ATƏŞKƏS YALLISI

 

MÜASİR ƏDƏBİYYAT

 

Ondan artıq povestin, bir romanın, neçə-neçə hekayənin, ruscadan tərcümələrin, sayını-hesabını itirdiyi yüzlərlə publisistik məqalənin, radio verilişlərinin müəllifidir OgAğlı kəsəndən qələm əlindədir, özü demişkən, başqa heç nəyi bacarmır. Bu, istedadlı nasirimiz Məmməd Orucdur...

Ədəbiyyata yetmişinci illərdə, kimsənin himayəsi olmadan gəlib. Təbii təhkiyə tərzi, təsvir etdiyi obrazların dolğunluğu ilə dərhal oxucu rəğbətini qazanıb. Ədəbi tənqid də xəsisliklə də olsa, onun yaradıcılığı haqqında söz deyib. Məmməd Oruc reklam aşiqi deyil. Özünü təbliğlə məşğul olmur. Amma ondan yaşlı qələm yoldaşları (Elçin, Bayram Bayromov, İsi Məlikzadə, Əkrəm Əylisli) vaxtilə Məmməd haqqında ürək sözlərini deyiblər. Rus dilində T.Kalyaginanın tərcüməsində kitabı çıxıb. Məmməd Orucun "Göz dağı", "Leylək körfəzi", "Murad quşu", "Sarıköynək" povestləri, "Köçürülmə" romanı və bir sıra hekayələri müasir nəsrimizin seçimli nümunələridir və Azərbaycan nəsrini bir sərgi kimi xarici ölkələrin birində "nümayiş" etdirsələr, heç şübhəsiz, onun da hansısa əsəri orada uğur qazana bilər. Bu uğura səbəb o ola bilər ki, Məmməd Orucun nəsri öz "təhkiyeyi-kəlamı", dilinin sadəliyi və saflığı, təsvir etdiyi obrazların milliliyi, istifadə etdiyi bədii təsvir vasitələrinin özünəməxsusluğu və əlbəttə, yazıçı səmimiyyəti ilə diqqəti cəlb edir. Məmməd həyatdan elə lövhələr seçir ki, bunlar bizə tanışdır, amma bədii sözün qüdrətilə o lövhələri, canlı insan surətlərini bizim gözlərimiz qarşısında canlandırır.

Budur, "Azərbaycan" jurnalının builki 8-ci sayında Məmmədin "Atəşkəs yallısı" povesti işıq üzü görüb və istəyirəm ki, qələm dostumun bu povesti barədə fikir və mülahizələrimi oxuculara çatdırım.

Povestin qəhrəmanı bir yazıçıdır və bu obrazı seçərkən Məmməd bəlkə də heç bir çətinlik çəkməyib. Məmməd bizim ədəbi mühitə çox yaxşı bələddir, yazıçıların həyat tərzi, gündəlik qayğıları, ortabab və çətin keçən ömür-gün qayğıları, əsərlərini kitab kimi çap etdirməyə çətinlik çəkdikləri, bu qarışıq zəmanədə Abbas Səhhət demişkən: "Ürəyimdə daha yox qönçə dodaqlar dərdi, vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi" ilə məşğul olduqları ona yaxşı tanışdır. Məmməd Oruc da məhz bu həqiqətləri qələmə alır və əlbəttə, biz bu povesti oxuyarkən ümumən keçən əsrin 90-cı illərindən bəri keçdiyimiz həyat yolunun müəyyən bir mənzərəsini seyr edirik. Azərbaycan ziyalılarının bir qisminin ümumiləşdirilmiş obrazı ilə tanış oluruq.

Bu Yazıçı daha qələmlə, bu qələmin ərsəyə gətirdiyi əsərlərin qonorarı ilə dolana bilmir. Məlumdur ki, indi kitab çap elətdirmək üçün gərək bir sponsorun ola, o sənə maddi yardım göstərə. Yoxdur beləsi və Yazıçı həm də işsizdir. Müəllif onu uşaqlıq dostu Eyvazxanla qarşılaşdırır. O Eyvazxan ki, dövran-zaman Yazıçı kimilərini işsizliyə, maddi məhrumiyyətlərə düçar etdiyi halda ("Bir il idi ki, yeni qəzetlərin, jurnalların redaksiyalarında iş axtarırdı, amma uğurlu nəticə yoxdu, bu bir ildə ona qalan işsizlik haqqında yazdığı "İşsizlik" adlı povesti idi ki, onu da hələ üzə çıxarmamışdı"), onu "iş adamı" kimi məşhurlaşdırır. Eyvazxan Yazıçının halına "yanırmış" kimi "Bəyəm, mən ölmüşəm ki, sən iş axtarasan" deyir və onu öz ofisində işə götürür. Yazıçının işi nədən ibarət olacaq? "Sənin bu ofisdə işin telefonlara cavab vermək olacaq". Ofisdəki hesabdar qadın da Yazıçını tanıyır, "mən sizin daimi oxucunuzam" deyir.

