"Ədalət"in vaxtı: Məmməd
İsmayılla
"Vaxt öldürmək biz
şərqlillərə aiddir”
Dahi Dostoyevskinin bir kəlamı var: "Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım”. Bu deyim
böyük rus yazarının qələmindən
çıxsa da, əslində hər bir insanın zamanla dilindən düşmədiyi, özünü
mühakimə etdiyi etirafıdı. Bir insanın itirilmiş
zamana təəssüfü,
ya da etirafı
başqalarına tövsiyə
olsun gərək.
Bəlkə də, zaman heç itmir, itən bizik, həmişə olduğu kimi günahı özümüzdən
başqa, hər şeydə, xüsusən
də "yel kimi ötən zamanda” görürük. Elə vaxt itirmədən "Ədalət”in vaxtı”nın budəfəki
qonağı ilə zaman yolçuluğuna çıxaq:
Məmməd İsmayıl – 1939-cu ildə
Tovuz rayonunda doğulub. 1957-ci ildə
kənd orta məktəbini, 1964-cü ildə
Azərbaycan Dövlət
Universitetini, 1975-ci ildə
Moskvada SSRİ Yazıçılar
İttifaqı nəzdindəki
2 illik Ali Ədəbiyyat
kursunu bitirib. Əmək fəaliyyətində fəhləlikdən
sədrliyə qədər
yüksələn yol
keçib. Müxtəlif
illərdə Azərbaycan
Dövlət Radio və
Televiziya komitəsində
redaktor, böyük redaktor, şöbə müdiri, "Ədəbiyyat
və incəsənət"
qəzetində müxbir,
C.Cabbarlı adına Azərbaycanfilm studiyasının
elmi-kütləvi sənədli
filmlər birliyində
baş redaktor, "Yazıçı" nəşriyyatında
şöbə müdiri
və baş redaktorun müavini, "İşıq" nəşriyyatının
direktoru, "Gənclik-Molodost"
jurnallarının baş
redaktoru, Azərbaycan Televiziya və Radio verilişləri şirkətinin
sədri vəzifələrində
çalışıb. Hazırda Türkiyənin
Çanaqqala universitetində
müəllim kimi fəaliyyət göstərməkdədir.
Yaradıcılığa isə 14 yaşından başlayıb. 1970-ci ildən
Azərbaycan Yazıçılar
Birliyinin və Azərbaycan Jurnalistlər
İttifaqının üzvüdür.
Yazıçılar Birliyinin katibi
və dəfələrlə
qurumun idarə heyətinin, rəyasət
heyətlərinin üzvü
olub. Əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə
edilən şairin indiyədək 30-dan çox
bədii və elmi kitabı, 200-dən artıq məqaləsi çap olunub.
Televiziya
tarixində ilk dəfə
"Qızıl qələm"
sahibi olan şair bundan başqa Respublika Lenin komsomolu və Ümumittifaq Ostrovski adına mükafatlarına,
SSRİ Xalq Təsərrüfatı
nailiyyətləri sərgisinin
qızıl medalına
layiq görülüb.
Türkiyənin ən əhəmiyyətli
mükafatlarından biri
olan Türkiyə Yazarlar və Sənətkarlar Vəqfinin
Türk Dünyasına
Hizmət ödülüylə
mükafatlandırılıb.
...Və Məmməd İsmayılın zamanla
"çək-çevir”i:
"Ömür zaman yolçuluğudur”
- Zaman nədir, sizin üçün nə əhəmiyyət kəsb
edir?
- Dənizdə yaşayan balıq üçün su nədirsə, insan üçün də zaman elə
odur. Ömür zaman yolçuluğudur.
Seçim yalnız zamana
məxsusdur. Nəyi seçə
bilsək də həyat və yaşam növbəsini seçmək şansımız
yoxdur. Belə misralarım vardı bir zamanlar:
Mənim
bədənimdə ölçüsü
mən olan zaman əsirdi,
məni öldürüb
özü azad olacaq,
sonra ad olacaq
yaşayan məndim.
