"İnsan
obrazları yaratmağa
nə var ki..."
Gənc aktyor Cavid İbrahimov: "Şirmanın
arxasında keçirdiyin
hiss və həyəcanı
kuklalara ötürməli
bacarmalısan"
Cavid İbrahimov
çox gənc olmasına baxmayaraq peşəkar səhnədə
maraqlı rollar oynayıb. Teatra gəldiyi elə
ilk ildəcə Mirzə
Fətəli Axundzadənin
"Müsyo Jordan və
Dərviş Məstəli
Şah" tamaşasında
Dərviş, Üzeyir
Hacıbəylinin "Məşədi
İbad"ında Rüstəm
bəy rolları ona etibar edilib.
Gənc aktyorun sənət aləmində geniş tanınmaması yalnız
bir səbəblə bağlıdır. Cavid İbrahimov Abdulla Şaiq adına Dövlət
Kukla Teatrında çalışır. Xalq
artisti, mərhum Telman Adıgözəlovdan
dərs alan
həmsöhbətim bu
teatrı seçdiyinə
görə peşman olmadığını deyir.
- Cavid, bütün sənət adamları tanınmaq, daha tez populyarlaşmaq istəyirlər. Belə istək yəqin ki, sənin də ürəyindən keçməmiş deyil...
- Yaradıcılıqla məşğul
olan insanlarda belə bir arzunun
olması təbiidir. Aktyor, rejissor, müğənni, rəssam,
şair və yazıçı istəyir
ki, onun yaratdıqları ilə daha çox insan tanış
olsun, həm özü, həm də əsəri tanınsın. Əgər desəm ki,
tanınmaq ürəyimdən
keçmir, qeyri-səmimi
görünmüş olaram.
- Ümid edirəm ki, söhbətimizin sonuna kimi bu
səmimiyyəti qoruyacaqsan
və "Kiçik yaşlarımdan ən böyük arzum Kukla Teatrının aktyoru olmaq idi"
cümləsini işlətməyəcəksən...
- Kukla Teatrı ilə bağlı belə bir arzum
həqiqətən də
olmayıb. Aktyor olmağı arzulayırdım,
bu istəyimə də çatdım.
Mədəniyyət və
İncəsənət Universitetində
estrada artisti
ixtisası üzrə
təhsil aldım. Xalq artisti Telman Adıgözəlovun kursunda
oxumaq mənə qismət oldu. Birinci kursda oxuyanda artıq teatrda çalışırdım. Xalq artisti İlham Namiq Kamal rəhbərlik
etdiyi "İlham"
Miniatür Teatrında
məni işə götürmüşdü. Bəzən məşqlərimiz dərs
vaxtına düşürdü,
Telman müəllimə
deyirdim ki, məşqim var, mümkünsə bu gün dərsdə iştirak etməyim.
Allah Telman Adıgözəlova
qəni-qəni rəhmət
eləsin, həmişə
mənə dəstək
olurdu. Çox istəyirdi ki,
mən bu sənətdə qalım,
ona görə də tamaşalarıma gəlib baxırdı, məsləhətlərini verirdi.
2007-ci ildə ali məktəbi bitirəndən sonra qısa müddət Dövlət Gənc Tamaşaçılar Teatrında,
Bakı Uşaq Teatrında çalışdım.
Bu arada hərbi
xidmətdə olub Vətənə borcumu da ödədim.
İndi
də Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrının aktyoruyam. Burada çalışmaq uşaqlıq
arzum olmasa da, öz seçimimdir.
İş üçün müraciət edəndə
həm teatrın direktoru Rəşad Əhmədzadə, həm
də baş rejissor Qurban Məsimov müsbət cavab verdilər. Mən də bu insanların
və teatrımızın
bütün kollektivinin
etimadını doğrultmağa
çalışıram.
- Başqa teatrı seçsəydin daha tez tanına bilərdin. Hər halda...
- Bilirəm, nəyi nəzərdə tutursunuz.
Kukla Teatrının aktyorlarını
tamaşaçılar o qədər
də tanımırlar.
Belə kollektivlərdə çalışanların
illəri şirma arxasında keçdiyindən
belə demək mümkünsə, göz
önündə olmurlar.
Bayaq dediyim kimi, bu
teatrda çalışmaq
öz seçimim olduğundan, təəssüf
hissi-filan da keçirmirəm, buradakı
işimdən razıyam.
Bir məsələni
də qeyd edim, başqa teatrların səhnəsində
insan obrazları oynamağa nə var ki... Alleqorik obrazlar
yaratmağın, kuklalarla
oynamağın öz
çətinlikləri var. Şirmanın arxasında
keçirdiyin hiss və
həyəcanı kuklalara
ötürməyi bacarmalısan
və bunu elə ustalıqla və təbii etməlisən ki, balaca tamaşaçı inansın. Ola bilsin ki, bu
sözlərim birmənalı
qarşılanmasın, lakin
mən öz düşüncələrimi deyirəm
və əvvəldə
də söz verdiyim kimi, səmimiyəm.
- Kukla Teatrında çalışmaq
istəyən gənci
təcrübəli aktyorlar
necə qarşıladı?
- Çox isti və mehriban. Sözün açığı, mən belə gözləmirdim. İlk vaxtlar kuklalarla oynamaqda müəyyən çətinlik çəkirdim, təcrübəli iş yoldaşlarım bu məsələdə mənə çox yardımçı oldular, məsləhətlərini əsirgəmədilər. Elə bu gün də onlara müraciət edəndə köməklərini əsirgəmirlər. Teatrımızın direktoru Rəşad Əhmədzadə, baş rejissorumuz Qurban Məsimov daim gənclərə dəstək olurlar. Bu gün doğma teatrımızda mənə "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasında Dərvişi, "Məşədi İbad"da Rüstəm bəyi etibar edirlərsə, bu elə bütün gənclərə göstərilən etimaddır. Dərviş rolu üzərində Sankt-Peterburqdan dəvət olunmuş quruluşçu rejissor Aleksandr Maksimçukla işlədik. "Məşədi İbad" tamaşasına isə Elşad Rəhmanzadə quruluş vermişdi. Rusiyalı məşhur rejissor Eduard Qaydar mənə "Qoğal" tamaşasında rol verib. Baş rejissorumuz indi Abdulla Şaiqin əsərləri əsasında "Tıq-tıq və Taq-tuqun nağılı" tamaşasına quruluş verir, mən də bu tamaşada məşğulam. Yaxın günlərdə yeni tamaşamızı təqdim edəcəyik.
Arada serialda çəkilməyə də vaxt tapıram.
- Daha çox şirmanın arxasında qalan Cavidi hansı serialda görə biləcəyik?
- Rejissor Sirac Mustafayevin çəkdiyi "Durnalar qayıdanda" serialında məhəllə gənclərindən birini oynayıram. Sabir Məmmədov, Qurban İsmayılov kimi tanınmış aktyorla birgə çəkilirəm. İndi son çəkilişlər gedir, inşallah yaxın zamanlarda telekanalların birində nümayiş etdirilməyə başlayacaq.
- Seriallar səni populyar edəndən sonra birdən Kukla Teatrından getmək barədə düşünərsən a...
- Sözümüz sözdür,
səmimi cavab verməyə çalışacam,
bu teatrın bir üzvü olmaq mənə həqiqətən də maraqlıdı. Ona görə də
başqa bir yerə getmək barədə heç düşünmürəm də.
Amma tam səmimi olmaq üçün gəlin gələcək barədə
proqnoz verməyək.
- Mən razı.
Ədalət.-2014.-18 oktyabr.-S.9.