UNUDULMAZ NƏBİ XƏZRİ
(NƏBİ XƏZRİ-90)
"İnsanın yaratdığı aləmin özü ən gözəl poeziyadır" (Belinski). Gözəl bir şeiri oxuyanda mən həmişə o kəlamı xatırlayıram. Əlbəttə, insanın yaratdığı o gözəl poeziyanı hər şair öz dilində, öz ləhcəsində səsləndirir.
Bu meyarla, bu düşüncə ilə mən Nəbi Xəzrinin Azərbaycan poeziyasında tutduğu yeri, şairlik mərtəbəsini çox aydın görürəm. Yaxşı bilirəm, onun poeziyası haqqında nət, münacat səviyyəsində tərif deyənlər az olmayıb, yaxud N.Xəzrini bir şair kimi gizlində bəyənməyənlər, qəbul etməyənlər də var. Görəsən, o şıdırğı təriflər N.Xəzri şeirinə nə verib. Axı, bu yazıların əksəriyyəti (əlbəttə, bəzilərini istisna edirəm) N.Xəzrinin şeir dünyasını incələməkdən, açıqlamaqdan çox-çox uzaqdır.
Kim deyirsə, yaxşı şeiri, zərif şeiri birnəfəsə oxuyarlar-inanmıram. Ən gözəl şeirlər məncə, misra-misra, səni düşündürə-düşündürə, yandıra-yandıra oxunur, sən o şeirin içində, o misraların axarında öz hisslərini, duyğularını görə bilirsənsə, azca dayanmalısan, susmalısan. Mənim yaddaşımda öncə 60-cı illərin Nəbi Xəzrisi canlanır.
Dəniz-Göy-Məhəbbət şairi... Əsrə, zəmanəyə, dünyaya Məhəbbət pəncərəsindən boylanan bir şair... O pəncərədən 60-cı illərin təzadlı, son dərəcə dramatik, indi bizim üçün xatirəyə çevrilən mənzərələri apaydın görünürdü. Amma Nəbi Xəzri şeiri soyuq müharibənin yelləri əsdiyi, bəşəriyyətin bir Domokl qılıncından asılı qaldığı, ekologiya nizamının pozulmağa başladığı o illərdə ən ali hissi-məhəbbəti tərənnüm etdi.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm deyə,
Mənimlə danışıb, güləsən bir də.
Düşündüm ayrılıq gələndən bəri
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Mənə göylər qədər uzaq olasan.
Zərif duyğular, incə hisslər, aylı, günəşli, ulduzlu düşüncələr, sevgililəri öz sahilinə səsləyən mavi dəniz, üstündə mavi səma, bir sözlə, nə varsa mavi. Rəngarəng hisslər, duyğular dünyasında poeziyanın mavi rəngi. Doxsanıncı illərin bu rəngləri qatışıq, bulaşıq səmasından altmışıncı illərin poeziya səmasına boylananda o mavi rəngi apaydın görə bilirsən. Bu məhəbbətin-işığın-dənizin rəngi idi, ünvanı Nəbi Xəzri şeiriydi.
Lakin gəlin, xatirələrə dalmayaq. İndi yeni əsrdir... Görəsən, bu illər ərzində o mavi poeziyanın işığı tükənibmi? Bu otuz ilin ictimai-siyasi-mənəvi-ruhi burulğanlarından necə keçib Nəbi Xəzri poeziyası? Axı bu illər çox-çox qələm əhlini dəyişən zamanın ruhuna köklədi. İctimai-siyasi iqlim dəyişdikcə şairlər də dəyişdilər-unuduldu ki, şairliyin ən ali mərtəbəsi zamanın axarınca getmək yox, bəlkə Zamandan ucada durmaqdadır.
O məni ucaldıb qanadlarında,
Uçmuşam cahanın göy qatlarında.
Torpaqdan toxum tək şeirim bitsə də
Qatlaşıb neçə yol qəbrə mənimlə.
Hər yerə mənimlə qoşa getsə də,
Fəqət getməyəcək qəbrə mənimlə.
Qalacaq bir əsrin yaddaşı kimi,
Duracaq mənimçün başdaşı kimi.
Vaxtilə ustad tənqidçi Məmməd Arif "Ucalıq, genişlik..." adlı məqaləsində bu sözləri yazmışdı: "Nəbi Xəzrinin öz poetik aləmi, məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o özü yaratmışdır və ona sadiqdir.
Bu poetik aləm çox zəngin mənəvi aləmin - ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır.
Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik.
Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin təmizliyini, insan qəlbinin, sevgisinin, insana inamın gözəlliyini gətirmişdir".
