Kölgə obrazı
(Ramiz
Rövşənin yaradıcılığı haqqında)
(əvvəli
ötən şənbə
sayımızda)
Şair bəzən adi məhəbbət əhvalatlarını
ideallaşdırmaq üçün
həm klassik poeziya örnəklərinə,
həm insanın çağdaş həyat
tərzi, məişət
qayğılarının yaratdığı
sosial-psixoloji mühitə
əsaslanır. Sosial ədalətsizliyi təsvir etmək üçün mövzu seçiminə ehtiyac yoxdur. R. Rövşənin
sevgi şeirlərində
ictimai-siyasi zəmanə
daha aydın boyalarla rəsm edilir. "Ax, bu
qızın barmaqları
Bir üzük taxdı belinə. Qız idi, dinə bilmədim, İndi nə deyim gəlinə?!"
Nə vaxtsa barmaqla göstərilməyə layiq
bir sevgi dünyası tar-mar edilir.
Vəziyyət elədir ki,
sosial qrup üçün mövcud
şəraitdə qaneedici
hesab edilən, sənətdəki ideal poetik
dəyərlərlə isə
ziddiyyət təşkil
edən sayğısız
və etinasız mühitdə gəlinlik (ərə getmək) mərtəbəsində, yəni
romantik duyğuların
öləzidiyi ən
sönük nöqtədə
cəmiyyət özünü
abıra salır.
Qızın, gəlinin
və prokata qoyulan gəlinlik libaslarının indi yaxşı pula satıldığını
hər kəs gözəl bilir... Dastan yaradıcılığındakı toy və duvaqqapma ilə sonuclanan eşq iztirabları ilə müqayisədə,
təbii olaraq, izdivacla bitən müasir toy əhvalatları
daha faciəli görünür. "Öldür
məni, oynamaram bu toyda..." Lakin dünyada yaşayıb, onun işlərini yola vermək üçün "oynamaqdan"
başqa çıxış
yolu da qalmır.
Bu, həyatın tələbidir. Sənətin isə öz qanunları var. İctimai kədəri tərənnüm
edən şairin eşq ideallarının və sevgi əzablarının
poetik səviyyədə
gerçəkləşməsi üçün vüsala
yetməyin mümkünlüyü
müvəqqəti olaraq
istisna edilir, haçansa yaranacaq sivil dəyərlərə
qədər təxirə
salınır. Gələcəyin
azad, sivil qrup və icmaları,
əslində, azad,
"ədalətli" sevgi
ilə bütövləşən
saf, təmiz individual pozitiv resursların qeyd-şərtsiz olaraq bir yerə toplandığı,
hərdən lap "köhnə
kitablarının" içindən
"köhnə məktublar"ın
da tapıldığı
dünyada yaşamalı
olacaqlar. Arvad-uşaqdan
gizlin oxunan o sevgi məktubu nakam bir eşqin,
sevginin hekayətini yada salsa da, dünyada adam
olub qalmağın mümkünlüyünü də
sübut edir."Diksinərsən, boylanarsan
qapıya: "o kölgəni
arvad-uşaq gördümü?!"
Tez məktubu atarsan külqabıya, yandırarsan
hər sözünü,
sətrini". İnsanın ruhunu və zehnini ağır zərbələrə məruz
qoyan sərt və güzəştsiz
mental icma qanunları şəxsiyyət azadlığını
məhdudlaşdıran böyük
ictimai bəladır.
Onun məhəbbət ünvanlı
yazılarında icmaya,
kollektivə xas əxlaq və zəkaya etiraz üstünlük təşkil
edir. Ədəbiyyatdakı etirazlara baxmayaraq,
həyat öz reallıqları ilə davam etməyə qərarlıdır. "İctimai asayişi pozan" ideyaları yaymaq isə şairlərin əsas məşğuliyyəti sayılır.
Amma
"Sevənlər təklənir
bu yer üzündə".
4. Təklənmə
Bütün sevgilərin içində
məcnunluq var. Məcnun
olmaq təklənmək
deməkdir. Çoxluğun sevgi macəralarında
divanəlik axtarmağa
dəyməz. Divanəlik həm
də şairlikdir.
Şairlər təklənir. Təklik Tanrıdan gəlir. Poeziyada təklənmə istedad amili ilə əlaqəlidir. "Məndə
Məcnundan füzun aşiqlik istedadı var" deyən Füzuli həm də bu fikirdədir
ki, "risvay gərək həmişə
aşiq". Rüsvaylıq mərtəbəsində təklənməkdən
başqa çıxış
yolu olmayan aşiq üçün yeganə təsəlli yeri onun eşq
ucalığında qərar
tutmasıdır. Ramiz Rövşənin
lirik qəhrəmanı
da eşq zülmü və zilləti içərisində
nə qədər tək-tənha dolansa da, rüsvaylıq həddinəcən yüksələ
bilmir."Qorxdum,
qonşular görələr,
Buna min cür rəng
verələr..." Bunun əsas
səbəbi, görünür,
şeirdə ictimai pafosun çox yer tutması, R. Rövşənin real duyğulara
daha çox könül verməsi ilə bağlıdır.
