ELÇİNİN POEMA YARADICILIĞI

 

Elçin İsgəndərzadənin yaradıcılığı cilalı bir yaradıcılıqdır. Burada, təbii ki, istedad və təcrübə öz sözünü deyir. O, istedadının və təcrübəsinin dinamikasını düzgün qura bilir. Ona görə də lirik janrdan epik janra keçir, bununla da, yaradıcılığının inkişafını, inkişaf səviyyəsini göstərir. Epik janrda yazdığı mənzum poemalar təsdiq edir ki, Elçin İsgəndərzadə lirik janrın çərçivəsinə sığmır, istedad və yaradıcılıq qabiliyyəti onu daha iri janra aparır və bu janrda o, qələm çalır.

Elçin İsgəndərzadənin poemalarının mövzusu konkret olaraq görkəmli şəxsiyyətlərlə bağlıdır. O şəxsiyyətlər ki, onları Elçin İsgəndərzadə şəxsən tanımış, görmüş, fəaliyyətlərinə dərindən bələd olmuşdur. Onların hər birindəki qeyri-adiliklər Elçin İsgəndərzadənin diqqətindən yayınmamışdır. Burada Elçin İsgəndərzadənin bir qədirbilənliyi də var. Belə ki, o, yazdığı poemalarda görkəmli şəxsiyyətlərdən qədirbilənliklə bəhs edir. Onların fəaliyyətini poemalarında əks etdirir.

Elçin İsgəndərzadənin poemalarının qəhrəmanı kimdir? Adil Mirseyid, Səttar Bəhlulzadə, Rikasso, Van Qoq, Salvador Dali, Qoyya, Lorka, Toğrul Nərimanbəyov, Xudu Məmmədov, Şahmar Əkbərzadə, Hüseyn Cavid, Məmməd Arazs.

Elçin İsgəndərzadə həyat və fəaliyyəti ilə tarixə çevrilmişləri ədəbiyyatın da mövzusuna gətirir. Onları ədəbiyyatda yaşadır, onlara ədəbiyyatın vətəndaşlıq pasportunu verir. Hər insanın xarakterikimliyi olduğu kimi, hər rəngin özünəməxsusluğu olduğu kimi, hər ilin özünəməxsus günləri olduğu kimi, hər günün özünəməxsus anları olduğu kimi Elçin İsgəndərzadənin poema qəhrəmanlarının da özünəməxsus bədii portretləri var. Məsələn, "Adil Mirseyidin göyərçinləri" poemasında Adil Mirseyidin bədii portreti belədir:

 

İlahi, günahımız nə,

bir şair qorxur bu gün

bir göyərçin gözlərindən.

Özü burdadı indi,

Ruhu uçur qürbətdə.

Ürəyini göyərçinlərə yedirdən

bir şair olmalıdı

bu gözəlim məmləkətdə.

 

Elçin İsgəndərzadə yazdığı poemalardakı qəhrəmanları yalnız hissin təsiri ilə vəsf etmir. O, qəhrəmanlarını öyrənir, keçdikləri həyat yolunu, əməllərindəki uğurlarını, fəaliyyətlərindəki xeyirxahlıqlarını məhz bir İnsanşünas kimi tədqiq edir. Bəlkə də onun bu tədqiqatının uğurlu olmasında alimliyi köməyinə çatır. Hətta "Səttar Bəhlulzadə nağılı" poemasında Səttarın rəsmlərinin hər birini bir poema hesab edironun ədəbi - bədii portreti haqqında qurduğu süjetləri oxucuya təqdim edir. Məsələn:

 

Səttar bir əsər çəkib -

"Kəpəzin göz yaşları..."

Yaz gəlincə gül açar

Dağların qara daşları.

Bu dağların buludları

durna lələyi kimi,

xınalı axşamları

badam çiçəyi kimi.

Elçin İsgəndərzadə poema qəhrəmanlarının öz sahələrində hansı zirvədə olduğunu dəqiq bilir. Zirvədəki sənət özəlliklərinə də həssaslıqla yanaşır. Məsələn, Rikasso kimdir? O, "RikassoMinotavr" poemasında yazır:

 

Sən dünyanı gördüyün kimi deyil

düşündüyün kimi çəkərdin

Sən kətanda

Ümid toxumları əkərdin.

