SUSMUŞ
ÇAYIN NƏĞMƏLƏRİ
(əvvəli
ötən
şənbə
saylarımızda)
Dilarə də, mən də sənətimizin vurğunu, qətiyyətli, nikbin idik. Nazim Hikmət elə bil bizim üçün deyib: xoşbəxt o adamdır ki, evdən işinə tələsir, işdən evinə. Bütün günü evlə redaksiya arasında çalışır, çarpışır, xoşbəxt ailəmizlə, ürəyimizcə olan işimizlə nəfəs alırdıq...
Birdən elə bil nəfəsimiz təngidi, boğuldu... Yenə işdən evə tələsirdik, yenə nənə nəvələri ilə evdə qalmışdı. Ancaq bu dəfə... qəfildən, bir anın içində faciə baş vermişdi: qaynar samovar Atanur balamızın üstünə aşmışdı...
Dünyada övlad müsibətindən ağır yük yox imiş. Heç kimin görmədiyi, görə bilmədiyi bu məşum yük ata-ananın ürəyindən asılır, sinirlərini tarıma çəkir, səssiz-səmirsiz didib-parçalayır... Dilarənin saçlarına dən düşdü, mənim sağlam dişlərim tökülməyə başladı. Anam yanıb-yaxıldı, ailə facitəmizdən 28 il sonra, nəvəsini itirdiyi həmin gün - sentyabırn 7-də qəfildən, bir anın içində dünyasını dəyişdi.
Zinyət nənə vəfat edəndən sonra onun qədim sandığını açdıq. Sandığın içindən anamla nəvəsinin şəkilləri - Zinyət nənə ilə Atanurun müxtəlif vaxtlarda çəkilmiş şəkilləri çıxdı.
***
Gərək
elə əməl sahibi olasan ki, sağlığında
özün, qohum-əqrəban, dost-tanışın, öləndən
sonra isə nəslin xəcalət çəkməsin.
Ə.Hacızadə
VI
Aynurun dünyaya gəlişi evimizin ab-havasını tamam dəyişdi. Sonra yenə qızım oldu. Bacımın adını qoydum: Pakizə. Nəhayət, 1976-cı ilin payızında, sübh tezdən telefon zəng çaldı: "Gözün aydın, oğlun oldu!" Münəvvərin sevinc və həyəcan dolu səsi indi də qulağımdadır...
Ailədə tək uşaq olmuşdum, ürəyimdə bacı-qardaş həsrəti vardı. Ulu Tanrı mənə övlad bəxş etməklə bu həsrətin üzərinə sanki sərin su səpmişdi. İndi ata idim, arzuma çatmışdım. Balalarımı başıma yığıb yarızarafat, yarıciddi deyirdim: "Züleyxa nənəm, Pakizə bacım, Aynur qızım, Səməd oğlum-qardaşımdır".
Anamın dediyi kimi, Dilarənin qədəmləri yüngül, üzü çörəkli idi. O özü ilə evimizə xeyir-bərəkət gətirmişdi. Əsil var-dövlətimiz isə balalarımız idi: ağıllı, mərifətli, savadlı. Onların evdə tərbiyəçisi və müəllimi Dilarə idi. Mənim gözlərim qarşısında əsil ana kimi formalaşan, yetkinləşən, yaşa dolan dünənki tələbə yoldaşım, bugünkü ömür-gün sirdaşım, özünü, həyatını, yaradıcılığını, bütün biliyini, qüvvə və bacarığını ailəsinə, uşaqlarına həsr edən Dilarə ana!
Dilarə səhərdən axşamadək uşaqları ilə məşğul olurdu. Bütün istəklərinə rəğmən onları ərköyün böyütmürdü. Qayğısı ilə yanaşı tələbkarlığı da güclü idi. Ayrı-seçkiliyə yol vermirdi. Üç bacının qardaşı, ailənin sonbeşiyi Səməd də bunu başa düşürdü. Ana oğlunun da qızları kimi intizamlı, zəhmətsevər, əlaçı olmasına çalışırdı.
Elə buradaca haşiyə çıxım ki, Allaha şükür, Səməd artıq boya-başa çatıb, ali təhsilli, bacarıqlı mütəxəssis kimi halal çörəyini qazanır. Dilarə də, mən də fəxr edirik ki, oğlumuz hələ 1992-ci ildə ilk test imtahanında yüksək bal toplayıb. Türkiyədə ali təhsil alıb, Bakıda Dövlət İdarəçilik Akademiyasının, İngiltərənin Birminhem universitetinin magistraturalarını bitirib, ordu sıralarında xidmət edib. Qayğıkeş ailə başçısı, iki övlad atasıdır. Qardaşlarının uğurları ilə sevinən qızlarımın üçü də ali təhsilli mütəxəssisdir. Aynur siyasi elmlər namizədi, dosent, kafedra müdiridir.
