UNUDULMAZ CƏFƏR CƏFƏROV

(Görkəmli sənətşünas, professor Cəfər Cəfərovun anadan olmasının 100 illiyinə)

 

100 il keçir bu böyük insanın-Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, sözün həqiqi mənasında XX əsr ədəbiyyat tariximizdə layiqli yeri olan professor, Azərbaycan EA-nın müxbir üzvü Cəfər Cəfərovun doğum günündən. 1914-cü ilin 7 sentyabr günündə Bakıda, xırda bir tacir ailəsində dünyaya gəlmişdi. Cəfər müəllim böyük bir həyat yolu keçmişdi..Onun həyatında o qədər maraqlı səhifələr var kigBir neçəsini nəzərinizə çarpdırıram.

Moskvada təhsil almışdı. Otuzuncu illərdə qəzetdə, Dövlət Dram Teatrında, Bakı kinostudiyasında, Yazıçılar İttifaqında, Elmlər Akademiyasında çalışmışdı, sonra-Böyük Vətən müharibəsində iştirak etmişdi. Müharibədən sonrakı illərdə MK-da, ADU-da, "Pravda" qəzeti redaksiyasında, Mədəniyyət Nazirliyində çalışmışdı. Pedoqoci fəaliyyətlə də məşğul olmuşdu. Son iş yerləri: Azərbaycan KP MK-nın ideoloci işlər üzrə katibi və EA-da Memarlıq və İncəsənət İnstitutu teatr və kino şöbəsinin müdirig

Bu tərcümeyi-hal hələ böyük Cəfər Cəfərovun kimliyi haqda heç nə demir. Ömrü boyu yüksək vəzifələrdə çalışan o qədər Xadim tanıyırıq ki, onlardan ancaq quruca tərcümeyi-hal qalıb. Ancaq Cəfər Cəfərov XX əsr Azərbaycan tənqidi və ədəbiyyatşünaslığı, teatr aləmi və sənətşünaslıq tarixində əbədi izləri qalan bir ŞƏXSİYYƏTdir. Qırx bir öncə (1973) dünyasını dəyişsə də, Cəfər Cəfərovun yazdığı əsərlər qətiyyən öz müasirliyini itirmir. O əsərlər küll halında ədəbiyyat tariximizin, teatr tariximizin ən maraqlı bir səhifəsini təşkil edir. Ancaq təəssüf ki, bu böyük alimin, tənqidçi və teatr xadiminin 100 illiyi yada düşmür. Ölümündən sonra da onun heç bir kitabı işıq üzü görməyib.

Cəfər Cəfərov çox məlumatlı, bilikli, dünya ədəbiyyatına yaxşı bələd olan son dərəcə savadlı bir insan idi. Onun həyat yolu və yaradıcılığı haqqında ən sanballı sözü Anar müəllim deyib. Kursivlə nəzərinizə çatdırıram:

Cəfər Cəfərov-həqiqi mənada təbiətcə, xislətcə təvazökar insan idi. Təvazö onun xarakterinin zahiri örtüyü deyildi, üzvi keyfiyyətiydi.

Cəfər Cəfərov güclü adam idi. Onun barəsində küncdə-bucaqda hərzə-hədyan danışanlara baş qoşmağı, onların səviyyəsinə enməyi öz qüruruna sığışdıra bilmirdi.

Cəfər Cəfərov -cəsur adam idi, tənqidçi, alim fikrinin ardıcıllığı, sənət mövqeyinin prinsipiallığı, inandığı anlayışlarda, əqidəsində, zövqündə sabitliyi-dövrün bütün sınaqlarından mərd-mərdanə çıxmışdı.

Bu sözləri o insan söyləyir ki, o, həyatda, ədəbi aləmdə dəfələrlə Cəfər Cəfərovla ünsiyyətdə olmuşdu. Və onun şəxsiyyətini, insani keyfiyyətlərini bəlkə də hamıdan çox anlayan, dərk edən və sevən nadir adamlardan biridir Anar. Ona görə "nadir" deyirəm ki, Cəfər Cəfərovu sevən, onu bir insan və alim kimi yüksək qiymətləndirən dostlarının çoxu həyatda yoxdur.

