YURD HƏSRƏTLİ ŞEİRLƏR
Məhəmməd
Nərimanoğlunun "Qala dərdim"
şeirlər kitabı qarşımdadır və bu şeirlərin əksəriyyəti onun doğulduğu, boya-başa çatdığı Kəlbəcərə
həsr edilib. Daha doğrusu, bunlar fiziki mənada Kəlbəcərsiz yaşayan, amma bir an belə Kəlbəcəri
unutmayan bir şairin yurd həsrətini,
sinəsində qövr eləyən
yaraların göynərtisini əks etdirən şeirlərdir.
Kəlbəcər deyəndə mən ilk
növbədə, o yurdun
dağlarını düşünürəm. İkincisi, Aşıq Şəmşiri
xatırlayıram, onun ürəkləri tel-tel edən yanıqlı səsi
qulaqlarıma gəlir. Və təbii ki, kəlbəcərli
dostlarımı, tanışlarımı, o
yurdun gözəl insanlarını.
Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları.
Köç eyləyib, ellər səndən aralı,
Sinəsindən çalın-çarpaz yaralı.
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları.
Məhəmmədəm, ocağım yox bu yanda,
Qılınclar pas atır hələ ki qında.
Novruz günlərində, bayram
ayında
Dağlayır sinəmin dağı dağları.
"Dağlayır sinəmin
dağı dağları"
- son illərdə bu cür ürək yandıran misra ilə qarşılaşmamışdım. Gözəl poetik
bir lövhədir.
Həm mübaliğədir, həm
də metafora. Sinənin dağı o qədər yandırıcıdır ki,
dağı da dağlaya bilir. Bunu ancaq ŞAİR deyə bilər. Məhəmməd Nərimanoğlunun dağlara həsr edilən şeirləri çoxdur və hər birində də bax, beləcə
şah misralar tapmaq olar.
Məhəmməd Nərimanoğlunun "Qala
dərdim" kitabında
əsas yeri qoşmalar, gəraylılar
tutur. Hiss olunur ki, o, Dədə
Şəmşir yurdunun
havacatını uşaqlıqdan
ciyərlərinə çəkib.
Sinəsində saz havaları
düşərgə salıb.
Və yazdığı qoşmalar,
gəraylılar dilimizin
incəliklərinə, ilməsinə-naxışına,
zərifliyinə yaxşı
bələd olan bir şairin təmiz qələm məhsullarıdır. O, klassik
ədəbiyyatdan, xalq
poeziyasından yaxşı
bəhrələnib, qoşmanın,
gəraylının əsrlər
boyu gələn ənənəsinə sadiqdir,
amma bu günün
qoşmasını, gəraylısını
yaradır. Həsrətdən
yazır və biz də onun həsrətindən
doğan yanğıya
qoşuluruq:
Tərpətməyin, hal-əhvalım
qarışıb,
Yurd gedəli
din-imanım yoxdu, yox.
Kökdən düşüb telli
sazım, çalarmı,
Dədə Şəmşir, Ağdabanım
yoxdu, yox!
Yaş da getdi, baş
da getdi əlimdən,
Payız
ötdü, qış
da getdi əlimdən,
Uçdu,
tərlan quş da getdi əlimdən,
Qayıtmağa bir gümanım
yoxdu, yox!
Nərimanoğlu, iyirmi ildi dözürük,
Sərgərdanıq, haqq axtarıb gəzirik,
Canımızı bax beləcə
üzürük,
Xoş gələcək
bir zamanmı yoxdu, yox?!
Onun gəraylılarında
da qoşmalarına xas olan o poetik
incəliklər gözə
dəyir. Əslində, gəraylı forması elə qoşmanın can qardaşıdır. Bir az nazikliyi,
incəliyi var. Elə
bil qoşmanı cilalayıb-cilalayıb gəraylı
şəklinə salıblar.
Amma həm də özünəməxsusdu bu
forma. Və gəraylıların
əksəriyyətində də yurd həsrəti
havalanır:
Gör neçə ildi bağlıdır,
Kəlbəcərə gedən yollar?!
Sinəmiz kimi dağlıdır,
Kəlbəcərə gedən yollar.
Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir,
Kəlbəcərə gedən yollar.
Məhəmməd Nərimanoğlunun şeirlərində
sazın sədalarını
eşidirik. Elə bil, bir aşıq sazını sinəsinə basıb oxuyur. Bu da
ənənədən, yaşadığı
mühitdən gəlir.
