Kölgə obrazı
(Ramiz Rövşənin
yaradıcılığı haqqında)
(əvvəli
ötən şənbə sayımızda)
Şair bəzən
adi məhəbbət əhvalatlarını
ideallaşdırmaq üçün həm klassik poeziya
örnəklərinə, həm insanın çağdaş
həyat tərzi, məişət qayğılarının
yaratdığı sosial-psixoloji mühitə əsaslanır.
Sosial ədalətsizliyi təsvir etmək üçün
mövzu seçiminə ehtiyac yoxdur. R. Rövşənin
sevgi şeirlərində ictimai-siyasi zəmanə daha
aydın boyalarla rəsm edilir. "Ax, bu qızın
barmaqları Bir üzük taxdı belinə. Qız idi, dinə
bilmədim, İndi nə deyim gəlinə?!" Nə vaxtsa
barmaqla göstərilməyə layiq bir sevgi dünyası
tar-mar edilir. Vəziyyət elədir ki, sosial qrup
üçün mövcud şəraitdə qaneedici hesab edilən,
sənətdəki ideal poetik dəyərlərlə isə
ziddiyyət təşkil edən sayğısız və
etinasız mühitdə gəlinlik (ərə getmək) mərtəbəsində,
yəni romantik duyğuların öləzidiyi ən
sönük nöqtədə cəmiyyət özünü
abıra salır. Qızın, gəlinin və prokata qoyulan gəlinlik
libaslarının indi yaxşı pula
satıldığını hər kəs gözəl bilir...
Dastan yaradıcılığındakı toy və duvaqqapma
ilə sonuclanan eşq iztirabları ilə müqayisədə,
təbii olaraq, izdivacla bitən müasir toy əhvalatları
daha faciəli görünür. "Öldür məni,
oynamaram bu toyda..." Lakin dünyada yaşayıb, onun işlərini
yola vermək üçün "oynamaqdan" başqa
çıxış yolu da qalmır. Bu, həyatın tələbidir.
Sənətin isə öz qanunları var. İctimai kədəri
tərənnüm edən şairin eşq ideallarının və
sevgi əzablarının poetik səviyyədə gerçəkləşməsi
üçün vüsala yetməyin mümkünlüyü
müvəqqəti olaraq istisna edilir, haçansa yaranacaq sivil
dəyərlərə qədər təxirə
salınır. Gələcəyin azad, sivil qrup və
icmaları, əslində, azad, "ədalətli" sevgi ilə
bütövləşən saf, təmiz individual pozitiv
resursların qeyd-şərtsiz olaraq bir yerə
toplandığı, hərdən lap "köhnə
kitablarının" içindən "köhnə məktublar"ın
da tapıldığı dünyada yaşamalı olacaqlar.
Arvad-uşaqdan gizlin oxunan o sevgi məktubu nakam bir eşqin,
sevginin hekayətini yada salsa da, dünyada adam olub
qalmağın mümkünlüyünü də sübut
edir."Diksinərsən, boylanarsan qapıya: "o kölgəni
arvad-uşaq gördümü?!" Tez məktubu atarsan
külqabıya, yandırarsan hər sözünü, sətrini".
İnsanın ruhunu və zehnini ağır zərbələrə
məruz qoyan sərt və güzəştsiz mental icma
qanunları şəxsiyyət azadlığını məhdudlaşdıran
böyük ictimai bəladır. Onun məhəbbət
ünvanlı yazılarında icmaya, kollektivə xas əxlaq
və zəkaya etiraz üstünlük təşkil edir.
Ədəbiyyatdakı etirazlara baxmayaraq, həyat öz
reallıqları ilə davam etməyə qərarlıdır.
"İctimai asayişi pozan" ideyaları yaymaq isə
şairlərin əsas məşğuliyyəti
sayılır. Amma "Sevənlər təklənir bu yer
üzündə".
