BİR ŞƏHİDİN ÖMÜR
SALNAMƏSİ
Həmzə Vəliməmmədov
- bu imza yarım əsrə yaxındır oxuculara
tanışdır. Onun son illər cənub bölgəsinin
ziyalıları, İkinci Cahan
müharibəsinin veteranları, Qarabağ
savaşının şəhidləri barədə sənədli
povestləri çap olunmuşdur.
Bu yaxınlarda
yazıçı-publisistin "Apastrof"
nəşriyyatında Azəraycanın Milli
Qəhrəmanı Valeh Müslümov
haqqında "Onu Vətən
çağırdı" sənədli povesti
işıq üzü görmüşdür.
Kitaba Ulu öndər Heydər Əliyevin "...Daxili İşlər Nazirliyinin yüzlərlə polis nəfərləri torpaqlarımızı qoruyarkən şəhid olmuşlar, Azərbaycan Respublikasının tarixinə Milli Qəhrəman kimi daxil olmuşlar" kəlamı epiqraf seçilmişdir.
Müəllif şəhidlik zirvəsinə yüksələn Valehin qəhrəmanlıqla dolu həyat yolunu ustalıqla qələmə almışdır. Povestdə ötən əsrin 80-ci və 90-cı illərində baş verən Qarabağ, Sumqayıt, Xocalı hadisələrində sovet imperiyasının ikiyüzlü siyasəti ifşa edilməklə, Azərbaycanın o dövürkü səriştəsiz rəhbərlərinin iç üzü oxucuya tanıdılır.
Povestin qəhrəmanı
Valeh Müslümov kimdir? Ziyalı ailəsində maddi
sıxıntılarla böyüyən
zəhmətkeş bir
gənc, Əlizahid müəllimin on övladından
biri. Bu ailənin
ağır həyatı
mənə də tanışdır. Çünki mən də on uşaqlı ailədə
böyümüşəm. Hər cür çətinliklərə
baxmayaraq, bizdə o illərdə çorəyə
və böyüyə
ehtiram var idi.
1983-cü ildə səkkizinci
sinfi bitirən Valeh peşə öyrənmək üçün
Sumqayıt şəhərinə
üz tutur. Bir ildə
xarrat - dülgər peşəsinə yiyələnir.
Şəhərdəki tikintilərin birində
işə girir.
Aldığı zəhmət haqqı
ilə ailəsinə
dayaq olmaq üçün çalışır.
Onu sovet ordusunda xidmətə çağırırlar.
İki il
arxada qalır, Vətənə dönür,
ata -anasının görüşünə gəlir.
Valeh əvvəlki iş yerinə qayıdanda Sumqayıtda mitinqlər ara vermirdi.
O, bu mitinqlərin fəal iştirakçılarından
biri olur. Kreslosundan qorxan tikinti idarəsinin rəisi Valehi yanına çağırıb mitinqlərdən
çəkinməyi tələb
edir, işdən qovulacağı ilə hədələyir. Gənc fəhlə
oz qəlbinin səsinə
qulaq asır, başqasının sözü
ilə oturub durmur.
Sumqayıt hadisələri, 1990-cı ilin
yanvar faciəsi Valehin gənc qəlbində ermənilərə
nifrəti daha da artırır. Müəllif qəhrəmanını Şəhidlər
Xiyabanında məzarın
önündə göz
yaşı axıdan müəllimə ilə qarşılaşdırır. Müəllimə Valehə
deyir: "...Xiyabanda uyuyan beş
şəhid - Xəlqan
Əliyev, Məmməd
Məmmədov, Fuad Bağırov, Fərizə
və İlham Abdullayevlər məktəbimizin
məzunlarıdır. Allah mənə övlad verməmişdi. Fuad mənə
övlad idi. Həftədə baş çəkib
qayğıma qalırdı.
Mənim
nakam balam bir ildir torpaq
altında yatır".
Bu sətirlər oxucunu kövrəldir, təsirləndirir. Şəhidlər Xiyabanından qayıdan Valehin qəlbi intiqam hissi ilə
coşur, ərizə
yazıb Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olur.