Məqsədim ustadın hansı bir mülahizəsinə əlavə etmək deyil, sadəcə onu bildirməkdir ki, üstündən neçə illər keçməsinə baxmayaraq o ucalıq, o genişlik, o təmizlik və o gözəllik N.Xəzri poeziyasını tərk etməmişdir. Təsadüfən "Ədəbiyyat qəzeti"nin 1993-cü il nüsxələrini vərəqləyirdim. N.Xəzrinin həmin ilin iyulunda yazılmış kiçik bir şeiri diqqətimi cəlb etdi:
Zaman əsəbləri çəkib tarıma,
Qanın sıza-sıza
dərd səni udur,
Gülənin yanında
sən, gəl oturma
Sən gəl, ağlayanın
yanında otur.
Nəbi Xəzrinin şeirləri də mənə məhz bu ovqatı aşıladı. Ancaq şeirdəki "ağlayan" sözünü mən heç də ağlayan, sıtqayan, inildəyən, ovuc-ovuc göz yaşları tökən bir fərd kimi səciyyələndirmək istəməzdim. Onsuz da son illərdə şeirimizdə inildəyən, sıtqayan misraların sayı çoxdur. N.Xəzri şeirində bu sözün çalarları rəngarəngdir və onların hamısı "müqəddəs kədər" ifadəsi üstündə köklənir. Dəniz, Göy, Məhəbbət şairi-Zamanı, Əsri məhəbbət duyğularında səsləndirən N.Xəzri bu dəfə birbaşa zamanla üzbəüz qalır.
Zaman titrədikcə öz məhvərindən,
Keçdim dərd yükünü mən çəkə-çəkə.
Qədim əsrlərin üfüqlərindən
Gəlib çatmamışam bu əsrə bəlkə?
Geriyə
dönürmü hər
il də,
an da,
Ürək, sabah üçün intizarımdır?
Dünya
başdan-başa bazar
olanda
Şairin yaşamaq haqqı varmıdır?
Aha, mənim üçün
- Nəbi Xəzri şeirlərini müntəzəm
izləyən bir oxucu-tənqidçi üçün
gözləmədiyim bir
söz: BAZAR. Son illərdə
az qala mənəvi
dünyamıza da
hakim kəsilən, bəzən
ən zərif, ən incə hissləri belə özününküləşdirən və hətta özəlləşdirən bu
mənhus və "doğma" söz şairlərin leksikonuna çox asanlıqla yol tapdı. Və yol tapmağıyla da sanki ən
zərif, kəpənək
qanadları kimi incə çox-çox sözləri xırpaladı,
əzdi, seyrəltdi.
Bir daha qayıdıram
60-cı illərin mavi
poeziyasına:
Mən gərək
Nəğmə tək səni dinləyəm,
Sən mənim
eşqimlə, ürəyimləsən.
Göylər tək yuxuma gəlmək istəsən,
Sən aylı-ulduzlu
göylər kimi gəl.
Bəs indi?
Qocalan sifətdir
yoxsa ürəkdir?
Ani şimşək kimi çaxmaq da gecdir!
Cavanlıq geriyə dönməyəcəkdir,
Büllur
güzgülərə baxmaq
da gecdir!
Məhəbbət əzizdir,
sevda müqəddəs,
Duyğular oyatmaq ürəkdə
gecdir!
Artıq
sevilməkdən söz
düşə bilməz,
Daha yer üzündə sevmək də gecdir!
İnsanlar insandan
var-dövlət umur,
Sənə var-dövlət də
qazanmaq gecdir,
Şeirə,
sənətə də cahan göz yumur,
Şeirlə
sərvət də qazanmaq gecdir!
Bu misralar bax, yaşadığımız dövrün,
zamanın əhval-ruhiyyəsidir. Ax, səni zəmanə!"
"Qəhr olsun dünyanın milyonlar üstündə
vücuda gələn səadəti" (C.Cabbarlı) Ey səni
lənətə gəlmiş bazar!
Mənim bu ironik səslənən iddialarımın
konkret halda nə Nəbi Xəzriyə, nə də eyni əhval-ruhiyyəni
şeirdən-şeirə, kitabdan-kitaba yaşadan digər
milli şairlərimizə heç bir aidiyyəti
olmamalıdır.
