BİR "QƏRİBƏ DÜNYA", BİR "SİRLİ DÜNYA"

 

Yazıçılar Birliyinin sonuncu qurultayında, fasilə zamanı mənə yaşlı bir insan yaxınlaşdı. Təbii ki, qurultay iştirakçıları yazıçılar, sənət adamları və ələlxüsus jurnalistlər idi və mən də bu insanı tanıyırdım.. O, mənə iki kitabını - "Sirli dünya"nı və "Qəribə dünya"nı bağışladı, "vaxtınız olsa, oxuyarsınız", - dedi.

Kitab oxumaq, özü də maraqlı bir kitabı mütaliə eləmək oxucu üçün yeni bir aləmin sirrinə bələd olmaq deməkdir. O xüsusda ki, kitabda bir mətləb ola, səni düşündürə. Adını çəkdiyim bu iki kitabın müəllifi-Nəsib Bayramoğlu da öz kitablarında bunu bacara bilib.

Qısaca olaraq onun barəsində bir-iki söz; Nəsib Bayramoğlu Qəbələdə anadan olub, Universitet təhsili alıb, Bakı Ali Partiya məktəbinin məzunu olub, bir sıra idarələrdə çalışıb, hal-hazırda isə Mingəçevirdə yaşayır. Bədii yaradıcılığa keçən əsrin 60-cı illərindən başlayıb, "Qəribə dünya", "Boyunduruq", "Arı və demokratiya", "Mingəçevirdə qalan ömür", "Yuvalar", "Tənha məzar" kitablarının müəllifidir. Yazıçılar Birliyinin üzvüdür.

"Sirli dünya"dan başlayım.

Yer üzündə yaşayan hər bir janlı bizim üçün sirli bir aləmdir. Heyvanı da, quşu da, ağacı da, dağı da, dənizi də, çayı da... hətta arısı da. Nəsib Bayramoğlunun Arı dünyasına niyə hədsiz dərəcədə meyl etməsinin səbəbi mənə məlum deyil, hər bir insanın hansı bir canlıyasa meyli, marağı ola bilər. Kimi göyərçin aşiqidir, kimi at həvəskarı, kimi bülbülü, kimi qaranquşu, kimi bapbalaca sərçəni, kimi də çinar ağacını sevər. Nəsib Bayramoğlu da Arı aşiqidir. "Sirli dünya" kitabını oxuyandan sonra inanın ki, mən də arıları sevdim, inandım ki, "ilk baxışdan çox sadə görünən bir varlıq, sən demə, İlahi möcüzəsi imiş". Sən demə böyük Aristotel, Demokrit, İbn-Sina Arı haqqında dəyərli bilgilər vermişlər. Hətta Aristotel "Arı günəşi" adlı bir kitab da yazıb. Sən demə, Napaleon da arını çox sevərmiş, döyüşə yollananda həmişə geydiyi plaşın döşündə arı emblemi olarmış. Ona görə də, insanları gözəl nemətlə dolandıran bu çalışqan canlı haqqında bilmədiklərimizi öyrənmək lazımmış. Nəsib Bayramoğlu bu kitabında alimlik eləmək, bəzi elm adamlarına məxsus quru bir dillə danışmır. Sadə. Amma çox maraqlıdır ki, əsl mütəxəssis bizi arılar dünyasına aparır. Öyrənirik ki, arıların da öz dövləti varmış, bu dövlətin də özünə məxsus toxunulmaz ərazisi, sərhədləri, Şah-rəhbəri, qoşunu, silahı, dəyişməz qanunları, mahir kəşfiyyatçıları, dolub boşalan və yalnız idxaldan ibarət olan büdcəsi, müəyyən ailəyə mənsubluğunu bildirən spesifik iyi-pasportu vardır. Öyrənirik ki, arı ailəsində ən demokratik prinsiplər mövcuddur. Öyrənirik ki, bal arısı haram sevməz, söyülməz, qınanılmaz. On minlərlə arı top şəklində bir məkanda birləşir və ailə təşkil edir. Yad arılar bu ailəyə üzv ola bilməz. Müəllif çox vaxt yalnız balı ilə maraqlandığımız bal arılarının verdiyi məhsullarla da bizi tanış edir. Birincisi baldır və hamımızın ləzzətlə daddığı, min bir dərdin dərmanı olan bal əvəzsiz qidadır. Ana südüdür, "sədəf boydası yüz o qədər balın kolorisinə bərabər tutulan ana südü əvəzsiz bir dərmandır". Arı zəhəridir ki, insanı öldürməyə deyil, onu min bir dərdlərdən xilas etməyə qulluq edir. Vərə mumudur ki, "daxili orqanlarımızın məlhəmi"dir, həm də mumiya xüsusiyyətlərinə malikdir. Çiçək tozudur ki, bu, arı ailəsinin artırılmasında birinci rol oynayır. Sarı mumdur ki, "insanlar bu mumdan həm müəyyən hallarda dərman kimi, həm də bəzi işlərdə vasitə kimi istifadə edirlər".

