Qərib MEHDİ

Elçin İsgəndərzadəyə

 

Niyə seçdin dağ olmağı?

Niyə seçdin ucalmağı?..

Təpə kimi əyilsəydin,

Gülün olardı.

 

Dərə kimi ovulsaydın,

Yolun olardı.

Düzən kimi yayılsaydın,

Selin olardı.

Niyə seçdin dağ olmağı?

 

Günəşə ilkin salam vermək

sənəmi qalmışdı?

 

Zülmətə ilkin sinə gərmək

Sənəmi qalmışdı?

Gərək, Yerin dərdini

Göyə deyəydin?

 

Gərək, Göyün sözünü

Yerə endirəydin?

 

Allaha hamıdan yaxın olmaq

cəzasız qalmaz.

Dünyanın hər yerindən baxılmaq

cəzasız qalmaz.

 

Bilmədin,

şimşək şallağa tutacaq?

Bilmədin,

şaxta ürəyində donajaq?

Bilmədin,

dolu başını döyəcək?

Bilmədin,

bulud qaranı geyəcək?

Niyə seçdin dağ olmağı?

Niyə seçdin ucalmağı?..

 

Təpə ol - gülün olsun.

Dərə ol - selin olsun.

Ay dəli, ağlın olsun,

Üzmə axına qarşı:

"Bəli!" de - balın olsun.

 

Niyə seçdin dağ olmağı?

Niyə seçdin ujalmağı?..

 

OQTAY RZA,

Əməkdar müəllim

 

SƏN "ÖMRÜN MÜDRİKLİK

ZİRVƏSİ"NDƏSƏN!

 

Görkəmli şair-alim-pedaqoq

Elçin İsgəndərzadənin 50 yaşına

 

Fəsillər, arxada, fəsillər öndə,

Dönüb xatirəyə dəyərli çağlar;

Ucasan zamanın hər pilləsində,

Şöhrət ağacında artıb budaqlar.

 

Xəyal yel qanadlı köhlən atındır,

Onu ulduzda da sürürsən sanki;

"Vektor" təmənnasız nəşriyyatındır,

Vətənə sovqatın-nəğmə çələngi.

 

"Yaxşılıq..." - tükənməz varın, dövlətin,

Verirsən haraya hay, professor!

Elin süfrəsində-halal nemətin,

Mən qonağınam, ay professor!

 

İstəyin, məramın-müqəddəs əməl!

Enib elmlərin dərin qatına -

Layiq görülübsən neçə il əvvəl

Yusif Məmmədəli mükafatına!

 

Kimi unutmuşuq, harda - qalıb?

"Adil Mirseyidin..." dostuna əhsən!

Çılğın cavanlığın geridə qalıb,

Sən "Ömrün müdriklik zirvəsi"ndəsən!

 

Duman içindədir yurd yerin Şuşa,

Haqqı var taledən incimək üçün;

Bir gün hüzuruna gedərik qoşa -

İsa bulağından su içmək üçün.

 

Ölkələr, bölgələr seyr edə-edə,

"Sülhə səsləyirik dünyanı biz" de!

Dünyanın altıncı qitəsinə ,

Elçin! Elçimiz ol, səmimi söz de!

 

Turan çiçəkləri dər qucaq-qucaq,

Üzündə-sabaha inam ziyası!

Elçinin özütək çox yaşayacaq

Elçinin nikbinlik poeziyası!

 

Vaqif NƏSİB

 

Elçin İsgəndərzadəyə

 

Heyf bu gün

Şuşa buludlarına

Dəyə bilməyir başın,

Cıdır Düzünə bir avtobus küncündə

Çata bilməyir əlli yaşın.

Heyf bu gün

Şuşa yetimlərindən biri kimi

Özün boyda buluda dönürsən,

Qarabağ şikəstəsi ötməyə

Tara, kamana, uda dönürsən.

Avropa gözünü yumub qoymur,

Canımız, gözümüz o yeri alaq.

Əziz xələflərinə bağışladığımız

Qarabağ atlarını bəlkə geri alaq.

Heyif əlli yaşında

Torpağımız yara-yara,

Sevincimiz yarı-yarı,

Ötməyə yarı bülbülük.

Gəlinimiz Sarı, Sarı,

İş-peşəmiz yara sarı,

Üzümüz Şuşaya sarı, -

Hamımız Xarıbülbülük...

Amma qardaşım səni,

Cıdır Düzündəki,

Ümüdü gözündəki

Yeniyetmənin yanında görürəm,

Qarabağa qayıdan dəstədə

Bir Qarabağ atının

Yalmanında görürəm.

 

ADİL MİRSEYİD

 

Elçin İsgəndərzadəyə

 

Hardan nişan alsalar

güllə mütləq ürəyindən keçir şairin

həmişə hər yerdə

hər yerdə həmişə

bir qəfil gülləyə hədəfdi şair ürəyi

hər kəsin öz şairi var dünyada

qanadlı doğular şair ürəyi

uçur sürünmür

bəzən şair diri ikən gözə görünmür

bəzən zindan zülməti

tənhalıq səfaləti

bəzən şöhrət öldürür şairləri

ölümə can atdığını bilmədən

şöhrətə can atır zavallı şair

bir ayılıb görür

ilk şeirini qoşduğu o aylı gecədəki

o aylı ürək deyil artıq sinəsində döyünən

yolu kəsib ölüm

gülümsəyir qırmızı gözləriylə

yazdıqları yazacağı şeirlərin

qaralamasıymış yalnız

yaşadığı ömür

qaralamasıymış yaşayacağı ömrün

zamanın qum saatları

axır barmaqlarımız arasından

axır gözlərimizin qarasından

axır ürəyimizin ən dərin yarasından

yarımçıq şerlər

yarımçıq ömür qalır

bizdən sonra dünyada

 

BARAT VÜSAL

 

 

 

KƏMALƏDDİN QƏDİM

 

Hələ Vətən deyil Vətən deyilən

Elçin İsgəndərzadəyə

Zəng etdin, dedin bir gecə, görünüm,

Sağ ol ki, tapmısan sən vaxtı, qardaş.

