Möhtəşəm qadına illər
toxuna bilməz...
Həyatımızın müəyyən qismlərində
tanıdığımız və
tanımadığımız xeyirxah insanlar peyda olub bizi
pisliklərdən və ağrılardan xilas edir. Bir doğma, bir dost, bir səs...
Onun səsi və musiqiləri çoxumuzu
çətinliklərdən, acılardan xilas edib. Həmişə bizə əziz səs sahibi, gözəl
xanım, əvəzolunmaz Xumar Qədimovadı bu günkü
müsahibim.
-Səmimi olaraq deyə bilərsinizmi
oxuduğunuz mahnıların, musiqilərin insanlara sevgi dolu
anlar bəxş etdiyini bilmək, bunun fərqinə varmaq necə
duyğudur?
-Bütün
şöhrətpərəstlik hisslərindən uzaq olaraq
etiraf edirəm ki, bunu bilmək mənə ancaq xoşbəxtlik
bəxş edir. Hansısa şeiri oxuyub
özümü orda tapanda, fikirlərimi həmin şeirlərdə
görəndə sevindiyim kimi özünü mənim
mahnılarımda tapan insanların olması da məni
çox bəxtiyar edir. Əgər kimisə
sevindirə və ya kədərləndirə bilirəmsə
deməli nə isə edirəm.
İnsan var ki, onun üçün belə hisslərin əhəmiyyəti
yoxdur. Amma mən böyük hərflərlə deyirəm
ki, mən sənətimə sevgi və düzgün
yanaşma istəyirəm.
-Xumar xanım, ekrandan, səhnədən
sizi izləyən anlayan, qüsua axtarmayan ayıq
tamaşaçı həddindən artıq zərif və həssas
insan olduğunuz duyur. Belə xarakterlə qadın, üstəlik
müğənni, sənət adamı olmaq çətin
deyil?
-Əlbəttə
çətindi... Ümumiyyətlə, həssas
insan kimi yaşamaq asan məsələ deyil. Çünki, insan gün ərzində müxtəlif
vəziyyətlərə düşür. Birdən sevincli, birdən kədərli hallara
düşmək həssas insanlara məxsus xasiyyətdi.
Bu baxımdan çox çətindi belə
yaşamaq.
Amma qeyd etdiyiniuz kimi ayıq tamaşaçıların
olması mənə çox köməklik edir. Bilirəm ki,
mənim nə demək istədiyimi düşünüb,
qavrayır və olduğum kimi qəbul edir. Onlar yaşamaq üçün insana çox kömək
edirlər.
-İfa etdiyiniz bir çox
mahnıların musiqisini özünüz bəstələyirsiniz. Musiqinin yaranması necə baş verir.
İlk öncə musiqi yaranır, ya sözlər
musiqini yaradır?
-Təbii
ki, çox vaxt söz cəlb edir. Şeir
kitabını varaqladığım zaman hansısa şeir,
onun sözləri məni tərpədir və artıq
mahnı mənim içimdə yaranır. Amma bəzən də pərişan, kefsiz
vaxtımda musiqi yaranır. Müəyyən
zaman keçəndən sonra mən həmin musiqiyə
söz tapıb mahnıya çevirirəm. Gözəl
şeirlər, gözəl də mahnılar yaradır...
-Sizi hər şeir də cəlb
etmir. Xususən, azad, çılğın, sevgi dolu sözlərə
rast gəlirik mahnılarınızda. Ruhunuza
hansı şairlər yaxındır?
-Mikayıl Müşviq, Məmməd Araz, Rəsul Rza və.s. Çox sevirəm
bu şairlərin şeirlərini. Bir də
ki, Samirə xanım, mən bu fikrimi çox
vurğulamışam. Bir daha demək istərdim
ki, mən şairlə yox, şeirlə işləməyi
sevirəm. Tutaq ki, bu şeir filan
şairindirsə, mütləq ona musiqi bətələmək
kimi bir marağım olmayıb. Ola bilər ki, hardansa bir
parça şeir taparam, heç müəllifinin kim olduğunu bilmərəm. Amma
o şeirə mahnı oxuyaram. Yetər ki,
şeir olsun. Mənim fikirləşdiyimi,
düşündüyümü əks etdirsin,
özümü həmin şeirdə görə bilim.
