ARİF ABDULLAZADƏ
("Ədəbiyyatımızın
cəfakeşləri" silsiləsindən)
Cəmi 62 il ömür
yaşadı: 1940-2002. Doğuldu Şəkidə,
öldü Bakıda. ADU-nun
filologiya fakültəsini bitirdi
və 1961-ci ildən ta ömrünün
axırına qədər, iki il Türkiyədə tərcüməçi
kimi çalışdığını
nəzərə almasaq, bir
iş yeri oldu-Nizami adına Ədəbiyyat institutu. Kiçik elmi işçi kimi işə başladı, şöbə
müdirliyinə qədər yüksəldi.
Söhbət Arif Abdullazadədən gedir. Şair-nasir-dramaturq və alim Arif Abdullazadədən. Yəqin ki, o, çoxlarının yadındadır, onu unutmayıblar.
Ziyalı ailəsində dünyaya göz açmışdı. Şeirə-sənətə uşaqlıqdan marağı vardı. Sonralar bu maraq qarşısıalımaz bir duyğuya, sonra da həyatının məramına çevrildi. Arif Abdullazadə bu dünyaya şeir yazmağa, minillik Azərbaycan poeziyasında öz şair mənini təsdiq etməyə gəlmişdi və bu arzularını da həyata keçirdi.
O, şeirə çətin yollardan keçib gəlib. Oxuyub, öyrənib, ustadlardan poeziya dərsləri mənimsəyib, ondan sonra qələmə əl atıb, ürəyindəkilərini ağ varaqlara həkk edib. Yazırdı ki: "İlk şeirimi nə vaxt yazdığımı heç cür xatırlaya bilmirəm. ...Ancaq şeirlə nəzmin fərqini, sövqi-təbii xeyli əvvəl hiss etmişəm". Poeziya Arif Abdullazadənin fikrincə, "daha çox həyatın insan qarşısında qoyduğu suallara cavab axtarmaqdan ibarətdir. Daha doğrusu, o konkret cavablar, yəni nadir tapıntılar aləmidir". Bir yazısında isə belə bir misal gətirir: "Pablo Neruda özünün həyatına "Son sözü"ndə - memuarlarında yazır: "Öləndə söz içində dəfn edin məni". İlk baxışda bir qədər qəribə görünə bilər bu "vəsiyyət". Çünki şeir yazmaq (və ümumiyyətlə bədii yaradıcılıq), daha dəqiq desək, söz üzərində iş son dərəcə əzablı bir prosesdir". Arif Abdullazadə də bu mənada sözə məsuliyyətlə yanaşan bir şair idi. Onun "Arzular", "Könüllərin dünyası", "Hər yerdə, hər zaman", "Ana dünyamız", "Sevin Azərbaycanı", "Səninlə sənsiz", "Bəxtimizin kitabı", "Seçilmiş əsərləri" şeir kitabları da poetik axtarışlarının bəhrəsiydi.
Arif Abdullazadə altmışıncı illərdə ədəbiyyata gəlmişdi. "Altmışıncılar", o cümlədən, Arif Abdullazadə ədəbiyyata yeni fikir, yeni ideyalar gətirməyə, şeirin standart, artıq şablon halına keçmiş təsvir vasitələrindən imtina etməyə can atırdılar. Onun şeirlərində də F.Qocanın, Ə.Kərimin, F.Sadığın, İ.İsmayılzadənin, Ə.Salahzadənin, V.Səmədoğlunun şeirlərində olduğu kimi həyat və insanlar, dünya, kainat və planet, təbiət, sevgi haqqında yeni poetik düşüncələrlə tanış oluruq. O, "Altmışıncılar" adlı şeirində sanki bu ədəbi nəslin məramını açıqlayırdı:
Dünyanın səsləşmə qanunları var,
Onun bu başında günəş doğanda,
O başda qatarda ulduzlar yanar.
Beləcə doğuldu 60-cılar.
Ömrünün, yurdunun səmalarında
Beləcə boy verdi
60-cılar.
Zamanın yarılmaz qayalarında,
Başlarına düşən qara
daşlardan
ucaldı onlar.
Qəlblərini dələn söz
yağmurundan
Təptəzə sözlərlə öc aldı onlar.
bu sözlər əl-ələ, dil-dilə
verib
Müzəffər yürüşə döndülər bir gün,
Söz-sözə qovuşub bayraq
yaratdı,
Əsl çevrilişə
döndülər bir
gün.
