Lerik - dağların şəhəri

REGİON

 

 (əvvəli ötən sayımızda)

 

Yeni tədris ilində yeni inşa edilmiş Nücü, Vizəzəmin və əsaslı təmir edilmiş Mastayıl kənd tam orta məktəbləri müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 180 şagird yerlik Pirasora, Boykəndil, Ambu kənd tam orta, 80 şagird yerlik Əvilə kənd ümumi orta məktəblərinin tikintisi aparılır. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun vəsaiti hesabına Lerik şəhərində 100 yerlik uşaq bağçasının tikintisində işlər sürətlə davam etdirilir. Lerik şəhər 3 saylı tam orta məktəbinin dam örtüyü əsaslı təmir edilir.

2013-2014-cü tədris ili rayonun məzunları üçün uğurlu olmuşdur. 151 nəfər məzun, o cümlədən bu ilki məzunlardan 114 nəfəri, onlardan 38-i qız olmaqla ali məktəblərə, 234 məzun, o cümlədən bu ilki məzunlardan 192 nəfəri, onlardan 83-ü qız olmaqla orta ixtisas məktəblərinə qəbul olunmuşdur.

Qayğılar ünvanlı, tədbirlər isti,

sevinclər çox

 

Cənab Prezidentin tapşırığına uyğun olaraq imtiyazlı kateqoriyadan olan şəxslər, şəhid ailələri və Qarabağ əlilləri, Böyük Vətən Müharibəsi iştirakçıları, əlilləri, Çernobıl əlilləri, imkansız ailələr daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Ramazan bayramı və Qurban bayramı münasibəti ilə rayon sakinlərinə 2 tona yaxın ət və digər ərzaq bağlamaları verilmişdir. Şəhid və Qarabağ əlillərinin ailələri üçün toy mərasimləri keçirilmiş, gənc ailələr məişət avadanlıqları, mebellərlə təmin edilmişlər. Əliabad kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Gəray Hacıyevin yaşayış evinin əsaslı təmir edilməsi üçün rayon icra hakimiyyəti tərəfindən 3 min manata yaxın maliyyə vəsaiti ayrılmış, evin təmirinə başlanılmışdır.

Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 1066 nəfərin 5635 ailə üzvünə ünvanlı dövlət sosial yardımı, 3154 nəfərə isə sosial müavinət ödənilir. Keçən 9 ay ərzində mərkəzə 859 nəfər vətəndaş sosial yardım təyinatından ötrü rəsmi olaraq müraciət etmiş, 596 nəfər vətəndaşın 3088 nəfər ailə üzvünə yardım təyinatı aparılmışdır.

Keçən vaxt ərzində rayonun mədəni və ictimai həyatında da bir sıra yaddaqalan tədbirlər həyata keçirilmişdir. Xalqımızın milli bayramları, yeni il şənlikləri, Heydər Əliyevin anadan olmasının 91 illiyi, Respublika günü, 15 iyun Qurtuluş günü, ayrı-ayrı təşkilatlarda çalışanların peşə bayramları ictimaiyyət nümayəndələrinin, rayon ağsaqqallarının və sakinlərinin iştirakı ilə baş tutmuşdur.

Şair-publisist Ağacəfər Həsənlinin 60 iilik, əmək veteranı Ataxan Ağayevin 90 illik, 3 şöhrət ordenli, müharibə iştirakçısı Əli Hüseynovun 95 illik yubileylərinin, Azərbaycan Respublikasının ilk Milli Qəhrəmanlarından biri - Valeh Müslümovun anım gününün keçirilməsi rayon ziyalılarına, ağsaqqallarına, qəhrəmanlarına, rayonun inkişafında və tanınmasında müstəsna xidmətləri olan insanlara göstərilən diqqət və qayğının nəticəsidir.

Rayonda dini dözümlülüyün təmin edilməsi məqsədi ilə dini icmalarla əlaqəli işin qurulması təmin edilmişdir. Milli-mənəvi dəyərlərimiz olan dini ibadət yerləri, məscidlər və ziyarətgahların bərpası diqqətdə saxlanılmışdır. Lerik şəhər məscidində təmir-bərpa işləri aparılmış, yeni minarələr ucaldılmış, həyətinə asfalt döşənmişdir. Gürdəsər və Boykəndil kəndlərində xeyir-şər evləri inşa edilmişdir.

 

Diqqətə gedən yol

 

Rayonda aparılan abadlıq-quruculuq işləri, ictimai stabillik həmişə Azərbaycan Respublikası Prezidentinin diqqət və nəzarətində olmuşdur. Məhz bunun nəticəsidir ki, cənab Prezident tərəfindən rayon polis idarəsinin rəisi Hüseynəli Məlikov "Vətən uğrunda" medalı ilə, Pirasora kənd ərazi icra nümayəndəsi Əligüşad Xalıqov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Vizəzəmin kənd orta məktəbinin riyaziyyat müəllimi Nüşabə Əmirova isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2014-cü ilin 9 ayında rayon icra hakimiyyəti başçısı yanında Şuranın 23 iclası keçirilmiş, bu iclaslarda iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli 39 məsələ müzakirə edilmişdir. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokollarla rəsmiləşdirilmişdir.

Rayon icra hakimiyyəti başçısı aparatında 2014-cü ilin 9 ayında 979, keçən ilin müvafiq dövrünə nisbətən 137 az yazılı müraciət, o cümlədən Prezident Administrasiyasından 261-236 az müraciət daxil olmuşdur. Rayon icra hakimiyyəti başçısının qəbulunda 938 nəfər, ərazilərdə keçirilən səyyari qəbullarda isə 390 nəfər vətəndaş olmuşdur.

Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Qanunlarının, Prezidentin Fərman və Sərəncamlarının, göstərişlərinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının həyata keçirilməsi üçün tələb olunan bütün məsələlərin həllinə, yerli idarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinə və onların işinə gündəlik nəzarətə səy göstərilmişdir. Leriklilər Azərbaycan Respublikası Prezidentini əmin edir ki, dövlət tərəfindən qarşıya qoyulan bütün məsələlərin həlli istiqamətində işləri davam etdirəcək, Nazirlər Kabinetinin 08 oktyabr 2014-cü il tarixli iclasında qeyd olunan nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün daha əzmlə işləyəcək, bütün rayon əhalisini bir məqsəd - dövlətimizin möhkəmləndirilməsi və daha da çiçəklənməsi ideyası ətrafında birləşməyə çalışacaqlar.

 

Səxavət Məmmədli

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Ədalət.-2014.-21 noyabr.-S.7.