-"Ruhunla
yaşayacağam” mahnınızda söylədiyiniz kimi
unudulmayan günləriniz, xatirələriniz çoxdurmu?
-Təbii
çox olub... Acısıyla, şiriniylə nəinki
unudulmayan, hətta ağrıdan xatirələrim çoxdur.
Xüsusən də keçmişlə
bağlı. Mən keçmişə,
uşaqlıq xatirələrimə çox bağlı bir
insanam. Saf uşaqlıq illərim çox
əzizdi. O illəri fikirləşəndə çox əziyyət
çəkirəm. Tez fikrimi
qarışdırıram ki, ağrılar məni üstələməsin.
Ona görə yox ki, mən uşaqlıda əziyyət,
çətinlik çəkmişəm. Əsla.
Sadəcə olaraq o şirinli, acılı
günlər ötüb keçdiyi üçün, xatirəyə
çevrildiyi üçün məni ağrıdır.
Çox olub ki, uşaq vaxtı mən qohumlarımın
evinə, nənəmgilə gedəndə gecənin bir
vaxtı yuxudan qalxıb ağlamışam ki, evimizə getmək
istəyirəm. Həmin uşaqlıq indi yenə də mənim
içimdə qalmaqdadır. İçimdəki
o balaca Xumar ağıllıdı. O, hələ də
balaca, keçmişə bağlı Xumardı.
-Dustaq olub sevmək
mümkündürmü?
-Sevgi
azaddır, əzizim. Sevgini dustaq və ya kiməsə
tabe etdirmək mümkün deyil. İnsan özü kiməsə
tabe ola bilər, amma sevgi üçün
bu sözlər keçərli deyil. Azad olmayan sevgi nəyinsə
xətrinə, hansına saxtakarlığa görə dustaq ola bilər. Amma azad sevgi dustaq ola
biməz.
-Bildiyimə görə siz mətbuatı
izləyən sənət adamlarındansınız. Hansı imzaları oxuyursunuz?
-Vaxt var
idi onlarsız qalmırdım. Elə pis öyrəşmişdim
ki, həmin qələm adamlarının yazılarını
oxumağa. Amma indi açığı o
qədər də vaxt qalmır izləməyə. Gənc yazarlardan daha çox Seymur Baycanın
yazılarını oxuyurdum. Başqa adlar
da var. Amma indi xatırlaya bilmirəm. Yəqin
ki, sonra yadıma düşəcəklər, pis olacam ki, niyə
onların adlarını xatırlamadım. Və bir də oxuduğum imzalar içərisində
təbii ki, çox sevdiyim İradə Tuncay imzası var.
İradə xanımın yazılarını,
kitablarını daima təkrar-təkrar oxuyuram. Hətta bacım hərdən görəndə ki, mən
yenə "Yol”, "Sarı odalar” kitabını oxumağa
başlamışam gülür. Bilirsiniz o kitablarda o qədər
məqamlar var ki, həm gülümsəyirəm, həm də
ağlayıram oxuduqca...
-Ənənəvi
sualımı vermək istərdim. Sizcə səhnə sənət
adamına nəyi bağışlamaz?
-Bilirsinizmi,
istər tamaşaçıların qarşısına
çıxdığımız, istərsə də
yaşadığımız səhnədə saxtakarlıq, xəyanət
bağışlanmazdı. Bir də
haqsızlığı nə səhnə, nə də həyat
heç kimə bağışlamır. Harda
olur olsun insan haqsızlıqdan uzaq durmalıdı. Səhnədən düzgün istifadə etməyi
də bacarmaq lazımdı. Kiminsə
haqqına girmək, riyakarlıq etmək doğru deyil.
