Hörümçəyə
bağışladım ov tüfəngimi
QIRX DOQQUZ
YAŞIM
14 oktyabr - qırx doqquz yaşım...
Görüşdük onunla xəstəxanada.
Əyləşib dərmanım, dərdim yanaşı,
Təklikdən qorxanda təklənir adam.
İl qaldı bir əsri yarı bölməyə,
Bəs sonra? -
Sonranın sonu görünməz.
İşığın
qəfildən dönər kölgəyə,
Od elə
donar ki, donu görünməz.
Çaylara
qol olan çağlarım hanı,
Gəzəm, görməyim yox, baxmağım qalıb.
Üfüqlər
dalında qovum, qovdanım,
Üfüqlər qaşında çaxmağım
qalıb.
Hər səsi
eşitmir əsrin qulağı,
Özümə yağışam, özümə
çətir.
Fikrimin
çəkisi çəkimdən ağır,
Dartmaq da
çətindi,
Atmaq da
çətin...
Yolumu
gözləyir bir donqar yoxuş,
Arxada
uçrum var, qarşıda qala,
Dur, daha qələm
də, söz də yorulmuş,
Dur, azca
qurdalan, azca xırdalan!..
Baxıram
bu aləm öz aləmində,
Mən
açan çiçəyəm,
Solan yarpağam.
Nə
vaxtsa, dünyanın duru dəmində
Yenidən dünyaya qayıdacağam.
Hardasa, nə
vaxtsa tökülən dolur,
Qum üstə arzular göyərir onda.
Bir
ömrü axırdan əvvələ doğru
Yaşayan olacaq mən olmayanda.
Ömrün
öz tufanı ömrümü didir,
Yox ayrı dərmanım dözümdən özgə.
Qırx
doqquz yaşıma əlvida dedim,
Bir kimsə bilmədi özümdən özgə.
14 oktyabr,
1982
Fevral,
1983
XATİRƏLƏR
Axır
yetişəcək ayrılıq çağı,
Mən səndə, sən məndə alışasıyıq.
Hələ
bu görüşü bir-iki yaxın
Dosta da arabir danışasıyıq.
Xeyli
susmayacaq yaddaşın səsi,
Sözün
olmayacaq əvvəli, ardı:
"Sinəmdə
bu odda kişi nəfəsi..."
"Qəlbimdə
bu adda qadın yaşardı..."
Hələ
deyəcəyik: "Dönə o günlər,
Onu istəyimcə görə bilmədim.
O mənim
qəlbimə girdiyi qədər
Mən
onun qəlbinə girə bilmədim..."
Sonra bu
ülfətin, gülüşün, sözün
Odu yavaş-yavaş soyuyacaqdır.
Bu səslər,
bu sözlər ürəyimizin
Gizli bir küncündə uyuyacaqdır.
Qalacaq bir
uzaq, bir şirin nağıl,
Yollar yormayacaq nə məktub, nə zəng.
Ya məndən
bir təbrik-bayramqabağı -
Ya səndən bir barmaq kağız gələcək.
Axır
fikrimizə bir iti caynaq
Girib bunları da didişdirəcək.
Ən məhzun,
kədərli anlarda ancaq
Bizi xatirələr görüşdürəcək.
Ta
heç nə demirəm, heç nə demirəm,
Alışır sinəmdə söz aram-aram.
Mən sənə
bir kövrək, yaddaşı möhkəm,
Vəfalı xatirə bağışlayıram.
Yalta,
yanvar 1968
QAYTAR
MƏNİ
Gönül,
bu gün nağıl danış,
Dünənimə qaytar məni.
Ələnməmiş,
üyünməmiş
Öz mənimə qaytar məni.
Mamırına
dolu yatan
Bir
dağ döşü -bir daş otaq...
Nə əl
dəyən, nə zəng çatan
Ünvanıma qaytar məni.
Nədir
itən, nədir qalan?..
Beş-on sözdür ümid - qalam.
Baş
aparsam, başsız qallam,
Yüyənimə qaytar məni.
Aramızda
tufan yaşar,
Sahillərdən punhan yaşar.
Yaşamağa
güman yaşar,
Gümanıma qaytar məni.
1980
DAĞLARA
QAR DÜŞDÜ
Dağa
qar düşdü, qar düşdü
Yada yar
düşdü, yar düşdü...
(El
sözü)
Dağlara
qar düşdü, qar düşdü yenə,
Məhzunluq ələndi oda-ocağa.
