MÜASİRLƏŞƏN
MELİORASİYA VƏ İRRİQASİYA
SİSTEMLƏRİ
REGİON
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
(mövzu
əsasında XVI yazı)
Meliorasiya və su təsərrüfatı sahəsində islahatların sürətləndirilməsi və sahənin idarə olunmasının müəyyənləşdirilməsi məqsədi ilə müəyyən dövr ərzində geniş islahat proqramı həyata keçirilmişdir. Proqramda meliorasiya və su təsərrüfatı sahəsində aparılan islahatların məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri, obyektləri və subyektləri, islahatların ardıcıllığı müəyyənləşdirilmişdir. Respublikanın bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aparılan aqrar islahatı nəticəsində torpaq üzərində yeni mülkiyyət formalarının yaranması su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində münasibətlərin köklü surətdə dəyişməsinə gətirib çıxarmışdır. Ötən müddət ərzində islahatların aparılması üçün normativ-hüquqi baza yaradılmış, bir sıra praktiki tədbirlər işlənib həyata keçirilmişdir. Meliorativ fondların inventarlaşdırılması aparılmış, özəlləşdirmə proqramına əsasən dövlət mülkiyyətində saxlanılan və su istifadəçilərinin istifadəsinə veriləcək obyektlər müəyyənləşdirilmişdir.
Bu sahədə "Meliorasiya və İrriqasiya haqqında" (1996-cı il), "Azərbaycan Respublikasının Su Məcəlləsi" (1997-ci il), "Bələdiyyələrin su təsərrüfatı haqqında" (2001-ci il), "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" (2003-cü il), "Meliorasiya və İrriqasiya haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" (2004-cü il) və s. kimi Azərbaycan Respublikasının Qanunları qəbul edilmişdir.
Bütün bu tədbirlərin davamı olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyət strukturuna əsasən xeyli inkişaf edərək ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilmişdir.
Əvvəllər sadəcə "su idarəsi" adlanan yerlərdəki qurumlar, indi diqqət mərkəzində olan ciddi müəssisələr kimi tanınırlar. Respublika miqyaslı qabaqcıl müəssisələrdən biri də Qax Rayon Suvarma Sistemləri İdarəsidir.
Fəaliyyətini günün tələbləri səviyyəsində quraraq həmişə öncüllər sırasında olan bu idarəyə təcrübəli mütəxəssis, "Tərəqqi" medallı Sultan Camalov rəhbərlik edir. Görüşümüz zamanı S.Camalov idarənin fəaliyyətindən, görülən müxtəlif tədbirlərdən müəyyən istiqamətlər üzrə söhbət açır:
- Qax Suvarma Sistemləri İdarəsi rayonun Qaxbaş kəndində yerləşir. İdarənin əsas fəaliyyəti Meliorasiya və Su Təsərrüfatı sahəsində xidmət göstərməklə meliorasiya və irriqasiya sistemlərinin istismarını, su istehlakçılarını su ilə təmin etməkdir. Bundan başqa çaylarda sel sularının maneəsiz axıdılması, sahilbərkitmə işlərinin həyata keçirilməsi də idarənin əsas fəaliyyəti sayılır.
Qax Suvarma Sistemləri İdarəsi öz fəaliyyəti çərçivəsində ümumilikdə 19750 ha fiziki hektar torpaq sahəsinin su ilə təmin olunmasını təşkil edir.
Bu torpaq sahəsinin su ilə təmin olunması üçün idarənin 246,8 km.uzunluğunda suvarma şəbəkələri (kanal və çaylarda) vardır. Bu şəbəkələr əsasən Kürmük çayı, Ləkit çayı, Zərnə çayı, Qum çayı, Duruca çayı, Qapı çay və Qara çay çaylarıdır. Eyni zamanda Güllük ərazisindəki əkin sahələrinin suvarılmasını təmin etmək üçün 1 ədəd təzyiqli boru nasos stansiyası tikilmiş və istismara verilmişdir.
Qax Suvarma Sistemləri İdarəsinin balansında olan çaylarda daimi suyun bolluğu diqqət çəkir.
Bu da idarənin öz işini daha mütəşəkkil qurmasını tələb edir. Rayon ərazisində olan çaylar dağ çaylarıdır. Yağışlı günlərdə həmin çaylarda Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Qax rayonuna ayrılmış planları çərçivəsində sahilbərkitmə işləri aparılır.
Aparılan işlər həm cəmiyyət tərəfindən, həm də Qax Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir.
Cəmiyyətin podratçı təşkilatlarla həyata keçirdiyi işlər çərçivəsində rayon çaylarında son bir il ərzində iri həcmdə sahilbərkitmə işləri həyata keçirilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2014.-12 noyabr.-S.6.