Paradoks deyilmi? Heç də yox! Biz iyirmi ildən artıqdır ki, bu mənzərənin şahidiyik. Ziyalılarımızın keçirdiyi acı həyat təcrübəsi artıq bizə tanışdır. Və bunu yeni quruluşun, Sistemin mexanizmində axtarmaq lazımdır.

Məmməd Oruc xarakter yaratmaqda, təsvir etdiyi hər hansı bir obrazı ümumiləşdirməkdə bacarıqlıdır və biz bunu onun digər nəsr əsərlərində də izləmişik. O, bu balaca povestdə də öz məharətini göstərə bilib. Yazıçı və Eyvazxan... İki maraqlı, orijinal və zamanın öz bətnindən doğan obrazlar. Hər ikisi həyatidir.

Yazıçı qürurludur, mənən safdır, vicdanına ləkə düşməyib, ailəsini namuslu yolla dolandırmaq istəyir. Eyvazxan isə "keçid dövrü"nün "məhsulu"dur. Pulu var, alqı-satqı ilə məşğuldur, şirkət düzəldib. Pullaşdıqca da iştahı artır. Maddi cəhətdən artıqca, mənəvi cəhətdən kiçilir, cılızlaşır, hətta eybəcərləşir. O, Yazıçıya ironiya ilə "şair" deyə müraciət edir. Bu ironiya Nadanın Ağıl Sahibinə istehzasıdır.

Yazıçı siyasətə qarışmır. Çünki doxsanıncı illərdə "siyasət" sözü doğrudan da, min bir çalar kəsb edirdi və hər partiyanın öz "siyasəti" vardı. Həmin illərdə Atəşkəs məsələsi ortaya çıxdı və əlbəttə, bunun ölkəmiz üçün, onun iqtisadi baxımdan dirçəlməsi və qüvvə toplaması üçün əhəmiyyətini danmaq olmaz. Hərçənd ki, xain qonşularımız bu rejimi dəfələrlə pozmuş, günahsız insanların məhvinə səbəb olmuşlar. Eyvazxan da bu Atəşkəsə sevinir. Ancaq bu sevincdə maddi qazanc iyi gəlir. Eyvazxan deyir: "Mən YAP-ın üzvüyəm. Heydər Əliyevçiyəm, mən azərbaycanlıyam, mən Azərbaycan xalqına xidmət edirəm... Bizim bir vəzifəmiz var: Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə namusla xidmət etmək!" Amma: "Yazıçı bu idarənin Azərbaycan dövlətçiliyinə necə xidmət etdiyini bilirdi, bilirdi ki, bu idarə qazancının üçdə ikisini Azərbaycan dövlətindən gizlədir. Bunun nə demək olduğunu, əlbəttə, anlayırdı, amma başa düşə bilmirdi ki, dövşanı arabayla tutan dövlətdən bunu necə gizləmək olar?" Atəşkəsə "heyran" kəsilən Eyvazxan Yazıçıya məsləhət görür ki, Atəşkəsdən yazsın.

Beləliklə, Eyvazxanın maskası açılır. Dövlətçilik adına öz şəxsi mənafeləri üçün azmı belə ehtikarlıq edənlər? Onların çoxu ifşa da olundu. Amma hələlik Eyvazxan o günə gəlib çatmayıb.

Müəllif bu iki obraz arasındakı münasibətlərə xüsusi diqqət yetirir. Ofisdə işlədiyinin elə birinci günü Eyvazxan Yazıçıya deyir: "Bəlkə, düşüb aşağıdan mənə bir siqaret alasan?" Yazıçı əvvəlcə bunu qulaqardına vurur, özünü eşitməməzliyə qoyur. Özündən yaşca kiçik bir adamın onu uşaq yerinə qoyması ona pis təsir edir. İkinci dəfə bunu deyəndə Yazıçı aşağı düşür, bir qəzet köşkündən siqaret alıb gəlir və sonra qət edir ki, buranı tərk etsin. Axı, alçaldılmış qürüruyla burada necə işləyə bilər? Və ofisi tərk edir...

Amma... Eyvazxan ondan əl çəkmir. Qeyri-səmimi olsa da, qəbahətini etiraf edir və Yazıçıya təklif edir ki, "Qurd qapısı"nda onun şirkətinin anbarları var, otur orda, nəzarət elə.

Təzə iş yerində də Yazıçı bir çox hadisələin şahidi olur. Ayrım balası Eldarla Yazıçı arasında maraqlı söhbətlər olur. Eldar əsgərlikdən yayınıb və burada baş girləyir. Eşidəndə ki, Yazıçının oğlu əsgərlikdədir və təəccüblənir ki, bütün məşhur adamlar öz uşaqlarını əsgərlikdən saxlatdıqları halda, Yazıçı niyə bunu eləməyib? Belə bir dialoqa diqqət yetirək:

"Eldarın növbəti sualı isə onu heyrətləndirdi:

- Bəs niyə siz onu əsgərlikdən saxlatmadız?

Bu sualın cavabını sualla qaytardı:

- Mən onu əsgərlikdən niyə saxlatmalı idim ki?

