"Azərbaycan jurnalistikası cəsarətsiz,
ələbaxan bir uşaq olub"
Yerli televiziyalarımızdakı problemlər,
çatışmazlıqlar zaman-zaman qaldırılıb, dəfələrlə
müzakirə mövzusu olub. Bununla belə, səslənən
müxtəlif mülahizələr problemin həllini tapmaq
yerinə, əksinə fikirləri daha da
haçalandırıb. Əlbəttə,
fikir azadlığı və müxtəlifliyi,
tamaşaçı zövqü hər kəsin haqqı
olduğu arqumentdir. Amma məsələ
milli, ictimai maraq doğurduğuna görə, ortaq məxrəci
axtarıb tapmaq, telekanallardakı
çatışmazlığı, ən azından qabartmaq
üçün mütəxəssis fikrinə ehtiyac var. Bu
gün elə müsahibimin dili desək "barmaqla
sayılası peşəkarlar”ın rəyi, problemlərin həllinə
istiqamətlənmiş təhlilləri
çatışmazlıqları aradan qaldırmaq
üçün ipucu rolunu oynaya bilər. Başqa
sözlə, problemi həll etmək üçün onun səbəbini
araşdırmaq lazımdır. Bu məqsədlə Azərbaycan
telejurnalistikanın inkişafında böyük xidmətləri
olan media tənqidçisi Qulu Məhərrəmli ilə
söhbətimizi təqdim edirik:
"Jurnalistlər
özlərini çətinə salmaq, başlarını
ağrıtmaq istəmirlər"
-Qulu müəllim, bu gün Azərbaycan
jurnalistikasında – istər media olsun, istərsə də mətbuatda
boşluq nədədir? Yəni nədən yazılmalı, nəyi
işıqlandırmalıdırlar, amma o sahədə zəiflik
var, ümumiyyətlə yox səviyyəsindədir?
-Bizim
jurnalistikamızın ən ciddi problemi 2 şeydədir: bizdə
jurnalistika mövzu baxımından çox bəsitləşib.
Bu birbaşa mediaya verilən azadlığın
hüdudlarının məhdudlaşdırılması ilə
bağlıdır. Yəni jurnalistlər
müstəqil düşünə bilmir, ciddi mövzular tapa
bilmirlər. Cəmiyyəti narahat edən
mövzulardan yan qaçmağa çalışırlar.
Daha çox sensasiya materialları, kriminallara
meyillidirlər. Tənqidi materiallar
çox azdır. Halbuki jurnalistika tənqid
üçündür. Onun missiyasından
biri cəmiyyətdə ictimai tənqidçilik
funksiyasını yerinə yetirməkdir.
İkincisi, araşdırma jurnalistikasının zəif
olmasıdır. Jurnalistlər özlərini çətinə
salmaq istəmirlər, başlarını ağrıtmaq istəmirlər.
Onlar daha çox piar nümayəndəsi kimi, təbliğatın
təmsilçisi kimi özlərini rahat hiss edirlər. Halbuki bunlar tamamilə fərqli platformalardır.
Daha çox tərəfkeş olublar. Qəzetlər öz missiyalarına hörmət etməlidirlər.
Onlar öz mövqelərini müəyyənləşdirməlidirlər.
Ya sırf jurnalistika ilə məşğul
olun, ya da təbliğat-təşviqat işlərini yerinə
yetirin. Çünki bunlar bir yerdə yola
gedə bilməzlər. Bir-birinə zidd
funksiyaları yerinə yetirirlər. Nəticə etibarilə,
hazırki jurnalistika 90-cı illərin jurnalistikası ilə
müqayisədə xeyli geriləmiş, bəsitləşmiş,
cəsarətsiz, ələbaxan bir uşaq olub. Başqa sözlə, istədiyi yerə buyururlar, istədiyi
kimi davranırlar, onlar da öz taleləri ilə
barışmış kimi görünürlər.
-Azərbaycan telekanallarına niyə
baxılmır, niyə nüfuzu bu qədər
aşağıdır? Belə götürəndə bəsit,
bayağı şəkildə olsa da
tamaşaçının zövqünü oxşamağa
çalışırlar. Tamaşaçı yuxarıda
sadaladıqlarınızı hiss eləyir, yoxsa, ümumiyyətlə
ona maraqsız görünür? Əvvəllər
bəhanələr gətirilirdi ki, məsələn,
Türkiyə kanallarında seriallar çoxdur, proqram rəngarəngliyi
var. Bu gün bizim yerli telekanallarda da bunlar var. Amma yenə də
baxmaq istəmirlər. Bunun əsl səbəbini
nədə görürsünüz?