Lakin Cəfər Cəfərovun özünün və dostlarının ölümüylə Cəfər Cəfərov dünyası bitmir. Çünki Cəfər müəllimin əsərləri qalır və tam qətiyyətlə deyə bilərik ki, bu əsərlərin əksəriyyəti heç vaxt öz müasirliyini itirməmişdir.

Bu gün-onun 100 yaşından da bir ay keçmiş bu böyük alimin yaradıcılığını nəzərdən keçirəndə onun çoxcəhətli sənət dünyası səni doğrudan da heyrətləndirir.

O, ədəbiyyata tənqidçi kimi gəldi. 1934-cü ildə, "Ədəbiyyat qəzeti"nin 30 may sayında "Həyat burulğanı və ondan çıxış yolu" məqaləsi dərc edildi. Bu məqalə o zamanın gənc nasiri Ənvər Məmmədxanlının "Burulğan" povestinə həsr olunmuşdu. O, bu əsərin ruhunu, müəllifin məramını duyaraq təhlil edirdi, əsasən obrazların səciyyəsinə diqqəti yönəldirdi. Yazırdı: "Ənvər doğru olaraq göstərir ki,yeni insan meydana çıxarmaq üçün bu yeni həyatın alovlarında yanıb, ağrıları ilə böyümək və bunu dərindən dərk etmək lazımdır". Bu fikir o zamankı ədəbi tənqiddə başlıca şüarlardan biri idi. Yeni insan!

Cəfər Cəfərovun tədqiq obyekti ilk növbədə bədii ədəbiyyat idi və o, sonralar görkəmli bir teatr tənqidçisi kimi fəaliyyət göstərəndə də təhlillərində ədəbi düşüncə meyarı öndə dururdu. Onda Azərbaycan ədəbiyyatının keçmişinə və müasir durumuna aydın və konseptual mövqe formalaşmışdı. Azərbaycan ədəbiyyatının həm milli meyarlar baxımından, həm də Qərb ədəbiyyatı mövqeyindən qiymətləndirilməsi onun tənqidçi kredosunun ayrılmaz xüsusiyyətləri idi. O, sənətdə yenilik, novatorluq tərəfdarı idi. Yazırdı ki: "Şeirdə tradisiya məsələləri ilə əlaqədar olaraq bir mühüm cəhəti də qeyd etməliyik. Məsələ burasındadır ki, ənənə dedikdə ancaq klassik Azərbaycan şeirini nəzərdə tutmaq olmaz. Bəs Heyne, Bayron, Puşkin, Mayakovski-onların qoyub getdiyi tradisiya? Bu ikinci tradisiyanın əhəmiyyəti heç də birincidən az deyildir".

Cəfər Cəfərovun ədəbi-tənqidi irsində teatr və dramaturgiyanın tədqiqi birinci sırada durur. Gəlin, onun bu sahədə ardıcıl fəaliyyətini əks etdirən yazılarının adlarını çəkək: "Hacı Qara", "Azərbaycan dramaturgiyası", "Dramaturgiya və teatrımızın yeni yüksəlişi uğrunda","Yüksək keyfiyyətli dramaturgiya uğrunda", "M.F.Axundovun dramaturgiyası" (monoqrafiya)., "M.F. Axundov və teatr", "Nəcəfbəy Vəzirov", "Vilyam Şekspir", "Cavid teatrı", "Cəfər Cabbarlı", "Dramaturgiyada yüksək sənətkarlıq uğrunda", "Naxçıvan teatrı", "Antoni və Kleopatra", "Təklik faciədir", "Yalansız", "Azərbaycan teatrı" (monoqrafiya), "Teatrda müasirlik"-bunlar sırf teatr və dramaturgiya ilə bağlı məqalələr idi və o məqalələrin hər biri ümumən sənət tariximizin qiymətli nümunələridir. Görkəmli tənqidçi Yaşar Qarayev yazır: "Cəfər Cəfərovun təhlil üslubu və dili ayrıca, müstəqil bir dil və üslub vahidi kimi bizim ədəbi tənqidimizdə çoxdan seçilir və tanınır. ..Müəllifin şərhində teatr problemləri, estetik istilah və anlayışlar səhnə nəzəriyyəsinin son nailiyyətləri ilə yeniləşən ən müasir məzmunu ifadə edir".