Çaylar
vida deyib gülüşlərinə,
Başladı aramla gumuldanmağa.
Dağlara
qar düşdü, uyudu dağlar,
Dağlar həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə
quzu bulaqlar
Daşların dibində yetim qaldılar.
Sanki
bir-birindən küsdü zirvələr,
Qayalar necə
də boynu buruqdur!
Kiminsə
yolunda quyu qazdı şər,
Kiminsə qəsdinə hicran durubdur.
Dəli
uçurumlarda ütülü görkəm,
Qartal
qıyıltısı itib dərində,
Hamilə
qadın tək yuxusu möhkəm,
Qucağı doludur dərələrin də.
Dağlara
qar düşdü,
deyirəm yəqin:
Adamlar bu
saat
kövrəkdir, mumdur.
Hamı
cızığından çıxıb fitnənin,
Hamı bir-biriylə hal-əhval tutur.
Dağlara
qar düşdü... görüşlər, ahlar,
Vidalı baxışlar yadıma düşdü.
Çoxdan
görmədiyim dostlar, qohumlar,
Simsarlar, tanışlar yadıma düşdü.
Gəncliyim
atından nə zaman yenib,
Elə
doluxsundum uşaq sayağı...
Sürüşə-sürüşə
dağlardan enib
Gəlirdi elə bil qocalıq çağım.
Dağlara
qar düşdü, elə qəmginəm...
Dağlara
qar düşdü... bilirəm bu dəm
Anamın
qəbri də qar altındadır,
Anamın qəlbi də qar altındadır.
Neçə
demədiyi əfsanə, nağıl
Onun sinəsində - qar altındadır.
Neçə
oxunmamış bayatı, ağı
Donub sinəsində
- qar altındadır
Tək
bircə başdaşı tənha, mükəddər
Qardan
baş qaldırıb yolumu gözlər...
Dağlara
qar düşdü, qəribsəyirəm,
Qəlbimə
bir həmdəm qəlb istəyirəm...
Yalta 1968
KİMLİYİM,
NƏÇİLİYİM...
Qəfil
düşdüm bəd taleyin kəməndinə mən,
Axır dönüb bu halımla barışan oldum.
Daha tənqid
biçinində az itilənən,
Daha tərif
xırmanında az daşan oldum.
Dib bucaqda
beli bükük,
Lüləsi
donuq, -
Hörümçəyə bağışladım ov
tüfəngimi.
Günün
çoxu yuxuludur ev telefonu,
Günün çoxu diksinməyir qapı zəngimiz.
Yox,
ürəyim, daş qulazla ötəri dərdə,
Qəm üstünə sevincini hörməyi bacar.
Ön cərgədən
son cərgəyə adlayıb hərdən
Görünməyən məqamları görməyi
bacar.
Öz
vaxtında ayırmadın şahini sardan,
Az
qoşmadın boş xarallar şəninə dastan.
Qaranquşa,
sığırçına meylimi sallam,
Ürəyimdə yuva qurmaz köçəri dostlar.
Bir də
üzməm yalan vədlər cəzirəsinə,
Köpüklərə ip atmağın faydası nəymiş?
Bir vəzifə
kürsüsünün cazibəsi nə,
Bir telefon
dəstəyinin ədası nəymiş!
Mən bu
hala gülə bildim,
Ağlaya
bildim:
Əhd-ilqar
da "baxarıq"lı, "görək"li imiş;
Mən
ömrümün aşrımında anlaya bildim:
Nəçiliyim
kimliyimdən gərəkli imiş...
1981
***
Dünya
böyük, ömür yolu bir addım,
Bir balaca eşq adası yaratdım.
Bir
uçrumdan fırtınaya tor atdım,
Bu cürəti
görən, duyan olmadı,
Səndən mənə gün ağlayan olmadı.
Sığalını
görsə idi kəhərim
Yarıyolda büdrərdimi hünərim?
Göz
yaşından nə barlanım, nə dərim...
Günün
mənə gün bağlayan olmadı,
Səndən mənə gün ağlayan olmadı.
Taleyinin
hökmü oldu, nə deyim,
Tez
doğuldum, gec doğuldun, nə deyim...
Zaman
keçdi, yaşa doldum, nə deyim...
Cavanlıqdan
od saxlayan olmadım,
Səndən mənə gün ağlayan olmadı.
