"Tənha, unudulmuş, soyulub talan edilmiş şair"

 

Azərbaycan xalqını Avropada, xüsusən də Almaniyada tanıdan Mirzə Şəfi öz yaradıcılığı ilə bütün dünyada şöhrət tapır.

Gəncədə dünyaya göz açan Mirzə Şəfi öz məsləkdaşları kimi dövrün əzab-əziyyətini öz çiyinlərində daşıyan şairlərimizdəndir. İlk təhsilini mədrəsədə alan Mirzə Şəfi orada ərəb, fars dillərini və şəriətlə bağlı elimləri öyrənmiş, poeziyamızla da yaxından maraqlanmışdır. Mirzə Şəfi hələ mədrəsədə oxuyarkən Şərqin panteist fəlsəfi fikri ilə maraqlanmağa başlamışdı. Şair dərk edirdi ki, bunlara bələd olma-dan Hafiz, Füzuli, Xəyyam, Sədi kimi şairləri dərk etmək mümkün deyildir. Mədrəsədə Hacı Abdullanın söhbətləri onun ruhuna uyğun olduğundan gənc tələbənin diqqətini cəlb etmişdi. Gənc tələbəsinin gələcəyinin parlaqlığı və istedadına inanan Hacı Abdulla tezliklə onu himayəsinə və bəzi tədqiqatçıların da göstərdiklərinə görə, hətta oğulluğa götürür. Gəncə ruhaniləri ilə söhbətlərində Şəfinin bidətçi mülahizələri və həmin kütləvi mübahisələr zamanı Hacı Abdullanın da onu müdafiə etməsi diqqətdən yayınmır.

Xürafatın,qaragüruhun, din xadimlərinin "at oynatdığı" bir cəmiyyətdə Elm və mədəniyyətə marağı, sərbəst düşüncəsi və fikirlərini açıq-aydın söyləməsi Şəfinin mədrəsədən kanarlaşdırilmasına səbəb olur. O, Hacı Abdullanın məsləhəti ilə Cavad xanın qızı Püstə xanımın yanında katib qismində işə düzəlir. 1826-cı ildə İran-Rusiya müharibəsi Püstə xanımın İrana qaçmasına səbəb olur və Mirzə Şəfi yenə işsiz qalır. Dolanışıq üçün işləməyə məcbur olan şair yenidən məscidə qayıdır və hücrələrin birində kitabların üzünü köçürməklə məşğul olur.Şəfinin vəziyyəti Hacı Abdullanın 1931-ci ildə vəfat etməsi ilə daha da çətinləşir. Kitab üzü köçürməklə dolana bilməyən Mirzə Şəfi ərəb-fars dillərinindən fərdi dərs deməyə başlayır.

Bu illərdə Mirzə Şəfi gənc və istedadlı Mirzə Fətəli Axundovla tanış olur. Böyük mütəfəkkir sonralar bu görüşün onun həyatına təsirindən bəhs edərək yazır: "Gəncə məscidinin hücrələrindən birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı: bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırdı. Bu haman Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumat yazılıbdır. Mən ikinci atamın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib, nəstəliq yazısının məşqini edərdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: "Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?" Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: "Sən də onlar kimi, riyakar və şarlatan olmaq istəyirsən?" Təəccüb və heyrət etdim ki, bu nə sözdür?... Mirzə Şəfi mənim halıma baxıb dedi: "Mirzə Fətəli, öz həyatını bu qaraguruhun içərisində puç etmə, başqa bir məşquliyyət qəbul et!"

Onun ruhanilikdən nifrət etməsinin səbəbini soruşduqda, o günə qədər mənim üçün örtülü qalan mətləbləri açmağa başladı. İkinci atamın həccdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi- irfaniyyəni mənə təlqin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı"

