssüratlardan
sonra məndə bu sənətə qarşı böyük
istək yarandı. Çalışırdım
bu sənətin sirrlərinə yiyələnim. Buna
görə də Əzimzadə adına Rəssamlıq
Texnikumuna qəbul oldum. Sonradan Sankt Peterburq Rəssamlıq
Akademiyasında təhsilimi davam etdirdim.
-Sələflərinizdən daha
çox kimdən təsirlənmisiniz?
-Müəllimim Fuad Əbdürrəhmanovdan. Onun "Nizami", "Azad
qadın", "Mehdi Hüseynov", Düşənbədə
tacik şairi Rudəkinin şərəfinə
ucaltdığı abidələrin mənim
yaradıcılığıma, bir heykəltaraş olaraq
formalaşmağıma böyük təsiri olub. Bundan başqa rus heykəlataraşlığı nəinki
mənim, bizim dövrün bütün sənətkarları
üçün bir məktəb olub.
-Sovet heykəltaraşlığı
ilə müasir Azərbaycan heykəltaraşlığını
müqayisə etsək istər keyfiyyət, istərsə də
kəmiyyət baxımından xoşagəlməz fərq
hiss olunur. Baxmayaraq ki, o dövrlə müqayisədə indi
imkanlar daha çoxdur...
- Şərait çoxdur. Amma bilirsiniz, sovet
dövründə bizim sənətimiz planlaşırdı.
Dövlət pul ayırırdı. Mədəniyyət Nazirliyində fond vardı.
O vaxt çox nəzər yetiridilər bu işlərə. İndi çox azdır.
"Yaradıcılığımın
şah əsəri Hüseyn Cavidin heykəlidir"
-Ancaq sizə
bir misal gətirim; "Koroğlu" abidəsi
üçün dövlət tərəfindən
böyük məbləğ- 5 milyon manat
ayrılmışdı. Lakin abidə gözlənilənləri
doğrultmadı. İstər mütəxəssislərin
rəyinə, istərsə də sıravi
tamaşaçıların fikrinə əsasən Tokay Məmmədov
bu heykəlin öhdəsindən gələ bilmədi...
-Mən
deyə bilmərəm orda hansısa səhvlər var, ya yox. Bu düzgün olmaz.
-Şəxsi münasibətləri
bir kənara qoyub, bir mütəxəssis kimi yanaşsaq, siz bu
əsəri uğurlu adlandırarsınız?
-Son
dövrlər bizdə planda böyük heykəllər
olmayıb. Axırıncı nəzərəçarpan
monumental heykəl Hüseyn Cavidin heykəlidir. Digərləri sadəcə kamera heykəlləridir.
Dövlət planında olan heykəllər Fikrət
Əmirovun, Bülbülün heykəli və Qara Qarayevin heykəlidir. Bunlar
da bir o qədər də böyük heykəllər deyil.
Ancaq "Koroğlu” doğrudan da böyük
monumental heykəldir.
-Məsələn,
heykəldə Koroğlu atdan böyük götürülürüb...
-Siz Tokay
Məmmədovla danışmısınız? Bəlkə o,
sizə deyəcək, niyə belə alınıb.. Ola bilər ki, eposda
"Koroğlu” böyük təsvir olunub deyə, o, belə
etmək qərarına gəlib. Bu barədə
qəti fikir söyləmək mənlik deyil.
-Hazırda hansı heykəl üzərində
işləyirsiniz?
-Mən
hazırda dövlət sifarişi əsasında maestro
"Niyazi”nin heykəli üzərində işləyirəm.
Üç-dörd aydan sonra hazır olacaq.
Bu heykəlin modelidir(eskizi göstərir),
hazırda böyüdülür, çox güman 3-4 metr
ölçüdə olacaq.
Siz mənə bu haqda sual verin. Yoxsa Tokay Məmmədov neylədi,
neyləmədi...(gülür)
-Aydındır,
Ömər müəllim. Bu barədə xalq rəssamı
Xanlar Əhmədova da sual vermişdim, o da cavab verməkdən
imtina etmişdi. Əsas gətirmişdi ki, sənət
yoldaşımdır, qonşumdur...
