Əli bəy Hüseynzadənin 150 illiyi qeyd olunur

 

 Azərbaycanın görkəmli ədibi, tənqidçisi və maarifçisi Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsinə dair prezident İlham Əliyevin Sərəncamına uyğu olaraq Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans keçirilib. Adalet.az məlumat verir ki, konfransda akademiyanın rektoru Urxan Ələkbərov çıxış edərək Əli bəy Hüseynzadənin xalqımızın tarixi şəxsiyyətlərinin xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərdiyini bildirib. Rektor qeyd edib ki, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıb.

Elmi-praktik konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının müəllimləri Əli bəy Hüseynzadənin həyat fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər. Çıxışlarda Əli bəy Hüseynzadənin bütün ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq təbliğ etdiyi bildirilib, onun dövrünün ictimai-siyasi fikrin təşkili tənzimlənməsində, informasiya mühitinin, milli mətbuat nümunələrinin formalaşmasında əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.

 

Ədalət.-2014.-12 noyabr.-S.8.