Vətənləşən Musa Yaqub...

 

(Şair Sabir Arazlı Özgünün "Bizdən salam olsun Musa

Yaquba" silsilə poemaları ilə bağlı düşüncələr..

(əvvəli ötən sayımızda)

 

Birinci poema: "Aylı bir gecədə yazılan məktub..."

 

Sabir Arazlı Füzuli rayonunun Mahmudlu kəndindən-Qarabağdan, Vətən-oymaq qatarından perik düşmüş məcburi köçkündür. Lakin elindən-obasından didərgin salınmış şair həm yurdsuzluq, həm , sonrakı dövrdə çəkdiyi əzabları məhz indi 20 ildən sonra dilə gətirir. Ona görə ki, yurda dönmək, Vətənə qayıtmaq arzusu günlər, aylar, illər ötdükcə daha çox uzaqlaşdı, bəxtəvər günlərinə qucaq açmaq, qovuşmaq istəyi şirin xəyala döndü. Bu hələ ki, acı reallığımızdır.Şair Musa Yaquba üz tutaraq yazır:

 

Halım heç hal deyil, ancaq dözürəm.

Dönmək müşkül oldu Yurda, Vətənə,

Ona görə qələm götürüb, sənə

Aylı bir gecədə məktub yazıram.

 

Maraqlıdır, yazır bu məktubda şair, nələrdən söz açır? Poemanı səhifə-səhifə oxuduqca məlum olur ki, müəllif bu gün xatirəyə çevrilən Yurdun-Füzulinin xiffətini çəkir. Həm anladır ki, yurdsuzluğun, didərginliyin, sərgərdanlığın kədərini, qəmini çəkmək, yükünü daşımaq mümkün deyil... Fani dünyada bundan ağır dərd yoxdur. Şair Musa Yaquba üz tutaraq yazır:

 

Şair, bu dəhşəti çəkənlər bilər,

Dünyanın ən böyük kədəri, qəmi,

Yurdsuzluğun ağır yükü, ələmi

Qəlbinə, ruhuna çökənlər bilər..

 

Ancaq bütün bunların hamısından daha böyük bir dərdi var şairin... Erməni vandallarının hücumu nəticəsində yurdunu məcburi şəkildə tərk edərkən o yurdda qoyub gəldikləri.... Bu gün dağıdılan, yararsız vəziyyətə salınan tarixi abidələr, maddi-mənəvi dəyərlər... Maddi-mənəvi sərvətlərimizin, tarixi abidələri-mizin, dahi Füzulinin sahibsiz qalan heykəlinin taleyi müəllifi daha çox düşündürür narahatlığını şair Musa Yaqubla bölüşür:- Bu tərs oyunun aşikar siması bilinəndə Yurdu tərk etmək məcburiyyətində qaldım, ancaq yenə ayaqlarım yerimədi. Diksindim qızlarıma dedim:

 

-Bir an... dayanın!

Hər kəs götürüb qaçır öz canın,

Füzuli babam... yəni, heykəli

Qalır...

Bəs heykəl necə olacaq?!

söylədiniz?!

Necə... gələcək?!

Necə gələcək?!

 

İkinci poema: "Musa Yaqub, səndən məktub almışam..."

 

Şair "Biz necə eyni hislərlə yaşamışıq, duyğularımız necə yaxındır" deyən Musa Yaqubdan məktub aldıqdan sonra, həm , birinci poemanı oxuyub heyrətə gələn xəbis niyyətli, məkrli adamlara cavab olaraq ikinci əsərini yazmalı olur. Nədir məsələnin məğzi? Bunun üçün əsərə üz tutaq... "Bizdən salam olsun Musa Yaquba" məktub-poemanın ilk misralarını oxuyan birisi deyir:

 

-Doğrudanmı, Vətən deməkdir

Şair Musa Yaqub səninçün?!

-Doğru!...

Qəribə bir təlaş bürüdü məni;

Düşündüm; yəni...

Paxıllıq bu qədər verirmi ağrı?!

 

Bu məqamda o, Musa Yaqub poeziyasına qarmaq atır, dişli bir sitat gətirir:

 

Bu calaq adamlar yandırır məni,

Bu salaq adamlar yandırır məni:

Dünyanın qarnıqurd adamlarıyla

Yaşamaq çətindir, vallah, çətindir.

 

Ana Vətəni canı, qanı, ürəyi, suyu, çörəyi, nəfəsi sanan S.A.Özgün sonrakı hissələrdə M.Yaqubun əsərlərinə müraciət edərək onunla həmfikir olduğunu, mövqe şərikliyini sərgiləyir.

