Laboratoriyalardan meydanlara
Nuridə Quliyeva "Ruhlandır!
Öyrət! Əyləndir!"
devizi ilə keçən
Bakı Elm Festivalının böyük
maraqla qarşılandığını deyir
Noyabrın 10-u və
11-də Azərbaycan paytaxtında mühüm
bir tədbir baş tutdu. Qafqazda ilk dəfə keçirilən Bakı Elm Festivalı Azərbaycan alimlərinin elmi nailiyyətlərinin təbliği, gənclərin
elmin müxtəlif sahələrinə
marağını artırmaq baxımından əhəmiyyətli
hadisə oldu.
Bakı
Elm Festivalının rəhbəri, Azərbaycan
Milli Elmlər Akademiyası Rəyasət
Heyəti Mərkəzi Aparatının Təhsil Şöbəsinin
müdiri, tarix üzrə
fəlsəfə doktoru Nuridə Quliyeva ilə söhbətimizdə tədbirin
missiyası, görülən işlər və yekunlar barədə danışdıq.
Müsahibimiz ixtisasca şərqşünasdır, 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir. AMEA Rəyasət Heyətində müxtəlif vəzifələrdə çalışıb, indi isə yeni yaradılan təhsil şöbəsinə başçılıq edir. Ərəb, ingilis, rus dillərində sərbəst danışır.
Nuridə
xanım söhbətə elm
festivallarının tarixinə ekskurs etməklə
başladı:
- Elm festivalları keçirmək ideyası XIX əsrin əvvəllərində yaşamış ingilis alimlərinə məxsusdur. Həmin dövrdə İngiltərədə alimlər öz laboratoriyalarında elmi fəaliyyətlərini davam etdirir, yeni kəşflərə və ixtiralara imza atırdılar. Lakin çox zaman cəmiyyət onların bu işlərindən xəbərsiz qalırdı. Alimlər elmi nailiyyətlərini sıravi insanlara çatdırmaq üçün yollar axtarırdılar. Nəhayət, maraqlı bir üsul tapırlar və qərara gəlirlər ki, laboratoriyalardakı iş masalarını, stulları meydanlarda qursunlar. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra alimlər cəmiyyətin müxtəlif təbəqələrinin, adi insanların, gənclərin onların elmi işləri ilə maraqlandıqlarının şahidi olurlar. Artıq cəmiyyətin diqqətini cəlb edən alimlər elm festivallarını ənənəvi olaraq keçirməyə başlayırlar. İngiltərədə yaranan bu ənənə tədricən qonşu ölkələrə, dövlətlərə yayılır. "Ruhlandır! Öyrət! Əyləndir!" devizi ilə İngiltərədə yaranan elm festivalları artıq Almaniyada, Fransada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində keçirilir və böyük maraq doğura bilir. Amerika Birləşmiş Ştatlarında da bu festival uğurla təşkil edilir və okeanın o tayında Elm Festivalının baza təşkilatı da yaradılıb.
- Maraqlıdır ki, "Ruhlandır! Öyrət! Əyləndir!" devizi bu gün də aktuallığını qoruyub saxlayır...
- Biz də bunu nəzərə alaraq ilk dəfə keçirilən Bakı Elm Festivalı üçün məhz bu devizi seçdik.
- İngilislərin
yaratdığı və dünyanın müxtəlif ölkələrinə
yayılan bu tədbirin ölkəmizdə
də keçirilməsinin təşəbbüskarı kim oldu?
- Bayaq dediyim kimi, dünyanın müxtəlif ölkələrində uğurla təşkil olunan və maraqla qarşılanan Elm Festivalının Bakıda da keçirilməsi təşəbbüsünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir. Akif Əlizadə görkəmli alim olmaqla yanaşı həm də bacarıqlı elm təşkilatçısıdır. Hörmətli akademikimiz Milli Elmlər Akademiyasının prezidenti seçiləndən sonra bu elm məbədində başlanan islahatlar, görülən işlər göz qabağındadır. Azərbaycanın elmi potensialının gücləndirilməsi, elmin populyarlaşdırılması, gəncləri elmə təşviqi, elmin dövlət və sənaye sektorları ilə təmasının gücləndirilməsi akademik Akif Əlizadənin AMEA prezidenti kimi fəaliyyətinin əsas prioritetlərindəndir. Ona görə də akademik Akif Əlizadə ölkəmizdə belə bir festivalın keçirilməsində çox maraqlı idi. Akademiya prezidentinin tapşırığı ilə dünyanın müxtəlif ölkələrində keçirilən elm festivalları ilə maraqlandıq, onların təcrübəsindən yararlanmağa çalışdıq. Bakı Elm Festivalının rəhbəri kimi mən özüm son iki ildə Lomonosov adına Moskva Dövlət Universitetinin təşkil etdiyi analoji festivalda iştirak etmişəm və xeyli təcrübə toplamışam. Yeri gəlmişkən, onu da deyim ki, MDB məkanında Bakı Rusiya paytaxtından sonra belə bir nüfuzlu festivalı keçirən ikinci şəhər oldu. Bakı Elm Festivalı Qafqazda ilk belə tədbirdir.