Əsərdə oxucu Valeh Müslümovun döyüş
yolu ilə tanış olur. İlk dəfə Qubadlının
Davudlu kəndini azad etməyə gedən dəstəyə
qoşulur. Mahir pulemyotçu
erməniləri kənddən
qovmaqda fərqlənir.
Qaynar nöqtələrə ezam
edilən Valehin adı düşmənin canına vəlvələ
salır, başına
200 min dollar təyin edilir.
Tovuzun Əlibəyli, Xocavəndin
Çartaz, Füzulinin
Yuxarı Veysəlli kəndləri uğrunda döyüşlərdə Valeh
Müslümov xüsusilə
fərqlənir.
1992-ci ilin fevral ayında baş verən Xocalı soyqırımı Valehin qəlbini ağrıdır. O, XTMD-nın
rəhbərliyinə belə
bir məktub yazır: "Bir ildir Qarabağın müdafiəsindəyəm. Tovuzda,
Qubadlıda, Tərtərdə,
Xocavənddə, Füzulidə
olmuşam. Hazırda Laçındayam. Xocalı dərdi
ürəyimə dağ
çəkib. Bizi Xankəndin
alınmasına göndərin.
Mənim
sözüm həmfikirlərimin
sözüdür. Hamımız Vətən yolunda şəhid olmağa hazırıq". Bu məktub mətbuatda dərc olunmuşdu, radioda səslənmişdi,
televiziyada oxunmuşdu.
Marquşavan kəndi uğrunda gedən döyüşdə Valeh təpənin üstündə mövqe tutur. Snayperlə saqqallıları bir-bir kanala aşırır. Döyüş yoldaşlarını da gözdən qoymur. O, bu ağır və çətin döyüşdə həm düşmən nöqtəsini susdurur, həm də yaralıları təhlükəsiz yerə çıxarırdı. Bir tikə çörəyini dostları ilə bölən Valeh bu döyüşdə də əhdinə sadiq qalır. Yaralı dostu İlham Qayıbovu düşmən hədəfindən uzaqlaşdıranda erməni gülləsinə tuş gəlir. Ağır yaralanmış Valeh son sözünü deyir: "Məni tez götürün, düşmənin əlinə keçməyim..." Onun həyatını xilas etmək mümkün olmur.
Vətən uğrunda şəhid olan 23 yaşlı Valehin döş cibindən İkinci Cahan müharibəsində həlak olmuş babasının şəkli çıxır. O, Lerikdə, doğulduğu torpağa tapşırılır. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli fərmanı ilə Valeh Əlizahid oğlu Müslümova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Doğulduğu küçə, təhsil aldığı məktəb qəhrəmanın adını daşıyır, xatirə muzeyi açılıb.
Kitabda Valeh Müslümovu yaxından tanıyanların, cəbhə dostlarının, müəllimlərinin xatirələri maraqla oxunur. Şair Balayar Sadiqin "Qeyrət nəğməsi" poeması eloğlumuzun xatirəsinə həsr olunmuşdur.
"Onu Vətən çağırdı" sənədli povesti gərgin zəhmətin məhsuludur. Həmzə müəllim qəhrəmanın Bakıda, Sumqayıtda, Bərdədə yaşayan döyüşçü dostları ilə görüşmüş, sənədlər, şəkillər toplayıb əsəri qələmə almışdır. Kitab gənclərin vətənpərvərlik tərbiyəsində dəyərli nəşrdir.
Müəllif əsərdə bayatılardan, atalar sözlərindən, zərb-məsəllərdən mətnlərdə məqamında istifadə edilmişdir. Dili şirin, sadə və axıcıdır. Anlaşılmaz bir sözə belə rast gəlmirsən. Şəkillər, illüstrasiyalar yerli -yerində verilmişdir.
"Azərbaycanın Milli Qəhrəmanları" seriyasından yeni nəşr oxucuların stolüstü kitabı olacağına tam əminik.
Ədalət.-2014.-12 noyabr.-S.6.