KAŞ ATATÜRK OLMAYAYDI
Bu ayın onuncu günü Atatürkün əbədi aləmə köç edərək Tanrımızla qovuşmasının 76-cı illiyi idi. O gün ölkə səthində anım mərasimləri təşkil edilmişdi. Axşam xəbərlərə baxırdıq. Bir televiziya kanalında aparıcı anım mərasimləri ilə bağlı xəbərləri verirdi. Atatürkün Türkiyə Cümhuriyyətinin yaranması yolunda və işğala məruz qalmış vətənimizin xilası, işğalçıların ayaqları altında tapdağa çevrilmiş vətəndaşlarımızın çığnanan şəxsiyyətinin xilası uğrunda silahdaşları ilə yeritdiyi fəaliyyətlərindən, ümumiyyətlə mübarizələrindən bəhs edən xülasə sözlər dedikdən sonra belə bir cümlə işlətdi; "Görəsən Atatürk olmasaydı nə olardı?"
Aparıcı həm digər xəbərləri təqdim edir, həm də bilgisayarından özünə gələn mailləri oxuyurdu, xəbərlərin axırında, "gələn bir maili oxumaq istəyirəm" deyərək üzünü videokameraya tutub bir xanımın yolladığı bircə cümləlik düşüncəni bir az təəccüb, biraz kədər, bir az da çaşqınlıq və heyrət əhval ruhiyyəsində dənə-dənə oxudu: "Kaş Atatürk olmayaydı..." Maili yollayan xanım bu sözləri yazmışdı. Aparıcı sual vərdi, "Yaxşı, olmasaydı nə olardı, xahiş edirəm xanım bu sualıma cavab yazın, indi rəklamlar təqdim olunacaq, bu arada fikirlərini yazıb yollasaydın onları oxuyub tamaşaçılarla bölüşərdim" deyərək ekranı reklamlara təhvil verdi. Düzünü deyim mən də həddən artıq maraqlandım ki, görüm həmin xanım nə yazacaqdı. Rəklamlardan sonra aparıcı ekranda bilgisayarına baxıb özünə yollanan maillərdən həmin suala verilən cavablarla bağlı birini seçib oxudu. "Atatürk olmasaydı biz Müsəlman olardıq..." Bu sözləri Anadoluda yaşayan, bizim dilimizdə danışan, kimliyini, nəçiliyini, nəsli-nəcabətini bilmədiyim, Güneyli qardaşlarımızın diliylə desək bir "ağa" yazmışdı.
Bir xeylaq fikrə getdim. Öz-özümə bu sualı verdim: Yaxşı, onu yazan şəxs, ibtidai məktəbdən başlamış bütün təhsil həyatında hər sinifindəki lövhənin üstündə Atatürkün şəkli olan məktəblərdən birində oxudu, özünə Atatürk haqda dönə-dönə həddən artıq məlumatlar verildi, dövlətimiz və vətənimiz üçün gördüyü işlərdən danışıldı, dərsliklərdə yazılanları oxudu, öyrəndi, bəs bu cür insanlarda o fikri yaradan amil nədir? Türkiyənin məktəblərində təhsil alan bir kəsin Atatürklə bağlı bu fikirlərdə olması, Atatürkün Türkiyədə yaşayan insanları dindən uzaqlaşdırdığını, onun "haşa" dinsiz, mülhid, tanrıtanımaz (ateist), qəddar, diktator olduğunu fikirləşməsinin mənə görə iki səbəbi ola bilərdi. 1) Bu və bunun kimi fikirləşənlər Atatürkü yaxşı tanımayıblar, bunlar Atatürkü gerçək yönüylə öyrənməyiblər, onun həqiqi yönü ilə bağlı düzgün məlumat yiyəsi deyillər, bir sözlə, Atatürkün həqiqi maddi və mənəvi siması onlara yaxşı öyrədilməyib və ya onlar hansı səbəbə görəsə onu öyrənməyib. 2) Bu cür şəxslər Türk deyil və ya yadların dəyirmanına öz qarnını, ya da cibini düşünərək su tökən xainlərdir. Hal belədirsə günah kimindir, bu şəxslərin, yoxsa Atatürkdən sonra Türkiyəni idarə edənlərin, təlim-təhsilin xəttini müəyyənləşdirənlərin?