Onun şeirləri
fikirlə hissin, ürəklə beynin, ağılla hissiyyatın
vəhdətindən yoğrulmuşdu. Əslində, elə əsl şeir bu biçimdə,
bu sistemdə olmalıdır. O, Vətən
haqqında yazanda da, sevgidən, təbiətin gözəlliklərindən,
qəlbinə təsir
edən hər hansı hadisədən söz açanda da bu vəhdətə
həmişə əməl
etmişdir. Məşhur
bir şeiri vardı: "Sevin Azərbaycanı". Azərbaycana
sevgilərlə dolu olan bu şeir
təmtəraqdan, pafosdan,
qışqırıqdan uzaq
idi:
Sevin Azərbaycanı,
tozundan, küləyindən
hərdənbir bezsəniz
də
Əhmədi, Məhəmmədi
Məni,
bizi, onları
Sevə
bilməsəniz də
-
Sevin Azərbaycanı!
Onun şeirlərində
Zamanla, Əsrlə, Tarixlə üz-üzə
dayanan XX əsr insanının monoloqları
səslənir. Suallar çoxdur, amma
bu sualların cavabları da var. "Harda yaşamışdım
milyon il qabaq, niyə iki taxta bölünür
həyat? Niyə ömürlərin
qəfəsi dardır,
bu qəfəsdən çıxıb uçacağımız
dünya hardadır?"
Şairin
"Ulduzların karvan
yolu" poeması əslində, onun bütün ömrü düşündüklərinin yekunudur-bu poemada şair filosofluq eləmir, amma yaşadığı ömürlə
dünyanın olub keçmişləri, ara insanın tükənməyən arzuları
ilə ömrünün
qısalığı arasında
bir uyarlıq axtarır. İnsan hər zaman özünü tənha
hiss edir, elə ulduzlar da. "Tənhalıq dünyanın
ilk möcüzəsi"dir. İnsan yaşadığı
dünyada sevinc də görür, kədər də. Ədalət
də görür, ədalətsizlik də.
Amma yaşayır və yaşamaqdan doymur. Bəs dostluq necə? "Dostluq adam
tanımağın ilk yolu"dur,
"Dost üzdəki təbəssümün
izidi". Və bu poemada İnsan Tanrıya üz tutur. Sanki ömrü boyu
mahiyyətinə vara bilmədiyi sirlərə baş vurmaq istəyir. Allah isə susur. Çünki: "Bütün
bunlar məndən sonra olandı". Tanrıdan cavab gəlməyincə İnsan
düşünür ki:
Tanrını da bilə-bilə yaratdım.
Yaratdığım birmi, beşmi, İlahi,
Bəlkə buymuşən birinci günahım.
Bu nədir? Tanrıya asi olmaqmı?
Yox, bu İnsanın öz içində yaratdığı Tanrıdır.
O Tanrı isə Göy üzündən bizə boylanır:
Dünyaların dərd-sərini,
Dayazlarda
da dərini,
Zamanların hər sirrini,
Səndən aldım mən, göyüzü.
Vaxtdı,
söyləsəm düzünü,
Açsam ömrün gündüzünü,
Mənə Yerin içüzünü
Sən göstərdin,
sən, göyüzü.
Arif Abdullazadənin
"Anasız dünyamı"
silsiləsindən olan
şeirləri də ana haqqında, ana itkisi barədə
poetik düşüncələri
əks etdirir. Bu şeirlərdə anasızlığın
həssas bir ürəkdə necə qövr etdiyinin şahidi oluruq. Hiss olunur ki, şair
üçün ana itkisi adi itki
deyil. Əslində o, bu itki ilə özü də nələri itirib.
Yurdun o başında yaşıl
talada,
Üstünü baharda şəfəqlər
yuyan,
Təptəzə bir ana məzarı
yaşar.
Arif Abdullazadənin
şeir və poemalarında bir Tənha Şair obrazı var. Bu "Tənha
şairlərin doğum
günləri Ömrün
açılmamış izindən
keçir, Tənha şairlərin tənhalığı
da Özünə tuşlanır, özündən
keçir". Bəs böyük şəhərlər
necə? On minlərlə,
yüz minlərlə
insanı ağuşuna
alan böyük
şəhərlərin də
şairlər kimi böyük dərdləri
var.
Böyük şəhərlərin böyük dərdləri
Böyük körpülərin altından
keçir.
Bu dərdlər şəhərli
vətənsizlərin
Bəxtinin yeddinci qatından keçir.
Böyük şəhərlərin böyük yolları
Vətəndən Vətənə qürbət
daşıyar.
Ümumiyyətlə, Arif Abdullazadəni bir şair kimi
səciyyələndirmiş olsaq, vaxtilə dəbdə olan "fikir şairi" adlandıra bilərik. Hər bir
şeirində o, mətləbi
müəyyən və
konkret bir fikir üzərində qurur. Amma bunlar heç
də filosofluq etmək iddiasından gəlmir. Əgər o fikir səni
də düşündürürsə,
sən onun axarına düşürsən.