Ya da başqa bir
şeirdə:
Mən ögey övladıyam ürəyimə damanın,
Doğulub yadına düşdüm,
Ölüb yadından çıxacağam
zamanın.
Tükəndim zamanın qaçhaqaçında,
Payız
yoxuşunda, qış
yamacında…
- Həyatınızda
vaxt itkisi çoxmu olub? "O dövrü
indi yaşasaydım qətiyyən vaxt itirməzdim”, - deyə öz-özünüzə heyifsilənmisizmi?
- Az ömürlərində
çox böyük işlərə imza atan Balzakı, Lermontovu, Puşkini və s. düşünəndə
uzun ömründə
gördüyü az işlərə görə adamı ölüm təri basır. Amma onu qətiyyətlə deyə bilərəm ki, son 10, 15 ildə günümü deyil, heç saatımı da qonşuluğunda yaşadığım Dardanel
sularında axıtmamışam,
yerə düşməsinə
imkan vermədən nar dənələri kimi dəqiqə və saatlarımı dənələməyə çalışmışam.
Bəlkə belə uzun
yaşamağımın bir
səbəbi də ömrün birinci hissəsində qoyduğum
boşluqları ömrün
ikinci yarısında doldurmaq üçün Tanrı tərəfindən
mənə verilmiş
möhlətdir.
"Vaxt öldürmək biz şərqlillərə aiddir”
- Vaxtınızı
necə bölürsünüz?
- Heyf ki, çoxları
kimi mən də vaxtımı bölməkdə iradəsizəm.
İnsan
nədən cibindəki
pulun, ya da əyininə yeni aldığı paltarın qədrini bilir, amma gününə
deyil, hətta saniyələrinə qədər
əvvəlcədən hesablanmış
ömür zamanının
qədrini bilmir, mən buna heyrət
edirəm. Həm
də vaxt itirmək,və ya belə deyək,
vaxt öldürmək
biz şərqlillərə aiddir, yoxsa bu
bir günəş xəstəliyidir, bilmirəm.
- Zamanı həkim bilsək, onun etdiyi hər
hansı bir cərrahi əməliyyatın
izi illər sonra qanayıbmı?
- Həyatımın əvvəli
böyük məhrumiyyətlər
içində keçdi,
o zaman vaxtı hesablamaqdan çox, yaşam mücadiləsi verirdim:
Yaşamağa zaman seçdim
Vaxtın
avara yerindən!..
Ömrün birinci qismində necə deyərlər, gönü boşuna suya axıtmışam, ikinci qismində ömür vaxtımdan bunun qisasını alıram.
"Hansımız
hansımızı qandırdıq,
zamanmı məni, mənmi zamanı?..”
- Həyatda qazandığınız
uğurun təməlini
vaxtı düzgün
dəyərləndirməniz hesab etmək olarmı?
Başında saçın da
düşür həvəsdən,
Vaxt üzə
gülməsə güzgü
də gülmür.
Az və ya çox yaşamasından asılı olmayaraq, hər insanın ömür dəyəri əməllərinin böyüklüyü ilə ölçülür…Sənətkarın böyüklüyünü (ya da gördüyü işlərin dəyərini!) məzarı bəlirləyir. Ömrün yekunu gələndə bilinəcək ki, hansımız hansımızı qandırdıq, zamanmı məni, mənmi zamanı?!
- İnsanlara
vaxtla bağlı nə
arzulardınız?
-Nəyi öldürsələr də vaxtı öldürməsinlər. Özünü bilənə öldürülən vaxtın qisası yaman olur.
Yaşayan hansıdır, ölən hansıdır,
Yaşayan insanmı, yaşanan vaxtmı?
Bəlkə udduğumuz hava da vaxtdır
Hava va tükənər vaxt tükənəndə.
Biz də "Ədalət"in vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.
Ədalət.-2014.-13 noyabr.-S.3.