QƏHRƏMANINI OXUCUYA SEVDİRƏN QƏLƏM SAHİBİ

Əməkdar jurnalist Həmzə Vəliməmmədova açıq məktub

 

Gəlin etiraf edək ki, bu gün kitab bolluğudu. Oxucunun azalmasına baxmayaraq, kitab yazanların sayı hər gün artır. onu da etiraf edək ki, hətta kitab yazanların bir qismi başqasının kitabını oxuyur, başqası barədə hansısa bir bilgiyə malik olur. Lap çılpaq desək, bir yazar həmrəyliyi indi azalıbdı. Bütün bunlar isə həm ədəbiyyatın, həm ədəbiyyatın tərbiyə etdiyi cəmiyyət üçün yararlı insana çevrildiyi oxucunun ziyanınadır. Lap sonda oxumayan oxucu ilə birlikdə oxunmayan bu kitabların müəllifləri cılızlaşır, gərəksiz olur. isə, bu, başqa mövzudu...

Mən bir məsələdə həmişə narahatlıq hissi yaşamışam elə bu gün o hisslər mənim dünyama hakimdi. Bu da müharibəylə,1988-ci ildən başlanmış haqq savaşımızla, torpaq uğrunda tökülən qanımızla bağlıdır. Hamımız birmənalı şəkildə bilib etiraf edirik ki, Şəhidlik əlçatmaz bir zirvədi... Şəhidin yeri Tanrının dərgahıdı... Şəhidin ruhu heç vaxt ailəsini, doğulduğu torpağı, döyüşdüyü səngəri tərk etmir qələbəyə qədər rahatlıq da tapmır. Deməli, biz söz adamları da bu müqəddəsliyi hamıdan yaxşı bildiyimiz üçün daha həssas, daha diqqətli olmalıyıq. Bax elə mənim içimdəki narahatlıq da bəzi söz adamlarının bu həssaslıq hissini itirməsiylə, ona laqeyd yanaşması ilə bağlıdı. Lap açığını desək, hərdən yazı stolumun üstünə gəlib çıxan kitablara baxıram. Onların hamısının qəhrəmanı torpaq uğrunda döyüşmüş oğullarımızdı. Bu yaxşı olduğu qədər nöqsanlı, bir az mülayim desəm, arzuolunmazdı. Çünki həmin kitabların müəyyən hissəsində o döyüşçünün, o şəhidin, o qəhrəmanın bitkin oxucunun sevəcəyi, havalanacağı qədər əzəmətli obrazları canlandırılmayıb. Yəni ya xronikadı, ya tərcümeyi-haldı, ya da bir qucaq şəkil söz yığını. Müəllif şəhidin ailəsinin qapısını döyüb onun müəyyən vəsaiti ilə ortaya guya hansısa bir əsər, kitab qoyubdu. Əslində həmin əsərdi, o kitabdı, hər nədisə, həmin qəhrəmanın obrazının heç kəsilib atılan dırnağı da deyil. Bax, bunun da adamı incidən, narahat edən səbəbi, kitab yazmaq xəstəliyi asan yolla beş-üç qəpiyə sahib olmaq həvəsidi. Mən yenə deyirəm, bu cür kitaba, bu cür ucuz mənasız "yaradıcılığa" bizim şəhidlərimizin, bizim qəhrəmanlarımızın ehtiyacı yoxdu. Bu barədə hər kəs ciddi düşünüb, məsuliyyətli olsa daha yaxşı olar.

Bəli, indi gəlirəm mətləb üstünə. Neçə vaxtdır ki, Lerikdən ünvanlı bir kitab gəlib. Dəyərli söz adamı, əməkdar jurnalist Həmzə Vəliməmmədov göndərib o kitabı mənə. Çox nəfis şəkildə hazırlanıb, çox mükəmməl bir çap məhsulu olan bu kitab bir sənədli povestdən, xatirələrdən ayrı-ayrı mətbu orqanlarda çap olunmuş publisist yazılardan, sənədlərdən, fotoşəkillərdən ibarətdir. Açığını deyim ki, kitabın tərtibatı dərhal diqqətiimi çəkdi. Elə bir yaxşı nəşriyyat işi kimi, öncə onu vərəqlədim, fotoşəkilləri gözdən keçirdim. Sonra başladım oxumağa Ulu Öndərin şəhid qəhrəman polislərimizlə bağlı söylədiyi fikirdən kitabın ön səhifəsinə çıxarılmış iqtibas özü-özlüyündə bu kitabın kimdən bəhs etdiyinə artıq bir işarə idi. Həmçinin qəhrəmanın layiq görüldüyü "qızıl ulduz" medalının fotogörüntüsü vəsiqəsinin təsviri həmin o bilgini özü-özlüyündə möhkəmləndirirdi. Mən bu bilgilərin əlindən tutub bir yola düşdüm. Həmin yol Lerikə gedirdi...

Həmzə Vəliməmmədovun kövrək duyğulara köklənib qələmə aldığı povestin hər bir bölümündə qəhrəman pillə-pillə göz önündə böyüyür. Doğulduğu evdən, ailədən böyük Azərbaycana doğru bir şahin uçuşu edirdi. Özü elə bir yerdən ki, bu elin 140 nəfər övladı şəhidlik zirvəsinə yüksəlmiş, 5 oğlu isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. Məhz həmin övladlardan biri Valeh Əlizaid oğlu Müslümov idi.

Bir etirafı da edim ki, mən bu povesti oxuyana qədər qızıl ulduzlu qəhrəmanımız Valeh Müslümov barəsində çox azacıq bir bilgiyə malik idim. Ancaq əsəri oxuyub başa çıxandan sonra bu qəhrəmanımızı daha yaxından tanıdım və sözün böyük mənasında Həmzə müəllim öz qələminin və daxili yanğısının gücünə Valeh Müslümovun həyatını, döyüş yolunu, portret cizgilərini elə məharətlə işləyib ki, buna ancaq sözün yaxşı mənasında qibtə etmək olar. Bax, bu yerdə onu bir də vurğulayım ki, qəhrəmanlara bədii abidələri məhz belə ucaltmaq lazımdır ki, onların ucalığı hər tərəfdən görünsün.

Mən çox böyük maraqla oxuduğum bu kitabın heç bir faktını, heç bir səhifəsini oxucu üçün xırdalayıb təqdim etmədim. Bu da səbəbsiz deyil. Mən istəyirəm ki, qəhrəmanlarımızı, döyüşən oğullarımızı qəlbən sevənlər, tanımaq istəyənlər özləri arayıb axtarsınlar bu kitabı, özləri Valeh Müslümovun döyüş yoldaşı, silahdaşı olsunlar. Bu, həm onun ruhuna ehtiram olar, həm də bu kitabı oxuyan hər kəsin Vətən, torpaq sevgisini bir az alovlandırar...

O ki, qaldı Həmzə müəllimə, mən bu yaradıcılıq uğuruna görə onu təbrik edir, Valehi mənə yaxından tanıtdırdığına görə təşəkkür edirəm.

 

Ədalət.-2014.-19 noyabr.-S.5.