Mənim fikrimcə, N.Xəzri poeziyası ən narahat, bəlkə də ən qəmli bir mərhələsini yaşadı o illərdə... Fikrimi əsaslandırmaq üçün yenə V.Belinskiyə üz tuturam: "Zahiri şərtlərin sərtliyinə heç bir şey ürək qədər tabe deyildir və heç bir şey ürək qədər tam azvadlıq tələb etmir. Hətta sevginin səadəti zahiri şərtlərlə uzlaşmış olarsa, onun qiyməti nə ola bilər? Bu, qızıl qəfəsdə bülbülün və ya torağayın oxumasına bənzər... Quş azadlıq sevir, ehtiras həyatın poeziyası və çiçəyidir; ürək azad olmasa, ehtiras nə ehtiras ola bilər?"
Bəli, nə qədər ağır da olsa, etiraf olunmalıdır-əsrin sonu əsrin şairləri üçün gözlənilən azadlığı bəxş etmədi. Şair üçün Azadlıq geniş məfhumdur, bir fərdin müstəqilliyindən tutmuş Vətənin-məmləkətin suverenliyinə qədər genişdirgN.Xəzrinin narahat şair dünyasında bir millətin, bir xalqın dərdləri, ağrıları hiss olunacaq dərəcədə diqqətini çəkir. Bunlar bir şairin dərdi olmaqdan daha çox Ağlın, İdrakın, Ziyalılığın faciəsidir. Yəni yaşadığımız bu gerçəkliyin, bu həyatın üzdə görünən, amma bəzən mahiyyətinə varmadığımız, varsaq da dəf edə bilmədiyimiz problemləri bu faciələri doğurur. Doğrusu, indi məni qəti heyrətə gətirmir neçə şairimizin şeirlərində baş-başa verən ictimai hüzn, ələm..
Ay Allah,
biz neçə illərə
vardıq,
Eşitsin səsimi mənim dünyalar.
Dünən biz şəhərlər, kəndlər satırdıq,
Bü günsə
satırıq evlər,
binalar.
Dünən tər tökürdük,
zəhmət çəkirdik,
Duyan könüllərə
söz yaza-yaza.
Dünən saraylardan tarix tikirdik,
Tarix də satırıq göy əsginasa.
Dünən və bu gün! Bəlkə zahirən rahat
dünənimizə həsrətdən
doğan nostalgiyadır
bu?
Yox! Bu, günün həqiqətidir...gŞair ürəyi kövrəkdir, incədir
və əgər Zaman bu ürəklə
baş-başa vermirsə,
deməli, dünya dəyişib, əbədi-əzəli
meyarlar itib. N.Xəzrinin yazdığı şeirlər
bizi İnsanla Zaman arasındakı əzəli harmoniyaya səsləyir.
Nəbi Xəzri vətənpərvər
şair idi. Dünyanın harasında olursa, Azərbaycanı, Bakını,
Qarabağı, Xəzəri
yad edirdi. Doxsanıncı illərdə onun
poeziyasında qəzəbli
notlar da göründü. O, Qarabağın
işğal olunmuş
ərazilərinin mənfur
düşmən tapdağı
olmasına dözə
bilmirdi və həmin illərdə Qarabağa aid ən ağrılı şeirlərin
bir çoxunu da o yazdı. "Çəkin Qarabağdan qara əlləri".
Bu yazıda mən Xalq şairimizin yalnız
poeziyasından söz açdım. SSRİ-nin və Azərbaycanın
Dövlət Mükafatları laureatları Nəbi Xəzri
çoxcəhətli yaradıcılığa malik idi.
O, gözəl pyeslərin, nəsr əsərlərinin,
publisistik məqalələrin, bir sıra ədəbi-tənqidi
yazıların da müəllifi idi. Təkcə
Azərbaycanda deyil, onun hüdudlarından kənarda da
yaxşı tanınırdı. Keçmiş
SSRİ məkanında Azərbaycan ədəbiyyatını
layiqincə təmsil edirdi. Həmişə
yüksək vəzifələrdə olmuşdu (Azərbaycan
Yazıçılar İttifaqının katibi, Azərbaycan Mədəniyyət
nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni əlaqə cəmiyyəti rəyasət
heyətinin sədri və s.). Əsərləri
dünyanın bir çox dillərinə tərcümə
olunmuşdu. Müstəqillik
dövründə "Şöhrət" ordeninə layiq
görülmüşdü.
Bu il Nəbi Xəzrinin 90 illiyi tamam olur. O indi haqq dünyasındadır. Onun sənəti indi də insanlara mənəvi dəstəkdir, əvəzsiz zövq mənbəyidir. Əsl poeziya heç zaman solmur, şair ölür, amma bu, fiziki ölümdür. O, bizim poeziya yaddaşımızda yaşayır...
Ədalət.- 2014.- 29 noyabr.- S.15.