Milli və canlı sənət
Cəfər
Cabbarlı-115
Cəfər Cabbarlının dramaturji yaradıcılığı təkcə məzmun, ideya cəhətdən deyil, eyni zamanda sənətkarlıq xüsusiyyətlərinə görə ədəbiyyat tariximizdə daha yüksək mərhələ təşkil edir. Dramaturgiyamızın ölməz,
nadir nümunələrini yaratmaqla yanaşı onu nəzəri-estetik
cəhətdən əsaslandırmağa çalışan
C.Cabbarlının bir ədib kimi orijinallığı hər
şeydən əvvəl onun cəmiyyətin həyatına,
milli varlığa, ictimai hadisələrə münasibətinin
yeniliyi ilə bağlıdır. Sənətkarın
yaradıcılığının müasirliyi, milliliyi, dil
koloriti, obrazların xarakterik mahiyyəti, yaradıcılıq
üslubu onun böyük istedadından, yüksək sənətkarlığından
xəbər verir.
Fikrimizcə, istər sənətkarlıq, istər
mövzu, istərsə də ideya baxımından
C.Cabbarlı bütün dövr və zamanlar
üçün həm oxunaqlı, həm də müasir olan
sənətkarlardandır. Ədib həyatda
baş verən hər hansı bir hadisəni dərindən
müşahidə edərək müxtəlif şəkildə
işıqlandırır. Sənətkarın
diqqətini həyatda baş verən ən aktual, ən
maraqlı, bəzən də heç kəsin bir o qədər
əhəmiyyət vermədiyi hadisələr cəlb edir.
Məsələn, "Aydın" əsərində
gənc mütəxəssisin həyatı çoxları
üçün maraq doğurmaya bilər. Lakin C.Cabbarlı bu əsəri ilə gənc
Aydının həyatının hamı tərəfindən
görünməyən yönlərini açıb göstərir.
Cəfər Cabbarlının zamandan güclü
istedadının sayəsində yaradılan obrazlarının
müsbət və mənfiliyindən asılı olmayaraq,
öz yeri, öz ideya-bədii funksiyası vardır və
onlar əsər boyu ədibin əyaniləşdirmək istədiyi
əsas ideyanın açılmasına xidmət göstərir.
Cəfər Cabbarlının qəhrəmanları yeri gəldikdə
özləri öz səhvlərini etiraf edir, ya da müəllifin
özü bu qəhrəmanların səhvlərini,
nöqsanlı cəhətlərini başqa obrazların dili
ilə açıb göstərməkdən çəkinmir. Bu zaman
C.Cabbarlı bir müəllif kimi təsvir etdiyi hadisələrə
öz münasibətini açıq-aşkar bildirmir, bitərəf
olmağa çalışır, qərar verməyi
oxucuların ixtiyarına buraxır.
Qəhrəmanın özünə tənqidi münasibəti
obrazın dialoji formada əksinin bariz nümunəsidir. Cəfər
Cabbarlının qəhrəmanları öz təzadlılıqları,
mürəkkəblikləri, bəzən öz-özlərini
inkar etmələri ilə səciyyələnirlər. Ədibin qəhrəmanları bəzən
çıldırmış təsiri buraxırlar və qəhrəmanı
bu hala təbii ki, cəmiyyət salır. Dərin
düşüncə və həssas qəlbə malik olan bu
obrazların bəzən də ikiləşməsinin
şahidi oluruq. Bu zaman həmin qəhrəmanların
daxili monoloqu onların həm də bir insan, bir şəxsiyyət
kimi açılmasında oxucuya yardım etmiş olur ki, bu da
C.Cabbarlı sənətkarlığının səciyyəvi
xüsusiyyətlərindəndir. Dramaturq
yaratdığı obrazları bütün məziyyətləri
ilə qarşımızda canlandırmaq üçün yeri
gəldikdə, belə daxili monoloqlara yer ayırır. Belə ki, daxili mülahizə və fikirlərini
açıb ortaya qoyan qəhrəman bəzən
qarşıdakı rəqibə, düşmənə, daha
geniş mənada cəmiyyətə haqq qazandırmağa
çalışır.
