"QUM SAATI"
Oqtay Əliyevə isti
bir məktub
Bir həftə
olar ki, stolumun üstündə bir kitab var
və bu kitabın mətbəə
qoxusu hələ canımdan çəkilməyib. Amma mən
o qoxunu artıq ciyərlərimə çəkə
bilmişəm, özü
də bir neçə dəfə.
Əvvəlcə sadəcə
vərəqləmişəm, sonra yazıların fəsillərinə diqqət
yetirmişəm və
nəhayət...
Bu kitab həmkarım,
eloğlum, bir zaman birlikdə "Araz" qəzetində çalışdığım və özümə çox munis bildiyim Oqtay müəllimin yeni əsəridi. Daha doğrusu, obrazlı
desəm, onun dünyaya gələn yeni söz övladıdı.
Və bu kitab çox
maraqlı bir tərtibata malikdi. Üz qabığı adama xüsusilə qaçqınlıq,
torpaq itkisi yaşayan adama kövrək notları xatırladır, həzin bir duyğuları, ilıq bir pıçıltıları
ələyir onu oxuyan hər kəsin üstünə.
Və mən həmin o ovqatın içində qələminə yaxşı
bələd olduğum
Oqtay müəllimin barəsində professor, şair
Ənvər Əhmədin
giriş yazısını
oxuyuram. Ön sözdən
daha çox müəllifi və kitabı birbaşa oxucuya təqdim edən Ənvər Əhməd həmişə
olduğu kimi, bu dəfə də böyük səxavətlə sözə
qızırqanmadan ürəyini
açıb və Oqtay Ərgünəşin
bu yeni kitabını
səxavətlə ictimai
fikrə təqdim edib.
Bir neçə
bölümdən ibarət
olan "Qum saatı"
kitabı əvvəldə
dediyim kimi tərtibat baxımından
çox maraqlıdı. Yəni müəllif
oxucunu yormamağı
öncədən nəzərə
alıb. Hekayələrini, deyimlərini, publisist yazılarını elə
sıralayıb ki, bu düzülüş bir növü fırlanır. Biri digərini
əvəzləyə-əvəzləyə
oxucunu haldan-halad salır, zamandan-zamana keçirir və müxtəlif notlar üstündə kökləyir.
Mənim üçün bir məqam da xüsusi
olaraq yaddaşıma həkk olundu. Belə ki,
mən bu kitab barəsində yazmaq qərarına gələndə bütün
Azərbaycanı sevindirən,
ruhunu dirçəldən
bir xəbər eşitdim. Yəni cəbhədə düşmən vertalyotunun
vurulması və onun da bir
xəbər kimi mənim "Ədalət"
qəzetində növbətçi
olduğum sayda dərc edilməsi əhvalımı əməlli-başlı
yüksəltmişdi. O yüksələn əhvalıma
kitabdakı "Osmanlı
beşatılanı" hekayəsi
də bir növü mükafat oldu. Qeyrətli bir vətən oğlunun babasından qalan Osmanlı beşatılanı ilə
Qarabağda, eləcə
də Tuğ kəndində qəddarlıqla
ad çıxaran bir rus zabitini məhv
etməsi və buna görə də baş verəcək qalmaqalı gözünün önünə
gətirməməsi doğrudan-doğruya
Qarabağ müharibəsinin
önəmli faktlarından
biridi və bu bədiləşən fakt neçə-neçə
qəhrəmanlığın bir hekayədə ifadəsidi.
Kitabın adı ilə həmahəng olan, yəni kitabın adına çevrilən
kinopovest xalqımızın
qəhrəman kəşfiyyatçılarına
həsr olunub. Bu kinopovestdə müəllif
ordumuzun, bütövlükdə
silahlı qüvvələrimizin
indiki durumunu, hazırlığını, malik
olduğu maddi-texniki bazanı, üstəlik də kökdən gələn sücaətini
sadə, həm də son dərəcə
dinamik bir şəkildə oxucuya çatdırır. Düşmənin arxasına keçmək,
necə deyərlər,
səngərin o üzündən
gərəkli olan tapşırıqları yerinə
yetirib müxtəlif vasitələrlə qorunan,
hətta kənar dövlətlərin də
bir növü iştirakçısı olduğu,
həm də şərait yaratdığı
bir təxribatın qarşısını zərgər
dəqiqliyi ilə almaq Azərbaycan kəşfiyyatçılarına müəssər olur.
Bu əməliyyatı hazırlayan
ordu qərargahı bütün tapşırıq
boyu hadisələri izləyən, əməliyyatın
başlanmasına göstəriş
verən və onun uğurlu sonluğunu məmnunluqla qəbul edən yüksək zabit heyəti, o cümlədən
Ali Baş Komandan obrazı bu kinopovestdə Oqtay Ərgünəş qələmiylə
kifayət qədər
anlaşılan, hətta
göz önündə
canlanan bir şəkildə sərgilənibdi.
Kinopovesti oxuduqca həmin
o hadisələrin bütün
mənzərəsi elə
kino lenti kimi də gözlərin
önündən gəlib
keçir.
Kitabda milli-mənəvi
dəyərlərlə bağlı
publisist yazı, jurnalistikamızın ön
cərgədə olan
ustadlardan olan Əli İldırımoğlu
fenomeni, həmçinin
tarix, zaman gerçəkliklərini oxucuya
çatdıran yazılar
günümüzün real mənzərəsinin təqdimatıdı. Yəni bu
publisist yazılarda ifadə olunan bütün fikirlər hamımızın istəkləri
ilə həm səsləşir, həm
də onu tamamlayır.
"Qum saatı" kitabı ilə bağlı qeydlərimi diqqətə çatdırarkən onu da vurğulamalıyam ki, bu kitabdakı deyimlər, aforizmlər ilk baxışda çox sadədi. Məsələn, "yurd yeri, ocaq daşı" və yaxud "halallıq - insanlıqdı, həyatın gözəlliyidir", "şəxsiyyəti nurlandıran insanın gözəl qəlbidir", "tamah insanı haqq yolundan sapındırar", "korazehin müəllim nadan yetişdirər" və s. Bu nümunələri ona görə diqqətə çatdırıram ki, bəlkə də bizim hər birimiz ayrı-ayrılıqda bu sözləri, bu fikirləri primitiv bir formada dilə gətirmişik. Lakin Oqtay Ərgünəş həmin o hamımızın verdiyi o sözləri bir növü cilalayıb yerli-yerində anlaşılan, qəbul olunan aforizmlərə çevirib. Ümumiyyətlə, bu kitabı müəllif valideynlərinin - atasının, anasının ruhuna həsr edibdi. Onların xatirəsini bu kitabla bir daha yada salıb və onun "Elin atası, evin anası" epitafiyası məhz hər iki valideynin dilindən qopub oğulun, yəni yazıçı-publisist Oqtay Ərgünəşin ürəyində, yaddaşında yaşayan deyimlərin cümlələrə çevrilib bir-birini tamamlayan yazıya çevrilməsidi. Bütövlükdə həmin o dialoq formasında olan, amma əslində isə hər biri ayrı-ayrılıqda bitkin bir fikri ifadə edən bu epitafiya yazı nümunəsi kimi də orijinaldı.
Bax, bu
qısa, amma tələsik və isti qeydlərimlə mən dəyərli həmkarımı,
əzizim Oqtay Ərgünəşin
"Qum saatı" kitabını sizin də diqqətinizə
çatdırıram. Oxuyun, bilirəm ki, mütləq mənimlə
razılaşacaqsınız.
Ədalət.-2014.-14 noyabr.-S.6.