Eldar gülümsündü:

- Hamı niyə saxlayır, siz də elə, ata döyülsüz?

Tez-tez arvadı da onu beləcə ittiham eləyirdi, arvadının cavabını vermirdi, amma indi susa bilmədi.

- Yaxşı, tutaq ki, mən də oğlumu əsgərlikdən yayındırdım, biri də hardasa gizləndi, digəri də göndərdi Rusiyetə, bəs onda bu Vətəni kim qorusun?

Sözün bu yerində Eldarın ucadan şaqqanaq çəkib gülməsi ona qəribə gəldi:

- Siz lap televiziyadakı atalar kimi danışırsız, müəllim, - dedi, - adamın lap gülməyi gəlir".

Təbii səhnədir. Eldar kimi düşünənlər çox olub. Yazıçı isə öz etirafında səmimidir, yalan danışmır.

Povestdə bir rəmzi surət də diqqəti cəlb edir. Bu da Qara itdir. Kimsə onu azdırıb bura gətirib və bu Qara it Eyvazxanın nə yuvanın quşu olduğunu başa düşür. Hər dəfə anbarların birində hansı qadınlasa iki-üç saat məzə qılan Eyvazxana itin etirazı, aramsız hürüşü sanki bəd əməllərə qarşı bir etiraz kimi səslənir. "Bilmirəm bu itin gözü niyə məni götürmür, yəni onu bilmir ki, mənim çörəyimi yeyir?" Günlərin birində bu itin etirazı lap zil nöqtəyə çatır: "Sahibkar qızın qoluna girib ayaqyoluna səmt aparanda qara it hardansa çıxıb Eyvazxanın üstünə elə cumdu ki, o, qızdan qabaq özünü ayaqyoluna saldı və bu anda bağırtısı bütün Qurd qapısını titrədən qız qara itin caynağında qaldı".

Çox maraqlı tapıntıdır. Allahın heyvanı da rəzaləti, murdarlığı götürmür.

Bundan sonra Eyvazxan iti azdırmağı tapşırır. Amma Qara it yenə qayıdıb gəlir və küçüklərini də dünyaya gətirir. Eyvazxan isə tapança ilə onu öldürür. Və bu da qudurğanlığın son həddi...

Müəllif Yazıçının məişətinə də biganə qalmır. İşlədiyi yerdən yaxşı maaş alıb evə qayıdanda arvadının necə sevindiyini, ona necə xidmət göstərdiyini, qulluğunda durduğunu çox təbii təsvir edir. Məsələ onda deyil ki, Yazıçının arvadı povestdə çox az görünür, amma M.Oruc o cür düşünən qadınların obrazını yarada bilib.

Yazıçı burada da çox işləyə bilmir. Çünki o, dövrün dəyişən havasına uyğunlaşmağı bacarmır. Eyvazxanın bəd əməllərinə qarşı yalnız içəridən etiraz edən Yazıçı nəhayət, burdan çıxıb getməyi qərara alır və gedir də... Amma Eyvazxan yenə ondan əl çəkmir. Və Yazıçının evinə gəlir. Ona belə bir təklif edir ki, haqqında bir roman yazsın, xeyli pul da təklif edir. Arvadı pulu götürürsə də, Yazıçı onu qaytarır.

"Eyvazxanla görüşüb evə qayıdanda metroda da, avtobusda da günü sabahacan yazmağa başlayacağı hekayəti düşünürdü. Artıq adını tapmışdı: "Atəşkəs yallısı". Və fikirləşdi ki, əlyazmasını redaksiyalardan öncə Gülarə xanıma verəcək...

Və nəhayət ki, qələmi əlinə alanda ona elə gəldi ki, üzünü Gülarəyə tutub yazır".

Gülarə xanım Eyvazxanın ofisində hesabdar işləyir, amma insanı, xüsusilə Yazıçı kimi ziyalıları qiymətləndirməyi bacarır. M.Oruc bununla demək istəyir ki, Yazıçının da özünə görə mühiti var, keçid dövrünün əqildən zay, cibdən kalan işbazları fonunda belə zərif ruhlu, mənəvi aləmi sağlam insanlar yaşayır.

"Atəşkəs yallısı" Məmməd Orucun günün reallıqları haqqında qələmə aldığı əsərlərdən biridir və bu əsər də göstərir ki, yazıçı əsl həqiqəti kənar yerdə, mistik və irreal qüvvələrdə deyil, həyatın, gerçəkliyin özündə axtarmalıdır. Həm də bu əsər bir nasir kimi Məmməd Orucun fərdi üslubunun püxtələşdiyini, yazıdan yazıya daha da kamilləşdiyini sübut edir. Povestin dili, təhkiyə tərzi, obrazların düşüncə aləmi, keçirdikləri psixoloji həyəcanları M.Orucun gələcək əsərləri üçün də sanki bir "məşq" xarakteri daşıyır. O, potensial yaradıcılıq imkanları tükənməyən yazıdır və bizim ondan daha sanballı əsərlər gözləməyə haqqımız var...

 

Ədalət.-2014.-15 oktyabr.-S.6.