-Tokay Məmmədovla
Əzimzadə adına Texnikumda da bir yerdə
oxumuşuq. Uzun illərdir bir yerdəyik...Həm
də etika məsələsi var axı.
-Yaradıcılığınızın
şah əsəri hansıdır?
-Bu barədə
mən heç nə deyə bilməyəcəm. Müəllif heç zaman bu haqda düzgün fikir
yürüdə bilməz. Çox çətindir
demək. Mən sizə deyim ki, heç
bir əsərimdən yüz faiz razı qalmamışam.
Axırıncı hazırladığım
böyük heykəl Hüseyn Cavid heykəlidir ki, mən bilən
bu əsərdə nə isə edə bilmişəm.
Mən o heykəldə
Cavidi ancaq yazıçı kimi təsvir etməmişəm,
onu həm də bir tarixi şəxsiyyət kimi göstərmişəm.
Çünki o tarixi dövr elə idi, ki hətta
siyasi fəaliyyəti olmayan insanları belə, bir
qasırğa kimi öz burulğanına alıb
aparırıdı, neçə-neçə insanın
taleyində həlledici rol oynamışdı. Hüseyn Cavid də o tarixi inqilabın içinə
düşmüş şəxsiyyətlərdən biri idi.
Baxmayaraq ki, onun heç bir siyasi fəaliyyəti
yox idi, amma yazdığı əsərlər onu tarixin
burulğanından xilas edə bilmədi. Halbuki,
digərlərinin, məsələn, Üzeyir Hacıbəyovun
siyasi fəaliyyəti varıydı, ancaq bu tarixi burulğan
ondan yan keçdi.
-Ancaq siz
müsahibələrinizin birində demişdiniz ki, mənim
üçün ən doğma olan əsər "Natəvan",
yaradıcılığımın şah əsəri isə
ümummilli lider Heydər Əliyevin heykəlidir...
-Fikirlər
dəyişir. Bir vaxt olub "Natəvan" heykəlinin
vernisajı olanda dedim ax, bu nədir, mən nə etmişəm...
Çox məyus olmuşdum. Sonra baxdım ki, yox, orda yaxşı cəhətlər
var. Ümumilli lider Heydər Əliyevin heykəlində də
yaxşı cəhətlər çoxdur. Ancaq yüz faiz razı qaldığımı deyə
bilmərəm.
"Heydər Əliyev dünyasını dəyişəndən
sonra fikirləşdim ki, mən bundan sonra kimin heykəlini
düzəldəcəm!"
-Ümummilli
lider Heydər Əliyevlə yaxın dostluq münasibətləriniz
olub...
-Mənim Heydər Əliyevlə müəyyən
münasibətlərim olub, ancaq necə deyərlər,
heç onunla bir stəkan çay belə içmək
fürsətim olmayıb. Qara Qarayevlə, Tahir Salahovla Heydər
Əliyevin daha yaxın, dost münasibətləri olub. Sadəcə, o məni bir insan və peşəkar
kimi sevirdi. Çünki mən öz
işimlə, əməllərimlə sübut etmişdim ki,
həm peşəkaram, həm də dürüst insanam.
Elə buna görə də öz
büstünün hazırlanmasını məhz mənə
həvalə etmişdi. Buna qədər o
heykəlinin və büstünün hazırlanmasına icazə
verməmişdi. Bundan əlavə Zərifə
xanım Əliyeva dünyasını dəyişəndə
onun qəbirüstü abidəsini hazırlamaq mənə tapşırıldı.
Bir sözlə bütün bu münasibətlər
mənim peşəkar işimin sayəsindəydi, amma
birbaşa dostluq münasibətimiz yox idi.
-Heydər Əliyevin qəbirüstü
abidəsini hazırlamağı sizə həvalə edərkən
nə hisslər keçirdiniz?