Əlbəttə, Nəsib Bayramoğlunun "Sirli dünya"sında arılarla bağlı çox mətləblərdən danışılır, hamısını burada bircə-bircə sadalamağa vaxt yoxdur. Bəzi başlıqları yada salıram: "Arılarda iş bölgüsü", "Arılarda vuruş taktikası", "Arı və musiqi", "Arı və sinoptika", "Arı bayramları", "Arılarda qənaət", "Arı rəqsləri", "Arı və narkotika", "Arının düşmənləri", "Arıda memarlıq və inşaat işlərinin aparılması" və s. Bir sözlə, bu kitabda arıların sirli dünyası birər-birər öz qapılarını bizə açır.

"Qəribə dünya" kitabında isə biz müəllifin illər boyu topladığı, sonra yazıya aldığı maraqlı əhvalatlar və kiçik hekayətlərlə tanış oluruq. Adətən, yumorostik səpkili maraqlı əhvalatlar müəyyən şəxslərin başına gələn hadisələrlə əlaqələndirilir və bu mənada lətifə janrının xüsusiyyətlərini özündə əks etdirir. Nəsib Bayramoğlunun "Qəribə dünya"sındakı maraqlı əhvalatlar isə, bir neçə nümunə istisna olmaqla konkret adı, ünvanı olmayan şəxslərin həyatından fraqmentlərdən təşkil olunub. Uydurma əhvalatlar nəzərə çarpmır və hiss olunur ki, Nəsib Bayramoğlu bütün bunları ya eşitmiş, yada o əhvalatların canlı şahidi olmuşdur.

Maraqlı əhvalatlar həcmcə yığcamdır, burada insan ağlının, idrakının tizfəhmliyi, hazırcavablığı ön plana çəkilir. Bu əhvalatlarda müəyyən ənənənin də rolu olmamış deyil. Belə ki, xalqımız Molla Nəsrəddin lətifələri ilə deyib-gülüblər, o məzəli, şux lətifələrin arxasında xalq müdrikliyinin nəfəsini duymuşlar.

Nəsib Bayramoğlunun maraqlı əhvalatlar kimi təqdim elədiyi yazılarda da bu ənənələrini davamını görürük. Bu mənada üç kiçik əhvalatı diqqətinizə çatdırmaq istəyirəm.

Birinci: "Çığıran və çığırmayan". İki dalaşandan biri o birisinin üstünə elə çığırdı ki, sanki ətini kəsirdilər. Babam dedi: - İndi baxarsan, çığırmayan çığıranı döyəcək. Doğrudan da elə oldu. Mən soruşdum ki, ay baba, sən bunu nədən bildin? O dedi: - Çünki həmişə çığıran gücü boğazına, çığırmayan qoluna verər.

İkinci: "Babamın nəsihəti". Paltarımı geyinəndə babamın mənə diqqətlə baxdığını görüb soruşdum: - Nə olub, babacan? O dedi: - Oğlum, paltar geyinəndə bilirsənmi, birinci nədən başlamaq lazımdır? Duruxduğumu görən babam irəli gəlib başımdan keçirmək istədiyim köynəyi əlimdən alaraq belə dedi: - Paltarını dəyişəndə çalış ilk olaraq şalvarı əyninə çək ki, qaçaqaç olsa, biabır olmayasan!"