O, "M.F.Axundovun dramaturgiyası" monoqrafiyasında ilk dəfə olaraq böyük sənətkarın dramaturci irsini hərtərəfli tədqiq obyektinə çevirir, ədəbiyyatımızda sözün həqiqi mənasında inqilab yaradan Axundovun komediyalarını ümumən mədəniyyət tarixmizin fenomenal hadisələri hesab edir. Cəsarətlə deyə bilərik ki, Axundov dramaturgiyası haqqında hələ bu sanbalda, belə professional səviyyədə ikinci bir əsər yazılmayıb. Burada vaxtilə böyük ədibimiz Mirzə Cəlilin Axundov haqqında söylədiyi qiymətli bir kəlamı xatırlatmaq yerinə düşər: "Axundovun öz əsərlərində, o cümlədən, komediyalarında qaldırdığı hər bir məsələdən "qan iyi" gəlir". Cəfər Cəfərov da sanki bu fikri öz monoqrafiyasında reallaşdırmağa çalışır və buna nail olur.

Məsələ burasındadır ki, Cəfər Cəfərovun zamanında teatr və dramaturgiyanı tədqiq edən araşdırıcıların sayı o qədər də çox deyildi. Buna səbəb o idi ki, dramaturgiya tənqidi sahəsində professionalların sayı az idi. Bir də, şeirə və nəsrə nisbətən dram əsərləri haqqında, həmçinin teatr problemləri ilə bağlı yazılarda ümumi nəzəri biliyin azlığı, bu iki sənət növünün mahiyyətinə bələdsizlik nəzərə çarpan nöqsan idi. Cəfər Cəfərov bu boşluğu müəyyən mənada aradan qaldıra bildi.

Cəfər Cəfərovun aydın, səlis məntiqi vardı və o, istənilən bir dram əsəri, ya dramaturgiyanın ümumi vəziyyəti, ya da ayrı-ayrı dramaturqlar, recissorlar və aktyorla bağlı məqalələrində bu məntiq bəzən çox sadə şəkildə ifadə olunurdu. Ancaq bu sadəlikdə bir dərinlik hiss olunurdu. Onun yazıları həm də bədiilik elementləri ilə "yüklənmişdi". O, oxucunun fikrini elə ilk cümləsindən özünə cəlb edirdi. Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi və rnun tamaşası haqqında qələmə aldığı "Təklik faciədir" məqaləsini xatırlayaq. Bu yazıya ən gözəl tənqidi hekayə də demək olar. Məqalə belə başlayırdı: "Bu, məlum həqiqətdir, nəsillərin uzun tarixi göstərir ki, təklik doğrudan da faciədir. Ədəbiyyat və sənət bu faciəni bir çox gözəl əsərlərlə təsvir etmişdir. Dakin təkliyin faciəsi hələ bitmədiyindən, sənətkarlar təkrar-təkrar bu mövzuya qayıdıb, onun müxtəlif şəkillərini, çox zaman duyulmaz çalarlarını bizə göstərirlər. Nə üçün təklik mövzusu belə davamlı təbiətə malikdir? Çünki təkliyi, tənhalığı doğuran subyektiv səbəblər deyil, ictimai quruluşun ziddiyyətləri, insana qarşı bu və ya digər dərəcədə ədalətsizliyidirg"Sən həmişə mənimləsən" tamaşasının qəhrəmanlarından biri deyir ki, insanlarla əhatə olunduğun halda, Robinzon Kruzo kimi yaşamaq olmazgvə "bizim quruluşumuzda insan cəmiyyətdən, onun mübarizəsindən kənarda qalarsa, heç bir zaman xoşbəxt ola bilməz". Bu, belədir. Lakin təklik və tənhalıq mövzusu hələ diridir və şüurlarda öz təzyiqini hiss etdirməkdədir".

Onun əksər yazıları məhz bu tipli bir tezislə başlayır və sonrakı sətirlərdə həmin tezis öz elmi-tənqidi təcəssümünü tapır.

