Ulu Şirvanın söz
adamı
Odlar Yurdu olan vətənimiz Azərbaycan
- zaman-zaman çoxlu sayda şairlər yetirmişdir. Sevindirici haldır ki, Azərbaycanımızın
hər bölgəsində həmişə yaradıcı insanlar, duyğulu şairlər
olmuş və bu gün də vardır. Respublikamızın Şirvan bölgəsi də dünyaya
xeyli tanınmış dahi
şairlər bəxş etmişdir.
Onların sırasında Əfzələddin Xaqani,
İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd
Hadi və başqaları da
vardır. Ulu Şirvanın Azərbaycan xalqına bəxş etdiyi bu dühalar
və onların yaradıcılıqları bizim
üçün həmişə əziz
və qiymətlidir. Çağdaş Azərbaycan
poeziyasının tanınmış simalarından biri də Ulu
Şirvanın yetirməsi olan şair Əli Vahid
Çaylıdır.
Əli Vahid Çaylı 1 aprel 1956-cı il tarixdə Şirvan mahalının Şamaxı rayonunda, cənnətməkan Çaylı kəndində anadan olmuşdur. O, 1980-ci illərdən etibarən respublikamızın müxtəlif mətbuat orqanlarında lirik şeirləri ilə çıxış edir. Bizim tanışlığımızın müddəti 10 ildən artıqdır. 2008-ci ildə onun "Şirvan sorağında" adlı şeirlər kitabı çap edilmişdir. İndi isə o, "Söz qibləgahım" adlanan şeirlər kitabı ilə sevimli oxucularının, pərəstişkarlarının görüşünə gəlmiş, onları bir daha sevindirmişdir. Zəngin söz ehtiyatına malik olan Əli Vahidi Çaylının poeziyası qıjov axan dağ selinə bənzəyir. O, nədən yazır-yazsın, ürəklə yazır, yazdıqlarını öz daxili ruhundan qoparıb, beyninin süzgəcindən keçirərək ortaya qoyur, əsasən cəmiyyəti narahat edən mövzulara toxunur. Bu mənada onun yaratdıqları misralar sözsüz ki, özündə dərin sehrli, fəlsəfi mənalar daşıyır:
Sinəmdə döyünən ürəkdir, ürək,
İlhama gəlibdir min arzu, dilək.
Söz istər sözümdən ətirli çiçək,
Şehli səhərlərin mələyi Vətən.
Gözəl qəlbə malik xeyirxah bir insan olan Əli Vahid Çaylı həm də yaşadığımız aləmin, yeni dünyanın şairi olduğundan onun yüksək bədii zövqlü şeirləri də əsasən yeni nəslə, müasir gəncliyə ünvanlanır. Onun şeirləri gəncləri milli ruhda böyüməyə səsləyir, onları həyata, cəmiyyətə diqqətlə, qayğı ilə yanaşmağa sövq edir. Bu şeirlər Azərbaycan oxucusunun, Azərbaycan gəncinin həyatın müxtəlif sahələrində yetişməsinə təkan verir.
Hər bəndənin günahı var,
Hər yazığın bir ahı var.
Hər gecənin sabahı var, -
Dünya belə qurulubdur.
Və ya:
Təmiz sevgi, qaynar həyat,
Ömür dünya, memar həyat.
Əli Vahid deyər heyhat
Duyan insan qanan ola.
Məlumdur ki, şifahi ənənəyə malik Azərbaycan muğamları keçmiş dövrlərdən bəri Şərqin klassik musiqi yaradıcılıq nümunəsi hesab edilir. Qədim Şərq pərdələri üzrə qurulan və yüksək melodiyaya malik olan Azərbaycan muğamlarının hər biri özlüyündə sehrli bir aləmdir və neçə yüzillərdir ki, onun sehri insanları ovsunlamaqda davam edir. Əski Şumer tarixi dövrlərindən zaman-zaman süzülüb gələn muğamlarımızın əks-sədası indinin özündə də dünyanın bütün musiqi bilicilərini heyrətləndirməkdədir. Məncə muğam elə bir möcüzədir ki, onun səsi yayılanda təbiət cana gəlir, bəşər övladı öz gərəkliyini, cəmiyyətə lazımlığını saf-çürük etməyə çalışır. Bəlkə də bəşər qədər yaşı olan muğamatı Ulu Tanrı bizə bəxş edib ki, bir sıra çatışmazlıqlarımızı düzəldək, qoynunda yaşadığımız həyatı cənnətə döndərək, uzaq, uca ənginliklərə cığırlar açaq, yollar salaq. Əslində bir qədər dərindən düşünsək, görərik ki, muğam sirlərlə dolu olan bu həyatı dərk etməkdə bizim ən böyük, ən yaxın yardımçımız, köməkçimizdir.