Atatürkün vaxtında Türkiyədə İngiltərənin fövqəladə səfirliyi vəzifəsini yeridən Percy Lorainea öz dövlətinə 25 noyabr 1938-ci il tarixində, yəni Atatürkün Haqqa köçməsindən 15 gün sonra Londona xüsusi kuryer ilə yolladığı və 40 il ötmədən əsla ictimaiyyətə təqdim olunmayan teleqramda bunları yazıb: "Atatürkün, Qərbdə "yes-men", Türkiyədə uzun müddətdir bilinən "bəli müəllim, bəli bəy"çi kimi tanınan şəxsiyyətsiz insanlardan xoşu gəlmir, o bu cür yaltaqlara nifrətlə baxırdı. Axmaqlara və yaltaqlara dözümü yoxdu. Əslində bəlkə də daha çox özgələrini soyanları sevməz, acgözləri alçaq məxluqlar gözündə görərdi. Bir kəsin onun üçün işləməsi düşüncəsinə müsbət yanaşmaz, yaxşı gözlə baxmazdı. Özü onsuz da ölkəsi, irqi və vətəndaşları üçün yaşayır, onlar üçün fikirləşib onlar üçün işləyirdi. Digərləri onun kimi hərəkət etmirdisə, onun fikrincə həmin şəxslər öz vəzifələrini yərinə yetirmirdi.
Qorxuram ki, Atatürk gələcək nəsillərə bir diktator kimi təqdim olunacaq, mənə görə bu səhvdir. Həm müharibədə, həm də sülhdə o böyük bir lidərdi, ancaq sözün həqiqi mənasında bir diktator deyildi".
Percy Lorainea düz yazıb, bir çox vətəndaşımızla söhbətdə onların da Atatürkün diktator olduğunu, dinə, İslamiyyətə yaxşı gözlə baxmadığı fikrində təkidlə dayananların söylədiklərinin şahidi olmuşam.
Atatürk nə dinə qarşı idi, nə də İslamiyyətə. Elə olsaydı 22 avqust 1922-ci il tarixində Afyon vilayətinin Qocatəpə adlanan bölgəsində gədəcək dəhşətli müharibədən qabaq əllərini göyə açıb; "Ya Rəbb! Sən Türk ordusunu müzəffər qıl... Türklüyün, Müsəlmanlığın, düşmənin ayaqları altında, əsarət zənciri altında qalmasına icazə vermə!.." deyərək dua edərdimi?
Atatürk, dini ancaq və ancaq dua oxumaq, namaz qılıb oruc tutmaq kimi ibadətlərdən ibarət sayanların, sözün həqiqi mənasında müsəlman ola bilməyəcəyini daim vurğulamışdır. Çünkü İslam dini ən başından elmi, mədəniyyəti, müasir texnolojiyə yiyələnməyi özünə inananlara hədəf kimi göstərib. Bu gün İslam dünyası deyilən məvhum dünyanın vəziyyəti də, o coğrafiyalarda su kimi axıdılan qanlar da müsəlmanların İslam dinini layiqincə qavramadığını sübut etmirmi?!