Cəfər Cəfərovu səciyyələndirən ümdə bir cəhəti də qeyd etmək istərdik. O, axtarışı sevirdi. Bunu iki mənada yoza bilərik. Birincisi; onun axtarışları məqsədyönlü idi. Cəfər müəllim istər teatrda, istərsə də dramaturgiyada gözə çarpan sənət yeniliklərinin aşiqi idi. O, Şekspirdən-bu dahi sənətkardan yazanda Şekspiri bütün incəliklərinə qədər Azərbaycan oxucusuna tanıtmaba can atırdı və buna nail olurdu. Şekspirin Azərbaycan səhnəsində tamaşaya qoyulan "Antoni və Kleopatra" tamaşasından yazanda da teatrın axtarışlarını təqdir edirdi. "Toy" komediyasının yeni quruluşda səhnədə təcəssümünə də elə bu axtarışlar müstəvisindən yanaşırdı. İkincisi; Cəfər Cəfərov Azərbaycan teatrının təxminən bir əsrlik tarixini qələmə almışdı. "Azərbaycan teatrı (1873-1973)" monoqrafiyası (əsərin sonuncu fəsli- "Axtarışlar davam edir"- Yaşar Qarayev tərəfindən qələmə alınıb) uzun illərin gərgin axtarışlarından doğmuşdu. Bu əsər alternativi çətin tapılan qiymətli bir tədqiqat əsəridir. Faktların həqiqəti burada elmin həqiqətinə çevrilir.

Cəfər Cəfərovun AXTARIŞÇI bir alim olduğunu sübut eləməyə ehtiyac yoxdur. Ancaq ehtiyac duyulursa, onun "Hüseyn Ərəblinski. Sənəti və mübarizəsi" məqaləsini misal gətirə bilərik.

"15-16 il bundan əvvəl Hüseyn Ərəblinski haqqında ilk dəfə əsər yazmaq fikrinə düşəndə hiss edirdim ki, onun həyatına, sənətinə dair məlumatım, təsəvvürüm azdır, səthidir. Ömründə səhnəldə görmədiyin sənətkar haqqında belə zəif təsəvvür əsasında nə yazmaq olar və kimi inandırmaq olardı? Vaxtın darlığı ucbatından axtarışlarla məşğul olmağa imkan qalmadı. Əldə etdiyim məlumat və faktlarla, Sidqi Ruhulla, Kazım Ziya, Ə.Salahlı, İ.Hidayətzadə, R,Təhmasiblə qısa söhbətlərlə kifayətlənməli oldum. Özümü doğrultmaq üçün yalnız bunu deyə bilərəm ki, məlumatım az olsa da, həvəsim, ehtirasım güclü idi. İçəridən alışıb-yanırdım. Yazmamaq mümkün deyildi. Mənə elə gəlirdi ki, Ərəblinskini duyuram, görürəm, o mənə daxilən çox yaxındır və ola bilməz ki, onun haqqında qələmdən yalan sızsın; qəlplik Ərəblinski ilə uyuşan şey deyildi".

Beləcə, Cəfər müəllim Ərəblinski ilə bağlı axtarışlarını davam etdirir, vaztilə, inqilabdan əvvəl onun haqqında, tamaşaları barədə yazılan məqalələri arayır və nəticədəgsən də Ərəblinsikini, bu patriarx Azərbaycan aktyorunu duyursan, görürsən, tamaşalarını baxırsan, hətta onunla həmsöhbət olursan. Bu, əksər teatr tənqidçilərinə müəyəssər olmayan bir yenilik idi. Onun Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə, Rza Təhmasib və Həqiqət Rzayeva haqqında yazdığı məqalələri oxuyanda da eyni hissi keçirirsən.

Cəfər Cəfərov böyük teatr bilicisi idi. Bu bilgi dünya teatr sənətinə bələdlikdən gəlirdi. Recissura sənətini, aktyor oyununu, ümumən teatra aid tərtibat, rəssamlıq, musiqi məsələlərinə professional qiymət verməyi bacarırdı.

Cəfər Cəfərov haqqında söz açanda bir də unutmaq lazım deyil ki, o, həm də estetik fikrimizin inkişafında da öz alim-nəzəriyyəçi əməyini əsirgəməmişdir. "Estetik fikir tariximizdən", "Estetika və sənətşünaslıq", "Estetik zövq", "Sənətlərin təsnifi" gbu məqalələr elə bu günün özündə də "Estetka" dərsliklərinin ən sanballı fəsilləri ola bilər.

Cəfər Cəfərov böyük Alim, böyük Şəxsiyyət və böyük İnsan idi. Müasirləri də deyirdi bunu, indi sağ qalan dostları, sənət adamları da deyir bunu, biz də deyirik... Unudulmaz Cəfər Cəfərov... 100 yaşın mübarək!

 

Ədalət.-2014.-14 oktyabr.-S.7.