"O, HEÇ
KİMƏ YOX, ÖZÜNƏ BƏNZƏYİR"
ƏDƏBİ
HƏYAT
("Dünya, səndən
kimlər keçdi" silsiləsindən-İbrahim
Göyçaylı)
İbrahim Göyçaylı... Elə bilirəm, bu adı bir kimsə unutmayıb. Bir şair kimi, Azərbaycan Radio və Televiziya şirkətində 40 ildən artıq "külüng çalan", yaşından asılı olmayaraq hər bir qələm əhlinin yaradıcılığı, təzə nəşr olunan kitabları barədə verilişlər hazırlayan, onları studiyaya dəvət edib, müsahibələr aparan xeyirxah qələm dostumuz... Bu xeyirxahlığı kimin yolu Radionun Ədəbiyyat verilişləri redaksiyasına düşübsə, unutmayacaq. Amma İbrahim Göyçaylı özü də qələm əhli, tanınmış şair-publisist idi, yüzə qədər mahnı mətninin müəllifiydi. Müasir poeziyada özünəməxsus yazı tərzi, üslubuyla seçilirdi, fərqlənirdi. Qələm dostları və tənqidçi-ədəbiyyatşünaslar onun yaradıcılığına biganə qalmırdılar.
Xalq yazıçısı Anar İ.Göyçaylının "Sabahın sorağında" şeirlər kitabına yazdığı məqalədə deyirdi: "İbrahim Göyçaylı həmişə mənə saf, təvazökar, işgüzar bir ədəbiyyat adamı təəssüratı bağışlayıb. Amma onun şair ömrü iş-fəaliyyət ömrü kimi zərif, efir təmizliyi qədər şərəfli, mənalıdı. İbrahim Göyçaylının şeirlərində, yaradıcılığında mövzu və məzmun rəngarəngliyini, forma, vəzn, ritm, intonasiya uyarlığını, ifadə orijinallığını, sözə inam, obrazlılığın özünəməxsusluğunu müşahidə etdim. O, heç kimə yox, ancaq özünə bənzəyir... İbrahim Göyçaylı təmkinlidi, həlimdi, yaxacıranlardan deyil, qürurunu hər məqamda qoruyub, umacağına əyilməyib, iddiasız bir şair ömrünü sakitcə yaşayır".
Xalq şairi Söhrab Tahir isə yazırdı: "Şair İbrahim Göyçaylının şeir kitabını oxuyanda burdakı əsərlər, xüsusilə lirik və bəşəri mövzuda yazılan əsərlərdə insanların böyüklüyü, vicdanın ucalığı, ədalətin qələbəsi oxucuya bir növ təsəlli kəsilir. Bu poetik təsir nəticəsində həmin şair haqqında düşünəndə, onun yaradıcılığını təsəvvür edən sakit və mavi bir dəniz gözlərim önündə canlanır. Bu dəniz İbrahim Göyçaylının təqdim etdiyi poetik dünyadır, ləpələr isə onun ardıcıl ahənglə səslənən misraları".
Mərhum tənqidçi, professor Qulu Xəlilov "İbrahim Göyçaylı şeiri" adlı məqaləsində yazmışdı ki: "Göyçaylının çox az şeirini tapmaq olar ki, onun əsasında konkret bir fikir, ideya, həyat materialı dayanmasın. Bu fikir və ideyanı o, ritorik şəkildə deyil, sadə, canlı və obrazlı şəkildə ifadə etməyi sevir".
İlk şeirlərinin oxucularından biri də həmyerlisi, bənzərsiz şairimiz Əli Kərim olub. O, 1958-ci ildə İbrahimə belə bir kiçik məktubda yazmışdı ki: "İbrahim, şeirlərini oxudum. Fikrimi qısa da olsa, sənə çatdırmaq istəyirəm. "Laza yaylağında" adlı şeirin məni heyran elədi.
Bəzən uşaq kimi şiş qayaları
Dırmanıb, yaxama çiçək taxmışam.
Quşqonmaz təpədən Göyçaya sarı
Əlimi alnıma qoyub baxmışam.
Bilirsən, bu şeirdə neyləmisən? Həssas bir rəssamın aylarla işlədiyi, gözdən çəkilməyən əlini alnına qoyub baxan insanın parlaq lövhəsini yaratmısan. Elə bu şeirlə sən şairsən".
Neçə il öncə İbrahim Göyçaylı bir şeirində belə yazmışdı: "Mənim kəfənimdi bu yurdun qəmi". Torpaqlarının iyirmi faizi düşmən tapdağında olan bir yurdun şairi öz dərdini, kədərini ancaq bu sayaq ifadə edə bilərdi. Böyük Mirzə Ələkbər Sabirin bir misrasını da yada salaq: "Şairəm, əsrimin ayinəsiyəm". İbrahim Göyçaylı da məmləkətimizin başı üstünü qara buludlar alanda susa bilmədi.