Cəfər Cabbarlı mövzuları həyatdan
götürməklə yanaşı keçmiş
zamanların tarixi hadisələrindən də səmərəli
bəhrələnməyi bacarmışdır. Ədibin
yaradıcılığı üçün əsas meyar təkcə
mövzu seçimi deyil, mövzunun hansı səviyyədə
qələmə alınması, süjet, obrazlar vasitəsilə
istənilən ideyanın oxucuya
çatdırılmasıdır. Azərbaycanın
sovetləşməsindən sonrakı dövrünün
ruhunu əks etdirən inqilabi çevrilişlər, sosializm
quruculuğu, kolxoz hərəkatı, qadın
azadlığı, kommunist beynəlmiləlçiliyi kimi
mövzular milli müstəqilliyinə qovuşmuş Azərbaycanın
elmi-nəzəri, mənəvi-ideoloji arsenalı ilə səsləşməsə
də, böyük sənətkarlıqla yazılan və
mühiti obyektiv əks etdirən əsərlər
şübhəsiz ki, zamanın və tarixin bədii faktı,
ədəbiyyatımızın tərkib hissəsi,
xalqımızın mənəvi sərvətidir.
Ədib
dramaturji yaradıcılığı üçün həyatın
müxtəlif sahələrini əhatə edən mövzular
seçirdi?insan azadlığı, teatr həyatı,
qəhrəmanlıq və s. Məlumdur ki, dram əsəri
üçün mövzuya uyğun süjetin seçilməsi
vacib amillərdəndir. C.Cabbarlı "Oqtay
Eloğlu" əsərində Oqtayın teatr yaratmaq arzusunu
süjet xətti kimi əsas götürmüşdür.
Bu əsərdə istifadə olunan ədəbi
priyomlardan biri də səhnə içərisində səhnə
yaratmaq Azərbaycan dramaturgiyası üçün yeni idi.
Əsərin mövzusu Azərbaycan teatr səhnəsinin
inkişafına həsr edilmişdir. Məzmunu Oqtayın, əsərin qəhrəmanının
həyatında baş verən hadisələrin
ardıcıllıqla təsviridir. Süjet xətti
isə qəhrəmanın başına gələn hadisələrin
bir-biri ilə əlaqəli şəkildə inkişaf
etdirilməsidir. Yəni Oqtayın səhnədə onun
oynadığı rolları sevə-sevə izləyən Firəngizlə
görüşü, Firəngizin onu sevməsi, Aslanın bu məsələdən
hali olması, Firəngizin qardaşının təkidi ilə
Oqtaya onu sevməməsini bildirməsi, Oqtayın sürgünə
göndərilməsi, sürğündən qayıdarkən
bacısı Sevəri görməsi, onun xatirinə Oqtayı
izləyən və yenidən teatr səhnəsinə gətirməyə
çalışan Xaspolad və Səmədə
razılıq verərək səhnəyə
çıxması, Tamaranın öyrədilərək
öz rolundan imtina etməsi, Firəngizin Oqtayı belə
ağır vəziyyətdən qurtarmaq üçün
Amaliya obrazını oynaması, Oqtayın onu Karlın
bıçağı ilə qətlə yetirməsi əsərin
əsas süjet xəttidir. Hadisələrin
bir-biri ilə əlaqəli, bağlı şəkildə nəql
edilməsi "Oqtay Eloğlu" əsərinin süjetinin
yüksək həyəcan və emosiya üzərində
qurulması əsərdəki hadisələrin ziddiyyətlərinin
ardıcıl qurulma formasından asılıdır. Yəni, sənətkar hadisələri yaradan səbəbləri
təsadüf üzərində deyil, labüd və lazımi
zərurət üzərində qurur. Düzdür,
yeri gəldikcə təsadüflərə də yol verilir.
Oqtayın sürgündən qayıdarkən
yolda bacısına rast gəlməsi, onu tanıması bir təsadüfdür.