Onun şeirlərində Ələsgərdən,
Dədə Şəmşirdən
gələn xallar görürsən. Amma bunlar
onun lisanında təzə səslənir,
təkrar deyil. Çünki düşüncə tərzi yenidir. Qoşmanın, ya gəraylının
formasını dəyişmək
olmaz (hərçənd
ki, Məhəmmədin
bəzi gəraylılarında
müəyyən forma dəyişiklikləri
ilə üzləşirik,
bunu yaxşı əlamət saymırıq),
o "dar qəfəsdə"
şair gərək standartdan-qəlibdən kənara
çıxmaya, amma təzə məzmun ifadə edə. Bu günün qoşmaçısı,
gəraylı yazanı
bu günün həqiqətlərindən yazmalıdır,
ya da "köhnə havalarda" təzə söz deyə bilə.
Məhəmməd Nərimanoğlu da
buna can
atır və təbii ki, yaxşı şeirləri
ilə müqayisədə
ortabablığa da enir. Bəzən ithaflara ifrat
dərəcədə uyur,
hansı münasibətinsə
təsirindən o cür
şeirlər yazır.
Hamısında uğur
qazanmaq olmaz axı...
Deyək
ki, oğlu Kənana bir ata məhəbbətilə
yazdığı qoşmaları
bəyənimlidir: "İstidən
indidən solmuşdu balam, Sinəmə göz yaşım sərdim də gəldim". Pərvanə
xanım Zəngəzurluya
da bir neçə
şeir ithaf olunub və hiss olunur ki, bu
şeirlərdə də
yaşanılan duyğular
ifadə edilir.
Bir qolum Borçalı, biri Göyçədi,
Həsrətim-hicranım yerlə göycədi,
Bilən
bilir, hal-əhvalım
necədi,
Ayrılıb qollarım bədəndən
mənim.
Sağ gözüm Təbrizdi, solu Kəlbəcər,
Əsirdi,
həm yesir Nigarla Həcər,
Bundan belə ha həsrət çək, dərd becər
Qan axır
gecələr didəmdən
mənim.
Bəs sevgi şeirlərində necə,
Məhəmməd nəsə
təzə söz deyə bilirmi? Bizim ustad
aşıq və şairlər gözəlliyi,
sevgini duyaraq, yaşayaraq, içindən
keçirərək vəsf
ediblər. Ələsgər
deyəndə ki:
"Qazdır məzarımı
çeşmə başında,
Sal sinəm üstündən
yol, incimərəm"
- bu iki misrada bir sevgi
dastanı oxunmurmu? Qurbani deyəndə ki: Dəstələ zülflərin, yerə dəyməsin, Yollar qubarlanar, toz dəyər sənə"
- bu sevdiyi gözələ hədsiz
məhəbbətin ifadəsi
deyilmi? Xəstə Qasım deyəndə ki: "Qaşların qurar divanı, Taxtdan salar Süleymanı,
Xəstə Qasımın
canını Al, başına
dolandığım" - bu
sevgiyə və sevgilisinə pərəstişin
əlaməti deyilmi? Belə misallar çoxdur.
Görək, bizim müasir şairimiz, aşıq ruhunu ruhuna köçürən
Məhəmməd Nərimanoğlu
nə deyir:
Gözəl desəm, qoy dəyməsin xətrinə,
Deməyiblər məgər gözəlsən,
gözəl?!
Gözlərimdə gülə dönüb açırsan,
Heç belə deyildin əzəl sən, gözəl.
Nəyim
varsa dedim, qurtardı, getdi,
Bitdi bu söhbətim, qurtardı, getdi,
Almadın, nəsyətim qurtardı,
getdi,
Mən necə
deməyim gözəl
sən, gözəl?!
Uzaq ol nəzərdən, qoru gözü sən,
Gözəlliyin anası sən,
özü sən,
Bir almanın tən parca üzü sən,
Şeirini yazırmış göz,
əl. Sən, gözəl!
Klassik gözəlləmələrə
çatmasa da, hər halda, gözəlin təsvirində
öz rəngini, boyasını qata bilib.
Məhəmməd Nərimanoğlunun
kitabına şair-publisist, bir sıra nəsr əsərlərinin də
müəllifi Eldar İsmayıl tutumlu bir ön
söz yazıb və mənim bu yazıda deyə bilmədiklərimi o deyib. Ona görə də mətləbi
uzatmıram, Məhəmməd Nərimanoğluya yeni yaradıcılıq uğurları
arzulayıram və deyirəm ki, onun şeirlərindəki kədər, nisgil notları azalsın, qələbəmizə,
Kəlbəcəri alacağımıza inam
hissi çoxalsın...
Ədalət.-2014.-19 noyabr.-S.5.