İki
çırpı bir ocaqda gün ağlar,
Od səngiyər,
köz sızıldar, kül ağlar.
Yaş
ötəndə yada düşər günahlar:
Kim
yıxıldı, kim haqlayan olmadı,
Kimdən
kimə gün ağlayan olmadı...
1981
DİQQƏTİM
Deyirsən:
qadınlar diqqət sevəndir,
Diqqətim keşikçin, diqqətim qulun.
Hələ
istəyirsən bir adam nədir,
Yüz adam diqqətli diqqətcil olum.
Adi
eyhamını gözündə görər
Mənim göz diqqətim, xəfif diqqətim.
Səni
sancağından çəkmənə qədər
Tərifə bələyər tərif diqqətim.
Baxmaz bir
gözucu özgə qadına,
Ehtiras diqqətim sadiqdir yaman.
Ad
günü yaşını salmaz yadına,
Mənim yaş diqqətim ayıqdır yaman.
Duyğu
diqqətim də küləyə dönər,
Qapıb hər qəmini didər dişində.
Qayğı
diqqətim də mələyə dönər,
Səni çimizdirər nəvazişində.
Mənim
yol diqqətim min bir qanadlı
Sözsüz, lətifəsiz, gülüşsüz
olmaz.
Əyləncə
diqqətim şit zarafatlı,
Ayrılıq diqqətim öpüşsüz olmaz.
Çox
diqqət dərsini o hələ bilmir,
Çox görüb-götürə gərək diqqətim.
Bircə
məhəbbətə çevrilə bilmir
Bu ütük diqqətim, zirək diqqətim.
Yanvar 1968
NƏ
GÜNAH
Bu
ömürdü, öz baharı, öz qışı;
Gələn yazda, gedən qışqa nə günah.
Xirtdəyəcən
günahlara batmışı
Yuya bilməz, qar-yağışda nə günah.
Göylər
qala buludları axımlı,
Yer körpəli, yer cavanlı, ahıllı.
"Dəli"
- deyib daşlayanda ağıllı
Xəncər qapan ağlıçaşda nə
günah.
Yekə-yekə
xırdalanan "addılar"
Heç
bilinməz çapardılar, atdılar;
İki itə
para sümük atdılar;
Qarabaşda, Alabaşda nə günah.
Qara
külək tumanını qaldıra,
Xırmançının samanını qaldıra.
Dəyirmançı
dabanını qaldıra,
Bir-birini yeyən daşda nə günah.
Hər
havaya çiyninə baş qoymayan:
Fırfıra
tək fırlanmaqdan doymayan...
Bu
başlarla aşıq-aşıq oynayan
Çevik əldə, ayıq başda nə günah.
Bəlkə
əlli misrası yox əllimin,
Bu titrəyiş
günahıdır əlimin...
Qollarında
dost əli var əlli min,
Məmməd
Araz, əlli yaşda nə günah...
1982
BİR
İNSANA
İNAMIMI
İTİRDİM
Ağ yol
idi... ikimiz bir qaraltı
Nağıl
kimi: işıq yandı, it hürdü...
Yarı
yolda qədəmləri daraldı,
Yarı yolda inamımı itirdim.
A yalquzaq,
tək deyilsən bu dəfə
Sizin olsun - bizim olmaz bu cığır.
İkiliyi
yarıtmadı bu səfər,
Görək indi tənhalıqdan nə
çıxır.
Elə
bildim göy meşələr axnadı,
Ağ
bulaqlar bir də nə vaxt durula...
Bu gün
uçan quşlara da baxmadım,
"Məni
görüb qanadları qırılar"...
Çox
yaxşılar yamanlaşdı gözümdə,
Çox
vədələr dumanlaşdı gözümdə,
Düz əhd-ilqar
yarğanlaşdı gözümdə,
Bir insana inamımı itirdim.
Elə
bildim küsdürmüşəm səhəri,
Dan yerini kilidlədim dan üzü.
Qara yelkən,
qanadını çək bəri,
Bu dəryanın dalğasında dağ üzür.
Ümid
yolu köhnə yoldu, bilirəm,
Ayaq geri, göz irəli səslədi.
Dönüşünə
ümid yoxdu, bilirəm,
Ancaq yenə ümidimi kəsmədim.
Bir ömürdən
bir-ikicə yaz qalıb,
Öz
qorumdan öz tayamdı od alan.
