Gecə qatarı

İsmayıl İmanzadə

 

Bu qatar üstünə qaçar yolların,

Bir topa işıqla daranar gecə.

Harayı güclənən dəmir çarxların

Polad yumağına sarınar gecə.

 

Cingildər sükutun kar qulağında

Aynaq vaqonların hava axını.

Vağzallar gözünün yaşıl nuruyla

Sehirlər yolların şıltaqlığını.

 

Teleqraf xətləri qaçar xəbərə,

Ləhcəsi bal dadan uşaq yerinə.

Mürgülü gecənin titrək əlləri

Şeh çilər qatarın bəbəklərinə.

 

Yayılar hər yana dəmir haraylar,

Relslər çarxları öpər doyunca.

Gecə qatarları fit səsləriylə

Soraqlar səhəri yollar boyunca.

 

 

Suya söylədiyim yuxu

 

Ha gözlədim gün çıxmadı,

Bu zülmətdən cin çıxmadı.

Çiçək açan vədəsiydi,

Neyləyim ki, çin çıxmadı,-

Suya söylədiyim yuxu.

 

Ötüb gedən qışım idi,

Bir damla göz yaşım idi.

Deyəsən gecə yarası

Bəxtinən savaşım idi,-

Suya söylədiyim yuxu.

 

Bulud kimi dolub getdi,

Qönçə idi, solub getdi.

Göyərib üzə çıxmadı,

Sulara qərq olub getdi,-

Suya söylədiyim yuxu.

 

Sehrindən çıxa bilmədim,

Yamanca aldatdı məni.

Heç yana çatmadı əlim,

Gör necə yubatdı məni,-

Suya söylədiyim yuxu.

 

əzəl, axır idi

Dərd kimi çox ağır idi.

Sonunu görə bilmədim,

Bir yarımçıq nağıl idi,-

Suya söylədiyim yuxu.

Gedir

 

Əzəldən yox ayrı dadı,

Dünya həminki dünyadı.

Nisgili, qəmi, fəryadı -

Qəlbimizi yaxıb gedir.

 

Zülmət bir dibsiz dərədir,

Vaxt dişənmiş kirkirədir.

Dünya açıq pəncərədir,-

Hərə bir yol baxıb gedir.

 

Bəxtin əlində əsirik,

Ömürdən-gündən küsürük.

Harayasa tələsirik,-

Vaxt su kimi axıb gedir.

 

Hər doğulan bir səs-səmir,

Ürək dərd yeyir, qəm əmir.

Şimşəyə bənzəyir ömür,-

Bircə dəfə çaxıb gedir.

 

Yaxşıdır

 

Savaşanda azla çox,

Acı söz zəhərli ox.

Zənn etmə ağladan yox,-

Üzə gülən yaxşıdır.

 

Dərd hopubsa qanına,

Od düşəcək canına.

Sızlayanda yanına,-

Qaçıb gələn yaxşıdır.

 

Yadlar kəssə qapını,

Bir savaş bil ta bunu.

Əvvəl haqqa tapınıb -

Sonra ölən yaxşıdır.

 

Qanı yumazlar qanla,

Dönük bəxti az danla.

Anla, ey qafil, anla,-

Allah bilən yaxşıdır...

 

 

O vaxtlar...

 

Düşüb dalınca arzumun,

Səmtini tapdım ruzumun.

O günlər bəxt ulduzumun,-

Parlayan vaxtları idi.

 

Ayağımı üzüb yerdən,

Söz əkirdim göylərdə mən.

Şairlik təbimin hərdən,-

Qaynayan vaxtları idi.

 

Üz-üzə gələndə yadla,

Cəngə çıxırdım inadla.

Onda hələ mənim odla,-

Oynayan vaxtlarım idi.

Yaş ağrısı

 

Böyüdüm, söz ilə başımı qatdım,

Həyatda sevinc , qüssə daddım.

Bəzən düz yolda da atdığım addım

Çevrildi kiminsə baş ağrısına.

 

Yenilməz inadım sal qaya çapan,

Dartdı ayağımdan hər məni tapan.

Dözdüm dar ayaqda canıma hopan

Güllə hədəsinə, daş ağrısına.

 

Gah çəkingən oldum, gah da ki, mətin,

Verdi həyat mənə əsl qiymətin.

Vaxt ötdü... hər yaşın gördüm xislətin,

Tuş gəldim payızda qış ağrısına...

 

Ürək gücdən düşsə durulmaz ta qan,

Gözə zülmət çökər hər saat, hər an.

Əsəblər gərilib səzlayanda can,

Bildim əlac yoxdur yaş ağrısına...

 

 

Şəklinə

 

İzin ver bircə yol təbəssümünü

Gizli baxışımla yaxım şəklinə.

Gözlərin ləkəsiz ayna kimidir,

Qoy ordan boylanıb baxım şəklinə.

 

Adını çəkəndə sızlayır dilim,

Şirin arzularım puç oldu, gülüm.

Sənə çatmasa da hardasa əlim,

Səslə, keşik çəksin yuxum şəklinə.

 

 

Təbiətin töhfəsi

 

Sevgi , nifrət yerli-yerində,

Hər acı kəlmənin kökü dərində.

Yaxşı adamların əməllərində,-

Əzəldən saflığın var işartısı.