Ey Vətən, alışdım könül ahından,
Hər dağın, hər daşın bir ah qoparır.
İllərin səfindən,
Yurd savaşından
Bizi bir qeyrətsiz günah aparır.
Mənim həyatımda göz yaşım ölkəm,
Sənsiz gözlərimin işığı qədər.
Bir söz tanımıram,
Bir söz bilmirəm,
Göydə günəş qədər işığı olsun,
"Vətən" kəlməsinin işığı qədər.
İbrahim Göyçaylının şeirlərində Zamanın və İnsanın obrazları var. Əslində, bu iki obraz bir obrazda təcəssüm edir. İnsan öz zamanına, zaman da öz insanına uyarlıdır. Zamanın təzadları, dövrün mürəkkəb olayları, insanlararası münasibətlərin açıq və gizlin qatları, Səməd Mənsurun şeirində deyildiyi kimi - "rəngdir" ab-havası İ.Göyçaylının şeirlərində də bütün rəngləri, çalarlarıyla görünür. İlk şeirlərindən ömürün son illərində yazdığı şeirlərinə qədər o, lirik şair idi, amma gözləri qarşısında baş verən hadisə və olaylara biganə qalmırdı, lirikaya bir publisistik ahəng də qoşulurdu. Bəli, o, lirik şair idi. Bu lirika gah həzin-həzin səslənir, gah dərdin, kədərin əlindən haray qoparır, gah da kövrək bir sevgi nəğməsi ilə diqqəti cəlb edirdi.
Çəkərəm dünyanın haqsız qəmini,
Ovunmaz günlərə ilim neyləsin?
Göylərdən ələndi dərd ki, yağış tək
Yanar ocağımda külüm neyləsin?
Yağan yağışlara isindi ahım,
Çəkildi özünə
Çəkildi ruhum.
Günahsız yol üstə nədi günahım?
Taleyi nigaran könlüm neyləsin?
O, İyirmi Yanvar faciəsini hamımız kimi sarsıntılarla yaşayıb.
Ümidimə yol gedirdim o gecə,
Mən tuş oldum İyirmisi Yanvara.
O çətin, o ağır
günlərdə hamımız
kimi ümidini itirmirdi:
Ey ulu ruhumuz, ey
ana torpaq,
Səbrin uca olsun bu
qəm-qüssədən.
Bir gün həqiqətin qalxar ayağa,
Bir gün öz haqqına
Çatarsan, Vətən!
Onun ədəbiyyata
gəlişi də qəribə olub. Bir xatirəsində yazır ki, Göyçay şəhərində - bizim
evin qarşısında
Sabir adına
gözəl bir park var idi. Mən dərslərimi
orda hazırlayırdım.
Günlərin bir günü
dərslikdə Vaqifin
"Durnalar" şeirini
əzbərləməli oldum.
Şeir məni ovsunladı, çox duyğulandırdı.
İçimdən belə bir şeir yazmaq arzusu keçdi və eynən o mövzuda, o biçimdə
mən də "Durnalar" şeirini yazdım. Onu ədəbiyyat müəllimimizə
göstərdim. Müəllim
bəyəndi və mənə "yaz" dedi, sən şair olacaqsan. Bu, bir təkan
oldu mənim şeir yazmağım üçün. ADU-nun filologiya fakültəsinə
daxil oldum. İlk şeirim də tələbəlik illərində
- 1957-ci ildə "Gəncliyin
səsi" almanaxında
çap olundu.
O, filologiya fakültəsini
1958-ci ildə bitirdi. İki il
bir neçə qəzetdə və jurnalda əməkdaşlıq
elədi, 1970-ci ildən
tam ömrünün axırına
kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
şirkətində çalışdı.
Universitet illərini həmişə
şirin bir xatirə kimi yada salır. Görün kimlərlə bir kursda oxumuşdu? Gələcəyin tanınmış
şairləri və alimləri ilə: Tofiq Hacıyevlə, Yaşar Qarayevlə, Şamil Salmanovla, Firudin Ağayevlə, Ağacavad Əlizadəylə,
Arif Səfiyevlə, Hüseyn Kürdoğluyla,
Vaqif Hüseynovla...
Familiyası Əsgərov idi, bəs Göyçaylı
təxəllüsü necə
yarandı (Deyirdi ki, 19-20 yaşlarındaydım. Bir gün
kitabxanada köhnə
qəzetləri vərəqləyirdim.