Dünya musiqi xəzinəsinin incisi sayılan Azərbaycan muğamı orta əsr musiqi mədəniyyətinin inkişafının ən yüksək pilləsi olmaq etibarı ilə klassik Azərbaycan musiqisinin ən əsas janrı hesab olunur. Muğamı poeziya ilə bağlayan qatlar çoxdur. Onun inkişafında klassik poeziyanın, divan ədəbiyyatının, müxtəlif motivli qəzəl və qoşmaların rolu danılmazdır. Ədəbiyyata nəzər saldıqda görürük ki, orta əsrlərdən başlayaraq muğam mövzusu həmişə şairlərin diqqət mərkəzində olmuşdur. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri bu mövzuda biri-birindən gözəl əsərlər yaratmışlar. Muğamata hədsiz marağı, sevgisi olan, muğamın ecazkar qüdrətindən duyğulanan, poetik təbi, coşqun ilhamı dağ seli tək çağlayıb-gurlayan, bulaq kimi qaynayıb-daşan şair Əli Vahid Çaylı Azərbaycan muğamına və bu muğamları ifa edən xanəndələrə çoxlu sayda şeirlər həsr etmişdir. Onları oxuduqda hiss olunur ki, bu şeirlər muğamın möcüzələrindən təsirlənərək qələmə alınmışdır. Təsadüfi deyildir ki, muğamı qəlbən sevən şair "Mənim muğam dünyam" adlı şeirində onu aləmə sevdirmək üçün üzərinə düşən öz "borcunu" da dilə gətirir: "Muğamı sevdirək bütün aləmə", - deyir.
Dərindən düşünsək, bu qənaətə gələrik ki, hər bir insanın müqəddəs Vətən, Ana qarşısında bir mənəvi borcu olmalıdır. Bu borc Vətənə layiqli övlad olmaqdan, valideynlərə hörmətdən, həqiqətə sədaqətdən ibarətdir. Əli Vahid Çaylının yaşadığı kəşməkəşli tale, yurd, Vətən həsrətindən dolayı dərdli bir şair taleyidir. Onun dərd yükündən yoğurulan kədərli misraları bəzən insanı göz yaşlarına qərq edir. Şairin dərdli könül pıçıltıları Vətən həsrətli el-obanı qisasa haraylayır, intiqam savaşına səsləyir. Onun Vətənə aid olan şeirlərinin əksəriyyətində "Vətən" məfhumu məhz Azərbaycan kimi mənalandırılır:
Gecələri min ulduzlu, min aylı,
Özü qonaqpərvər, əlləri paylı.
Yazıb, yazacaqdır Əli Vahid Çaylı,
Azərbaycan bilib, millətim sezər.
Bu kitab burulğan kimi ötüb keçən şair ömrünün acılı-şirinli poetik ovqatına, onun yaşam tərzinə bir güzgü tutur. Şeirlərindən də görünür ki, kəşməkəşli uzun bir yolda dağ seli kimi axan odlu ilhamı Əli Vahid Çaylıya daim yoldaş, qardaş və dost olmuşdur. Şair taleyinin, dəyərli bir insan həyatının dolanbac yollarının kövrək və unudulmaz duyğu ləçəkləri olan bu şeirlər adamı düşündürür, ovsunlayır, oxucunu sanki bir quş kimi öz qanadı altına alaraq göylərə qaldırır. Onun özünəməxsus deyim tərzi, orijinal ifadə, bənzərsiz qafiyə və təşbehləri vardır. Şeirlərindən görünür ki, şairin həyatını, taleyini, yaradıcılığını, duyğularını, şəxsiyyətini Vətənsiz təsəvvür etmək qeyri-mümkündür:
Ay oğul, Vətənə arxalan hər an,
O, sənə arxadır, sən də Vətənə.
Dön onun yolunda sönməz
Günəşə,-
Yolun bələnməsin
dumana, çənə.
Hər bir Azərbaycan türkünün
ağır dərd yükü olan Qarabağ problemi Əli Vahid Çaylı poeziyasında
daha qabarıq görünür. Murdar yağıların ayaqları altında tapdalanıb inləyən
Qarabağın bu gün düşmən əsarətində olması
vətənpərvər şairi
ağrıdır, sarsıdır,
sıxır. Şeirlərindən
də görürük
ki, müəllif canında qövr eyləyən Qarabağ dərdini yaşadır:
Qarabağım, Qarabağım,
Sərv
ağacım, tər yarpağım,
Cənnət yurdum, gül torpağım...
Və ya:
Əli Vahid deyər yaşa!
Qarabağım bir tamaşa.
Gəl,
hardasan, Nuru Paşa?..
Keçmişə, tarixə baxsaq, görərik ki, bütün zamanlarda söz adamlarını düşündürən ən
böyük məsələlərdən,
mövzulardan biri də məhəbbət mövzusu olmuşdur. Əli Vahid
də bu bəşəri hissi kövrək ürəyinin
lirik duyğusuna qulaq asaraq qələmə
alır. Onun yeni
nəslə, gəncliyə
ünvanladığı yüksək
bədii zövqə malik olan lirik
şeirləri çoxdur.
