İNQİLAB İSAQ

  

 

Zəng edib onunla görüşmək istədiyimi bildirdim.

-Səninlə görüşməyə hər zaman hazıram, - dedi.

-Mən Xan bağına tərəf gedirəm. Nə qədər vaxta gələrsən.

-Arxayın ol, mənim atım səninkindən yüyrəkdi -deyib, telefonun o başında gülümsədi. Piyada olduğuna işarə edirdi.

Təbii ki, mən ondan tez çatdım. Fotoaparatımıda götürmüşdüm. Gözəllikdə tayı-bərabəri olmayan Xan bağının payız qübarı sarı sarı-sarı göz yaşlarını daş döşənmiş uzun səkilərin, yaşıl qalmış kolluqların üstünə səpələyirdi. Xeyli tamaşa etdim, oxunub atılmış məktublara bənzəyən sarı-sarı yarpaqlara. Heç kimə, heç nəyə gərəkməyən bu yarpaqlara yazığım gəldi. Başımı qaldırıb uca çinarların çılpaqlaşan budaqlarına baxdım...

Təbiətin qanunları neçə mükəmməldi, ilahi...

İnqilab İsaqı çoxdan tanıyırdım. Çoxdan deyəndə ki, bir qəzet səhifəsində tanış olmuşduq. Səhv etmirəmsə "525-ci qəzet" idi. Şeirləri məni ovsunladı, dönüb biroxudum. Sonra seçmə misraların üstündə gəzişmələr etdim. Şəklinə baxdım. Tanış gəlmədi. "Nə gözəl şairdi"-içimdən keçən ilk fikir bu oldu. Elə o vaxtdan yaddaşıma, könlümə bir səhifə açdı İnqilab İsaq.

Tale, ruzigar bizi Gəncədə görüşdürdü. Sevimli şairimiz Nəriman Həsənzadənin Gəncədə təşkil olunmuş 75 illik yubleyində əyani olaraq tanış olduq.

Tədbirdən sonra, 3 nəfərin gülümsəyərək mənə yaxınlaşdıqlarını görüb ayaq saxladım.

-Bu da bizim Dəmirçioğlu!- deyərək ilk olaraq əlini mənə uzadan ortaboylu, dolu bədənli adamı dərhal tanıdım. Şəkildə gördüyüm İnqilab İsaq idi.

-Nə gözəl tanışlıq, - şeirlərimdən bir bənd deyərək boynumu qucaqlayan isə Sakit Təbib idi.

Qıvrım saçları ağarmış, iri gövdəli, yaraşıqlı və ciddi görkəmli Bahadur Fərman da məni qiyabi olaraq tanıyırmış...

İnqilab İsaqı təqdim etməyə ehtiyac yoxdu. Azərbaycan ədəbi ictimaiyyəti onu gözəl tanıyır. Tanımaq bir yana, İnqilab İsaq özünə məxsus obrazlı misraları, dilin dərin suxurlarından qızıl külçələri kimi çıxardığı poetik ləhcəsi, özünəməxsus metaforaları, heyrətamiz ifadə yenilikləriylə xiridar könülləri çoxdan fəth eləmiş bir şairdi.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana üz tutuban yazdığı bir örnəyə nəzər salaq:

Hardan gəlir səs adama?

 

Azər Turana

 

Hardan gəlir səs adama,

Yeriyir boy-buxun kimi.

Dərdimizə çiyin verir,

Yorulmayan yuxu kimi...

 

Qanad-qanad, ləçək-ləçək,

Sərir sözə lələyini.

Ətəyini yerə çəkib,

Haraylayır mələyini...

 

Oyaqdı şeytan nəzəri,

Qarıdıqca uşaqdı sirr.

Südü çirtən ətcə bala,

Dimdiyində səs dənləyir.

 

Mürgü döyür... səs ağlayır,

Qalxır, enir duman qatı.

Hıçqırığa, bu göy üzü,

Bağlanıbdı qapı-qapı.

 

İnqilab İsaq, poetik məkanda baxış bucağı, poetik məntiqi, dilə bələdçiliyi ilə yanaşı, eyni zamanda psixoloji alletrasiyaları, yaxşı mənada özünəməxsus söz oynatmaları ilə özünün, sözünün zirvəsini fəth etmiş qələm sahibi olduğunu sübuta yetirmiş bir şairdir. O, daim içiylə söhbət edir, göylərə baxır, dilsiz olanlarla dil tapıb danışır, torpağı qoxlayır, sükutu dinşəyir... Şair ömrü yaşayır hər gün. Bu o qədər asan deyil ona gələn səsləri, fikirləri hava kimi udub, öz nəfəsiylə yenidən dünyaya gətirir.

SƏNİN AZADLIĞIN nümunəsinə diqqət yetirsək onun içindəki oyaq qorxuları, hürkək sükutu həzin bir melodiya kimi dinləyirsən, daxili emassiyanın bədii potensiyasına, poetik məcazların mənəvi zirvəsinə ucalırsan.

 

Sənin azadlığın təbəssümüntək,

Elə bakirədi, elə dumduru.

Qoruyur yamyaşıl budaqlarını,

Qoruyur ehmalca sakit qüruru.

 

Kimsəyə atmağa kinli daşın yox,

Sözün, kəlmələrin ipəkdən ipək,

Düyünlü-acıqlı alın görəndə,

Susursan... sadəcə gülümsəyərək.

 

Bu zərif sevdaya gücüm çatarmı?

Oyaqdı içimdə qorxular oyaq...

Di gəl ki, baxışın üfüq boyunca,

Çərpələng uçuran uşaqdı, uşaq...