Müdriklər deyiblər: "Ərlə arvadın torpağı bir yerdən götürülüb". Dilarə ilə məni qırılmaz tellərlə bağlayan ailəmizdir, balalarımızdır. Bizim həyatımız, var-dövlətimiz xoşbəxt ailəmiz, ağıllı, fərasətli uşaqlarımızdır.
Övlad könül meyvəsidir. Elə buna görə də ata-anaya bu qədər əzizdir. Bəs nəvə? Rəhmətlik qayınatam Şamil müəllim deyərdi: "A bala, şəkililərdə belə deyim var: övlad fındıqdır, nəvə onun içi". Onda cavan idim, bu sözlərin əsil mənası mənə çatmırdı. İndi babayam, Dilarə nənədir. Biz nəvələrimizi necə istəyirik, bir Allah bilir. Çünki nəvəyə məhəbbət, ilahi məhəbbətdir. İxtiyar yaşında adamı cavanlaşdıran, yenidən həyata bağlayan, təzə arzulara qanadlandıran saf məhəbbət!..
Mənim uşaqlarım artıq boya-başa çatıb, kamala dolublar. Onlar cəbhədən qayıtmayan Atamalı babanı görməyiblər. Qardaşım, bacım olmadığı üçün uşaqlarımın əmiləri, bibiləri yoxdur. Belləiklə, ailəmizi ata tərəfdən ömrü boyu bizimlə yaşayıb, oğlu, gəlini, nəvələri üçün əlindən gələni əsirgəməyən Zinyət nənə təmsil edib. Ana tərəfdən isə...
Dilarəgilin ailəsi böyük idi. Ata, ana, 7 uşaq - 5 qız, 2 oğul: Dilarə, Münəvvər, Mələk, Yaqut, Həmid, Gülçöhrə, Rövşən.
Şamil baba ilə Fatma nənə çox çətin və şərəfli müəllim əməyilə uşaqlarını boya-başa çatdırıb, hamısına ali təhsil, gözəl tərbiyə verib, ev-ailə sahibi ediblər.
Məşhur Vəkilov soyadlı Şamil müəllim Qazax seminariyasını bitirib, cavan yaşlarında Azərbaycanın kənd rayonlarında dərs deyib, Bakıda ali təhsil alıb, keçən əsrin 30-cu illərində Bakı Şəhəri Binəqədi Rayon Xalq Maarif Şöbəsində inspektor işləyib, burada Fatma müəllimlə ailə qurub, ömür-gün sirdaşı olub. Müharibədə ağır yaralanıb əlil olan, ömrü boyu şikəst ayağında mərmi qəlpəsi gəzdirən Şamil Həmid oğlu Vəkilov bütöv şəxsiyyət idi.
Müharibənin cəhənnəmindən qurtulub evinə qayıdaraq uzun və xoşbəxt bir ömür yaşayan Şamil müəllimin bəxti onda gətirmişdi ki, ailə qurmaq məqamında düz seçim etmişdi. Rəhmətlik Həmid ağanın (Şamil müəllimin atası) vaxtilə dediyi kimi Binəqədinin gülünü dərmişdi: Fatma müəllimlə ailə qurmuşdu.
Mən Dilarə ilə ailə qurandan sonra birlikdə həyatın sınaqlarından keçdikcə bu hissi keçirmişəm. Yenə də çox sadə, adi həyat həqiqətini özüm üçün "kəşf" etmişəm: insanın ailə həyatı, eləcə də bütün həyatı vaxtında, məqamında necə seçim etməyindən çox asılıdır. Elə buna görədir ki, ata-ana oğlunu evləndirib, qızını ərə verəndə çox götür-qoy edir, fikirləşir: övladı düzmü seçim edir, kimlə qohum olur?
Nəriman Nərimanov deyib ki, hər bir
ailənin, millətin
taleyi anadan asılıdır. Yaxşı təlim-tərbiyə görmüş, savadlı,
yüksək intellektli
anası olan övlad, ailə və nəticə etibarilə millət xoşbəxtdir.