Adi təbiət lövhələrində də,
sevgi şeirlərində
belədir:
Meşələr də dəniz kimi,
Meşələr də göl kimidir.
Ruzigarın əllərində
Meşələr də dalğalıdır,
ləpəlidir.
Bu adi peyzajdan sonra
biz əsl mətləbə
yetirik:
Əsl dəniz
Dolub-daşan həvəsiylə,
Hər dalğası şaha qalxan həmləsiylə
Bu dünyanın öz-özüylə
davasıdır,
İnsanın ilk yuvasıdır.
Arif Abdullazadənin
poeziya haqqında düşüncələri də
maraqlı idi. O yazırdı:
"Yazılarımı həm
heca, həm də sərbəst vəznlərdə yazıram.
Vəzni
şeirin özü gətirir. Əksər hallarda hər
şey ilk misradan başlanır (həm də təkcə vəzn baxımından yox). Cəmi bir misradan, ani bir fikir
qığılcımından yaranan şeirlər də olur. İlk baxışda qəribə
görünsə də
sərbəst vəzndə
yazılan şeirlər
mənə daha çətin başa gəlir. Çünki məncə, sərbəst
vəznin daxili qanunauyğunluqları, ahəng
sistemi, ölçü
və qafiyə prinsipi daha mürəkkəb
yollardan keçir.
Ondakı daxili eniş-yoxuşlar, adi bir mahnıdan fərqli olan "simfonik" özünəməxsusluq,
kökləri Orxan-Yenisey,
Gültəkin və Dədə Qorqud abidələrindəki poetik
mətnlərdən gələn
türkdilli şeirin prinsipləri müasir Azərbaycan sərbəstinin
əsas vəzn xüsusiyyətlərini əyani
şəkildə təyin
edə bilər-bizim sərbəst şeirimiz başqa millətlərdə
olan və xüsusi qafiyə prinsipinə əsaslanmayan
ağ şeir (belıy stix) və verlibrdən əsaslı şəkildə
fərqlənir".
Öncə qeyd etdik ki, Arif Abdullazadə həm də nasir, dramaturq və alim idi. O, nəsrə səksəninci illərdə başladı. Özü də birbaşa romandan. "Bir ovuc torpaq" romanı bir qürbətkeşin həyatını əks etdirir. "Duyum" və "Sınaq kürəsi" romanlarında isə o, müasir insanın intellektual düşüncələrini ön plana çəkir. "Qanlı yaddaş" romanı isə 20 yanvar hadisələrinə həsr olunmuşdur.
Arif Abdullazadənin bir neçə pyesi də var və bunlar onun yaradıcılığında əhəmiyyətli yer tutmadığı üçün o haqda söz açmağı lazım bilmirik. Ancaq o, elmi fəaliyyətində bir sıra uğurlar qazandı, namizədlik və doktorluq dissertasiyaları elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Xalq şairi Rəsul Rzaya, onun ömür və sənət yoluna həsr etdiyi "Od nə çəkdi" monoqrafiyası sanballı bir əsərdir. Bu monoqrafiyada Rəsul Rza şeirinin özəllikləri nəzəriyyəçi-alim bucağından dəyərləndirilir. İlk dəfə sərbəst şeirin poetikasından söhbət gedir. Rəsul Rzanı dünya poeziyası ilə əlaqələndirən məqamlar nəzərə çarpdırılır. Rəsul Rzanın Azərbaycan poeziyasına gətirdiyi yeniliklər, novatorluq meylləri və onun poetik məktəbi elmi dəqiqliklə şərh olunur. Arif Abdullazadənin "Şairlər və yollar" monoqrafiyası isə daha maraqlıdır. İlk dəfə olaraq Arif Abdullazadə bu əsərdə Azərbaycan şeirinin üslublarından sistemli şəkildə söz açır: Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, Nəbi Xəzrinin, Əhməd Cəmilin, Əli Kərimin fərdi poetik üslubları nəzərdən keçirilir. Bundan başqa onun "Şair Cəfər Cabbarlı", "Novatorluq və üslub" monoqrafiyalarını da xatırlatmaq olar.
Arif Abdullazadə kitabına yazdığı "Son söz"də deyirdi: "Ən böyük arzum yurdumuzun əbədi şeir kitabında heç olmasa bir misraya çevrilməkdir:
Yurdun kitabında sətinə dönsən,
Həm bu gün, həm sabah, həm də dünənsən".
O, bu arzusuna çatdı,
- deyirik.
Ədalət.-2014.-26
noyabr.-S.6.