 

Bilmirəm xoşbəxtlik elə budurmu?

Doğmayam mehriban həqiqətinə.

Ayrılıq yüz yerən hücum çəksə ,

Əl-ələ tutubdu sükutum yenə.

 

Onun ithaf şeirləri təkrar olunmaz bir üsluba söykənir, bədii mənalandırmaları qəhramanın siluetini məharətlə ifadə edə bilir. Ümumiyyətlə poetik məkanda dəst-xətti ilə seçilən, bədii təsvir üslubu, novator təfəkkürü ilə fərqlənən şairlər o qədər çox deyil.

İnqilab İsaq pomantik bir rəssam kimi sözlərdən elə maraqlı tablolar çızır ki, az qala hər misranın üstündə fikrə dalasan.

Tofiq Abdinin ruhuna bağışladığı SƏFƏR ADAMI adlı poetik nümunəsinə diqqət yetirək:

 

Səsinin ucunda diri bir adam,

İstəmir yadlaşa qərib adamlar.

Bir qariş torpağa son görüş üçün

Ağlıma gəlməzdi gəlib adamlar.

 

Buluddan, yağışdan ötüb keçərlər,

Özümü ha yana çatdırım indi.

Uçunur yaddaşda bir səs itiyi,

Bəlkə sən biləsən, bu səs kimindi?

 

Başına alıbdı hay-həşir məni,

Həsrətim tamarzı bir pıçıltıya.

Dünyanın yaxşılıq yeri boşalıb,

Görən kimi tapaq sirr pıçıldaya.

 

Varlığın kimi yoxluğun oyaq,

Qalmışam ürəyi hey tuta-tuta...

Bilmir hara çıxıb getsin dostlarım,

Soyuq pillələrlə enib sükuta.

 

Sənsə dincdurmayan səfər adamı,

Sözünü bir kərə qoymaz yarıda.

Yoxsa ürəyinin heyfini çıxıb,

Gedib ki, sözünü bir yarıda.

 

Hiss edirəm ki, darıxanda mənə zəng edir. Öz şeirlərini əzbər bilməsə , çox gözəl diksiya ilə şeir oxumağı var. Bu yaxınlarda yenə zəng edib, yeni yazdığı şeirini telefonda səsləndirdi. Bu hisslər mənə tanışdı. Mən yeni yazdığım şeirləri telefonla Rəfail İnncəyurda oxuyardım.

Şıxlı Dərya Məhəmmədin bir beytini xatırladım: "Söz dediyin gərək qana, deyəsən..." Hamıya da şeir oxumaq olmur ki.

 

 

O KƏND YUXUDADI...

 

O kənd yuxudadı, yuxusu dərin...

Üstündən yorğanı atır günorta.

Kefin istədiyi çayxanası var,

Kərənti korşalıb bir xortum ota...

 

Neyləsin dam altda Gülsənəm qarı,

Qapının cəftəsi sancılı, sınıq.

Şəhərdən əl boyda kağız yazan yox,

Yolları çarəsiz yola tapşırıb.

 

Dəhnənin suyunu qurudub bulud,

Quraq adamlara, qıraq adama.

Qaranlıq elə bil ayı kahası,

Harda rast gələsən çıraq adama?

 

Dərdin çözəyinin ipi upuzun,

Dolanıb lap çatar dar ağacına.

Qürbətdən gələnlər məəttəl qalıb,-

Söyüd kölgə çəkib bar ağacına.

 

Hikkəsi kilidli köhnə kişilər,

Dan atan, gün batan tərəfə düşüb.

Bu kəndin yaşmaqlı yetim evləri,

Ekranda boyalı tərifə düşüb.

 

Bu yurdun satılan-atılan evi,

Çərləyən kəhəri, - atı içimdə.

Oyanıb üstümə ayaq açacaq,

Havalı-havalı yatır içimdə.

 

O kənd yuxudadı, yuxusu dərin...

Üstündən yorğanı atır günorta.

Kefin istədiyi çayxnası var,

Kərənti korşalıb bir xortum ota...

 

Kövrək payızın, çiçəkli çağıdı. Daim sükut içində olan bir dünya var ki, ora yarpaq yağışı yağır, xəfif əsən mehin nəfəsiylə titrəşən solğun payız yarpaqları bir-birinə sığınaraq kol-kosların aralarına doluşurlar. Bürküdə təntimiş duyğular indi titrək nəfəsiylə çılpaq budaqlardan sallanacaq qırov salxımlarının ayazla titrəyişini gözləyir. Bu dünya şair dünyasıdı...

O yol şairidi. O daim gedir, gedir... O hara gedirsə yolu sükutun içindən keçir, sükutdan çıxan yollar isə ancaq üzü qürbətədir.

 

 

ELƏ PIÇILDADIN Kİ

 

Elə pıçıldadın ki,

Sirrimiz car olmasın.

Hansı cığırdan keçək,

Yolumuz qar olmasın.

 

Həsrəti dil-dil ötən,

Mənəm dili lal olan.

Gerçəkdə oda düşüb,

Sevdası xəyal olan.

 

Tale yolu axtaran

Düşər kimin əlinə?

Görən kimi tapacaq,

Can ərinə-ərinə.

 

Təkliyə qayıtmışam,

Bu səs-küylü ömürdən,

Sükut yormuş kölgəmi,

Tanıyırsan axı sən.

 

Amma sənin səsində,

Azmaz bircə sözüm ,

Tufan tapdım özümdə

Elə pıçıldadın ki...

Elə pıçıldadın ki...

 

Məmməd Dəmirçioğlu

525-ci qəzet.- 2014.- 29 noyabr.- S.10.