Üçüncü: "Allaha tapşırmışam". Bir dağlı arana biçinə gedirmiş. Yolda qabağına çıxan tanışı ondan soruşur: - Qardaş, xeyir ola, hara belə? - Arana çörək qazanmağa gedirəm. - Axı, mən bilən sən tək deyilsən. Bəs uşaqları, ələlxüsus arvadı kimə tapşırdın? - O bir Allaha! - Yaman da yerə tapşırmısan. Kişi təəccüblə soruşur: - Nə olub, daha ondan etibarlı kimə tapşıraydım ki? - A kişi, arxayın ol, sən qayıdana kimi arvad əlli oyun çıxarsa belə, qurban olduğum bircəciyini də sənə bildirəsi deyil".

"Qəribə dünya" kitabında "Qısa sətirlər silsiləsindən" deyimlər, duyumlar da maraqlıdır. Artıq burada müəllifin özünün müxtəlif hadisələr, olaylar, həyat və gerçəklik, insan xasiyyətləri haqqında öz fikirləri ilə tanış oluruq. Təbii ki, bunların heç də hamısı uğurlu deyil, fikir söyləmək naminə deyilənləri də var, amma əksəriyyəti qane edir bizi. Bəzi nümunələr: "Yeyən yeyər qaymağı, Tutub döyərlər maymağı". "Gədənin bəyi olunca, Kişinin nökəri ol". "Nədənsə imkanı olanın insafı, insafı olanınsa imkanı olmur". "Aclığından çox, toxluğundan ölən görmüşəm". "İş yekəliyə qalsaydı, barmaq boyda güllə dəvədən yekə fili böyrü üstə qoymazdı".

Kitabda müəllifin "Ovda" adlı kiçik povesti və otuzdan yuxarı kiçik hekayələri də təqdim edilir və biz burada da Nəsib Bayramoğlu üslubuna xas olan şən-şux yumor hissi, bir əhvalatı yığcam şəkildə ümumiləşdirmə bacarığı ilə qarşılaşırıq.

Bu yazılar içərisində "Zurna", "Qulluq kreslosu", "Zəli", "Şor və qızıl", "Papaq", "Gecə savaşı", "Xəzinə" yazıları öz bədii məziyyətləri ilə seçilir.

Bu yazıların hər birində xalq ruhu, folklordan gələn nəfəs hiss olunur. Məsələn, "Xəzinə" hekayəsində "Həqiqi dost kimdir?" sualına cavab tapırıq. Çöldə, iki balaca çoban paslanmış zəncir üstündə dadlaşırlar. Onlardan biri - Kərəm elə zənn edir ki, bu, zənciri dartıb çıxarsan, qızıl küpünə rast gələcəksən.

Amma belə olmur. Və beləliklə, Kərəm dostluğa layiq deyil. "Qulluq kreslosu" yazısı da ibrətamiz bir əhvalatı bizə təqdim edir. Küncə qoyulmuş köhnə kreslo vaxtilə neçə rəhbərin hökümlülüyünü ifadə edib. O kresla sanki sirr yuvasıdır, orada kimsə otursa, özünü rahat hiss edəcək, hətta itlə pişik də ordan əl çəkmirlər. Bir-birilə boğuşurlar o kresloda oturmaq üstündə. "İlahi, kreslo naminə ayaqdan dartmanı bəs görəsən bu pişiyə kim öyrədib? Mən itlə pişiyin kreslo davasına çıxmasına baxanda düşünürdüm ki, həmişə iti görəndə dabanına tüpürüb qaçan bu pişikdəki belə hünər, belə cəsarət görən hardan qaynaqlanır?gBaşa düşdüm ki, bu sirr o köhnə qulluq kreslosunun sirridir. Çoxlarını çaşdırıb tanınmaz edən bu kreslo sən demə, təkcə insanı yox, onda oturan it-pişiyi də əjdahaya döndərib quduzlaşdırarmış".

Gözəl şairimiz Məmməd Aslan "Qəribə dünya" kitabına müqəddimə yazıb. Elə sözümü də Məmməd müəllimin belə bir fikri ilə bitirirəm: "Müəllifin bu kitabının əsas qəhrəmanları; təbir caizsə, boyun əyməyə məhkum olunmuş adamlardır. Onlar həyat keşməkeşlərinin qəhrəmanlarıdır. Ən başlıcası, bu qəhrəmanları Nəsib düşünüb yaratmayıb. Həyatın özünün yaratdığı zavallılardır. ...Bunlar xalqın olduğu qədər də müəllifindir".

 

Ədalət.-2014.-21 oktyabr.-S.6.