O, ürəyimlə döyünür

 

İllər çox amansızdı... Həm də ona görə amansızdı ki, əlindəki qılıncı ağına-bozuna baxmadan, fərqinə varmadan necə gəldi, necə bacardı oynadır, çalıb-çapır ürəyimizi... qoparır bizdən canımızı... alır bizdən bütün varlığımızı və bizancaq göz yaşıyla bu yaranı sağaltmağa çalışırıq... Yox, sağaltmırıq, sadəcə onu suvarıb hər gün göyərdirik... Düşünməyin ki, göz yaşı duzludur, heç nə göyərtməz. Ürəyə baxın, onda göyərən dərdi görəcəksiniz.

 

Əzizinəm o gecə,

Yandı bağrım o gecə

Nə çəkdimsə mən bildim

BirAllah o gecə...

 

Yaşasaydın hələ bu gün 62 yaşın olacaqdı. Dünya da sənin mərdliyindən qorxdu, üşəndi məncə, qardaş?! Bu belədi. Bunu səni tanıyan hər kəs söyləyir. Mən isə ürəyi param-parça olan bacın daha çoxunu bilirəm. Tələbəliyin, hərbi xidmət illərin, pillə-pillə öz zəhmətin hesabına peşənin ən uca zirvələrinə yiyələnməyin bir an gözlərim önündən çəkilmir. Bu yazını keçmiş zamanda yazsam da, sən bu gün torpaq üstdə gəzənlərin çoxundan canlısan. Düşmənlərin isə sağ ikən ölüdülər.

 

Sən Şahdağdan ucasan,

Murovdan əzəmətli...

Sən çoxlarından mərdsən,

Çoxundan əzəmətli...

 

Bacarığın, savadın, məğrurluğun, cürətin, əliaçıqlığın, comərdliyin, namərdlərin önündə əyilməməzliyin yandırırdı çoxlarını. Kaş sən də məddahlığı və riyakarlığı bacaraydın, bəlkə taleyin özünə qənim çıxmazdı. Ömrün boyu ağzından hörrə tökülənlərdən gen gəzib dolandın və belə xüsusiyyətlərin istəməyənlərinin bağrına bıçaq kimi batırdı - o üzdən xasiyyəti tünddür deyirdilər. Yıxılana, dayağı olmayana, gözüyaşlıya hər zaman yiyə çıxan, çörək verən etibarlı qardaşım! İllərdi yoxluğundan yazsam da, yoxluğuna qətiyyən inana bilmirəm.

 

Yenə gözlərimin qarşısındasan,

Ölən son ümidim qayıdıb, nədi?

Dünyanın üzünə baxmayan canım,

Sənli günlərinin həvəsindədi.

 

Səkkiz ildir yuxularımdasan, atam oğlu! Yoxluğuna inanmaq istəmədən hər doğum gününə səni görmək üçün son uyuduğun yerə gedirəm, gedirik hamımız. Səndən kiçik qardaşlarının saçları indi ağappaq olub, Fəzli Quranını, Yasinini kəsmir, ayağını uyuduğun yerdən yığmır. O sənin həm oğlundu, həm qardaşın! Sənin saçlarına heç dən düşməmişdi. Qədrini bilənlər, haqqı-sayını unutmayanlar, bağrıqan bacıların hər an sənin ziyarətindədirlər. Gözüyaşlı anamın isə bu yaşda yeganə gözlədiyi qisasının Allah tərəfindən alınmasıdı... Çörəyini yeyib dirçələn naxələflərin, bu gün ayaqda olub qazancına yiyələnərək nəfəs alanların adından istifadə edən harınların Tanrı mütləq cavabını verəcəkdi. Onun səbri böyükdü, qəzəbi . Necə deyərlər, gec edər, güc edər. Bu dünyada bütün müəmmalar bir gün aydınlığa çıxacaq. Mən buna adım kimi əminəm. Sənin o pak körpə qəlbli xarakterin, ruhun hər şeydən güclüdür. Bu gün hamımız səni görməyə gələcəyik. Mən bu qəzeti bağrıma basıb bir nüsxəsini yanında qoyub geri dönəcəyəm. Onsuz da sən mənim çəkdiklərimi bilir görürsən. Məni görən Allah sənin qənimlərini görər bir gün. Bu, quyruğu uzun dünyadır - haqqı nahaqqa verməz. Füzuli, səni isə unutmayanlar, etibarlılar, namusuna, qeyrətinə səcdə edənlər xain xəbislərdən çoxdurlar. Odur ki, ümidimi tamam üzməmişəm. Həsrətinə dözə bilməsəm , nəfəsin səsin bir an yuxularımdan getmir. yaxşı ki, belədir.

 

Çox dərdi sinəmə yığa bilmişəm,

Sənin həsrətinə dözə bilmirəm.

Bu bəla idi, bu müəmma?

Yazıram, pozuram, çözə bilmirəm.

 

Çərkəz saçlarıma qarlar ələyib,

Nəyim var idisə alıb apardı...

Səninki bir başqa açıdır qardaş,

Bu məni dünyadan tamam qopardı.

 

Dəyişib yaşamım, don atıb qanım,

Artıq öz-özümlə mən bacarmıram.

danım əlimdə deyilmiş bu da

Allahın altından mən qaçammıram.

 

 

Bacın

Sona

Məmmədqızı

Ədalət.-2014.-19 noyabr.-S.6.