Təzə işığın, təzə aynan mübarək, Səttar Zərdabi!

 

Hər düşən yarpaq, qırılan hər ağac yaşıl ormanların, meşələrin, itirdiyimiz hər yaxşı adam isə cəmiyyətin faciəsidir. Ağaclar qırıldıqca, tükəndikcə təbiət, yaxşı insanlar da sıralarımızdan azaldıqca, cəmiyyət sozalır. Təbiət itirdiklərinin yerinə daha mükəmməlini yaradır, cəmiyyət isə itirdiyi mənəvi böyüklərin yerində mənəvi cılızlar bitirir. Əkin-biçin dünyasıdır. Həsən bəy Zərdabi əkinindən qalma bir ziyalı dostumuz var idi; köçdü bu gidi dünyadan. Bir yaxşı dost, bir qeyrətli ziyalı, bir haqq-ədalət sevdalısı da aramızdan getdi; Səttar Zərdabi haqq dərgahına qovuşdu.

O gün bu xəbəri həmkarım İdris Hacızadə mənə deyəndə kompüter masasının arxasında eləcə donub qaldım. Axı bu necə olar? Mən yuxarıya - otağıma qalxanda hər zaman qorxa-qorxa baxdığım yerdə onun rəsmi asılmamışdı. Polis masasının önündəki divar boş idi. Sevinmişdim ki, bu gün salamatlıqdır. Sən demə, mən yuxarıya qalxdıqdan sonra Səttar Zərdabinin fotosunu gətirib divarın qara haşiyəyə vərdişkar yerindən asıblar. Bu kədəri, qəlbimdən heç zaman silinməyəcək bu nisgili dostlarımla Facebookda paylaşmaq istədim: "Bir güzgü sındı, bir işıq da söndü. Hərdən bu güzgüyə baxıb özümüzü tarazlayardıq". Bu iki cümlədə Səttar müəllimin böyük mənəvi dünyası əks olunub.

Həsən bəy Zərdabi adına "Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyəti"nin rəhbəri olan Səttar Zərdabi bu vəzifəyə təsadüfi seçilməmişdi. Onun bəstə boyu, arıq, sınıq qaməti xeyirxahlıqla dolu idi. Ömür boyu xeyir işlərə çiyin vermişdi; daşıdığı əqidə yükü ağırdan-ağır idi. Bəlkə elə ona görə qaməti əyilmişdi. Həmişə onu görəndə Məmməd Arazın məşhur bir misrasını xatırlayırdım: "...Çiyinlərimin biri aşağı, o biri yuxarı dartıb məni..."

Səttar müəllim düşüncə, əməl etibarilə hər zaman ucalarda olub. Amma yazıqlar ki, cəmiyyətin soyuq əlləri, soyuq nəfəsi onu hər zaman üşüdüb, zahirən büzüşdürüb. Ömrünün sonuna kimi "Azərbaycan Nəşriyyatı"ı işçilərinə ayrılmış yataqxananın darısqal, sıxıcı otağında ailəsi ilə birgə yaşadı. Onunla vidalaşmağa gələnlər onu həmin darısqal otaqdan yola saldılar torpağın qoynuna. Nədənsə, Allah adamlarının yaxası hər zaman ehtiyacın əlində olur...

Bir ara xeyli vaxt işsiz qaldım. Qarşılaşanda Fariz, gəl yanıma, səni dolandıracam deyirdi. Sonra da zarafatla əlavə edirdi: görürsən ki, hər zaman işığımız yanır.

Doğrudan da, Səttar Zərdabinin işığının söndüyünü görmədim, gecənin hansı vədəsi onun pəncərəsinin önündən keçsəydim, "güzgü"sünü işıqlı görərdim. Baş redaktoru olduğu qəzetin adı "Güzgü" idi. Qəzet orijinal üslubda, unikal düşüncə tərzi ilə ərsəyə gəlirdi. Qəzetin səhifələrində yazılı mətnlərə çox yer verməzdi. Sözü çox vaxt satirik rəsmlərlə, dostluq şarjları digər rəssam düşüncəsinin bəhrəsi olan portret cizgiləri ilə cəmiyyətə çatdırardı. Əyri adamlar, düz sözü deyəndə dili topuq çalanlar "Güzgü"yə baxmaqdan qorxardılar. Belələri daim qorxu altında yaşayırdı, çünki zamansa "Güzgü"yə tuş gələcəklərindən ehtiyatlanırdılar.

...Çox təbii adam idi. Əyni-başı həmişə kör-köhnə olsa da, sözü, ruhu təp-təzə, dip-diri olardı. İçində gülüş var idi, gözlərində kədər. Əlbəttə, o çox istəyərdi ki, içindəki yumoru, gülüşü gözlərində əks etdirsin, amma görünür, onun kədəri gülüşündən çox ağır imiş tərəzinin gözünü basıb, gözlərində yuva salmışdı.

Bir dəfə Teymur Əhmədovun redaksiyasında qarşılaşdıq. Teymur müəllimdən vəsiqə istəyirdim, o isə vəsiqə verməkdə tərəddüd edirdi. Soruşdu ki, vəsiqəni üçün istəyirsən?

- Bir köhnə maşınım var, hər addımda yol polisləri saxlayır ki, ekologiyanı çirkləndirirsən.

Teymur müəllim yumorla dilləndi:

- Olmaz da, oğlum, olmaz, ekologiyanı çirkləndirmək olmaz.