Mənim
kimi uduzanlar az qalıb,
Özgə bəxti haqlamasın o talan.
Yamaq tutan
qəlbə bölük deyərlər,
Dostdan gələn
dərdə "böyük"- deyərlər
Belə
dosta İsmi Dönük deyərlər,
Bir insana inamımı itirdim.
Pitsunda, 7
sentyabr, 1981
GÖYƏRDİ
Bu dünyanın qara daşı göyərməz.
Musa Yaqub
Musa Yaqub,
gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi
istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.
Bu
dünyanı hörümçəkdən
almışıq,
İlməsini
kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.
Kim
işığı ürəklərə doğrayar,
Kim
işığı ürəklərdən oğrayar,
Kim
yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.
Çox
gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də
çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi.
Mən
Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin
qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Pitsunda,
avqust 1981
KÜR
ÜSTÜNDƏ TƏK AĞAC
Ə.Kürçaylının
xatirəsinə
Kür
üstündə tək ağacdı,
Sağı-solu düzən idi.
Küləklərin
əndərinə-döndərinə
dözən idi.
Sinəsində
od soyudan,
Buz əridən gücü vardı.
Baxışları
üfüqlərin
tərs
üzünü oxuyardı.
Nəğməsində
Kür harayı,
Nəfəsində Muğan duzu.
Ömrü
boyu oxuduğu kitab idi
Muğan düzü.
Söz
yolunda fəhlə idi
əli
qabar, çiyni qabar.
Şum
yerindən yığılmışdı
misraları
damar-damar.
O,
şerinin, şeri onun özü idi,
əsli
idi,
Bərkliyi
də,
sərtliyi də
mərdliyinə təslim idi.
Danışanda
deyərdin ki:
Kürsü
onun qatarıdı,
Yer
şarının bu qütbündən
o
qütbünə aparırdı.
Yol gedəndə
deyərdin ki:
Günəşəcən
gedəcəkdi,
Öz qəlbinin
tufanında
təkbaşına avar çəkdi.
Ürəyində
itirdiyi
səsi
gəzdi son anında,
Əridi
səs,
qeyb oldu
səs
ürəyinin vulkanında.
Səsləyəni
itirdi səs,
Dönüb
getdi Kür üstünə,
Qondu qərib
bülbül kimi
boynu
bükük gül üstünə.
Gördü
həmən məcra boyu
həzin-həzin ötən su var;
Tənhalaşan
ağacların
qəfil
sınmaq qorxusu var...
1980
SƏN
MƏNİ SEVSƏYDİN...
Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum
demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
Toxalar,
azalar bu sevgimizdən
Dünyanın
məhəbbət acları bəlkə,
Təzə
haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
Bizim
başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə
səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.
Ləpələr
göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar
bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.
Dedim ki,
göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını
tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.
Sən məni
sevsəydin... sevsəydin əgər...
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda
"ürəkləş", "sevləş" demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
Dekabr,
1968
TƏƏSSÜF
Bu
görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə
düşdük.
Salamsız,
kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə
görüşdük.
Əsdi
ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl
bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng
deyildin.
Hanı
ömrümüzün o keçən günü,
Hanı
öz əhdinə o dönük andım...
Sənin
"gəl barışaq" təbəssümünü
Mən o vaxt əl açan dilənçi sandım.
İndi
dayanmışıq üz-üzə, yaxın:
Təəssüf çay kimi axır aradan.
Bəlkə
də vədəsiz yaxın olmağın
Cazibə
gücündən tez aşır adam.
Bir
eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə
məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.
Bəlkə
də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf,
təəssüf, təəssüf ilə
Qayıda
bilməyən günə təəssüf!..
Dekabr,
1967
QAR
Uzaqdan
baxıram ağappaq, təmiz,
Yaxına
gəlirəm: qurd düşüb qara...
Yadıma
düşür ki, bəzən hissimiz
Nə qədər
aldanır bu ağlıqlara...
Qayğılar
görürük, bürüncək kimi --
Tikandan astarı, ipəkdən üzü.
Vədələr
görürük, kəpənək kimi
Dalınca uşağa döndərir bizi.
Uzaqdan
baxıram ağappaq, qəşəng;
Yaxına
gəlirəm: qar kif atıbdır.
Qəlbim
inciməsin gözümdən gərək,
Qəlbim də gözümü çox
aldadıbdır.
