Dəlicəsinə qalib gəlmək əzmi...
Onunla tanışlığım 2000-ci ildən başlayıb. Həmin ərəfədə mən qəzetlərin birində məsul katib kimi çalışırdım. Bir gün "Azərbaycan" jurnalının əməkdaşı şair Tofiq Mahmudla "525-ci qəzet"in redaksiyasına getmişdik. Tofiq müəllim sözarası məni qəzetin baş redaktoru ilə tanış edib haqqımda xoş sözlər dedi. "Yaxşı jurnalistdir, sizin qəzetdə işləməyi tövsiyə edirəm". Rəşad müəllim "gəlsin işləsin, yaxşı jurnalistlərə hər zaman ehtiyacımız var", - dedi.
Mən
bir neçə il "525-ci qəzet"in
əməkdaşı oldum. Qəzetdə unudulmuş,
diqqətdən kənarda qalmış ədəbiyyat, mədəniyyət
adamlarından götürdüyüm müsahibələri, mənəviyyatla
bağlı yazılarımı həm baş redaktor Rəşad
Məcid, həm redaktorun müavini Yaşar müəllim
çox səxavətlə çap edirdilər.
O vaxtdan
tanıdım Rəşad Məcidi. Onun işçilərələ
gözəl münasibətinin, dəyərli məsləhətlərinin
şahidi olurdum. Gözəl aurası
vardı. Kiməsə yersiz
acıqlansın, yaxud hirsli danışsın, bunların
şahidi olmamışdım. Hər
insanın müsbət və mənfi aurası olur. İnsan var ki, ağzını açıb bir kəlmə
danışanda onunla söhbət etdiyinə peşiman olursan.
Nə ki mənfi enerjisi var ötürür sənə.
Belələri ilə rastalaşanda bütün gün
özünü tapa bilmirsən... İnsan da
var, onu görəndə həyata gülər üzlə
baxırsan. Mübaliğəsiz və tam
səmimi deyim ki, mən şəxsən Rəşad Məcidlə
rastlaşanda bu hissləri yaşayıram.
Kollektivin də aurası çox gözəl idi. Elə buna
görə də hamısı doğma idilər mənə.
Aradan tam
14 il keçib. Bu günə
qədər nə Rəşad Məcid, nə də Yaşar
müəllim haqqında bir kəlmə belə
yazmamışam. Halbuki hər ikisi
istedadlı yazarlardı. Yaşar müəllimin
istedadlı jurnalist olduğunu bilirdim, amma ilk dəfə
"Yeddi hekayə"sini oxuyanda onun gözəl bir
yazıçı olduğunu da dərk etmişdim.
Bu
yaxınlarda "Ulduz" jurnalının əməkdaşı,
hər zaman hörmət duyduğum gözəl şairə Fərqanə
xanım Mehdiyeva mənə bir kitab verdi. "Bax. Çox maraqlıdır", - dedi.
Kitabın adı dərhal diqqətimi çəkdi: "Dəlicəsinə".
Bu kitabda Rəşad Məcidin son 15 ildə dövri mətbuatda
dərc olunan yazıları, səfər təəssüratları,
maraqlı adamlar haqqında bir çox bilmədiyimiz məqamlar
və verdiyi müsahibələri toplanılıb. Çox gözəl tərtib olunan bu kitab
düşünürəm ki, Rəşad Məcid
yaradıcılığının, keçdiyi ömür
yolunun kiçik bir modelidir. Kitabı
oxuduqdan sonra mən indiyəcən Rəşad müəllim
haqqında yazmadığıma sadəcə təəssüfləndim.
Həyat qəribə paradokslarla doludur. Bəzən sənin sadədən
də sadə tanıdığın bir insanın fikirləri
ilə tanış olanda
düşünürsən: ilahi, mən bu adamı indiyəcən
niyə tanımamışam?
Kitabın ilk səhifələrindən "Dəlicəsinə
istək dəlicəsinə qalib gəlmək əzmi"
başlığı diqqətimi çəkdi. Bu yazıda
söhbət futbola olan dəlicəsinə sevgidən gedir.
2010-cu ildə Uruqvayla Qana ölkələrinin
futbol matçından yaranan dəlicəsinə təəssürat.
"Allah çox istəyənləri
mükafatlandırır. İnsan hər şeyi dəlicəsinə
istəyirsə, ona çatır..." Rəşad
müəllimlə həmfikirəm. İnsan
həyatda hər şeyə ya dəlicəsinə
yanaşmalı, ya da heç yanaşmamalıdır. Vətənə sevgi də dəlicəsinə
olmalıdır ki, sən onun haqqında həmişə
düşünə biləsən. Kitabdan
aldığım ilk təəssürat beləydi.
Müəllif bir futbol klubun uğurunun səbəblərini
izah edir. "Qarabağ" komandasının uğurunun səbəbi
ən əvvəl onun prezidentindədir" - deyə
yazır. "Sonra vitse-prezidentində, daha
sonra klubun direktorunda, mətbuat katibində, azarkeşlərdədir.
Amma ən əsası isə məşqçidədir.