4. Təklənmə
Bütün sevgilərin içində məcnunluq var. Məcnun olmaq təklənmək deməkdir. Çoxluğun sevgi macəralarında divanəlik axtarmağa dəyməz. Divanəlik həm də şairlikdir. Şairlər təklənir. Təklik Tanrıdan gəlir. Poeziyada təklənmə istedad amili ilə əlaqəlidir. "Məndə Məcnundan füzun aşiqlik istedadı var" deyən Füzuli həm də bu fikirdədir ki, "risvay gərək həmişə aşiq". Rüsvaylıq mərtəbəsində təklənməkdən başqa çıxış yolu olmayan aşiq üçün yeganə təsəlli yeri onun eşq ucalığında qərar tutmasıdır. Ramiz Rövşənin lirik qəhrəmanı da eşq zülmü və zilləti içərisində nə qədər tək-tənha dolansa da, rüsvaylıq həddinəcən yüksələ bilmir."Qorxdum, qonşular görələr, Buna min cür rəng verələr..." Bunun əsas səbəbi, görünür, şeirdə ictimai pafosun çox yer tutması, R. Rövşənin real duyğulara daha çox könül verməsi ilə bağlıdır. Ümumən, deyə bilərik ki, Ramiz Rövşən poeziyasında, o cümlədən, nəsrində kontekstdə klassik romantizmə istinad edən eşq konsepsiyası yer almaqla real həyatın əhvalatlarının panoramı açılır. Bu reallıq çağdaş dünyamızın konturlarını da əhatə edə bilir. "Mənim balam, sən də təksən, Təksən, yer üzündə təksən; Ay kimi gün kimi təksən, Torpaqda dən kimi təksən, Çöldə külək kimi təksən, canda ürək kimi təksən..." Vaxt ötdükcə, görünür, bu təklik adama daha çox lazım olur... İnsanın çoxluqdan qıraqda qalması, təklənməsi onun cəmiyyət daxilindəki fövqəladə halı və statusu ilə bağlıdır. "Dünyada sevgi adlanan bu yükün altında təksən". "Süd dişinin ağrısı" poemasını oxuduqdan sonra yəqin edirsən ki, sevgi "bu yer üzündə" vaxt, məsafə, səbəb və şərtlər nəzərə alınmadan mövcuddur. "Bu sevgidi, mənim balam, ömürlərdən uzun cevgi. Bir əliylə beşikləri yırğalayan, bir əliylə qəbirləri qazan sevgi". Sevgi irfan əhlinin məziyyətlərindən biridir. Boynunda sevgi yükünü daşımağa məhkum edilənlər milyon adamın içində belə nə qədər tək qalsalar da, başının üstündə bir kölgə onları bu "fəlakətdən" xilas edə bilir. "Sənin kölgən düşür burda hər şeyə; Bu evə-eşiyə, yorğan-döşəyə...".Bu, sevgi adlı bir duyğunun və həmin sevgi əhvalatının əbədi xatirəsinin kölgəsidir. "Hələ bircə qarış kölgən qalıbsa, Mən qərib deyiləm, demək, dünyada". Tək qalmağa məhkum olanlar həm də hərdən bu dünyayla barışmağa və ya ondan üz döndərməyə bəhanəsi olmayanlardır. Ölüm, ömür də təkliyin əbədi nişanələridir. R. Rövşən ömürdən yazan şairdir. O, "Bir az uzun çəkdi ömrüm, deyəsən" ovqatı ilə də ölməyə yox, ayrı bir ruhani dünyaya, necə deyərlər, haqq dünyasına tələsdiyini bəyan edir. Həmin şeirdə bu dünyanın bir az ögey və qəribliyinə, bir sözlə, müvəqqətiliyinə işarə edilir. Minnətli olsa da, az, ya çox yaşamağından asılı olmayaraq bu dünyaya bağlılıq allahdan gəlmə hisdir. "Gücüm çatmır bu dünyadan getməyə". Zaman-zaman şeirimizdə hiss, duyğu qıtlığı yaşanıb. Bu defisiti ört-basdır etmək üçün intellektual şeir, prozaik şeir və s. adlarla təsəlli tapmalı olmuşuq. İntellektuallıq bədii mətndə arxa planda yer almalıdır. Füzuli demişkən, elm divarın bünövrəsinə hörülməlidir. Şeir mətni həyəcanlandıran qaibanə səslənişlə, poetik sıçrayışlarla oxucunu heyran edə bilər. Onun mahiyyəti barədə düşünmək sonranın, gələcəyin işidir. Ən çox sevdiyimiz bir şeirin, həm də dərin fəlsəfəsi olan şeirin yazılması üçün, görünür, bir küskün ovqatın da içinə düşməlisən. "Bir az uzun çəkdi ömrüm, deyəsən, Deyəsən, dostlar da darıxdı bir az". Ovqata giriş bu iki misradan başlayır. Deməli, bir həyat fəlsəfəsini yoluna qoymaqdan ötrü belə bir ömür həyəcanını yaşamalısan. "Məni yedirtməkdən yoruldu dünya, çörəyi yoruldu, suyu yoruldu. Məni gəzdirməkdən bezdi yolları. Gözümə baxmaqdan göyü yoruldu..."Bax dünyanın belə işləri varmış. Dünya ilə insan arasında təmənnalı, təmənnasız münasibətlər varmış. Bu cür minnətli "sazişlərlə" bu dünyada, əslində, yaşamağa dəyməz. Daha çox ona görə dəyməz ki, "dostlar da birtəhər baxır üzümə". Amma dünya da qələt eləyir. Dünyadan getmək adamın öz əlində deyil. Yerin-göyün də sahibi var. "Bu dünya Dərbənd qalası, Nə yolu, nə yolağası, Qardaşım, atam balası, gücüm çatmır bu dünyadan getməyə". Nizamidən bu yana dünyanın əgər-əskiyi haqqında çox yazılıb və hər kəs həyatın faniliyi və əbədiliyindən bəhs edərək öz üslubunu və dəst-xəttini qoyub gedib. Ancaq bu tanış fəlsəfənin ən unikal poeziyasını yaradanlardan biri Ramiz Rövşəndir. Ömrün uzun sürməsi xəbərdarlığı yaşamağın fəzilətlərini adamın yadına salır, nəticədə zamanın özüylə rəftar və davranışlara korrektələr etməli olursan. Məsələn, şair olmağa gücü çatmayanlar bu dünyanın çörəyini şair kimi yeməli deyillər. Bəlkə, onlar, məsələn, qalayçılıq peşəsinə yiyələnsələr, yaxşı olar və dünyadan daha halallıqla, həm də daha çox ruzi qazana bilərlər.
(ardı gələn
şənbə sayımızda)
Ədalət.-
2014.- 29 noyabr.- S.12.