Atatürk 5 fevral 1923-cü il tarixində Akhisar mahalında xalqın hüzurunda etdiyi bir çıxışında onlara bu sözlərlə xitab edirdi:
"İslam toplumunun məruz qaldığı zülm və yoxsulluğun əlbəttə bir çox səbəbləri vardır. İslam aləmi, dini həqiqətlər çərçivəsində Allahın əmirlərini yerinə yetirmiş olsaydı belə bir vəziyyətlə üzləşməzdi. Allah, çox işləməyi əmr edir. Etiraf edirəm ki, düşmənlərimiz çox işləyir. Biz də onlardan daha artıq işləmək məcburiyyətindeyik. İşləmək demək yalan yerə yorulmaq, tər tökmək mənasında deyildir. Vaxtın tələblərinə uyaraq, elm, fən və mədəniyyətin yaratdığı hər bir şeydən istənən qədər istifadə etmək məcburiyyətidir. Hamımız etiraf etməyə məcburuq ki, bu barədəki səhvlərimiz həddən artıq böyükdür".
Aradan hardasa yüz il ötüb, Müsəlman coğrafiyalarına nəzər saldığımızda gördüyümüz mənzərələr eynidir, qan-qada, oğurluq, qarətçilik, fırıldaqçılıq, qadına ikinci səviyyəli məxluq kimi baxmaq, yıxılan ocaqlar, yanan evlər, dağılan tifaqlar, ərşə yüksələn ah-nalələrdir. Allahu-əkbər deyə üzünü Allaha tutanlar Allahu-əkbər deyən dindaşlarını yerə yıxıb heyvan kimi başını kəsir. Budur müsəlmanlıq? Müqəddəs kitabımız Quranda bunlar yazılıb? Cahiliyyə dövrünün ərəb dünyasının atmosfəri indi də müsəlman adlanan ölkələrin tamamında hakim deyil?
Mənə görə Atatürk o vaxt, məhv olmağın astanasına gəlib çatmış Türk millətinə Tanrının yolladığı bir xilaskardı. O Tanrı tərəfindən xüsusi olaraq bununla vəzifələndirilmiş nurani üzlü dahi bir şəxsiyyətdi. Gəldi, öz missiyasını yerinə yetirdi, vaxtı-vədəsi dolanda da ruhunu Ulu Tanrısına təhvil verib özü dəmişkən, dəyərsiz bədənini bu dünyada qoyub getdi. Getdikdən sonra da özündən sonra öz maaşıyla satın aldığı nəyi varsa xalqına-dövlətinə bağışladı. Özünə nə bir saray, nə villalar tikmədi, tikdirmədi, banklarda dəstə-dəstə pullar yığmadı, öz maaşıyla 12 dənə ataşız-anasız uşağı oxutdu, onların ziyalanmasını, həqiqi vətəndaş olmalarının yolunu açdı. Ankarada "Atatürk Orman Çiftliyi" deyilən yeri maaşıyla satın almışdı, onu başta Ankara xalqı olmaqla öz vətəndaşlarına bağışladı. Təəssüflər olsun ki, indinin özündə həmin yeri kökündən məhv etmək qəsdinə düşənlər ürcah olub, Tanrı onların şərindən ölkəmizi, millətimizi və dinimizi qorusun. Atatürkdən sonra rəhbərlik vəzifəsinə gələnlər, nazir olanlar nələr etdilər, nələrə malik oldular Türk xalqı yaxşı bilir. Din adından yüksək pərdədən nitq irad edənlərin hansı qozları qırdığı da hamının məlumudur.
Atatürk, Tanrı tərəfindən bu millətə yollanmasaydı Türkiyə çoxdan bugünkü İraqa, Suriyaya dönmüşdü, ölkəmizdə qan su yerinə axırdı və vətənimizin yeraltı, yerüstü sərvətləri isə işğalçılar tərəfindən dartılıb aparılır, biz də gözümüz ağara-ağara qalırdıq.
Atatürk olmasaydı İraqdakı, Suriyadakı, Fələstindəki insanlar kimi müsəlmanlar olardıq, qapaz altında, əmir qulu, qızları-gəlinləri yadların cariyəsi, oğulları isə onların nökəri olan, insana oxşayan, ancaq şəxsiyyəti təhqir olunmuş məxluqatlar olardıq...
Ədalət.-2014.-15 noyabr.-S.14.