Qurban Qurbanov bizim Qarabağı
qaytarmağımızın, sərhəd
bütövlüyümüzü təmin etməyimizin
düsturunu futbolda ortaya qoydu. Məhz onun peşəkarlığı,
ustalıqla yanaşdığı səmimi, doğma (həm
də milli!) mühitin nəticəsidir ki, futbolçular
meydanda birdən-birə qeyri-adi enerji, ruh, güc ala bilirlər!
Qurban Qurbanovun ən böyük sirlərindən biri də
budur: oyunçuya elə mühit yaradılmalıdır ki,
özünü VƏTƏNDƏKİ KİMİ hiss edə
bilsin!"
Vətəndəki
kim! Bu sözlərlə
müəllif əslində öz fikirlərini ortaya qoyur.
Rəşad müəllim bir futbol klubundan söhbət
açmaqla ümumilkdə bu gün işğal altında
olan torpaqlarımızı işğaldan necə
qurtarmağımızı məhz futbolla müqayisə edir! Biz onun vətənə, torpağa hədsiz
bağlılığını duyuruq. Bu
da təbiidir. Çünki Rəşad Məcid
o torpaqda böyüyüb boya-başa çatıb, o
torpağın havasını udub, suyunu içib, çörəyini
yeyib. Doğulduğu Qarabağ
torpağı neçə-neçə böyük sənətkarlar,
söz və elm adamları yetirib.
"Güclü olmalıyıq, özümüzə
güvənməliyik, bir olmalıyıq!"
Doğru məntiqdir. Düşünürəm
ki, elə hər sahədə qələbəmizin uğurun əsas
səbəbi məhz bu üç faktordur. Daha sonra
müəllif yazır: "Qarabağ"ın beynəlxalq
oyunlarda hər qələbəsi bütün
xalqımızın uğurudur! İşğal altında olan
şəhərimizin - Ağdamın, işğal altında
olan digər bölgələrimizin Qarabağın adı ilə
uğurlar qazanan komanda hərb yolu ilə, təbliğat yolu
ilə edə bilmədiyimizi futbol meydançasında qələbələrlə
milyonlarla insanın beyninə hopdurur..." Zənnimcə,
elə bu bir cümlə müəllifin vətəninə,
elinə necə bağlı olduğunu, onun mənəvi-psixoloji
üslubdan istifadə etməklə ortaya atdığı
maraqlı fikirlərini oxucuya çatdırır.
Müəllif
təkcə qələbənin deyil, uğursuzluğumuzun da səbəbini
göstərir:
"Stadionda çoxlu boş yerlərin qalmasının
səbəbini istiylə, yayla, ramazanla bağlayanlar var. Amma məncə
bu, bizim hələ ki, millət kimi tam
formalaşmadığımızın, BİR OLMAMAĞIMIZIN
göstəricisidir" - deyə böyük hərflərlə
yazır. Bu sətirlərdə bir vətəndaş
yazıçının ürək
sızıltılarını, qəlb
ağrılarını duyuruq. Yazıçı
olmaq həm də xalqın dərd-sərinə yanmaq,
xalqın adından danışmaq deməkdir. Rəşad Məcid bir yazıçı kimi
torpaqlarımızın neçə illərdi işğal
altında olmasına laqeyd qala bilmir, özünün
qurduğu kiçik futbol maketi ilə böyük
QƏLƏBƏNİN həyata keçməsini arzulayır.
"Bütün məğlubiyyətlərimizin
səbəbi dəlicəsinə istəyin
olmamasıdır!" deyir, sətiraltı və sətirüstü
mənalarla çox söz çatdırır oxucuya. Biz Qarabağı necə qaytara bilərik? Necə qələbə qazana bilərik? - suallarını gündəmə gətirir və
bir jurnalist-vətəndaş həssaslığı ilə
bunun yollarını izah edir. Qısası, tutbol həyatımızın
kiçik modelidir! Əslində yazıçının demək
istədiyi budur! Heç şübhəsiz ki,
jurnalistikada bu yazı üslubu Rəşad müəllimin
böyük istedadından xəbər verir.
Kitabda "Çingiz Əlioğlu, Lilya Brik və Anar
müəllim" başlıqlı yazı da çox
maraqlıdır. Şamaxıya böyük şairimiz M.Ə.Sabirin 150
illik tədbirinə Anar, Nəriman Həsənzadə,
Çingiz Əlioğlu, Nizami Cəfərov, Nizaməddin
Şəmsizadə, Vaqif Bəhmənli, Əjdər Ol, Bəhruz
Axundovla birgə Türkiyədən, Qırğızıstandan,
Qazaxıstandan, Litvadan, Ukraynadan gələn qonaqlar da
qatılıb. Onların şairin qəbirüstü məqbərisini,
ev-muzeyini ziyarət edib heykəlinin önündə gözəl
çıxışlar etməsi, sonra da mərkəzdən
6-7 kilometr aralı yerləşən səfalı
Çuxuryurdda masa ətrafında diskussiyaları, AYB-nin sədri
Anar müəllimin Mayakovski və sevgilisi haqqında
maraqlı söhbətləri çox oxunaqlıdır. Onlar tez-tez küsüşərdilər. Lilya Brikin növbəti küsüşməsində
şairdən barışmaq üçün qoyduğu şərt
nə olsa yaxşıdır? Lilya
Mayakovskiyə Aleksandr Blokdan onun üçün avtoqraflı
kitab hədiyyə alıb gətirəcəyi təqdirdə
onunla barışacağını deyir. Çox
ibrətamizdir, qadının təkcə şairə deyil, həm
də ədəbiyyata olan böyük sevgisidir. Sevgilisinin şairə olan saf və təmənnasız
məhəbbəti indiki gənclərimizə nümunədir.