-Qeyd
etdiyim kimi, əsas problem peşəkarlığın
olmamasıdır. Peşəkarlıq olanda
tamaşaçını, kobud desək, qarmaqda saxlamaq
mümkündür. Başqa sözlə,
onu cəlb edə bilirsən. Tutaq ki, xəbərlərdə,
ictimai-siyasi proqramlarda məhdudiyyətlər var. Yaxşı
bəs bədii, mədəniyyət, tədris proqramları?
Hansı ki bizim cəmiyyətin hazırda buna
çox ehtiyacı var. Haqlı sual yaranır ki, niyə bu sahədə
uğurlarımız yoxdur? Yaxşı və maraqlı əyləncəli
proqramlar yaratmağı kim qadağan eləyir
ki?! Əyləncə proqramlarının
içində də maarifçi nüvəni saxlamaq
lazımdır. Peşəkarlığın
azlığı və yayım siyasətinin olmaması
tamaşaçı auditoriyasının məhdudlaşmasına
gətirib çıxarır. Bu gün
bizim televiziyaların ən aktiv tamaşaçısı evdar
qadınlardır. Hətta hərdən
evdar qadınlar canlı yayıma telefonla qoşulurlar,
onların televiziya və radio aparıcılarından daha
üstün təfəkkürə malik olduğu üzə
çıxır. Məsələyə
daha geniş prizmadan yanaşa bilirlər. Daha
savadlı danışıqları, nitqləri, tələffüzləri
ay olur. Bəs televiziya bu kateqoriyadan olan
tamaşaçıya nə verir?! Bax, bunun
üzərində ciddi düşünmək lazımdır.
"Serialın
cəmiyyətə aşıladığı parlaq bir ideya
olmalıdır"
Seriallara gəlincə, bilirsiniz ki, bizdə serialların
çəkilməsi üçün dövlət büdcəsindən
pul ayrılır. Çəkilmiş serialların
içində yaxşıları da var, hamısını
pisləmək düz olmaz. Amma 90 faizinin
mövzusu çox bəsitdir, cəmiyyətimiz
üçün xarakterik olmayan mövzulardır. Sanki bu cür seriallar bizə yön vermək istəyir
ki, sizin yaşayışınız düzgün
qurulmayıb, siz bu serialdakı kimi yaşamalısınız.
Bu, ciddi bir fəlakətdir. Halbuki
serialın cəmiyyətə aşıladığı
parlaq bir ideya olmalıdır.
Bundan başqa, biz ədəbi irsimizdən çox
uzaqlaşmışıq. Ədəbi material təsirli,
yaxşı olmalıdır. Seriallar
çəkilməyə başlayandan dəfələrlə
demişəm ki, "Qılınc və Qələm”
romanı çəkilsin. Əsl serial
mövzusudur. Bu gün belə mövzulara
ehtiyac var.
Mövzudan əlavə, rejissor işinin də keyfiyyəti
aşağıdır. Dünənə qədər bir
verilişi çəkə bilməyənlər indi serial
çəkirlər. Yəni bu işi o qədər
hörmətdən salıblar ki, hamı bunu çox rahat, əlçatan
hesab edir ki, yetən gəlib serial çəkir. Bəzən yaxşı ssenari pis rejissor əlinə
düşür. Montaj, səsləndirmə
zəifdir. Seriala xas olan dil yoxdur. Kameranın hərəkəti məhduddur, əsasən
orta, ümumi planlarda işləyirlər. Amma
serial obrazın duyğularını, mimika və jestlərini əks
etdirmək üçün iri planları sevir. İri
plan – intim plandır, o, obrazın
bütün duyğularını xırdalığına qədər
göstərməlidir. Bütün bunlarla da
peşəkarlar məşğul olmalıdır. Əks halda televiziya dönüb olur özfəaliyyət
dərnəyi. Tamaşaçı da,
haqlı olaraq bunu professional çəkilmiş türk
serialları ilə müqayisə edir və nəticə bizim
serialların xeyrinə olmur.