Hadisələrdəki zərurət də
inandırıcı təsvir və təqdim edilir. Bir-birinə bağlanan ziddiyyətlər
reallığa uyğun yaradılmışdır. Hadisələrdəki düyün nöqtəsi
özündən sonrakı hadisələrin baş verməsini
labüdləşdirir.
"Oqtay Eloğlu" əsərində müəllif
müxtəlif təbəqəyə mənsub insanları təsvir
etmiş, lakin bu təbəqələri
qarşılaşdıraraq onlar arasındakı ziddiyyət və
eyniyyəti də real verə bilmişdir. C.Cabbarlı təbəqələr
arasında kəskin fərqin olmasına baxmayaraq, onun hər
birində müsbət və mənfi xarakterə mənsub
olan insanlar göstərməklə insanları hansı təbəqədən
olmasına görə deyil, daxili aləmlərinə,
mövqelərinə görə qiymətləndirməyi vacib
sayır. Ona görə də o, varlı
ailədən çıxmış Firəngiz kimi müsbət
obraz yaratmışdır.
C.Cabbarlı surətləri birtərəfli yox, hərtərəfli
əks etdirməyə çalışır. Onun müsbət
qəhrəmanları qüsursuz insan obrazları deyillər.
Dəyişən, özlərinə belə
aydın olmayan fikir və əməlləri onları adi
insanlardan ayırır. Mənfi
obrazları təsvir edərkən dramaturq onları pisliyin təcəssümü
kimi deyil, cəmiyyətin tələblərinə cavab verə
biləcək normal şəxslər kimi verir. Beləliklə də, ədib həyatdan
götürərək əsərə daxil edib təsvir
etdiyi obrazlarda obyektivliyi qorumağa çalışır.
Lakin onun əsərlərindəki müsbət
və nisbətən mənfi təsvir etdiyi surətləri
qruplaşdırsaq, görərik ki, onların hər biri
xüsusi psixoloji xüsusiyyətlərə malik olmaqla
yanaşı, həm də ümumiləşdirilmiş
xarakter və dünyagörüşünə də malikdirlər.
Əgər Oqtay öz psixoloji xarakterinə
görə Firəngizdən fərqlənirsə, bu, sənətkarın
fərdi xarakter yaratmaq qabiliyyətindən irəli gəlir.
Oqtayın Aslan bəydən və onunla
qarşı-qarşıya duran digər obrazlardan fərqli
planda təsvir edilməsi təbii haldır. Ancaq Firəngizin
Sevərdən, ümumilikdə isə bütün
obrazların bir-birindən fərqli formada yaradılması sənətkardan
yüksək profesionallıq tələb edir.
Aslan bəy Cəlil Məmmədquluzadənin İskəndər ("Ölülər") obrazından köklü surətdə fərqlənir. İskəndər bacısını sevən, onun mənafeyini hər şeydən, hətta öz arzularından belə artıq tutan, vətənini sevən, ailəsini cəhalətin pəncəsindən qurtarmağa çalışan müsbət surətdir. Aslan bəy isə əksinə, İskəndər kimi ali təhsil görməsinə baxmayaraq özünü, şəxsi mənafeyini ailəsindən belə artıq tutan, vəzifəsi, cəmiyyətdəki mövqeyi uğrunda ətrafdakı yaxşı insanların, o cümlədən bacısı Firəngizin də həyatını qurban verməyə hazır mənfi obrazdır. Belə bir xarakterə mənsub olan insanla faciə qəhrəmanı Oqtayın qarşı-qarşıya qoyulması sonda bədii əsərin tutumunu artırır. Bununla da, sənətkar faciə əsərində lazımi quruluşun yaradılmasına, surətlər arasındakı ziddiyyətin verilməsinə nail olur. Əsərin sonunda vətəni, xalqı üçün çalışan Oqtay daxili hisslərinin qurbanına çevrilir. Beləliklə də, faciəvi əsər öz bədii həllini tapmış olur.