Mirzə Fətəli Axundov 1932-ci il Mirzə Şəfinin təsiri ilə Nuxa qəza məktəbinə daxil olur.1940-cı ildə Tiflis qəza məktəbində şərq dilləri üzrə müəllim işləyən Mirzə Fətəli Axundov bu vəzifədən çıxanda yerinə Mirzə Şəfini məsləhət görür. Uzun müddət Tiflisdə işləyib yaşayan Şəfi fərdi dərs deməklə də məşğul olur. Mollaların hücumundan uzaq olan şair burada dövrün qabaqcıl ziyalıları ilə də tanış olmağa imkan tapır. Gəncədə yaratdığı Divani-hikmət ədəbi məclisi indi Tiflisdə fəaliyyət göstərir. Ömrünün Tiflis dövründə onun bəxtinə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, şairlərdən Nəcmi, Naseh, Şölə, Mirzə Həsən, Molla Abdulla, Hacı Abdulla, Mirzə Yusif Vidadi, Hacı Yusif Qane və başqaları ilə ünsiyyətdə olmaq şərəfi düşür. Onların hamısı Divani-hikmətin üzvləri idilər. Məclisin əhatə dairəsinə Azərbaycan və fars dillərini bilən, rus, gürcü ədib və şərqşünasları da daxil olurlar. O zaman Tiflisdə yaşayan çoxsaylı Avropa alim və şairləri də Mirzə Şəfinin məclislərində fəal iştirak edirdilər. Sonralar Mirzə Şəfi ədəbi irsinin taleyində müstəsna rol oynayacaq bir şəxs-alman əsilli tədqiqatçı Fridrix Bodenştedt də 1843-cü ildən məclislərdə iştirak edir. Axundov, Bakıxanov və başqaları ilə dostluq edən Mirzə Şəfi alman səyyahı, rus və şərq poeziyasının tər-cüməçisi Fridrix fon Bodenştedtlə də elə bu məclislərdə tanış olur. Bodenştedt Mirzə Şəfidən Azərbaycan və fars dillərini öyrənməyə başlayır. Firdovsinin, Xəyyamın, Sədinin, Hafizin, Füzulinin şeirlərini dinləyən Bodenştedt ən çox Mirzə Şəfinin şeirlərini dinləməyi sevərdi.

Bodenştedt yazır: "Həftədə üç dəfə dərs keçirdik,dərsdə həmçinin Mirzə Şəfinin digər tələbələri iştirak edərdilər. Axırda "Divan" başlanırdı. Mirzə Şəfi söz alıb öz nəğmələrini oxuyur və bizə izah edirdi. Həmin nəğmələrin çox böyük bir hissəsi demək olar ki, mənim gözlərimin önündə yaranmışdır".

Adi bir xəttat, sonra isə Azərbaycan dili müəllimi olan Mirzə Şəfinin şerləri dünyanın ən yaxşı tərcüməçiləri tərəfindən, demək olar ki, bütün dillərə çevrilmiş, sözlərinə çoxlu bəstələr yazılmışdır. Mirzə Şəfinin bu mərtəbəyə yüksəlməsinin bir səbəbi də onun öz şagirdiRusiya və Qafqaza səyahətə çıxmış alman ədibi Fridrix fon Bodenştedtin sayəsində olur. Mirzı Şəfinin ana dilində çox az şeirləri bizə məlum olsa da başqa xalqların dilində yüzlərlə şeirləri dillər əzbəridir. Mirzı Şəfinin Alman dilindən tərcümə olunmuş şeilərini şairin əlimizdə olan bəzi orijinal şeirləri ilə müqaisə etdiqdə Bodenştedtin müəlliminin şeirlərini düzgün və poetik dillə tərcümə etdiyini görürük.

Mirzı Şəfinin yaradıcılığına dərindən bələd olan tədqiqatçı Mikayıl Rəfili yazır: "Həyatın sınaqları və ruhanilərin təzyiqləri altında tənha və kimsəsiz qalmış şair şərabın və məşuqənin gözəlliklərini tərənnüm etməklə təsəlli alırdı. Bu şerlər isə çox zaman Hafiz və Xəyyamdan, XVI əsrin böyük Azərbaycan şairi Füzulidən gələn uzun bir yolu davam etdirir, mistik səciyyə daşıyırdı."

Mirzə Şəfi 1848-ci ildə iki illiyə Gəncəyə dönərək, təzəcə açılmış Gəncə qəza məktəbində dərs deyir. Tiflisdə çalışarkən şair V.V.Qriqoryevlə birlikdə ilk Azərbaycan-türk dili dərsliklərindən olan "Kitabi-türki" kitabını yazır. Həmin kitab Təbriz mətbəələrindən birində nəşr olunur. Kitabın rəsmi və tam adı belə idi: "Müəllim Qriqoryevin və Mirzə Şəfi Sadıq oğlunun tərtib etdikləri Azərbaycan ləhcəsi müntəxabatı".

Bodenştedt sonralar "Xatirələr"ində yazırdı ki: "O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət saxlamaq üçün vacib sayılırdı. Bu dili bilən hər kəs rus dilini bilmədən də hər yerdə baş çıxara bilərdi."

Mirzə Şəfi həftədə üç dəfə Bodenştedtə və digər tələbələrinə dərs keçir. Az sonra müəllim öz qərib qonağı ilə o qədər yaxınlaşır ki, Bodenştedt Mirzə Şəfinin "Divan"ına tam hüquqlu üzv olur.

"Divani-hikmət" ədəbi məclisinin yığıncaqları canlı fəlsəfi diskussiyalar şəklində keçirdi.

Bodenştedt yazırdı: "Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, həmişə nə deyirdisə, nə diqtə edirdisə, nəyi sitat gətirir və sübut etməyə çalmşırdısa, öz yaddaşına arxalanırdı. Allahın ona ən böyük töhfəsi olan yaddaşı da heç vaxt şairi darda qoymurdu."