"Jurnalistika
fakültəsinin adı və mexanizmi dəyişilməlidir"
-Həm də, müəllimsiniz, yeni
jurnalistlər yetişdirirsiniz. Bu gün Azərbaycan
gənclərində jurnalistikaya maraq varmı? Əvvəlki axın müşahidə olunurmu?
-Jurnalistika
fakultəsinə son qəbul imtahanlarında yeni qayda – qabiliyyət
imtahanları əlavə edildiyi üçün qəbul az oldu. Qabiliyyət
imtahanlarına təxminən 500 yüzə yaxın
abituriyentdən yarısı gəlmişdi. Bilmirəm, qabiliyyət imtahanının zəhmindənmi,
ya başqa təsirdənmi, onlardan cəmi 46-sı qəbul
olundu. Mən düşünürdüm
ki, qabiliyyət imtahanı keyfiyyət baxımından
abituriyentlərə impuls verə bilər. Amma məlum oldu ki, qabiliyyət imtahanı, əksinə
mane oldu. Bəzi təkliflər var ki,
qabiliyyət imtahanları təkmilləşdirilsin. Zənnimcə, ən yaxşı təkmilləşdimə
elə bu imtahanın ləğv edilməsi olar. İnsanlar sənədlərini verib qəbul olur, istəyən
qalar, istəməyən başqa yerdə təhsil alar. Əsas olan jurnalistikada tədris texnologiyasını
dəyişməkdir.
-Amma təsadüfi
daxilolmalar da baş verir axı...
-Olsun, Bu problemi belə həll eləmək olar. Tələbə var ki, o jurnalist olmaq istəmir, yazı qabiliyyəti yoxdur, amma yaxşı piar, reklam qabiliyyəti var. Ondan yaxşı televiziya prodüseri, reklam agenti, mətbuat katibi ola bilər. Ona görə də artıq jurnalistika fakültəsinin adı və mexanizmi dəyişilməlidir. Kommunikasiya və jurnalistika adı daha məntiqlidir. Məsələn, Moldovada bu cürdür. Biri var jurnalistikanı bir ixtisasla bitirəsən, biri də var fəaliyyət dairəsi genişlənə. Material, baza qalır, amma ona baxış bucağı dəyişilir. Jurnalistikanın öz prinsipləri, piarın öz şərtləri var, təbliğat daha kobud müdaxilədir. Bu gün bütün dünya reklam üzərində hərəkət edir. Niyə də yaxşı reklam agentləri, mütəxəssisləri hazırlamayaq? Bir sözlə, jurnalistikanın tədrisinin sistemi dəyişilməlidir.
-Maraqlıdır,
niyə tanınmış jurnalıstlərin əksəriyyəti
başqa sənət sahibləridir, jurnalistika fakultəsinin
yetirmələri deyil?
-Ədəbi istedad harda olur-olsun özünü göstərəcək. Dünyanın
bir çox tanınmış yazıçılarının
yolu jurnalistikadan keçib. Ernest Heminquey, Qabriel Markes və
bir çoxları ədəbi mühitə jurnalistikadan gəliblər.
Jurnalist faktları bir-bir toplayır,
yaradıcılıq prosesindən keçir və
bütün bunlar bədii ədəbiyyata keçmək
üçün imkan yaradır. Amma jurnalistika ilə
başlamış yazarlar əvvəlki peşələrinə
çox zaman sadiq olurlar: esselər, köşə
yazıları yazmaqda davam edirlər.
Elə Azərbaycanda da belə yazarlar çoxdur,
xüsusən də müstəqillik dövründə. Elə ötən
əsrin əvvəllərindəki maarifçilərimiz də
publisistika ilə çox məşğul olublar. Mirzə
Cəlil, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə
kimi ədiblər vaxtilə "İrşad”,
"Əkinçi”, "Molla Nəsrəddin” kimi nəşrlərdən
gəliblər. Aralarında qeyri-ixtisasdan olanlarda var: elə Azərbaycan
mətbuatının banisi Həsən bəy Zərdabi təbiət
alimi olub.
P.S
Başqa sözlə, Azərbaycan jurnalistikasının
bünövrəsini elə qeyri-jurnalist qoyub...
Ədalət.-2014.-15
oktyabr.-S.4.