Makedonun sonrakı taleyi
Hərdən qanrılıb
uşaqlığıma boylanıram. Şirinli-acılı,
qayğılı-qayğısız xatirələrimin
içindən közərən, diqqətimi cəlb edən
elə məqamlar var ki...
Onlardan biri də
köhnə filmlərimizdir. O filmlər ki,
milyonlarla tamaşaçının qəlbinə
yol tapa bilmiş, geniş izləyici
auditoriyası toplamışdı. O filmlər ki,
replikaları bu gün
də dillər əzbəridir, hələ də məqamı
gəldikcə söhbətlərimizdə istifadə edirik. O filmlər ki, hər
izləyəndə ilk dəfəki coşqu ilə izləyir, bəzən əlimizi
əlimizə çırpıb ürəkdən gülür, bəzən də acı-acı
təəssüflənirik. O filmlər ki,
hər dəfə rejissor işinə, işçi kollektivinə, aktyorların məharətinə
duyduğumuz heyranlığı gizlədə
bilmirik. Bizim sovet dövründə çəkilən
filmlərimizi təsirli edən də elə bu
- kollektivdə işə olan məsuliyyət,
peşəkarlıq, ən əsası isə yaradıcı yönün yüksək səviyyədə
olması idi. O illərin filmlərində
sevinc və kədər tandemi əsas faktorlardan biridir. Yəni, gülüş və kədər doğuran epizodlar arasında bağlantı yaxşı qurulur, bununla da balans
qorunmuş olurdu.
Bu detal filmin
təsirliliyini ciddi dərəcədə artırır.
Çünki, izləyici daim
təbəddülat içərisində
qalır, gülüşün
ən şirin yerində gözləri dolur, ya da
əksinə, ağlamsındığı
bir məqamda qəhqəhə çəkib
gülür. Nə isə,
deyəsən, mətləbdən
uzaqlaşdım. Qısaca,
kino tariximizin ən dəyərli nümunələrindən biri
olan "Bizim Cəbiş müəllim"in
Makedonundan yazmaq istəyirəm...
Əminəm ki, Makedon adını
oxuyar-oxumaz hər birinizin gözləri önündə o çəlimsiz,
saçları dağınıq,
çılğın, özünəxas
ləhcəsi, qəribə
yerişi olan gənc canlandı. Hə, söhbət
məhz ondan gedir.
Makedonun səhnəyə gəlişi
Hamımızın Makedon kimi tanıdığı
Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Pirşağı
kəndində dünyaya
göz açır. 112 saylı orta məktəbin 8 illiyini bitirdikdən sonra, gecə məktəblərində
Ramana müəllimlərindən
təhsil alır.
Onun səhnəyə gəlişi
isə tam təsadüf
nəticəsində baş
verir. Günlərin birində, filmin
rejissoru Həsən Seyidbəyli Aqillə nərd oynayır və mərci uduzur. Mərcin şərti o idi
ki, Həsən bəy oyunu uduzsa Aqili filmə
çəkəcək. Həsən bəy şərtə sadiq qalır və Aqili sınaq
çəkilişlərinə çağırır. Makedon obrazı
öz sahibini belə tapmışdı.
Filmin digər rejissoru Əbdül Mahmudovun versiyası isə belədir ki, Həsən bəy Pirşağıdakı bağına
gedərkən tində
meyxana deyən yeniyetmələrə göz
qoyurmuş. Həmin yeniyetmələr
arasında Aqil də var idi.
Həsən müəllim
bir az
söhbət etdikdən
sonra Aqili filmə çəkmək
istədiyini söyləyir.
Əvvəlcə bu təklifi
zarafat kimi qəbul edən, amma təkidlərdən sonra işin ciddiyyətinin fərqinə
varan Aqilin bircə şərti var idi; "Məhlə uşaqlarım
da filmə çəkilsin". Filmdə meyxana
deyən, Hitlerin "aşını bişirən",
ellərin bircə çağırışına bənd olan həmin gənclərin əksəriyyəti Aqilin
məhlə uşaqları
idi.
Sevilən obraz
Bəzən, filmlərdə nisbətən
arxa planda olan obrazlar sivişib
ön plana keçir. Makedon da belə obrazlardandır. "Bizim Cəbiş müəllim" filmindən
söhbət düşdükdə
ağla gələn
ilk obrazlardan biri də, o olur. Bunun səbəbi isə, daha çox aktyorun mərkəzində
olduğu epizodlar, çiyinlərinə düşən
missiya, onunla bilavasitə bağlı olan replikalardır. Məsələn, "Çəkilin, Namiqlə Makedon vuruşaceylər" replikası
hələ də yaddaşımızda öz
təzəliyini qoruyur.
Filmdəki meyxana səhnəsi
də bu baxımdan önəmlidir.