Çoxdan görünmürəm...

Necə görünüm,

Vaxt məni öldürür, mən vaxtı, qardaş.

 

Şığıyır üstümə dərd qoşun-qoşun,

Yorğunu olmuşam eniş-yoxuşun.

Ömrüm ömrü kimi böcəyin, quşun,

Vaxt da ruzi vaxtı, dən vaxtı, qardaş.

 

Gör hikmət deyilən var məqamda,

Kişi uduzar da, udar məqamda.

Əldən gəlir ki, bu dar məqamda,

Neylədik dünyanın gen vaxtı, qardaş?

 

Hər gün yan-yörəmdə çəpər kimidi,

Hər an-gələsi bəd xəbər kimidi.

təpər əvvəlki təpər kimidi,

papaq əvvəlki papaqdı, qardaş.

 

Hər şeydən öndədi gödən deyilən,

Gödənin quludur bədən deyilən.

Hələ Vətən deyil Vətən deyilən,

Şuşasız adi bir torpaqdı, qardaş.

 

 

Afaq ŞIXLI

 

DOSTLUQ KƏLMƏSİ

 

Qürurla, vüqarla söylə bu sözü -

Adi bir söz deyil "dostluq" kəlməsi.

Dostu ər olanın hey gülər üzü,

Tükənməz qüvvəti, kəsilməz səsi!

 

Sınama dostunu, inan ki, zaman

Özü öz vaxtında sınayar onu.

İnsanla doğular yaxşı yaman,

Seçimə bağlanar hər şeyin sonu!

 

Bu gündən sabaha yaxşılıq qalar,

Yamanlıq yaşayar bir anı ancaq;

Qırx illik yoldaşlıq vəd edən olar,

Qırx günə bəs etməz vicdanı ancaq!

 

Dürüstlük - gələcək zamana bir yol,

Dostluqsa - bu yolun işığı, nuru.

Həyatda kim olsan, təki dürüst ol,

Qoru bu hikməti inamla, qoru!

 

Ara, tap dünyada öz adamını,

Ağlının əmrini yerinə yetir!

Sözünə ortaq et söz adamını,

Onun amalı da əməliylə bir!

 

Dostluğa bağlıdır yaxşı varsa:

Namusdan, vicdandan gözəlliyədək!

Dostun dostluğuna əmin olarsan -

Arxan yerə dəyməz, qırılmaz urək!

 

 

KƏRİM KƏRİMLİ

 

YOLUNU GÖZLƏYİR

ŞUŞA DA, QARDAŞ!

 

...Bütün dünyada tanınan sevilən, saysız-hesabsız mükafat sahibi, əziz dostum qardaşım alim şair Elçin İsgəndərzadənin 50 illik yubileyinə təbrik!

...Əsil mükafatın zirvədə qalıb,

Yolunu gözləyir Şuşada, qardaş!

Bizə mat-məəttəl zirvə qalıb,

Yolunu gözləyir Şuşa da, qardaş!

Yolunu gözləyir YOL mənasında,

Yolunu gözləyir SEL mənasında,

Yolunu gözləyir EL mənasında,

ELÇİNi oturtsun başa da, qardaş!

Şuşasız bir ömrün əvəzi nədir?!

Bu zillət, de, nəyin əvəzinədir?!

Şuşasız yaşadın! Əvəzin nədir?! -

Partlayar danışsam daşa da, qardaş!

Zərrin bağı, Ərimgəldi "Gəl!" - deyir,

Güllü bağda min cür güldü: "Gəl!" - deyir!

Bağrıqanda "Qan Könül"dü, "Gəl!" - deyir!

Nəyi gözləyirsən? Get! Yaşa da, qardaş!

Kərim dərd daşıyan bir QARA DEVDİ,

Qəlbi bu dərd ilə süslənmiş EVDİ...

SƏNİ BÜTÜN DÜNYA TANIDI, SEVDİ!!! -

Qayıt! Qoy tanısın ŞUŞA DA, qardaş!

YOLUNU GÖZLƏYİR ŞUŞA DA, QARDAŞ!

YOLUNU GÖZLƏYİR ŞUŞA DA, QARDAŞ!

 

 

MİNA RƏŞİD

 

Elçin İsgəndərzadəyə

 

Boğazdan yuxarı kəm - şirin sözləri

heç sevmədim

bəs bu şirinlikdi belə

ürəyimi qovuşduran,

könlümü danışdıran?

doğma ocağın istiliyini,

Qarqar çayının sərinliyini,

bağ üzümünün, həyət almasının

qəribə şirin tamını xatırladır.

Qardaşımın təzə həyətindəki

körpə şaftalı çiçəklərinə bənzəyir

bir cüt işıqlı gözləri,

üzü bağçamızda bir vaxt dərməyə

əlim gəlməyən bənövşə topaları qədər

məsum bir adam

onun doğma ləhcədə

şipşirin söylədikləri

çox şey, çox şey xatırladır mənə.

 

Ədalət.-2014.-21 oktyabr.-S..7.