Kəlbəcər
- İstisu
İyul
1968
QOLTUQ
AĞACI
Qoltuq
ağacına yazığım gəlir,
Tutub bir
binanı çiyinlərində
O zorba bir
dirək ola bilərdi.
Məğrur
bir çobanın çiyinlərində
Qurd əzən
dəyənək ola bilərdi.
Bir
körpü tağı da ola bilərdi,
Tüfəng
qundağı da ola bilərdi.
Vaxtsızmı
qırıldı, tezmi qırıldı...
Vüqarı qırıldı, əzmi
qırıldı.
Qoltuq
ağacından acığım gəlir,
O
bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Nəğmə
də oxuyur o, cırhacırla,
Qırıla-qırıla...
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? -- "qoltuq nəğməsi"
Özü
bu vərdişi ömrünə yazıb,
Onu bir
qoltuqdan tullasan əgər,
Yanından
yan ötüb bir ayaqsızın,
Kiməsə
üçüncü ayağa dönər...
Daş
kaha yaxşıdır bir uçuq damdan,
Duyar
eyhamımı bir qoltuq acı:
Deyirəm
qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.
1967
QONŞU
ÇƏPƏRİ
Qonşu
qardaş, az qurdalan o çəpər
boyu,
Əsəbini,
qəzəbini hörmə çəpərə,
Bizə tərəf
əyilməkdən tikan quruyub,
Pozma onun yatımını hədərcə yerə.
Bizim
bağa su axıdır açdığın bərə,
Bizim tutdan sizin bağa kölgə düşəcək.
Gözümüzü
gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb həvirləşəcək.
Tüstü
qalxar iki evin həndəvərindən,
İki tüstü bir havada əriyəcəkdir.
"Sizin",
"bizim" dediyimiz sədd çəpərində
Qarışqalar eyni yüklə yeriyəcəkdir.
Sənin baban bulaq çəkdi, ya mənim babam?
Nə fərqi var? - Su - çəkənin, su - içənindir?
Yol boyunca
cərgələnən bu qoz, bu badam,
Əkənindi? Yeyənindi? - Nə deyək indi?
Olmasaq da
bir süfrədə bir dəmə ortaq,
Günümüzün gəlişi bir, axarı birdir.
Dağa
çıxaq, düzə enək, göyə dırmanaq,
Yolumuzun kilidi bir, açarı birdir.
Yüz
ocağa od veribdir o qara təndir,
Çəpərlərdə bitən gördüm
qaratikanı.
İki
qarış torpaq udsan - biri sənindi,
Dünyagirlər yemədilər quyruq dünyanı.
Mən Təbrizli,
Naxçıvanlı, mən Gəncəliyəm,
Çox görmüşəm hasar üstdə ölənləri
də.
Mən
torpağı bölünməyə öyrəncəliyəm,
Heç
qazanan görməmişəm bölənləri də...
Pitsunda,
30 avqust, 1981
DÜZ
YOL QURTARAN
YERDƏ
Qorxuram
uzana qədəmlərin
Düz yol qurtaran yerdə.
Uçurumu
güllü yaylıq,
İlğımı at biləsən.
Dərəni
selələyən
Seli qanad biləsən.
Qorxuram
utana qədəmlərin,
Düz
yol qurtaran yerdə;
Geriyə
qayıtmağa
yol ola,
üz olmaya;
Yalanı
ha dartasan
Ortası üzülməyə.
Büdrəmək öz əlində.
Dikəlmək
çətin peşə!
Andını
saxla daha,
Yazıqsan,
dilin şişər...
22 oktyabr,
1982
OD
KİMİ, SU KİMİ...
Hələ
yeriyirəm qəlbimlə qoşa,
Hələ
çoxlarına örnəyəm, bala!
Qoca
büdrəyəndə büdrəyən qoca,
Körpə
ağlayanda körpəyəm, bala!
Ömürsüz
ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam.
Hardasa
gül üzə gül yastığıyam,
Hardasa
ilana köynəyəm, bala!
Bəlalı
başında nə dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz qurtuluş...
Bax indi pətəyi
suya tutulmuş
Arı
topasından köynəyəm, bala!
Dünyamız
bir sapla asılı göydən,
Səsim,
bu torpağın səsinə köhlən!
Desələr
şerimin avazı köhnə...
Od kimi,
su kimi köhnəyəm, bala!
1981
Ədalət.-2014.-14 oktyabr.-S.6.