Filmdə Makedon və
Tanyanın sevgi macərası, onların öpüşdüyü səhnə,
aralarında keçən
dialoqlar tamaşaçıların
yaddaşında dərin
iz buraxıb. O Tanya ki, Makedon
obrazının daxilini
açaraq bizə onu təhlil etmək imkanı yaratmışdır. O Tanya ki, Telman Adıgözəlov
düz 40 il
sonra Novxanıda Makedonla onu yenidən
görüşdürmüşdür. Bütün bu xırda məqamları
bir yerə yığdıqda Makedon obrazının nə üçün yadda qaldığı aydın
olur. İlk baxışdan bəsit
obraz təsiri bağışlayan Makedonu
çözələdikcə, dərindən müşahidə
etdikcə bəzi gizlinlər üzə çıxır. Onu diqqətlə
izləsək necə
də qəribə, daim narahatlıq, nigaranlıq yaşayan, bir yerdə dura bilməyən biri olduğunu görürük.
Pavilyondan manqal
arxasına
14 aylıq bir zaman kəsiyində ərsəyə gətirilən
"Bizim Cəbiş
müəllim" (1969) filminin
çəkilişləri tamamlanır. Aqil bəyin
qeyd etdiyi kimi, o filmdən aldığı qonorarla özünə bir dəst qara kostyum, bir cüt
ayaqqabı və bir qara köynək
alır. Bunları cəmi
üç gün geyinən Aqil əsgərliyə yola düşür. Hərbi xidmətdən
qayıtdıqdan sonra
o yolunu bir daha kinostudiyaya salmamaq qərarına gəlir. Toylarda aşpaz, əsasən
də kababçı
kimi çalışmağa
başlayır və öz həyatını qurmağa başlayır.
Təsadüfi deyil ki, indinin özündə də onu Pirşağı
başda olmaqla, əksər Bakı kəndlərində kababçı
Aqil kimi tanıyırlar. Aqil bəy
mətbuata qapalı biridir. O, açıqlamalarının
birində şikayətlənir
ki, indi hər kəsə xalq artisti adı
verilir, mənim dəyərim lazımınca
verilmədi. Aqil bəy uzun müddət ortalıqda görünmür. Onun
rol aldığı bir digər film isə " Yuxu
" ( 2001) filmidir. Bununla, Makedon
32 illik fasilədən
sonra yenidən filmə qayıdır.
Bunda filmin rejissoru Fikrət Əliyevin rolu böyükdür.
O Aqil bəyi
razı salmaq üçün çox çalışmış, sonda
istəyinə nail olmuşdu.
Amma, Makedon obrazından fərqli olaraq, " Yuxu
" filmində Aqil bəy epizodik rollardan birini oynayırdı. Yəqin ki, hər biriniz
filmdə, Məsmə
arvad idarəyə girərkən ( Nəsibə
Zeynalova ) pilləkənlərdə
qarşısını kəsən
polis işçisini - yoldaş
Mənsurovu xatırlayırsız.
Hə, bax bu iki
obraz Aqil bəyin canlandırdığı
yeganə obrazlardır.
O, bu filmdən sonra bir daha
kinostudiyaya qayıtmamışdır.
Sözardı
Sovet dövründə istehsal olunmuş filmlərimizdən
biri olan " Bizim Cəbiş
müəllim" 1969-cu ildə
çəkilmişdir. Film Maqsud İbrahimbəyovun
"Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib.
Maqsud bəyin gözəl ssenarisi, Həsən Seyidbəylinin uğurlu rejissor müdaxilələri,
Emin Sabitoğlunun həzin bəstələri
və işçi kollektivinin gərgin əməyi birləşərək
ortaya belə bir sənət nümunəsi çıxarmışdır.
Müharibə mövzusunda çəkilmiş
bu filmin bəzi epizodları Moskvada senzura baryerinə dirənsə də, Həsən Seyidbəylinin qızğın
mübahisələri nəticəsində
bu əngəl aşılmışdır. Moskvanın çıxarılmasına göstəriş
verdiyi epizodlar isə Böyük Vətən müharibəsində
Azərbaycan neftinin nə dərəcədə
böyük rol oynaması haqqında fikirlər və Nəcəfov obrazının
dilindən verilən faktlar idi. Həmin fakt ondan ibarət idi ki, Azərbaycan
Böyük Vətən
müharibəsində Sovetlər
Birliyi tərəfindən
iştirak edən hər 1000 təyyarədən
700-nü yanacaqla təmin
edib. Lakin Moskva bu faktların
filmdən çıxarılmasına
nail ola bilmədi.
Bunlara baxmayaraq, film yüksək
qiymətləndirildi. Cəbiş müəllim rolunu uğurla canlandıran aktyor Süleyman Ələsgərova yüksək
aktyor sənətkarlığına
görə SSRİ Nazirlər
Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar
İttifaqının diplomu
verilmişdir.
Biz də sahib
olduğumuz bu dəyərləri
qorumalı və qiymətini vaxtında verməliyik. Bunu etməsək, milli
filmlərimizi də Makedonun taleyi gözləyir...
Ədalət.-2014.-14 noyabr.-S.5.