 

Dünyadan köç edir əyri , düz

Bir ömrün sorağı naxışda, izdə.

Adətdir,- nədənsə olmur hər üzdə,-

Həya közərtisi, ar işartısı.

 

Əsən meh çəmənin nəfəsidirmi,

Şəlalə dağların həvəsidirmi?

Ana təbiətin töhfəsidirmi,-

Çeşmə duruluğu, qar işartısı?..

 

 

Niyə

 

Cavanlığım qaya çapan, daş qıran

Alın yazım haray çəkib qışqıran.

Bir zamanlar damarımdan fışqıran

Həyat eşqim mürgüləyir indi ta.

 

Yuxu deyil,- xeyirliyə yozam mən,

Ölməyib ki məzarını qazam mən.

Gücüm çatmır sükutunu pozam mən,

Bu da belə bir ömürdü, gündü ta.

 

Üzə düşüb öyrənəndə dilini,

Şaxta vurdu çiçəyini, gülünü.

Eşələyib xışmaladım külünü,

Bir gördüm közərtisi söndü ta.

 

Dönük bəxtə yalvarış, hədə

Daşa döndü lal həsrətim sinədə.

Çatmayıbsa hələ sona vaxt-vədə,

Niyə bəxtin məndən üzü döndü ta?..

 

 

Hara qaçım ...

 

Ürəyimi əldən salıb, yorubdu

Yenə gəlib yolum üstə durubdu.

Əzəl gündən amanımı qırıbdı,-

Hara qaçım bu sevginin əlindən?

 

Baxıb gördüm dost, tanışdı

Heç bilmədim niyə mənə yanaşdı.

Ürəyimdə gizli-gizli alışdı,-

Hara qaçım bu sevginin əlindən?

 

Yalmanına əl çatası at deyil,

Sağalası yara deyil, çat deyil.

Necə qovum çıxıb getsin,- yad deyil,-

Hara qaçım bu sevginin əlindən?

 

Köksümdə sel kimi kükrədi, daşdı

Özgə bir adı yox,- cəngdi, savaşdı.

Neyləyim, ürək, yaş o yaşdı,-

Hara qaçım bu sevginin əlindən?

 

Ondan necə durum mən axı gendə,

bərəyə sığasıdır, bəndə.

Əzəl-axır düşəcəyəm kəməndə,-

Hara qaçım bu sevginin əlindən?

 

O, dağlardan enib gələn pərimi,

Üz döndərsəm dərd soyacaq dərimi.

Burda qalsam tapacaqdır yerimi,

Hara qaçım bu sevginin əlindən?

 

Od-alovdu,- yandıracaq canımı,

Üzü dönsə axıdacaq qanımı.

Gedən deyil,- kəsdiribdi yanımı,-

Hara qaçım bu sevginin əlindən?

Vüsalına can atmağım hədərdi,

Bir zamanlar daşımışam bu dərdi...

Məni qəfil yaxalayan kədərdi,-

Hara qaçım bu sevginin əlindən?

 

Bəlkə elə qüssədir, ah,

Mən hardasa bir zülmətəm, o sabah.

Taqətim yox, heç bilmirəm, ay Allah,-

Hara qaçım bu sevginin əlindən?

Saxlaya bilmədim

 

Möhtacam bir qalam közə,

Hünərim yox dərdə dözəm.

Bir zamanlar durdu üzə,-

Bəxti saxlaya bilmədim.

 

Bu necə ömürdü-gündü,

Xoş sözə həsrətəm indi.

Anlar, günlər suya döndü,-

Axdı,- saxlaya bilmədim.

 

Bir sehrbaz atlı idi,

Çox toylu-büsatlı idi.

Deyən yel qanadlı idi,-

Vaxtı saxlaya bilmədim.

 

 

Kişinin

 

Əzəldən oyaqdır qaraçuxası,

Kükrəsə sel kimi dağı yıxası.

Heç vaxt ələ keçən deyil yaxası,

Harın sir-sifətli kalan kişinin.

 

Hələ xəbərsizdir qəmdən, qüssədən

Tozanaq qoparır bəzən heç nədən.

Gözünün önündən ötür duman-çən,

Hərdən bulud kimi dolan kişinin.

 

Hardasa üzünə güləndə bəxti,

Çoxunun qəlbini odlara yaxdı.

Hər sözü elə bil zəhərli oxdu,

Bu əqrəb kişinin, ilan kişinin.

 

Üzünü tutduğu qibləsi puldu,

Hər sirri açılmaz paslı qıfıldı.

Başı gödəninə, nəfsinə quldu

Ağlı topuğunda olan kişinin.

 

var axı...

 

Dedin danışıb-dinib,

Gülməyə var axı.

Dedim,- geriyə dönüb,

Gəlməyə var axı.

 

Dedin,- çatma qaşını,

At təkliyin daşını...

Səsləsən göz yaşını,

Silməyə var axı.

 

Dedim,- ömür-gün yarı,

Gördünmü saçda qarı?

Dedin,- dərdi-qubarı

Bölməyə var axı.

 

Qəlbim fərəhlə doldu,

Dedim,- söz harda qaldı?

Dedin,- bu nə sualdı,-

Bilməyə nə var axı...

 

Ədalət.-2014.-19 noyabr.-S.7.