"Oqtay Eloğlu" əsərində cəmiyyət, insanlar və onların bir-birinə münasibəti real təsvir olunmuşdur. Burada biz insanların səciyyəvi cizgilərinin əks etdirilməsinin şahidi oluruq. Oqtayın simasında romantik dünyagörüşə, xoş niyyətə mənsub insanların ümumiləşdirilmiş şəklini görürük. Əgər Oqtay təhsil görmüş obraz kimi cəmiyyətdə yaşayan aydın düşüncəli ziyalı ordusunu təmsil edirsə, həmin mühitdə əks hisslərlə yaşayan digər oxumuş, yüksək səviyyədə təhsil görmüş, lakin cahillikdən çox uzaqlaşa bilməyən insanları Aslan canlandırır. Oqtayın daxili aləminin oxucular üçün tam açılmasına Aslan bəy kimi obrazlar yardımçı olur. Oqtay kimi insanların tərəfində duran dramaturq əsərin ideyasının açılmasına da məhz belə obrazların yardımı ilə nail olur. Sənətkar arzuladığı həyatı əks qütblərlə mübarizədə üzə çıxarır. Öz qəhrəmanının simasında əsərin əsas qayəsini oxucularına çatdıran sənətkar bütün surətləri yaradarkən əsərindəki hadisələrin daha inandırıcı şəkildə bir-birini tamamlamasına çalışır. Onun yaratdığı obrazlar bəzən qarşı-qarşıya durur, bəzən eyni məqsəd və amal uğrunda mübarizə aparmalarına baxmayaraq daxili vəhdətdə verilir. Belə daxili vəhdət Cəfər Cabbarlının bütün əsərlərində qorunub saxlanılmışdır.
Dramaturqun "Solğun çiçəklər" əsərindəki Sara obrazı öz təmizliyi və zərifliyi ilə əsərdəki digər qadın surətlərinin əksidir. Ədib Gülnisə və Pəri kimi mənfur niyyətli insanlarla Saranın qarşılaşdırılması, öz müsbət qəhrəmanının zərif, onunla mübarizə aparacaq simaların daha güclü yaradılması ilə qəhrəmanının faciəsinin əsasının qoyur. Sara gücsüz, zərif, müti və eyni zamanda ləyaqətli, xeyirxah bir qızdır. O, pul düşkünü deyil, dünya nemətlərində gözü yoxdur. Onun üçün həyatda olan təbiilik, səmimiyyət ən böyük gözəllikdir, qəlbi güllərə, çiçəklərə bağlıdır. Çiçəklər qədər təravətli olan bu qızı amansız həyat zəhərləyir. Sara saralıb-solmuş zərif bir çiçəyə bənzəyir. Bu çiçəyi təbiətin şıltaqlıqları, soyuğu, qarı, tufanı deyil, ətrafındakı vəhşi təbiətli insanları məhv edir. Bəlkə də, Sara ögey anası Gülnisənin, doğma bacısı qədər sevdiyi Pərinin naxələfliyinə dözə bilərdi, ancaq heç bir zaman həyatı, varlığı qədər bağlı olduğu Bəhramın ona arxa çevirməsinə dözə bilmir. Bəhramın vurduğu yara gülnisələrin, pərilərin zərbələrindən qat-qat ağır olur. Saranın zərif çiyinləri isə bu ağır zərbəyə tab gətirmək gücünə malik deyildir. Saranı öldürən, məhv edən Gülnisə tipli mənfur qadınlar deyil, öz namərd sevgilisidir. Əsərin strukturu yüksək peşəkarlıqla həll edilmişdir. Əgər Sara Gülnisə və Pəri ilə mübarizədə məhv olsaydı, əsərin bədii təsiri yetərincə alınmazdı. O, məhz sevgilisi, yaxın sandığı əmisi oğlu tərəfindən vurulmalıydı. Saranın ölümünün məhz bu cür fabula üzərində qurulması əsərin uğurudur.
(Ardı var)
Ədalət.-2014.-20 noyabr.-S.6.