Səttar Zərdabi bizim dialoqa qarışdı:

- Teymur müəllim, bu Çobanoğlu çox təbii yoldaşdır, o deyir, düz deyir. Bir ki, cəmiyyətin kirini-pasını yuyanda ekologiya da çirklənir.

Bu söz Teymur müəllimə çox ləzzət etdi, vəsiqənin möhürünü vurub mənə uzatdı. Allah sənə qəni-qəni rəhmət etsin, Səttar kişi, sən doğrudan da, kişiliyin bütün şərtlərini özündə cəmləmişdin, bircə maddi imkandan başqa. Özünün bir çox ehtiyaclarını ödəyə bilməsə , çoxlarının karına gəlirdi. Sehrli "Güzgü"sü cəmiyyətin şər qüvvələrinə hər zaman barmaq silkələyirdi. Zaman-zaman xeyirə yol açdı, insana könül verdi. Duyana, anlayana qol-qanad, ilham bəxş etdi.

1937-ci ildə doğulub Səttar Zərdabi; repressiyaların insan həyatına, taleyinə qan çilədiyi, qılınc çaldığı bir tarix dönəmində. Bir əsrin 77 ilini yaşadı və bu illər ərzində sevgisi, məhəbbəti heç vaxt tükənmədi. Onun sevgisi də, nifrəti də dəlicəsinə idi. 37-də doğulub, 77 yaşında dünyasını dəyişdi. Ardıcıl görünən bu 7 rəqəmi xalq qəhrəmanı Koroğlu dəlilərinin sayını yadıma saldı. Doğrudan da, Səttar bir yazıçı-şair, naşir, jurnalist, publisist, zərdabişünas və bir vətəndaş kimi maraqlı obraz idi. Lap Koroğlu dəlisi kimi. Hərdən Koroğlu dəlilərinin adını sıralayanda; İsabala, Tüpdağıdan, Toxmaqvuran, Halaypozan, Dəmirçioğlu... və Səttar demək istəyirəm. Çünki onu hər zaman düşüncəsində dəli-dolu, qələmində zor, fəhmində iti, xarakterində cəsurluq, qorxmazlıq görmüşəm. Bir Koroğlu dəlisi də var, adını indi çəkəcəm - Tanrıtanımaz. Səttarın öz tanrısı vardı və o Tanrıya heç vaxt xəyanət etmədi. Yalnız gerçəyə, düz oğlu düzə, həqiqətlər hakiminə baş əydi. Başın sağ olsun, Səttar! Biz səni həmişə diri bilirik. İndi sadəcə olaraq yerin ana torpağında - Kür qırağındadır.

Çox sevdiyi maarifçi Həsən Bəy Zərdabiyə ehtiram əlaməti olaraq Zərdabi imzasıyla yazıb-yaratdı. Həsən bəyin ənənələrini sevdi, o ənənələri yaşatmaq uğrunda çalışıb-vuruşdu. Azərbaycan əleyhinə yazıb-yaradan erməni yazıçıları da onun "Güzgü"sünün daimi hədəfi idi. Xalqını sevən cəfakeş ziyalı, həm cəmiyyətdəki mənəvi korlarla, həm də qəsdimizə duran düşmənlərlə mübarizəyə ömrünün son anlarına qədər duruş gətirdi. Təəssüf ki, qəzet və saytlar Səttar müəllimin ölüm xəbərini paylaşarkən də onun mədəni inkişaf yolundakı böyük zəhmətinə, geniş yaradıcılığına, yarım əsrlik əməyinə qısqanclıq ediblər. Səttar Zərdabi yaradıcılığına yetərincə işıq sala bilməyiblər.

S. Zərdabi bir neçə kitabın, yüzlərlə şeir və məqalənin müəllifi idi. Onun "Kim sevirsə idmanı" adlı şeirinə Oqtay Zülfüqarov mahnı bəstələyib və bir neçə əsəri müxtəlif teatrlarda tamaşaya qoyulub. Şair-dramaturq S. Zərdabinin son illərdə fəaliyyətinin böyük bir hissəsi Həsən bəy Zərdabi irsinin təbliği ilə bağlı idi.

...Bir həmkarımın Səttar müəllimin sağlığında yazdığı düşüncələrini də özümdən uzağa qova bilmədim. Müəllif yazır ki, Səttar Zərdabi Kürün pıçıltılarını, ana Kürün nəğməsini dinləməkdən doymazmış. Bu da bir yurd sevgisidir. İnsana doğma olanları unutmamaq hissidir. Xatirəsi bizim üçün hər zaman əziz olan həmkarımız doğma kəndində, kürün nəğməsi ötən sahillərdə dəfn olundu.

Bir güzgü də sındı, bir ışıq da söndü, demişdim. Yana-yana, acıya-acıya qəflətən pıçıldamışdım bu duyğunu. İndi xəbərin kəskin həyəcanı ötüb, amma yenə də o fikirdəyəm. Sadəcə bir qədər fərqli demək istəyirəm: güzgü də, işıq da sınanda, sönəndə mahiyyətini, həyati funksiyasını itirmir. İşıq sınanda yüzlərlə yeni rəng çalarları yaranır, güzgü sınanda isə hər qəlpəsi təzə bir aynaya dönür. Təzə işığın, təzə aynan mübarək, Səttar Zərdabi!

 

Ədalət.-2014.-12 noyabr.-S.6.