DAĞLARA ƏSƏN MEH
Başqalarını deyə bilmərəm, mən həmişə Yevlaxdan üzü Qarabağa yol alanda həmişə qəribə hisslər keçirtmişəm. Bu yolun sonunda bir vaxtlar gənclik illərinin xoş xatirələri qalıb. Laçında keçirdiyim ilk gənclik illərinin, oradakı təhsillə bağlı göstərdiyim fəaliyyət ən incə nöqtələrinə qədər yadımdadır.
Torpaqlarımızın erməni vandalları tərəfindən işğal olunmasından sonra isə bu yolu getmək mənim üçün çox ağırdır. Öz yurdunda, öz torpağında yarımçıq yaşamaq ömür deyil. Bu gün Qarabağın xeyli hissəsi işğal olunubsa və biz bunlara dözə- dözə yaşayırıqsa elə bu ömür yarımçıq ömürdür. Yevlaxdan Bərdəyə gedən minik maşınında cəmi üç nəfərik. Sürücümüz şuşalı olsa da Şuşa yaddaşında qalmayıb. Çünki 1992-ci ildə onun cəmi üç yaşı olub. Ancaq qan yaddaşı görünür o torpağa sürücümüzü möhkəm bağlayıb:
-Şuşanı ermənilər almayıb, ha! Onlar indi də güvəndikləri rusların hesabına torpaqlarımızı zəbt etdilər. Həyat bu gündən ibarət deyil, sabahın nə olacağını heç kəs bilmir. Ancaq mən qəti əminəm ki, babalarımın uyuduğu o torpağa mütləq qayıdacağıq. Onu da bilirəm ki, bu qansız olmayacaq.
Sürücümüz icazə istəyib siqaret yandırdı.
YOLUMUZ DÜNYANIN ƏN VARLI
ŞƏHƏRİNƏDİR
Bərdədən Ağdama gedən taksi dayanacağında qələbəlikdir. Kənarda dayanıb müştəri səsləyənlərə tamaşa edən 30-35 yaşlı kişi də nəhayət dilləndi. "Ağdama gedən var? Evə tələsirəm, bir nəfər də bəsimdir".
Qabaq oturacaqda oturmağımla maşının yerindən tərpənməyi bir oldu. Sakit, təhər-töründən dünyagörmüş insan təsiri bağışlayan sürücü doğurdan da göründüyü kimi varmış. Söhbətimizin şirin yerində soruşdum ki, Aqil Abbasın "Dolu" romanını oxumusanmı? Cavab verdi ki, xeyr, oxumamışam, ancaq kinosuna dəfələrlə baxmışam.
Ağdam rayonunun Kəngərli kənd sakini Rəşadət Qarayev "Dolu" filmi haqqında ürək dolusu danışdı. Və əlavə elədi ki, müharibə bölgəsinə gələn o jurnalistin indi davamçıları niyəsə yoxdur. Əksinə, bu gün tamam başqa şey yazanlar meydana gəlib.
-Aqil Abbas o romanda Ağdamı dünyanın ən varlı şəhəri adlandırıb.
-Əgər o belə yazıbsa deməli yazdığı kimi də var. Qarabağın dayağı olan Ağdamda nə yox idi? Müharibənin ən böyük dəhşətlərini görmüş ağdamlılar elə indi də pis yaşamırlar. Malımız, heyvanımız, əkin-biçinimiz indi də öz yerindədir. Qaçqınlıq vaxtında iki böyük ev tikmişik, üçüncüsünü də artıq başlamışıq. 6500 şəhid vermişik Qarabağ savaşında, bu ümumi şəhidlərin elə yarısı deməkdir. Ancaq biz ağdamlılar əyilmədik, sınmadıq, ruhdan düşmədik. Sabaha da inamımız böyükdür, əminik ki, o dağlara, dərələrə yenə üz tutacağıq. Bunların hamısı var-dövlət deyilmi? Qaldı Aqil Abbasa, o çox sadə və vətənpərvər adamdır.
Ağdama hər gəlişində Qasımbəyli köçkün məntəqəsinə mütləq baş çəkər, sakinlərlə görüşüb hal-əhval tutar. Elə oradakı çayxanada da çay içə-içə camaatın dərd-səri ilə maraqlanar. Onun yaxşı domino oynamağı da var axı...
Rəşadət danışdıqca o bəxtəvər günlərə qayıtdım. Doğurdan da güclü iqtisadiyyatı, geniş ticarət əlaqələri olan bu şəhərdə nə tapılmazdı ki? Yalan-gerçək o vaxt danışırdılar ki, pulun olsa Ağdam bazarından hətta tank da ala bilərsən...
Mənzil başına çatanda yol haqqını Rəşadətə güclə verə bildim.
RAYON MƏRKƏZİ - QUZANLI
Xeyli kəndləri ilə bərabər rayon mərkəzi olan Ağdam ermənilər tərəfindən işğal edildikdən sonra Quzanlı qəsəbəsi mərkəz funksiyasını həyata keçirir. Bura- H.Əliyev prospekti- ən uzun prospekt olmaqla, həm də yaşlılığı ilə seçilən məkandır. Ağdamdakı çay evinin oxşarı olan yeni çay evi də elə burda inşa olunmaqdadır. Prospekt boyunca salınmış uşaq poliklinikasının, doğum evinin, təhsil şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin, uşaq bağçasının yeni binaları, Dövlət Sosial Müdafiə Fondunun, rayon şöbəsinin indilərdə inşa edilmiş müasir binaları göz oxşayır.
(ardı gələn sayımızda)
Səxavət Məmmədli
Ədalət.
- 2014.- 2 oktyabr.- S. 3.