"Şərtin gözəlliyinə bax eyy!" Masadakılardan
kimsə deyir. Rəşad Məcidin solunda oturan
professorun (hansı professorun olduğu məlum deyil) astadan
"bizimkilər ev, maşın istəyirlər"
deməsi və s. çox maraqlı məqamlardır. Düşünürəm, nə yaxşı ki, qonaqlarla
birlikdə olan Rəşad müəllim bütün
bunları özü demiş, "səhərin
alatoranlığında noutbukun klaviaturalarını asta-asta
barmaqlayaraq" yazır, əbədiləşdirir, tarixin
yaddaşına köçürür. Əslində belə
avtobioqrafik yazılar, yol xatirələri həm də gələcək
nəsillər üçün bir mənbə ola
bilər. Kitab yaddaşdır, tarixdir, məşhur
filosof Velkonun dediyi kimi, "zəmanələrin
dalğaları qoynunda üzən və özünün ən
qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə
ötürən fikir gəmisidir!"
"Gəncədəki ruh" bölümü də
çox maraqlıdır. Gəncə deyəndə
ilk öncə yadımıza böyük Nizami, Məhsəti
xanım, Cavad xan düşür. Daha sonra
bu torpaqdan pərvazlanan Rəfibəylilər, onların taleyi
göz önünə gəlir. Bu gün
dünyanın müxtəlif yerlərinə səpələnən
Rəfibəylilərin ən böyük nümayəndəsi
Nigar xanımdır.
Müəllifin
Qarabağ acısını bu yazıda da hiss etdim.
O, Gəncəyə
"Media və dövlət müstəqilliyimiz" adlı
seminara qatılmaq üçün həmkarı Akif
Aşırlı ilə Bakı Ağstafa qatarıyla gedir. "Uzun illərdi ki, bu vağzala ayaq
basmırdım. Vağzalda
"Bakı-Ağstafa" qatarını soruşanda
içimi büyürən nostalji hisslərdən
özümü saxlaya bilmədim. 1979-cu ildən 80-ci illərin
ortalarına qədər bu vağzaldan
"Bakı-Stepanakert" qatarı ilə
elə bu vaxtlar-saat ona işləmiş səfərə
çıxırdım. Gözəl günlər
idi. Valideynlərim Ağdamda yaşayırdılar.
Orda dostlarım, orta məktəb
yoldaşlarım vardı. Bakıya bu
cür uyuşa bilmirdim. Bərk darıxırdım və
tez-tez Ağdama gedib bu hisslərimi uşaqlığım
keçən o şəhərin tanış
küçələri, doğma sifətləriylə
ovutmağa çalışırdım. Az qala
ömrümün bir ilinin vətəni olmuşdu
Bakı-Ağdam qatarı..."
Doğma
yurda tamarzı qalan, həsrətini çəkən bir
yazarın ürək çırpıntıları
doğrusu, məni də duyğulandırdı... Baxma, bu
qatarın dalınca, baxma, Rəşad müəllim! Onsuz da
indi çoxumuz xatirələrlə yaşayırıq...
Seminarda
Prezident Aparatından Əli Həsənovun emosional
çıxışı müəllifi təsirləndirir:
"Əli müəllim jurnalistikamızda, yeni mediada,
saytlarda, bəzi qəzet səhifələrində dəyərlərimizə
qarşı olan münasibətdən narahatlığın
emosional şəkildə ifadə edirdi. Çox
təsirli sözlər idi. Azərbaycan
dövlətinin ideologiyasının
daşıyıcısı olan bir şəxsdən bu
sözləri müstəqilliyimizin 20 illik bayram günlərində,
həm də ilk Cümhuriyyətimizin ilk hökumətinin yerləşdiyi
binada eşitmək çox xoş idi!"
Tarixən
fars şovinizmi güclü olub. Rəşad müəllim başına gələn
bir əhvalatı da qələmə alıb. "İram mədəniyyət mərkəzi
Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyində qəzetimizdə
təbrik yerləşdirmək istədi. Orada Rumini
böyük fars şairi kimi qələmə
vermişdilər. Biz dedik: min yox, yüz min də versəniz,
biz bunu çap etmərik. Çünki
Mövlananı fars şairi saymırıq!"
Anlamaq olmur, İran Gəncədə doğulan Nizamini də fars şairi adlandırırdı. İndi də Rumini.
(Ardı var)