Gözümə böyük şairimiz
Rəsul Rzanın sənətə yenicə
gəldiyi dövrlərdə
çap edilmiş yazılarına sataşdı.
O, bu yazılarının
altında "Rəsul
Göyçaylı" imzasını
qoymuşdu. Fikirləşdim ki, indi Rəsul müəllim daha bu imza
ilə çıxış
etmir, artıq o, Rəsul Rzadır. Və mən "Göyçaylı"
təxəllüsünü götürdüm.
Onun təbiət
şeirlərinin əksəriyyəti
də öz gözəlliyini sanki Göyçay çinarlarından
alıb. İbrahim Göyçaylının təbiətə həsr etdiyi şeirlərində
əsas məqsəd insan hissləri ilə təbiət arasındakı harmoniyanı
əks etdirməkdir.
Buna görə də onun şeirlərində
sırf peyzaj görməzsiniz. Bu şeirlərdə
təbiətdə insan
hisslərinin bəlirtilərini,
insan-təbiət harmoniyasını
hiss edəcəksiniz:
Havası
dəyişdi ana torpağın,
Verdi insanlara payız
barını.
Saralıb budaqdan düşən
yarpağın
Duydüm ürəyimdə ağrılarını.
İslanmış yarpaqlar yerə
tökülür,
Ana təbiətin həvəsi
kimi.
İşəqlı-işıqlı gözə
görünür,
Hərəsi bir günəş zərrəsi kimi.
Yağışlı bir duman bürüyür məni,
Qərib nigaranlıq içimdən
keçir.
Gözünə-könlünə yığıb
qəmini,
Bizdən həsrət-həsrət bir
fəsil köçür.
O, çinarlar şəhəri
Göyçayda böyümüşdü.
Onun şair rübabı bu doğma torpaqdan
güc almışdı.
Həbibinin, Rəsul Rzanın, Ənvər Məmmədxanlının, Əli
Kərimin doğulduğu
torpaqdan. Harada çinar
görürdüsə, Göyçayın
çinarları yada düşürdü:
Göylərə baş vuran çinar,
Ay çinar,
Bir söylə, sən hara,
Bu yerlər hara?
Sənin
Göyçay kimi bir vətənin var,
Necə gəlib çıxdın
sən uzaqlara?
O, həm də gözəl sevgi şeirlərinin müəllifiydi.
Bu şeirlərində də o, özünəməxsus
idi. Heç vaxt sevgi kimi
ali, müqəddəs
hissə yabançı
olan misraları görməzsiniz onun şeirlərində. Sevgidən doğan
kədəri, ya sevinci təbii təsvir edirdi. Yaşanılan duyğuları
qələmə alırdı:
Nağıldı, nəğmədi,
Durnadı eşqim.
Deyirəm bu nurdan qalmasın heç kim.
Bütün hisslərimə indi
o, hakim,
Hissimə sevgisiz baxa bilmirəm.
Ruhuma, könlümə,
Şeirimə məlhəm,
Kərəm diləyirəm, bu eşqə kərəm.
Mən onu könlümə ömür bilirəm,
Bu günə heyrətsiz baxa bilmirəm.
Bəli, onun sevgi şeirlərində hərcayti hisslərlə, ötəri duyğularla rastlaşmadıq. İllər keçir, onun sevgilərlə yaşayan lirik qəhrəmanı yaşa dolur, ancaq qəlbindəki məhəbbət odu sönmür ki, sönmür.
Səpilər yollara payız sözlərim,
Sənin ayağına döşənmək üçün.
İbrahim Göyçaylı həm də şair-nəğməkar kimi tanınır. Onun çox şeiri mahnılarda əbədiləşib. Şeirlərinə C.Cahangirov, Ş.Axundova, E.Mansurov, N.Ə.Gəncəli və s. məşhur bəstəkarlar musiqi bəstələyiblər, o mahnıları Ş.Ələkbərova, Z.Xanlarova, İ.Rzayev, İlhamə, Y.Rzazadə, M.Əyyubova, A.Qasımov və s. gözəl ifaçılar oxuyublar.
Əlbəttə, bir kiçik yazıda on beşə yaxın şeir kitabının ("Dalğalar qoynunda", "Yadigar sözlər", "Gözlərinin işığında", "Qərənfil işığı", "Qoymayın qızları kədərlənməyə", "Ulduzlar nədən danışır", "Vaxt soruşsa", "Uzaq haraylara isinmir ürək", "Ümiddən uzun gecə", "Lirika", "Ümid yeri", "Yaşadığım bu dünya", "Fikrimin sabahı" və s.) müəllifi olan İbrahim Göyçaylının yaradıcılığını tam əhatə eləmək olmaz.
Ədalət.-2014.-22 noyabr.-S.15.