Bu şeirlər gəncləri düşündürür
və onları milli ruhda böyüməyə
səsləyir. Şairin ülvi
məhəbbəti, sevgini
vəsf etdiyi şeirləri sanki bir inci kimi
sapa düzülərək,
onun ruhunda ilham çeşməsi kimi qaynayır və öz nağılvarı axını
ilə oxucuları ovsunlayır. Şair
xəyalında yaşatdığı
sevgilisinin həsrətindən,
nigarançılığından üzülür, narahat olur:
Yenə
havalanıb qəlbimin
quşu,
Eşqin, məhəbbətin xoş
sorağında.
Alıbdur başımdan ağılı,
huşu,-
Gəzir gecələrin zülmət
bağında.
Əli Vahid Çaylı hər bir şeirində sözün qədrini bilir, onu necə
işlətməyi bacarır,
fikri özünəməxsus
şəkildə, obrazlı
deməyə çalışır
və buna nail olur. O, ruhunu sözə
kökləyərək, zamanın
diqtəsindən, taleyin
qəzəbli olaylarından
pəhsinməyib, inam
duyğusu ilə söz silahını işə salır. Bu mənada şair
müxtəlif fəndlərlə
oxucunu müəyyən
ovqata kökləməyi
bacarır. Onun şeirləri
oxucunu düşündürən,
heyrətləndirən, ürəyini
riqqətə gətirən
dərin məna elementləri ilə zəngindir. Müəllifin sözün ruhundan doğan, dünyamıza, ona münasibətə həsr olunan onlarla şeiri bu qəbildəndir. Ümumiyyətlə, şairin
istənilən şeirinin
misralarında məna
dərinliyi çox aydın və qabarıq verilmişdir:
Dərdimdən gecələr yata
bilmirəm,
Düşmənim bir div ki, bata
bilmirəm.
Can atıram, əhdə çata bilmirəm,
Yetiş
imdadıma, yetiş, Allahım!
Düşünmək, anlamaq dərdi bəşər övladının
taleyinə yazılan bir dərddir. Bəzən bu
ucsuz-bucaqsız dünyanın
özü də nədənsə insana dar gəlir. Amma burası da var ki, İnsan
da düşündükcə,
anladıqca İNSAN olur.
Əli Vahid Çaylı şeirləri adama dar gələn bu dünyada İnsanı düşündürür,
ona anlamaq dərdini anladır.
İstedadlı qələm sahibi
olan şairin dərd, ağrı, düşüncə, qəzəb
dolu poeziyası özünəməxsusluğu ilə seçilir, diqqəti cəlb edir, məhz sadə, adi deyimliyi ilə yadda qalır. Şairin ürək ağrısı
ilə yazdığı
bu mövzulu şeirlərdə bir ünvan var - İNSAN.
Bu ağrıları yaradan da, həmin
ağrıları çəkən
də odur - İnsandır. Bu İnsanın
nisgilləri şeir dili ilə müdrik
oxucunu dərin düşüncəyə daldırır:
Əli Vahid Çaylı - ellər xəstəsi,
Azalmaz, tükənməz
ilhamlı səsi.
Dostlarla
bir alıb verər nəfəsi,
Köç etsə də, sözü qalar dünyada...
Şair qələminin böyük uğuru olan, həyatının uzun illərinin, gərgin əməyinin nəticəsi kimi araya-ərsəyə gətirdiyi bu kitab çağdaş poeziyamıza, ədəbiyyatımıza, bütövlükdə mədəniyyətimizə, geniş oxucu kütləsinə dəyərli bir töhfədir. Zənnimcə, Əli Vahid Çaylının bu kitabındakı şeirləri dildən-dilə düşəcək, ağızdan-ağıza dolaşacaqdır. Ümidvaram ki, Əli Vahid Çaylının qibləgahı bildiyi sözə sonsuz məhəbbət ruhunda qələmə aldığı "Söz qibləgahım" kitabı oxucuların ruhunu oxşayacaq, müasir gəncliyin sözə münasibətində, ümumilikdə onun tərbiyəsində mühüm rol oynayacaqdır. Mən poetik istedadına, ilhamlı təfəkkürünə, obrazlı təxəyyülünə, yaradıcı qələminə böyük hörmət bəslədiyim şair dostumu çap olunmuş bu kitabı münasibətilə ürəkdən təbrik edir, ona həyatda möhkəm cansağlığı, yeni-yeni müvəffəqiyyətlər və bundan sonra da böyük yaradıcılıq uğurları arzulayıram.
Nazim Tapdıqoğlu (Vəlişov)
tədqiqatçı,
tarixçi, şair, publisist, "Qızıl Qələm"
mükafatı laureatı
Ədalət.-2014.-19 noyabr.-S.6.