Çadır həyatıyla bağlı düşüncələrinə isə bir az da geniş yer verir. Əslində altıncı hissəni "Poema daxilində poema" da adlandırmaq olar. Çünki bir neçə günü təsvir olunan çadır ağrıları o qədər həyati, canlı, qabarıq real-inandırıcı təsvir edilmişdir ki, ən daşürəkli insanı belə duyğulandırar, könül evini tar-mar edər... Şairliyə gəlincə.. Sabir Arazlının qənaəti belədir:

 

Şair gərək torpaq kimi bar versin,

Şair gərək bayraq kimi ucalsın.

Yazanda da...

Xalqdan, Eldən güc alsın!

O, bu prinsiplərlə yaşayır, yazıb-yaradır, elə Musa Yaqub yaradıcılığına, şəxsiyyətinə bu prinsiplər axarında baxmağı bacarır...

""Şeir, poeziya nədir?" deyən kimi, o, əldən sürüşür, səsini güclə eşidirik, ancaq bu, onun getdikcə uzaqlaşmasının yox, əksinə addım-addım yaxınlaşıb könlümü-zün içinə girməsinin (orda yuva qurmasının) sübutudur. Belə , şeiri izah şərh etmək mümkün deyil. "Şeir əvvəlcə görünür, qismən mövcud olur, ondan nəsə qalır, ancaq mən bu qalan şeyi heç zaman yaza bilmirəm. Onu başqaları imzalayır (Jak Derrida). (Musa Yaqub da deyir ki, mən şeiri görməsəm, qələmə ala bilmərəm, görüntü mütləqdir!) Qəribədir, illər boyu içində, həmişə ürəyinin başında gəzdirdiyin yazı sənə bu cismin o tayında seçilmək imkanı verir, şeir deyilən bütün mövcud sərhədləri silir bu seçim işarəsi qəfildən, səndən tam xəbərsiz dünyanın hansı nöqtəsindəsə həyatla ölüm arasında, gecəylə gündüz arasında qalan hansısa sözdən yapışa bilər." Musa Yaqubun "Tənha bir gün" şeiri ("525-ci qəzet", 24 yanvar 2009-cu il) çağımızın istedadlı tənqidçisi Cavanşir Yusiflinin qəlbində ilk olaraq bu hisləri doğurub... Şübhə yoxdur ki, S.A.Özgün Musa Yaqubun şeiri necə görməsini müşahidə etmək, bu qeyri-adı-fövqəl hadisəni yaşamaq üçün "40 il yol gələn görüş"ə tələsir - Buynuza gedir bu görüşdən üçüncü poema doğulur...

 

Üçüncü poema: "Qırx ildir yol gələn görüş..."

 

Ürəyimdən keçir bir gün mən gərək,

Gedəm hüzuruna Musa Yaqubun.

Bir görəm Buynuzda necədir halı,

Günü-güzaranı Musa Yaqubun.

 

Poema bu misralarla başlayır. Həm şair Musa Yaqubun təkidli istəyilə müəllif kipriyi şeh düyməli payızın çən-çisəkli günlərinin birində, səhər , axşam da həsrətli baxışlarıyla Kirsi, Ərgünəşi salamlayan Haramıdan (S.A.Özgün hal-hazırda burada məskunlaşıb) İsmayıllıya, Buynuza gedir, şair M.Yaqubla tarixi görüşə...

 

Yolum Buynuzadır...

Heyran olmuşam

Bu rəngi saralıb-solan payıza.

Şairlə görüşə tələsirəm mən,

Necə çıxacaqdır görüm pişvaza.

 

M.Yaqub S.A.Özgünlə pişvaza eviylə, eliylə birlikdə çıxır. Xoş, əlamətdar bir görüş olur. Ancaq, bir şair heyrəti özünü biruzə verir. Könül oxşayan, diqqəti çəkən hər yer Musa Yaqubu xatırladır ona:

 

Buluda dirənən zirvə, bu dikdir,

Yamac... elə bildim Musa Yqubdur.

Dayanıb pəjmürdə bu yol gözləyən

Ağac... elə bildim Musa Yaqubdur.

 

Hər duyğu hər söz üstündə ürəkləri eyni döyünən iki şairin görüşü tarixə çevriləcək, şübhəsiz. Zaman keçdikcə bu görüş haqqında danışılacaq.

Poemanın sonunda oxucu təzadlı bir mənzərəylə rastlaşır; şair S.A.Özgün Buynuzdan ayrılarkən üz-üzə dayanan iki müxtəlif baxışın təsiri altına düşür, - biri 77 yaşlı Musa Yaqubdur, o biri... atası öləndən sonra, bax elə... belə bir payız günü pəncərədən yağan qara baxan balaca bir uşaq... Sanki o uşaq hələ deyir: "Hər şeyin günahı o yağışdaydı."

İlk poemanın sonunda müəlifin belə bir narahatlığı ifadə olunur:

 

Nigaranam, bilmirəm...

Ki, qismət olacaqmı,

Görə biləcəyəmmi

Bir Musa Yaqubu!?

 

 

(Ardı var)

Ədalət.-2014.-21 oktyabr.-s.9.