Yüksək savad sahibi olan Bodenştedt öz müəllimi ilə keçirdiyi vaxtdan səmərəli istifadə edir. 1845-ci ildə Bodenştedt Almaniyaya qayıdır və Tiflisdə keçirdiyi illərin yekunu kimi, "Şərqdə 1001 gün" adlı kitab yazır. O, Mirzə Şəfi Vazehdən tərcümə etdiyi şerləri də həmin kitaba salır. Bodenştedt o zaman hələ tam səmimi bir tərzdə Mirzə Şəfiyə müraciət edirdi: "Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surə-tin canlanır. Sənin sözlərin həqiqət oldu, bizə vəd etdiklərinin hamısı həyata keçdi. Sənin nəğmələrin bizim qız-gəlinlərimizin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi. Mənə bağışladığın çiçəklərdən çələnglər hördüm, qarşımda səpdiyin mirvariləri sənin şərəfinə sapa düzdüm, insanlara sevinc bəxş etdim."

Bu kitabda Bodenştedt digər Azərbaycan və fars şairlərindən etdiyi tərcümələri də toplamışdı. O, hər bir şerin nəinki Mirzə Şəfi də daxil olmaqla müəllifini dəqiq göstərir, hətta həmin əsərləri hansı şəraitdə və haçan qeydə aldığını da ətraflı təsvir edir. Beləliklə, qərib qonağın və sevimli şagirdin səyləri sayəsində bütün Avropa XIX əsrin ən görkəmli Azərbaycan şairlərindən biri ilə tanış olur.

Bodenştedt əvvəllər də ədəbi fəaliyyətlə və tərcümə ilə məşğul olmuşdu, lakin heç zaman belə tanınmamışdı. "Mirzə Şəfinin nəğmələri" kitabı Bodenştedtə şöhrət gətirir. "Nəğmələr"in müəllifi və tərcüməçisi cəmi bir neçə ilin içərisində bütün dünyada ad-san qazanır. Kitab fransız, ingilis, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərində nəşr olunur. "Nəğmələr"dən bir neçəsini hətta qədim yəhudi dilinə tərcümə edirlər. Yalnız Almaniyada həmin kitab 1922-ci ilə qədər 169 dəfə nəşr olunur. Həmin ölkədə bu kitabın uğuru o qədər böyük idi ki, bəzən kitabı bir ildə bir neçə dəfə təkrar nəşr etmək lazım gəlirdi. Belə ki, 1868-ci ildə kitab 6 dəfə, 1876-cı ildə isə 12 dəfə nəşr olunmuşdu. Məşhur şair haqqında hətta "Die lideq des Miqza Sshaffu" adlı operetta da yazılır ki, onun da premyerası 1887-ci ildə olur. Bircə Ömər Xəyyamın Fiscerald tərəfindən edilmiş gözəl tərcümələrini istisna etsək, belə gözlənilməz və geniş şöhrət gətirən heç bir tərcümə əsərinin adını çəkmək mümkün deyil.

M. Rəfilinin yazdığına görə, oxucular Mirzə Şəfinin müəllifliyinə o qədər əmin olmuşdular ki, bir çoxları Bodenştedtə bu cazibədar nəğmələrin orijinallarını göstərmək xahişi ilə müraciət edirdilər. Bu və digər səbəblərdən Bodenştedtdə müvəffəqiyyətdən baş gicəllənməsi xəstəliyi yaranır. O, bəyan edir ki, indiyə qədər Mirzə Şəfidən tərcümələr kimi verilən nəğmələr kitabının iki nəşrində çap olunmuş şerlərin hamısı bir müəllifin qələminə-Fridrix Bodenştedtə məxsusdur! Guya müəllif şərqli obrazına o qədər yaxınlaşıb ki, öz şerlərini belə Mirzə Şəfi adı ilə imzalayıb. Onu kinayə ilə "Hannoverli türk, yaxud da Gəncəli alman" adlandırıblar. Əlbəttə, həqiqətdən xəbərsiz olan alman və qərbi Avropa ədəbiyyatşünaslığı Bodeiştedtin bu bəyanatını qeyd-şərtsiz qəbul edirlər. Bir çox tədqiqatçılar hətta Mirzə Şəfi adlı bir şəxsiyyətin varlığını da şübhə altına alırlar. Belə ki, Bodenştedtin ölümündən sonra onun arxivində Mirzə Şəfinin "Divan"ı da tapılmamışdı. Əlbəttə, bu mübahisəli məsələnin üzərinə Mirzə Şəfinin şerləri yazılmış həmin dəftər işıq sala bilərdi. La-kin onun da alman dəqiqliyi ilə "itirilməsi" çox şeydən xəbər verir.

(Ardı var)

Ədalət.-2014.-27 noyabr.-S.6.