Çox sevindirici haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Bakı Elm Festivalı keçirmək təşəbbüsünə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti də qoşuldu və bu dövlət qurumları tədbirə təşkilati dəstək verdilər. Dövlət Neft Şirkəti və "Azercell" isə Bakı Elm Festivalının sponsoru kimi çıxış etdilər. Fürsətdən istifadə edib qəzetiniz vasitəsi ilə həmin qurumların rəhbərlərinə, tədbir günlərində bizimlə birgə çalışan əməkdaşlarına minnətdarlığımı bildirmək istərdim.
Bir məsələni də vurğulasam məncə yerinə düşər, festivalın keçiriləcəyi ilə bağlı xəbər mətbuatda dərc olunan kimi digər nazirliklərdən, dövlət orqanlarından və özəl şirkətlərdən bizə müraciətlər gəldi və gələcəkdə belə tədbirlərin keçirilməsinə dəstək olacaqlarını bildirdilər. Bu faktın özü cəmiyyətimizin Bakı Elm Festivalına necə böyük maraq göstərdiyini bir daha sübut edir.
- Bakı Elm Festivalının məqsədlərindən
biri də gənclərin elmə
marağını artırmaq idi. Gənclərimiz
bu festivalı necə
qarşıladılar?
- Bakı Elm Festivalının açılış mərasimi cəmiyyətimizin bu tədbirə necə böyük maraq göstərdiyini əyani sərgilədi. Təsəvvür edin ki, iki saat öncədən zaldakı bütün yerlər tutulmuşdu, sanki hamı bu mərasimdə iştirak etmək, aparılan söhbətləri dinləmək istəyirdi. Məlum olduğu kimi, Azərbaycan günü-gündən inkişaf edir, bütün sahələrdə uğurlar qazanılır. Bütün bunlar da əhalinin həyat şəraitinin yaxşılaşmasına gətirib çıxarır. Təsadüfi deyil ki, insanlar, xüsusi ilə gənclər elmə maraq göstərməyə başlayıblar. Təsəvvür edin ki, 12 fərqli məkanda keçirilən Bakı Elm Festivalında əsl anşlaq yaşandı. Gənclərimiz festival çərçivəsində keçirilən müxtəlif tədbirlərə - dəyirmi masalara, müzakirələrə, sərgilərə, ekskursiyalara maraq göstərir, həvəslə iştirak edirdilər. Deməli, gənclər belə bir festivalın keçirilməsini çoxdan gözləyirmiş. Azərbaycan Milli Elmlər Akademiyası Bakı Elm Festivalı vasitəsi ilə cəmiyyətə bir əl uzatdı, cəmiyyət və xüsusi ilə gənclərimiz bu əli mehribanlıqla və səmimiyyətlə sıxdı.
- Deməli, Bakı Elm Festivalının ənənəvi keçirmək olar...
- Bayaq qeyd
etdiyim kimi, festival paytaxtımızın 12 məkanında
baş tutdu. Bu, elm festivalları
tarixində görünməyən bir
hadisədir. Akademiyanın prezidenti,
akademik Akif Əlizadənin
tapşırığına əsasən növbəti
festivalı təkcə Bakıda deyil,
Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə
də keçirəcəyik. Çalışacağıq ki, bu tədbir Bakı Elm Festivalı çərçivəsindən
çıxaraq bölgələrimizi də əhatə etsin. Belə deyək də, Bakı Elm Festivalı başa
çatıb, Azərbaycan Elm
Festivalının hazırlığına isə start verilib.
Ədalət.-2014.-22 noyabr.-S.9.