Ümumən, deyə bilərik
ki, Ramiz Rövşən poeziyasında,
o cümlədən, nəsrində
kontekstdə klassik romantizmə istinad edən eşq konsepsiyası yer almaqla real həyatın əhvalatlarının panoramı
açılır. Bu reallıq çağdaş
dünyamızın konturlarını
da əhatə edə bilir. "Mənim balam, sən də təksən, Təksən,
yer üzündə təksən; Ay kimi gün kimi təksən,
Torpaqda dən kimi təksən, Çöldə külək
kimi təksən, canda ürək kimi təksən..." Vaxt ötdükcə, görünür, bu təklik adama daha çox lazım olur... İnsanın çoxluqdan qıraqda
qalması, təklənməsi
onun cəmiyyət daxilindəki fövqəladə
halı və statusu ilə bağlıdır. "Dünyada sevgi adlanan bu yükün
altında təksən".
"Süd dişinin
ağrısı" poemasını
oxuduqdan sonra yəqin edirsən ki, sevgi "bu yer üzündə"
vaxt, məsafə, səbəb və şərtlər nəzərə
alınmadan mövcuddur.
"Bu sevgidi, mənim balam, ömürlərdən uzun
cevgi. Bir əliylə beşikləri
yırğalayan, bir əliylə qəbirləri
qazan sevgi". Sevgi irfan əhlinin məziyyətlərindən biridir.
Boynunda sevgi yükünü daşımağa məhkum
edilənlər milyon adamın içində belə nə qədər tək qalsalar da, başının
üstündə bir kölgə onları bu "fəlakətdən"
xilas edə bilir. "Sənin kölgən düşür
burda hər şeyə; Bu evə-eşiyə,
yorğan-döşəyə...".Bu, sevgi adlı bir duyğunun və həmin sevgi əhvalatının əbədi xatirəsinin kölgəsidir. "Hələ bircə qarış kölgən qalıbsa, Mən qərib deyiləm, demək, dünyada".
Tək qalmağa məhkum olanlar həm də hərdən bu dünyayla barışmağa və ya ondan üz
döndərməyə bəhanəsi
olmayanlardır. Ölüm, ömür
də təkliyin əbədi nişanələridir.
R. Rövşən ömürdən
yazan şairdir. O,
"Bir az uzun çəkdi ömrüm, deyəsən"
ovqatı ilə də ölməyə yox, ayrı bir ruhani dünyaya,
necə deyərlər,
haqq dünyasına tələsdiyini bəyan edir. Həmin şeirdə bu dünyanın bir az ögey
və qəribliyinə,
bir sözlə, müvəqqətiliyinə işarə
edilir. Minnətli olsa da, az, ya çox
yaşamağından asılı
olmayaraq bu dünyaya bağlılıq
allahdan gəlmə hisdir. "Gücüm
çatmır bu dünyadan getməyə".
Zaman-zaman şeirimizdə
hiss, duyğu qıtlığı
yaşanıb. Bu defisiti
ört-basdır etmək
üçün intellektual
şeir, prozaik şeir və s. adlarla təsəlli tapmalı olmuşuq. İntellektuallıq bədii mətndə
arxa planda yer almalıdır. Füzuli demişkən, elm divarın
bünövrəsinə hörülməlidir.
Şeir mətni həyəcanlandıran
qaibanə səslənişlə,
poetik sıçrayışlarla
oxucunu heyran edə bilər. Onun mahiyyəti barədə düşünmək sonranın,
gələcəyin işidir.
Ən çox sevdiyimiz bir şeirin, həm də dərin fəlsəfəsi
olan şeirin yazılması üçün,
görünür, bir
küskün ovqatın
da içinə düşməlisən. "Bir az uzun çəkdi ömrüm, deyəsən,
Deyəsən, dostlar da darıxdı bir az". Ovqata giriş
bu iki misradan
başlayır. Deməli, bir
həyat fəlsəfəsini
yoluna qoymaqdan ötrü belə bir ömür həyəcanını yaşamalısan.
"Məni yedirtməkdən
yoruldu dünya, çörəyi yoruldu, suyu yoruldu. Məni gəzdirməkdən bezdi
yolları. Gözümə baxmaqdan göyü yoruldu..."Bax dünyanın belə işləri varmış.
Dünya
ilə insan arasında təmənnalı,
təmənnasız münasibətlər
varmış. Bu cür minnətli "sazişlərlə" bu
dünyada, əslində,
yaşamağa dəyməz.
Daha çox ona görə dəyməz ki, "dostlar da birtəhər baxır üzümə".
Amma dünya da qələt
eləyir. Dünyadan getmək
adamın öz əlində deyil. Yerin-göyün də sahibi
var. "Bu dünya Dərbənd
qalası, Nə yolu, nə yolağası,
Qardaşım, atam balası, gücüm çatmır bu dünyadan getməyə".
Nizamidən bu yana dünyanın
əgər-əskiyi haqqında
çox yazılıb
və hər kəs həyatın faniliyi və əbədiliyindən bəhs
edərək öz üslubunu və dəst-xəttini qoyub gedib. Ancaq bu
tanış fəlsəfənin ən
unikal poeziyasını
yaradanlardan biri Ramiz Rövşəndir. Ömrün uzun sürməsi xəbərdarlığı yaşamağın
fəzilətlərini adamın
yadına salır, nəticədə zamanın
özüylə rəftar
və davranışlara
korrektələr etməli
olursan. Məsələn, şair olmağa
gücü çatmayanlar
bu dünyanın çörəyini şair
kimi yeməli deyillər. Bəlkə, onlar, məsələn,
qalayçılıq peşəsinə
yiyələnsələr, yaxşı
olar və dünyadan daha halallıqla, həm də daha çox
ruzi qazana bilərlər.
(ardı gələn
şənbə sayımızda)
Ədalət.-2014.-22 noyabr.-S.12.