Sədərək öz pəhləvan oğulları ilə fəxr edir

 

Qədim Sədərək kəndi bir çox pəhləvan, döyüşçü ziyalıları ilə həmişə fəxr edib. Sədərəkdə olan pəhləvanlardan Hüseynov Qasım Qulamhüseyn oğlu, Hacı Abdulla, Əhməd Sadiqov, Sadiqov Məşədirza, İbrahim Həsənov həm Türkiyədə, həm İranda bütün döyüşlərdə uğur qazanaraq doğma kəndinin başını uca etmişlər. Bu ata-babalarının yolunu davam etdirən bir çox gənclərimiz var. Onlardan biri Şahverdiyev Şükür Əli oğludur.

Xatırladım ki, Şahverdiyev Şükür Əli oğlu 1985-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunda ziyalı ailəsində doğulub. Şükür Şahverdiyevin ulu babalarından bir neçəsi pəhləvan din adamı olublar. Onun babası Şükür Şahverdiyev Böyük Vətən müharbəsində bir gündə iki "Qırmızı ulduz"a layiq görülüb Vətənə sinəsi medallarla dolu dönüb.

Şükür Əli oğlu Şahverdiyev atasının işi ilə əlaqədar olaraq 1987-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.

O, 1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu 14 saylı orta məktəbin 1-ci sinfinə daxil olub məktəbi əla qiymətlərlə başa vurub. Orta məktəbdə oxuyarkən Şükür bəzən müəllimlərini qəzəbləndirirdi. Buna səbəb isə onun dərslər arası fasilədə şuluqluq salması idi. Valideyn iclasında Şükürün sinif rəhbəri bildirmişdi ki, bu uşaq idmana daha çox həvəslidir. Onun atası Əli valideyn iclasından nəticə çıxararaq evdə ailəsi ilə birlikdə Şükürü çox tənbeh etdikdən sonra onu babası Abdullaya bildirib. Ailənin ağsaqqalı Abdulla kişi xatırladıb ki, "ot kökü üstə bitər". Mənim "Şəkər bala"mın ulu babalarının bir neçəsi pəhləvan olublar. Mənim balam da pəhləvan olacaq".

Ailə daxili söhbət əsnasında Şükürdən hansı idmanı xoşladığını soruşurlar. Şükür qətiyyətlə bildirir ki, mən karateçi olmaq istəyirəm.

Atası Şükürdən harada karate məşqinə getmək istədiyini soruşanda, Şükür bildirib ki: "Ata "20 yanvar" metrosunun yanındakı məktəbin idman zalında karate məşqləri keçən Qaffari Cəfər adlı müəllim var. Qonşu uşaqları ilə birlikdə həmin məktəbə məşqə getmək istəyirəm".

1998-ci ilin oktyabr ayından Şükür karate məşqlərinə getməyə başlayır karate fəndlərini böyük həvəslə öyrənir. 1999-cu ilin iyul ayında karate müəllimi Cəfər müəllim Şükürə hazırlaşmasını gələn il artıq yarışlara çıxacağını məlumat verib. İlk yarışa 30 aprel 2000-ci ildə Sumqayıt şəhəri "Kontakt Karate-Do" klubunun keçdiyi klublar arası açıq turnirə çıxan gənc Şükür 4-cü yerə layiq gorülür. 100-dən artıq gənc karateçinin iştirak etdiyi bu yarışda 4-cü yerə layiq görülməsi Şükürün ən sevimli günü olur. Müəllimlərinin məsləhəti ilə daha çox ciddi çalışması Şükürün qələbələrinin sayını artırır. Azərbaycan Respublikasının Şəhər Rayonları ərazisində yerləşən federasiya klubların keçirdiyi 50-dən artıq yarışda iştirak edən Şükür Şahverdiyev 14 qızıl, 6 gümüş 18 bürünc medala layiq görülüb.

2001-ci ilin iyul ayının 9-da Şükür Şahverdiyev Bakı şəhərində Şito-Ryu Karate-Do Federasiyasının təşkil etdiyi imtahanda bacarıq göstərərək 1-ci Dan Qara kəmərə layiq görülüb. 2001-ci ilin iyul ayının 19-da isə "Təlimatçı-Məşqçi" sertifıkatı Respublika səviyyəli yarışlarda iştirak etmək üçün "Hakimlik" dərəcəsi alıb.

2003-cü ildə orta məktəbi bitirən Şükür Şahverdiyev sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasına verərək, Akademiyanın tələbəsi adını qazanıb. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İdman Akademiyasını bitirərək "Bakalavr" dərəcəsi alıb.

Şükür Şahverdiyev 2007-ci ilin iyun ayında hərbi xidmətə çağırılır. Ali təhsilli olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinə oxumağa göndərilir. Təlim-Tədris Mərkəzini bitirdikdən sonra "leytenant" hərbi rütbəsi verilərək Azərbaycanın Qərb bölgəsində yerləşən "N" saylı hərbi hissəyə göndərilir. "N" saylı hərbi hissədə briqadanın "Fiziki hazırlıq üzrə mütəxəssis" vəzifəsinə təyin olunur.

O, Qərb bölgəsində vətənə olan xidməti borcunu yerinə yetirdikdən sonra 2009-cu ildə ordudan tərxis olunub. Hərbi xidmətdən döndükdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə qəbul olunub.

Şükür Şahverdiyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işlədiyi müddətdə eyni zamanda sevimli peşəsi olan idmanla da məşğul olmağı unutmur. İlbəil karate üzrə püxtələşən Şükür Şahverdiyev beynəlxalq yarışlarda iştirak etməyə başlayıb.

14 yanvar 2011-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində keçirilən Beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gələrək "Qızıl medala" layiq görülüb.

19-20 fevral 2014-cü ildə İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən Beynəlxalq turnirdə "Bürünc medala" layiq görülüb.

O, 15-17 avqust 2014-cü ildə Türkiyə Cumhuriyətinin Ərzurum şəhərində keçirilən Beynəlxalq turnirdə "bürünc medala" layiq görülüb.

Ulu Tanrının köməyi ilə Şükür Əli oğlu Şahverdiyev gələcəkdə Avropa, Dünya çempionatlarında olimpiya yarışlarında iştirak edəcək, Müstəqil Azərbaycan Respublikasının "Ay-ulduzlu üç rəngli" bayrağını daha yüksəklərə qaldıracaq.

Yolun açıq olsun, Şükür! Bütün sədərəklilər səninlə fəxr edir!

 

Ədalət.-2014.-14 noyabr.-S.6.