-Tarix
çox vaxt Azərbaycanla ədalətli davranmayıb. Amma bir
məsələdə tarix bizimlə ədalətli
davrandı ki, belə bir lideri Azərbaycana verdi.
Bu bizim xoşbəxtliyimiz idi ki, belə bir siyasətçi
başqa sovet xalqlarına deyil, məhz bizə nəsib
olmuşdu. Bu siyasi liderlik xüsusiyyətləri
onda ilahidən idi, təbiət vermişdi. Səmimi qəlbdən
etiraf edəcəm; O dünyasını dəyişəndən
sonra fikirləşdim ki, mən bundan sonra kimin heykəlini
düzəldəcəm!
"Uzun
illərdir rəhbərlik etdiyim təhsil ocağını
çətin vəziyyətdə qoyub, gedə bilməzdim"
-Ali təhsil ocaqlarına rəhbərlik
edən şəxslər arasında nadir insanlardan birisiniz ki,
tələbələriniz sizi çox sevir, sizə qəlbən
bağlıdırlar. Hətta keçən il
sizin Rəssamlıq Akademiyasından getmək istəyinizlə
bağlı xəbər yayılanda tələbələriniz
çox kədərlənmiş, sosial şəbəkələrdə
silsilə kədər statusları yazmağa
başlamışdılar. Bəziləri hətta
dərsə getmək belə istəmirdilər. Bu sevgiyə
necə nail olmusunuz?
-Mən də
tələbələri çox sevirəm. Onlara
qəlbən bağlıyam. Hər zaman tələbələrimə
yaxın olmağa, problemləri ilə yaxından
maraqlanmağa çalışmışam. Sadəcə yaşla əlaqədar çox
yorulmuşam. Getmək istədim. Amma həmin vaxt akademiyada vəziyyət yaxşı
deyildi, ağır vaxtlar idi. Hazırda
mövcud problemlər aradan qaldırılır. Akademiya bir neçə müddətdir ki,
özündən maliyyələşir və bu səbədən
bəzi çətinliklər olur. Uzun illərdir
rəhbərlik etdiyim akademiyanı çətin vəziyyətdə
qoyub, gedə bilməzdim. Bu yaxınlarda hər
şey qaydasına düşməlidir. Onda
vəzifəmdən getmək barədə qərarımı
açıqlayacam.
-Akademiyada təhsil
alan tələbələr arasında Azərbaycan təsviri sənətinə
töhfələr verə biləcək gənclər
varmı?
-İstedadlı gənc rəssam və heykəltaraşlar çoxdur. Düşünmürəm ki, bizdən sonra bu sənətdə boşluq olar. Akademiyada təhsil alan tələbələrin diplom işlərinə baxdıqda onların necə potensiallı olduğu nəzərə çarpır.
"Əsil sənətkar məhz öz sənəti ilə adını tarixə yazdırmalıdır”
-Respublikanın
bütün mümkün dövlət mükafatlarına layiq
görülmüsünüz. Bu mükafatlar Ömər
Eldarovun bir sənətkar olaraq əzəmətli
görünməsində nə dərədəcə rol
oynayır?
-Bəli, bütün ordenləri almışam(gülür). Bu mənim üçün böyük fəxrdir. Ancaq məni hər zaman öz sənətim maraqlandırıb. Mükafatlara həris insan olmamışam. Əsil sənətkar məhz öz sənəti ilə adını tarixə yazdırmalıdır.
-Sənətə
yeni başlayanda qarşınıza qoyduğunuz məqsədə
nail olmusunuz?
-Nə qədər ömür sürməyindən, yaradıcılıq uğurları qazanmasından asılı olmayaraq heç bir sənətkar deyə bilməz ki, mən məqsədimə çatmışam. Əgər belədirsə, o, özünəvurğundur. Özünəvurğunluq da peşəkarlıq əlaməti deyil.
Ədalət.-2014.-8 noyabr.-S.8.