-Xumar xanımın ömründən
keçən illər necə ötüb keçir? Nələrisə alıb aparır?
-Elə məhz
İradə Tuncaydan eşitdiyim sözləri demək istəyirəm
ki, möhtəşəm qadınların yaşı olmur. Lap heç sənət adamı olmasın, adi bir
qadın olsun, əgər o möhtəşəm
qadındırsa, illər ona toxuna bilməz, ondan nələrsə
alıb götürə bilməz.
Allah heç kimə pis günlər göstərməsin. Yəni bunu
özümə də arzulayıram. Təbii
ki, həyatdı yaşayırıq. İtirdiklərimiz
də olur. Bunlar bizdən yan keçmir.
Həmişə fikirləşirəm,
arzulayıram ki, nə olursa zamanında olsun, pis hadisələr
gec olsun. Yəni belə çətinlikləri
nəzərə almasaq bir qadın kimi, sənət adamı
kimi illər məndən heç nə aparmır. Çünki, sənət eşqi ki var, o insanı
daha da ruhlandırıb, gözəlləşdirir. Bir də
sizin kimi insanlar, sənəti başa düşən tamaşaçıların
müsbət enerjisi imkan vermir illərin nələrisə
aparmasına...
-Xumar xanım həm də güclü qadın təsiri bağışlayır. Güclü qadınlar isə əzablardan keçib güclənən qadınlardı...
-Mən deyim ki, lap keçmişə qayıdıb baxanda valideynlərimdən də çox razıyam. Yəni bizi heç zaman əziyyət çəkməyə qoymayıblar. Yaxşı ailədə böyümüşəm, onlar hər zaman məni qoruyublar. Yəni ailədə mən əzab görməmişəm. Lakin, xaraktercə həssas adam olduğumdan laqeyd qala bilmədiyim hadisələr məni bir az türklər demişkən yıprandırıb. Olub belə hallar bunu gizlətmək olmaz.
Həm də bilirsiniz mən elə
göründüyüm kimi güclü insan deyiləm. Zəif də
deyiləm. Zərif insanam. Ola bilər ki,
hansısa hadisədən qırıla bilərəm. Amma yenə də vurğulayıram ki, güclü
deyiləm. Sadəcə mən özünə
hörmət edən insanam. Yəni xudbin mənasında
yox, yaxşı mənada özümü sevirəm. Elə
adamlar da bir az güclü
görünürlər həmişə.
-Necə oldu ki, Xumar xanım,
dünyaya bir də gəlməyəcək qadının
olduğunu anladı. Bundan necə duyuq
düşdünüz?
-Musiqinin
sözləri bildiyiniz kimi Rəşad Məcidə aiddi. Rəşad bəy mənə bir neçə
şeirlərini oxumağa vermişdi. Həm
də belə bir arzu var idi ki, hansısa şeirinə musiqi bəstələyib
oxuyum. Mən də söz vermişdim ki,
inşallah şeirlərdən birini musiqiyə çevirəcəm.
Bir gün necə oldusa, mən həmin şeirlərin
içərisindən məhz bu şeiri seçdim. Bu şeirin isə orjinalda adı "nə mənim
dünyama, nə bu dünyaya” idi. Mahnı
bəstələnəndə isə mən adın məhz belə
olmasını istədim. Bunu heç yerdə
deməmişəm. İlk dəfədir
ki, sizə deyirəm. Çünki,
şeirdə həm sevgi var, həm də küsülülk
var. Və qadın haqlı olaraq qədirbilməzliyin
cavabı kimi bu dünyaya bir də gəlməyəcəyini
vuğulayır. Bu da bir çox
qadınların ürəyindən oldu. İndi
yəqin onlar da bu mahnını dinləyərkən həyat
yoldaşlarına, sevgililərinə ithaf edərək
düşünürlər ki, bir də onlar tək qadın
dünyaya gəlməyəcək.
Samirə
Əşrəf
Ədalət.-2014.-20 noyabr.-S.8.