Fatma müəllim
belə ana idi. O, müdrik, ailəsinin,
əzizlərinin qayğılarını
ürəyinə yük
eləyən, "ağır
oturub, batman gələn"
xanım-xatın qadın
idi. Ev-eşik, oğul-uşaq sahibi
olan övladlarına ağıllı məsləhətlər
verir, kürəkənlərini,
gəlinini onlardan ayırmır, öz övladı bilirdi, qayınanalıq yox, analıq edirdi. Məni böyük qızının
həyat yoldaşı,
böyük kürəkəni
deyil, böyük oğlu bilirdi. Dünyasını dəyişməzdən
bir qədər əvvəl oğullarını
- Həmidi və Rövşəni yanına
çağırıb demişdi
ki, Əlövsəti
özünüzə böyük
qardaş bilin, hörmətini saxlayın...
...Böyük ailənin itkiləri də böyük oldu: Fatma ana, Şamil
ata, Yaqut bacı, Rövşən qardaş. Hamımızın ürəyi ağrıdı,
yas saxladıq. Xatirələrini əziz tutduq.
Ancaq həyat
davam edir. Həyatın
öz qanunları var: "Xeyirlə şər əkizdir".
Zaman keçdikcə bizi sevindirən, ruhları şad edən xeyir işlər oldu: Züleyxanın, Rüfətin,
Pakizənin, Aynurun, Səmədin, Fəridənin,
Nigarın, İbrahimin
toyları. Nəticələr
dünyaya gəldi: Maral, Şamil, Yavər, Fatimə, Fatihə, Banu, Gülnar, Rəhim, Cəmil, Aylin, Yasəmən, Məryəm.
Beləcə, həyat davam edir. Böyük ailə
zaman keçdikcə daha da böyüyür,
öz ənənələrini
yaşadır...
***
Yaxşılığı əzəldən
adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.
Nizami
VII
20 il sonra,
1989-cu ilin son günlərində
yenidən Bakıya qayıtdıq. Bir müddət Azərbaycan Jurnalistlər İttifaqının
"Açıq söz"
jurnalında baş redaktorun müavini, respublika "Bilik" maarifçilik cəmiyyətində
şöbə müdiri,
H.Z.Tağıyev adına
Qızlar seminariyasında
prorektor, Mədəniyyət
Nazirliyinin "Mədəni-maarif"
jurnalında baş redaktor vəzifəsində
işlədim. Dilarə
isə jurnalistlik fəaliyyətini "Karvan"
jurnalında, "Dalğa",
"Günay", "Avrasiya"
qəzetlərində davam
etdirdi. Mən vaxtaşırı respublikanın rayonlarına
ezamiyyətə gedir,
"Mədəni-maarif" jurnalına materiallar hazırlayırdım. İş elə
gətirdi ki, növbəti səfərim
"Azərbaycan təbiəti"
jurnalının məsul
katibi Əlirza Sayılovla birlikdə Cəlilabada oldu. Rayon mərkəzində, kəndlərdə məni
böyük səmimiyyətlə
qarşıladılar, hörmətlə
yola saldılar.
Bakıya
qayıdarkən yolda Əlirza Sayılov ilk dəfə görürmüş
kimi mənə diqqətlə baxıb dedi: "Əlövsət
müəllim, mən
məsul vəzifəlilərlə,
çox vaxt keçmiş raykom katibləri ilə birgə onların əvvəl işlədikləri
rayonlarda az olmamışam. Doğrusu, sizə göstərilən
hörmət-izzəti heç
yerdə görməmişəm".
Mən iyirmi il,
yaşımın ən
yetkin, ən kamil dövrlərində Cəlilabadda işləmişəm.
Vəzifə, səlahiyyət sahibi olmuşam, vicdanla çalışmışam.
Haqqı-nahaqqa verməmişəm...
Yol boyu bu barədə qələm dostum Əlirza ilə söhbətimiz elə maraqlı oldu ki, Bakıya nə vaxt çatdığımızı
hiss etmədik.
Mən bu əqidədəyəm ki,
insanın elədikləri,
əməlləri özünün,
yaxud övladlarının,
hətta nəvə-nəticələrinin,
bir sözlə davamının qarşısına
çıxır. Buna inananlar çoxdur, şübhə edənlər
də var. Mənim fikrim isə qətidir. Bunu ailəm, uşaqlarım,
yaxınlarım, dostlarım,
məni tanıyanlar yaxşı bilirlər.
Özüm də dəfələrlə
sınaqdan çıxarmışam.
Axırıncı dəfə
isə...
Bakıya köçəndən sonra
mən iki yerdə işləyirdim. Dilarə jurnalist
kimi mətbuatda çalışırdı. Uşaqlar oxuyurdular. Həyat öz axarı
ilə davam edirdi. Amma güzəranımız getdikcə çətinləşirdi.
İnfilyasiya hər ay aldığımız
maaşa "od vurur", pulu kağıza çevirirdi.
(ardı
gələn şənbə
sayımızda )
Ədalət.-2014.-11 oktyabr.-S.19.