DAİM UCALIQDA...

 

Oqtay Rza çağdaş poeziyamızda yeri olan şairlərdən biridir. Onun şeirlərində əsas mövzular əmək, sülh, təbiət və Vətənin tərənnümüdür. Mən Oqtay müəllimi tanıyanda yaşı altmışa yaxınlaşmışdı. Saçlarına dən düşməsinə baxmayaraq xeyli qıvraq idi, yaşından fərqli, cavan görsənirdi. Hər dəfə yazıçıların Natəvan klubunda keçirilən tədbirlərin sonunda bir qayda olaraq emosionallıqla, odlu-alovlu oxuduğu şeirləri maraqla dinləyərdim. Şeir oxuyan anlarda bu insan sanki, ilahidən gələn bir qüvvə ilə gözümüzdə böyüyür, yüksəlir, hisslərimizə hakim olur, daha da məğrurlaşırdı.

Oqtay bəy ömrünü tələbələr içərisində keçirdiyindən cavanlar arasında olmağı, yorulmadan tədbirlərdə iştirak etməyi, özünü poeziya aşiqi, şeir vurğunu kimi təqdim etməyi çox xoşlayır. Həqiqətən altmış ildən çoxdur ki, o, bu sevginin əzabkeşidir. İlk şeiri on iki yaşında, 1946-cı ildə rayon qəzetində dərc olunub. Oqtay bəy şeiri çox sevsə də, həyatda özünə sənət kimi geoloq ixtisasını peşə seçdi. Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfıyyat fakültəsinə daxil olub oranı fərqlənmə diplomu ilə bitirdi.

Əmək fəaliyyətinə neftçi kimi başlamışdır. Bir qədər ixtisas təcrübəsi qazanandan sonra elmi-tədqiqat işi müdafiə edib geologiya mineralogiya elmləri üzrə namizədlik dərəcəsini almışdır.

1961-ci ildən taleyini hal-hazıradək Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) bağlayan Oqtay Rza burada kollektivin sevimlisi olmaqla baş müəllim, dosent, dekan müavini vəzifələrində çalışmışdır. Tələbələrinə geologiyanın əsaslarını öyrətdiyi ali məktəb onun ikinci evidir. Dəfələrlə tələbələrin bu qocaman alim-müəllimə və onun şeirlərinə olan rəğbətinin şahidi olmuşam.

Oqtay Rza yaradıcılığında təbiət mövzusu mühüm poetik mərhələdir. O, təbiətlə bağlı şeirlərində təsvir və fikrin şərhində xüsusi lirizmdən istifadə edir. Onun şeirlərini oxuduqca düşünürsən ki, belə misraları yalnız yerin təkini, təbiətin sirrərini bilən, geoloq, coğrafıyaşünas şair yaza bilər. Görün, bu misralar nə qədər təbiidir:

Harasa yollanıb qərib durnatək,

Bu axşamyaman kövrəksən, bulud?

De, hansı aşiqin vəfalı, göyçək

Yarından yadigar örpəksən, bulud?

 

Bəzən onu poeziyanın geoloqu adlandırırlar. Gözəl şeirlər, poemalar müəllifı, alim, şair Oqtay Rza xeyli sayda publisistik məqalələr də yazmışdır. Sovet dövründə onun 1970-ci ildən başlayaraq yeddi kitabı çap olunub. O cümlədən, 1987-ci ildə Moskvada "Kamennıy svetilnik" şeirlər kitabı kütləvi tirajla buraxılmışdır.

Oqtay Rza illərdir az yaşlı uşaqlara aid müxtəlif janrlarda əsərlər yazır. Xüsusilə son illərdə balacalar üçün çoxlu sayda şeir kitabçaları nəşr etdirmişdir. Yaratdığı uşaq obrazları ağıllı, hazırcavab, şəkil çəkməyi xoşlayan balalardır. "Hünər" şeirində təsvir etdiyi uşaq sayaq:

 

Gördüm Günəş yaşıldır,

Ulduzlar bənövşəyi.

Bağda üzüm qızarıb,

Dağda qar bənövşəyi.

 

Oqtay Rza on ildən çoxdur həm də "Rübailər karvanı"nın müəllifi kimi tanınmaqdadır. Qədim Şərq şeirinin miniatür forması onun yaradıcılığında müasir ovqatda uğurla yaşadılır. Belə gözəl rübailərin cəmləşdiyi "Dördlüklər" adlı son şeirlər toplusu 2006-cı ildə oxucuların ixtiyarına verilmişdir. Bu dördlük çələnginin hər çiçəyinin öz ətri, gözəlliyi var. Şair təbiətdəki rəngarəng çalarları, dağları, çayları, gölləri, doğma Vətənini sevə-sevə ürəkdən tərənnüm edir. Təbiətdəki oxşarlıqlar və ziddiyətlər, tarixi hadisələr, fəlsəfi düşüncələr də onun rübailərində öz əksini tapmışdır:

 

Tikanı gül kimi iyləyənlər var,

Bülbülə torağay söyləyənlər var;

Məhəmməd Füzuli eşitsin - İndi

Salamı mükafat eyləyənlər var.

 

Təkcə "Dördlüklər" deyil, şairin "Adlı, ünvanlı misralar", "Yasəmən çiçəkləyəndə", "Dağ çırağın işığında", "Fəsil dəyişəndə", "Günəşin adından", "Vətən, daha yas saxlama", "Seçilmiş sətirlərim!" kitablarını oxuyandan sonra da Oqtay Rza şeiriyyətinin zənginliyini duymaq mümkündür.

Oqtay müəllimi tanımağımdan iyirmi ildən artıq vaxt keçsə də, o, yenə qəlbən, ruhən cavan, dəyişməz qalır. Dəvət edilən bütün şeir məclislərindən, kitab təqdimatlarından, oxucularla görüşlərdən kənarda qalmır. Tədbirlər zamanı səbrlə ona ayrılacaq vaxtı gözləyir ki, hərarətli şeirləri ilə ətrafındakılara poeziyanın şirinliyini daddırsın, vüsətini göstərsin...

Daim ucalıqda olasınız, Oqtay müəllim!

 

Ədalət.-2014.-27 noyabr.-S.6.