Rikasso, mən də bu dünyanı

düşündüyüm kimi

görmək istəyirəm.

 

Elçin İsgəndərzadə poema qəhrəmanlarının hər birinin yaradıcılığındakı bir məqamı zirvə götürüronu poemasının adında səsləndirir. Məsələn, "Van Qoqun günəbaxanları" poemasında yazır:

 

Günəbaxan görəndə

Van Qoq düşür yadıma.

 

Elçin İsgəndərzadə bir eşq adamıdır. Onun eşqindən hər kəsə və hər şeyə pay çatır. Odur ki, o, "Eşq" poemasında bir daha təsdiq edir ki, harda olmasından, hansı məkanda yaşamasından asılı olmayaraq ürəyi eşqlə çırpınır. Eşq onun qəlbinin uvertürası, Peterburq prelüdü, Sofiya sonatası, Bişkek balladası, Qaracaoğlan, Yunus Əmrə havası, İspan flamenkosu, Varşava valsı, Təbriz təranələri, Şum şikəstəsi, Daşkənd dəştisidir.

Elçin İsgəndərzadənin yaradıcılığında poema yaradıcılığı XX əsrin 90-cı illərindən başlayır. Onun poema yaradıcılığını üç mərhələyə ayırmaq olar: 1990-cı illər, 2000-ci illər, 2000-ci illərdən sonrakı mərhələ.

1990-cı illər mərhələsində o, "Adil Mirseyidin göyərçinləri (1999 - cu il), 2000-ci illərdə "Rəssamın pəncərəsi" (2000-ci il), "Səttar Bəhlulzadə nağılı" (2001-ci il), "PikassoMinotavr" (2001-ci il), "Van Qoqun günəbaxanları" (2002-ci il), "Salvador Dali üçün Madriqal" (2002-ci il), "Qoyya" (2002-ci il), "Lorka Siyah ay" (2003-cü il), "Üfüqdə qırmızı günəş" (2003-cü il), "Rəssam və mələk" (2003-cü il), 2000-ci illərdən sonra "Bu qala bizim qala" (2011-ci il), "Turan savaşçısının nəğmələri" (2011-ci il), "Şahmar şikəstəsi" (2011-ci il), "Adil Mirseyidin palitrası" (2011-ci il), "Mavi mərmərə" (2011-ci il), "Oğlum Əliyə dualar" ( 2011-ci il), "Eşq" (2011-ci il), "Cavid cihatı" (2013-cü il), "Məmməd Araz qayası" (2014-cü il) poemalarını yazır.

Elçin İsgəndərzadənin poemaları təsdiq edir ki, o, yaradıcılığının zirvəsinə uğurla gedən şairdir. Bitib-tükənməyən mövzular hələ onu gözləyir. Elçin İsgəndərzadə 50 yaşında daha qaynarenerjilidir. Qaynarenerjili olduğu qədər də təcrübəlidir. Bunlar isə yaradıcılığın irəliləməsindən, yüksəlişindən xəbər verir. Gözümüzün qabağında Elçin İsgəndərzadənin sonu görünməyən yaradıcılığının yeni mərhələsini açır. Bunların hamısı oxucu üçün, ədəbiyyatı sevənlər üçündür. Elçin İsgəndərzadə üçün yaradıcılıq mərhələsi dayanıb nəfəs almaqdır. Həm də bu fürsətdən istifadə edərək keçdiyi yollara qısa da olsa, nəzər salmaqdır. Axı yaradıcı adamlar üçün hər an keçdiyi yola nəzər salmaq fürsəti olmur. Bu mənada Elçin İsgəndərzadə yaradıcılığının fürsət mərhələsini yaşayır və yazır. Ona bu yolda yeni-yeni yaradıcılıq uğurları arzulayır, qələmin uğurlu olsun deyirik.

 

ədalət.-2014.-11 oktyabr.-S.18.